Tarixdə bu gün

İlin 138-ci (uzun illərdə 139-cu) günü.
Mühüm hadisələr:
1912 — Üzeyir Hacıbəylinin beşinci muğam operası olan “Әsli vә Kәrәm” operasının ilk premyerası baş tutmuşdur.
1944 — Krım tatarlarının deportasiyasına başlanılıb.
1992 — Laçın rayonu Ermənistan tərəfindən işğal edilib.
1992 — Azərbaycan Respublikası Moldova ilə diplomatik əlaqələr qurub.
Doğum günləri:

1048 — Məşhur rubai ustası, şair Ömər Xəyyam Səlcuq dövlətinin Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam Bəhmənyarın şagirdidir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. “Riyazi problermlərin nümayişinə dair” traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhfələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla – hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı diqqətlə oxuyurmuş. “Tək və cəm” bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: “Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir”. Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, “Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”. Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdir.
Ömər Xəyyam ilk fəlsəfi əsərini — “Varlıq və zərurilik haqqında traktat”ı 1080-ci ildə yazmışdır. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlrinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.
Ömər Xəyyamın rübailərindən seçmələr Əkrəm Cəfər tərəfindən fars dilindən tərcümə edilmiş və 1984-cü ildə bu tərcümələr “Rübailər” adı ilə kitab halında çap edilmişdir.
Xəyyam 4 dekabr 1131-ci ildə 83 yaşında Nişapurda vəfat etmişdir.

1869 — XX əsrin ən məşhur Dağıstan şairlərindən olan Süleyman Stalski Dağıstanın Kürə vilayətinin Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur.
Uşaq vaxtı yetim olmuş şair, uzun illər çörək qazanmaq üçün qürbətdə olmuşdur. Bakıda neft mədənlərində, Səmərqənddə dəmir yolunda işləmiş, varlı adamların qapısında nökərlik etmişdir.
S.Süleyman poeziyaya özünəməxsus yenilik gətirmişdir. Şeir yazmağa orta yaşlarında başlamışdır. İlk dəfə “Bülbül” şerini 1900-cü ildə yazmışdır. Onun şerləri qəzetlərdə çap olunmuş, 1927-ci ildə Moskvada nəşr olunan “Ləzgi şairlərinin seçilmiş əsərləri” kitabına daxil edilmişdir. İlk kitabı olan “Seçilmiş əsərləri” 1934-cü ildə çıxmışdır. Bundan sonra o, Dağıstan Xalq şairi adına layiq görülmüşdür. Fəal yaradıcılığına görə şairə “Lenin” ordeni verilmişdir.
Əsərlərini ləzgi və Azərbaycan dillərində yazmışdır.
Stal Süleyman sovet ləzgi poeziyasının əsasını qoymuş ləzgi xalqının böyük şairidir.
Stal Süleyman 1937-ci ildə vəfat etmişdir.

1912 — Akademik Yusif Əbdürrəhmanov Şəkidə anadan olmuşdur.
Yusif Əbdürrəhmanov orta təhsilini başa vurdudan sonra 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur.
Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 1939-cu ildə Uiversiteti fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə pedaqoji fəaliyyəti ilə yanaşı, 1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1940-cı ildə kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1945-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Xəzər sirbitinin biologiyası” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.
1960-cı ildə Y.Ə. Əbdürrəhmanov biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycanın şirin su balıqları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adı almışdır. 1968-ci ildən isə Azərbaycan SSR EA müxbir üzvü seçilmişdir.
1977-ci ildə 65 yaşında vəfat etmişdir.

1927 — Görkəmli uroloq-alim, akademik Mirməmməd Cavadzadə Lənkəran şəhərində anadan olmuşdur.
Alim SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub.
M.C.Cavadzadənin elmi tədqiqatları xarici ölkələrdə geniş şöhrət tapmış, 20 dəfədən artıq ölkəmizin urologiya elmini təmsil etmiş, beynəlxalq elmi forumlarda çıxışlar etmişdir.
Mirməmməd Cavad oğlu Cavadzadə Mirməmməd Cavadzadə respublikada ictimai xadim kimi də yaxşı tanınırdı. O, 9-12-ci çağırışlar Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuş, Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin, Azərbaycan Uroloqlar Cəmiyyətinin, digər ictimai birlik və qurumların sədri kimi fəaliyyət göstərmişdir.Mirməmməd Cavadzadənin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
M.C.Cavadzadə dərin elmi intuisiyaya, analitik düşüncəyə, fenomenal yaddaşa, heyrətləndirici əməksevərliyə və xüsusi təşkilatçılıq bacarığına malikdir.
Mirməmməd Cavadzadə 2008-ci il avqust ayında vəfat etmişdir. I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Respublika Kliniki Uroloji Xəstəxanasına Mirməmməd Cavadzadə adı verilmişdir.

1936 — Qazax şairi və ictimai xadim Oljas Süleymenov Qazaxıstanın Аlma-Ata şəhərində anadan olub.
Dünyanın 22 görkəmli mütəfəkkiri sırasına daxil olub.
25 aprel 2016-cı ildə Bakıda AMEA Elmi Şurasının qərarı ilə xalqlar arasındakı dostluğun möhkəmləndirilməsində əvəzsiz xidmətlərinə görə, Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri doktoru adına layiq görülmüşdür.

1952 — Tanınmış şair və publisist Eldar Nəsibli Sibirel 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilib. Valideynləri bəraət aldıqdan sonra sürgündən öz doğma yurdlarına – Qazax rayonunun Sarıvəlli (İkinci Şıxlı) kəndinə qayıtmış və orta təhsili orada almışdır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
9 yaşından yaradıcılığa başlayıb.
Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Bu da bir ömürdür ağlı, qaralı” “Bura Qazaxdır, oğlum!”, “Turan Şərqisi” şeirlər kitablarının, “Yaddaş” poemasının və “Yaşamaq da igidlikdir” xatirə kitabının müəllifidir. Eldar Nəsiblinin şeirləri bir çox dillərə tərcümə edilmişdir.
E.Nəsibli uzun müddət “Elm və həyat” jurnalında məsul katib vəzifəsində çalışıb. “Mərhəmət” jurnalının baş redaktoru olmuş və “Azərbaycan” qəzetində bölgə müxbiri vəzifəsini yerinə yetirmişdir.
Bir cox şerinə musiqi bəstələnmişdir.
Şair Eldar Nəsibli Sibirel 11 oktyabr 2010-cu ildə Qazaxda baş verən avtomobil qəzasında həlak olmuşdur.
Vəfat etmişdir:

1987 — Sovet İttifaqı Qəhrəmanı Aslan Fərhad oğlu Vəzirov 76 yaşında vəfat etmidir.
Aslan Vəzirov 13 dekabr 1910-cu ildə Bərdə rayonunun Zümürxan kəndində mülkədar-ziyalı ailəsində doğulub. Aslan Vəzirovun anası gənc qadın Ağca xanım Vəzirova 4-cü övladını dünyaya gətirərkən vəfat etmişdir. Həyat yoldaşının ölümünə dözə bilməyən Fərhad bəy də 40 gün ərzində 1912-ci ildə dünyasını dəyişmişdir. Fərhad bəy 1853-cü ildə Şuşada doğulmuşdur. Rüstəm, Aslan və bacıları valideynlərini itirdikdən sonra əmiləri Zülfüqar bəy Vəzirovun himayəsində olmuşlar. Aslan Vəzirovun böyük qardaşı Rüstəm bəy İkinci dünya müharibəsindən əvvəl Bərdədə poçt rəisi işləmiş və müharibədə itkin düşmüşdür. Aslan Vəzirov 1927-ci ildə Bakı Zaqafqaziya Hərbi Hazırlıq Məktəbini bitirib. 1928-30-cu illərdə ı Leninqrad və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur. 1941-ci ildə Hərbi-Mühəndislik Akademiyasını bitirmiş və müharibə cəbhələrinə göndərilmişdir. Zaqafqaziya cəbhəsi Şimal Ordu qrupunun 5-ci Dağ Mina-Mühəndis briqadasının, 3-cü Ukrayna cəbhəsinin 51-ci mühəndis-istehkam briqadasının, 2-ci Belorusiya cəbhəsində Baş Komandanlığın 1-ci qvardiya mühəndis-istehkam briqadasının komandiri olmuşdur. Qvardiya polkovniki Aslan Vəzirov 70-ci Ordunun tərkibində (II Belarus cəbhəsi) – sapyor briqadasının komandiri idi. 20 aprel 1945-ci ildə ordu hissələrinin Oder çayını keçməsi əməliyyatına rəhbərlik edirdi. Bu əməliyyat düşmənin güclü atəşi altında üç gün davam etdi və Aslan Vəzirovun böyük hərbi məharətini sübut etdi. Həmin əməliyyata rəhbərliyə görə ona 29 iyun 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1947-ci ildə ordudan buraxılmış, 1948-ci ildən Kaunas, Voronej, Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. 1965-ci ildən ömrünün sonuna qədər Azərbaycan Respublika Müharibə Veteranları Komitəsinin, eyni zamanda Aslan Vəzirov Ümumittifaq Müharibə Veteranları Komitəsinin Bakı şöbəsinin sədri olmuş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir. Veteran polkovnik Aslan Vəzirov Dneprodjerjinsk və Mogilyov şəhərlərinin fəxri vətəndaşı adına layiq görülmüşdür.
Aslan Vəzirov may ayının 18-də 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1994 – Azərbaycan Xalq rəssamı və milli rəssamlıq sənətinin ən parlaq nümayəndələrindən biri olmuş Güllü Hacı Naim Mustafa qızı Mustafayeva 74 yaşında Bakıda vəfat etmişdir.
Güllü Mustafayeva əslən Şamaxıdandır. 1902-ci il Şamaxı zəlzələsindən sonra G.Mustafayevanın atası Hacı Naim Mustafa ailəsi ilə Türkmənistanın Türkmənabad şəhərinə köçmüşdür. Güllü Mustafayeva 1919-cu il 29 noyabrda Türkmənabad şəhərində anadan olmuşdur. G.Mustafayevanın anası Nabat xanım S.Ə.Şirvaninin nəslindən olub. 1927-ci ildə Hacı Naim Mustafa ailəsi ilə Türkmənistandan Bakıya, İçərişəhərə köçmüşdür.
Güllü Mustafayeva 1938-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. Rəssam öz yaradıcılığında ən müxtəlif janrlara müraciət etmişdir. Tematik tablolar və portretlər yaratmışdır: “Leyli və Məcnun məktəbdə” (1941), “Professor Y. Musabəyovanın portreti” (1957), “Paris. Rəssamlar meydanı” (1961). Güllü Mustafayevanın peyzaj janrında çəkdiyi rəsmlər emosional ifadəliliyi ilə seçilir.
1947-ci ildə yaratdığı “Məhsəti Gəncəvi” portreti rəssamın yaradıcılığında xüsusi yer tutur. Güllü Mustafayeva bu əsərdə bir neçə məsələni ustalıqla həll etmişdir. Şairənin geyimi, otağın quruluşu, interyer ənənəvi şərq mədəniyyətini düzgün əks etdirir. Məhzəti Gəncəvinin duruşu, gərgin pozası, üzünün demək olar ki, üsyankar ifadəsi şairənin öz dövrü ilə müqayisədə yüksək intellektə və cürətə malik olduğunu biruzə verir. Bu obrazın xüsusiyyətləri ilə gənc rəssam ölkəsinin yaşadığı çox burulğanlı bir periodda sözlə ifadəsi olduqca təhlükəli olan fikirləri əks etdirə bilmişdir. Güllü Mustafayevanın qızı musiqişünas Zemfira Qafarova anasının bu əsəri haqqında deyir: “Onun vizit kartı – öz üzünün cizgilərindən istifadə edərək, yaratdığı XII əsrin şairəsi Məhsəti Gəncəvinin portreti idi”
Güllü Mustafayeva dövrünün əmək qəhrəmanlarının, elm və incəsənət xadimlərinin portretlərini yaratmışdır. Bunlardan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın, oftalmoloq alim , tibb elmləri doktoru Umnisə Musabəyovanın, nevropatoloq, tibb elmləri doktoru Zəhra Salayevanın, Xalq rəssamı Səttar Bəhlulzadənin portretlərini misal gətirmək olar.
Güllü xanım Mustafayevanın yaradıcılığında uşaq portretləri xüsusi silsilə – (məsələn, “Bizim uşaqlar” silsiləsi) təşkil edir.
Bayramlar və xüsusi günlər:
Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il 18 may tarixində Beynəlxalq Muzeylər Günü qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.