16 may

Tarixdə bu gün

İlin 136-cı (uzun illərdə 137-ci) günü.

Doğum günləri:

 1907 — Görkəmli Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru , professor, Əməkdar həkim  Kübra Yəhya qızı Fərəcova Qubada anadan olmuşdur. 1931-1979-cu illərdə Kürdəmir qız məktəbinin təşkilatçı və müəllim, Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və s. vəzifələrdə işləmişdir.

Tədqiqatı əsasən, uşaqların fiziki inkişafına, ana və uşaqların mühafizəsinə həsr olunmuşdur.

SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2-3 cü çağırış) deputatı olmuşdur. Elmi kadrların hazırlanmasında xidməti var.

2 Qırmızı Əmək Bayrağı ordeni, 2 “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.

1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.

1930 — Tanınmış jurnalist Altay Qulam oğlu Zahidov Bakı şəhərində anadan olub.

1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1954-1974-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxbir və şərhçi kimi fəaliyyət göstərib.

1974-1991-ci illərdə Azərbaycan Televiziya və Radiosunun Moskvadakı müxbir məntəqəsinin rəhbəri vəzifəsində çalışıb.

1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin katibi vəzifəsinə seçilib.

1992-ci ildən Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının üzvü idi.

Qərb Universitetinin jurnalistika fakültəsində baş müəllimi kimi fəaliyyət göstərmişdir.  

13 noyabr 2017-ci ildə vəfat etmişdir.

1952 — Azərbaycan Respublikasının Əməkdar artisti Nəcibə İbrahim qızı Hüseynova Bakıda anadan olub.  Nəcibə Hüseynova İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1969-1973).

Lənkəran Dövlət Dram Teatrında (1973-1981), Tədris Teatrında (1981-1982), “Azərbaycanfilm” kinostudiyasının kinoaktyor studiyasında (1982-1992), AzTV-də çalışıb. Vaxtilə ANS TV-də də çalışıb.

Dublyaj sahəsində mütəxəssis aktrisadır.

 

1962 — Azərbaycan Respublikasının Əməkdar artisti Mətanət Ağazair qızı Atakişiyeva Bakı şəhərində anadan olmuşdur.

1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Həmin ildən də Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində oynadığı rollar bunlardır.

Qaraçı (“İblis” H.Cavid), Kəniz (“Atabəylər” N.Həsənzadə), Dayə (“Sehrli alma” Y.Lada), Qəmər (“Nişanlı qız” S.Rəhman), 2-ci qız (“Od gəlini” C.Cabbarlı), Gülər xanım (“Ah, Paris…Paris!..” Elçin), Gülnar (“Vaqif” S.Vurğun), Gönçəqız (“Torpağa sancılan qılınc” N.Xəzri), Səhər (“Şeyx Xiyabani” İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı (“Məlik Məmməd” nağıl-tamaşa), Qaratel (“Mənsiz dünya” N.Xəzri), Xumar (“Yalan” S.Rəhman), Kleya (“Məhəbbət və azadlıq” G.Fiqeryedu), Fitnə (“Fərhad və Şirin” S.Vurğun), Mələk (“Özümüzü kəsən qılınc” B.Vahabzadə), Qısırca yengə (“Burla Xatun” N.Xəzri), Səkinə (“Bu dünyanın adamları” Hidayət), Havalı qadın (“Ulduz yaxud Ədirnə fəthi” C.Cabbarlı), Qaraqoyunlu bibi (“Ağqoyunlular və qaraqoyunlular” Ə.Əmirli), Tubu xanım Axundova (“Brüsseldən məktublar” H.Həsənov), Xanım Həsənzadə (“Qatil” Elçin), Sərvinaz bəyim (“Ölüləri qəbiristanlıqda basdırın” İ.Şıxlı), Tasiya (“Kaş araba aşmayaydı” O.İoseliani), Fərqanə (“Xəcalət” H.Mirələmov), Anaxanım (“Eloğlu” A.Şaiq),Sara Bernard(“Şekspir”, Elçin), Dilşad (“Əmir Teymur”, Hüseyn Cavid) kimi obrazlar tamaşaçı rəğbətini qazanmışdır.

Aktrisa “İnanmırsansa” (Arzu), “Ordan-burdan” (Rənanın rəfiqəsi), “Dəvətnamə” (Firuzə), “Yunus İmrə” (Fatma) teletamaşalarında və “Azərbaycanfilm”in istehsal etdiyi “Gümüşgöl əfsanəsi” (Nərgiz), Almaniyanın istehsalı olan “Məhəbbət və susuzluq” filmində Lüsi rolunda çəkilmişdir.

Vəfat etmişdir:

1992— Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Əməkdar incəsənət xadimi Arif Əmirbəy oğlu Nərimanbəyov 75 yaşında vəfat etmişdir.
Arif Nərimanbəyov 13 aprel 1918-ci ildə Bakıda anadan olub.
Atası Əmirbəy Nərimanbəyov Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə Bakı şəhərinin qubernatoru olub. Xalqımızın digər ziyalılarının acı taleyini yaşayaraq 1918-ci ildə Nargin adasında zalımcasına qətlə yetirilib.
Orta mərtəbi bitirdikdən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsinə daxil olub. O, təhsilini yalnız İkinci Dünya müharibəsinin sonuna yaxın bitirib, Bakı Kinostudiyasında işləməyə başlayıb. 1948-ci ildə Yefim Dziqanın lentə aldığı “Fətəli xan” bədii filmində Əlisəttar Atakişiyev kimi korifeylə birgə çalışaraq filmin ikinci operatoru olub.

Arif Nərimanbəyovun 1955-ci ildə lentə aldığı ilk film uzun illər tərəf-müqabili olan rejissor Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” filmi idi. Daha sonra bu istedadlı tandem “Qızmar günəş altında”(1957), “Məhəbbət haqqında əfsanə” (“Leyli və Məcnun”, 1961) kimi gözəl ekran əsərləri çəkiblər. A. Nərimanbəyovla işləməyi Arif Babayev, Şamil Mahmudbəyov, Həsən Seyidbəyli, Eldar Quliyev kimi görkəmli sənətkarlar özlərinə şərəf biliblər.
Görkəmli kinooperator “Əbədi odlar ölkəsi” (film, 1945), “Qələbə bayramı” (film, 1945), “Quba bağlarında və Tərtərçay vadisində” (film, 1949), “Rahatdır, əlverişlidir, etibarlıdır” (film, 1949), “Bakının işıqları” (film, 1950), “Mingəçevir” (film, 1950), “Səhər nəğməsi” (film, 1950), “Azərbaycan sərhədçiləri” (film, 1951), “Gənc Leninçilər” (film, 1951), “Quba bağlarında” (film, 1953), “Bərəkətli torpaq” (film, 1954), “Bakı və bakılılar” (film, 1958), “Bir qalanın sirri” (film, 1959), “Akif Cəfərovun briqadası” (film, 1960), “Azərbaycanın böyük kimyası” (film, 1961), “Leyli və Məcnun” (film, 1961), “Tofiq Əhmədovun orkestrinin konserti” (film, 1962), “Möcüzələr adası” (film, 1963), “Qaraca qız” (1966), “İnsan məskən salır” (film, 1967), “O qızı tapın” (film, 1970), “Həyat bizi sınayır” (film, 1972), “Var olun, qızlar…” (film, 1972), “Kimdir Məmməd Məmmədov?” (film, 1973), “Ömrün səhifələri” (1974), “Rəqiblər” (1974), “Dərviş Parisi partladır” (film, 1976), “Ürək… Ürək…” (film, 1976), “Bayquş gələndə” (film, 1978), “Onun bəlalı sevgisi” (film, 1980), “Yalançını evinəcən qovarlar” (film, 1981), “Nizami” (film, 1982), “Orijinal üsul” (film, 1983), “İbrət dərsi” (film, 1984), “Reyd” (film, 1985), “Soyuq münasibət” (film, 1985), “Gözbağlayıcı” (film, 1986), “Kömək” (film, 1986), “On yeddi yaşlı oğlan” (film, 1986), “Özgə ömür” (film, 1987), “Varlığa nə darlıq” (film, 1987) kimi filmlərin ərsəyə gəlməsində iştirak edib.
“Rənglərdə yaşayan kino” verilişində görkəmli kino xadiminin yaradıcılığı işıqlandırılıb.

1998 — Tanınmış ortoped-travmatoloq, cərrah, tibb elmləri doktoru, professor Əliramiz Əhməd oğlu Axundov 69 yaşında Bakıda vəfat etmişdir.
Əliramiz Axundov 15 noyabr 1928-ci ildə Azərbaycanın Lənkəran şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərində yerləşən 25 saylı məktəbdə alıb. 1953-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra, 3 il Masallı rayonunda həkim işləyib.
1956-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində yerləşən Henri Turner adına Uşaq Travmatalogiyası və Ortopediya insitutunun ordinatura və aspiranturasına daxil olub, orada təhsilini tamamladıqdan sonra həmin instututa kiçik elmi işçı kimi işə dəvət olunub.

2021 — Əkəkdar jurnalist, nasir Svetlana Hacı qızı Nəcəfova 82 yaşında vəfat etmişdir.

Svetlana Nəcəfova 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alır. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə “Pioner” jurnalı redaksiyasında texniki redaktor kimi başlamış S. Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində çalışıb. 1973–1977-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasındaşöbə redaktoru, 1977–1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996–2003-cü illər “Respublika” qəzeti redaksiyasında Humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olmuşdur. Hazırda təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak etmişdir.
Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı həm də Azərbaycan Qadınlar assosiasiyası Rəyasət Heyətinin üzvü seçilmişdir. İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olmuşdur. ABŞ-nin “kim kimdir?” nəşrinin 2008-ci il nominatlarının siyahısına bioqrafiyası daxil edilib. Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerk və hekayələri dövri mətbuatda dərc olunmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.