İlin 139-cu (uzun illərdə 140-cı) günü

Mühüm hadisələr:
1919 — Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb.
1929 — ABŞ-da “Oskar” mükafatı təsis olunub.
1997 — Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub.
1998 — Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib.
Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir.
1999 — Sumqayıt şəhər 8 saylı orta məktəbdə hərbi dərs zamanı RQD-5 əl qumbarası partlayaması nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
2015 — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin Binəqədi rayonunda Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında 2015-ci ilin 19 may tarixində səhər saatlarında (10:30) yanğın hadisəsi baş vermişdir. İlkin məlumatlara əsasən hadisə nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb. Yanğın zamanı həlak olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə işlər aparılır.
Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.
Doğuml günləri:

1108 — Görkəmli şair və alim Fələki Şirvani Şamaxıda anadan olmuşdur.
Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq “Fələki” təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq, F.Şirvani həbsxanaya salınmış və burada “Həbsiyyə” qəsidəsini yazmışdır.
Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında — 1146-cı ildə vəfat etmişdir.
Fələki Şirvaninin yaradıcılığında məhəbbət lirikasi, təbiət tərənnümləri də güclüdür. Onun poeziyası özündə XI-XII əsrlər Azərbaycan ədəbiyyatında dünyəvi şerin inkişaf mərhələlərini izləmək üçün zəngin material verir.
Dövrünün bir sıra tarixi fakt və hadisələrini özündə əks etdirməsi ilə həm də tarixi mənbə kimi böyük əhəmiyyətə malik olan Fələki Şirvaninin poeziyasının ideya-fəlsəfi axtarışlarına ictimai-tarixi hadisələrdən doğan dövranın cövr-cəfasından şikayət və haqsızlıqlara qarşı etiraz motivləri də qarışır. Bu hal onun “Həbsiyyə” silsiləsinə daxil olan və həmin ad altında yazdığı şeirlərdə daha qabarıq nəzərə çarpır.

1898— Görkəmli opera müğənnisi (lirik tenor), Xalq artisti Hüseynağa Soltan oğlu Hacıbababəyov Şamaxıda anadan olmuşdur.
1902-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür.
1910-cu ildə “Nicat” mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır.
1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid banu”, “Arşın mal alan” və “O olmasın, bu olsun”, Üzeyir bəy Hacıbəyov), Qəribin anasının (“Aşıq Qərib”, Zülfüqar bəy Hacıbəyov), Gülzarın (“Şah İsmayıl”, Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.
Milli opera sənətinin görkəmli nümayəndəsi kimi şöhrət qazanmış Hüseynağa Hacıbababəyov 1972-ci il noyabr ayının 10-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

1910 — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Xalq şairi , SSRİ Dövlət mükafatı laureat Rəsul Rza Göyçay şəhərində anadan olmuşdur.
1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxumuşdur.
Rəsul Rza Azərbaycan Yazıçıları İttifaqının sədri (1939), Azərbaycan Kinematoqrafiya naziri (1945-48), Azərbaycan Ensiklopediyasının baş redaktoru (1966-75), Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri (1960-81), Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri (1966-75), SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1964 ildən) olmuşdur.
Rəsul Rzanın “Bu gün” adlı ilk şeri 1927-ci ildə “Qığılcım” almanaxında (Tiflis) dərc olunmuşdur. İlk şerlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı (“Vətən” (1942), “İntiqam! İntiqam…” (1943) şer kitabları, “Ölməz qəhrəmanlar” (1942), “Qəzəb və məhəbbət” (1943) hekayə və oçerk topluları, “Vəfa” (1943) pyesi və s).
60-cı illərdə Rəsul Rza, yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşdi, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi (“Şerlər” (1959), “Pəncərəmə düşən işıq” (1962), “Duyğular, düşüncələr” (1964), “Dözüm” (1965) şer kitabları). “Qızıl gül olmayaydı” (1958-61), “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” (1961) poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. “Rənglər” (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da (“Dünən, bu gün, sabah” (1973), “Güneylər, quzeylər” (1977), “Üzü küləyə” (1979) kitabları) əsas mövzusudur.
Çoxlu tərcümələri vardır. Özünün də əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox şerlərinə musiqi bəstələnmişdir.
1981-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Məzarı Fəxri Xiyabandadır.

1964 – Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fikrət Əli oğlu Hacıyev Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur.
Fikrət Hacıyev 1978-ci ildə səkkizinsi sinfi bitirərək, Gəncə texniki-peşə məktəbində elektrik ixtisasına yiyələnmişdir. 1982-ci ildə Goranboy rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Ufa şəhərində keçirmişdir. Hərbi xidmətdən sonra Bakı Kooperativ Texnikumunda oxumuşdur.
1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yazılmışdır. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin müdafiəsində fəal iştirak etmişdir.
1992-ci il may ayının 5-də Goranboy uğrunda döyüşlərində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Fikrət Əli oğlu Hacıyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qızılhacılı kənd qəbristanlığında dəfn edilmişdir.
Ballıqaya kənd orta məktəbi onun adını daşıyır.
Goranboy rayonunda büstü qoyulmuşdur.
Vəfat etmişdir:

1939 – Böyük ictimai-siyasi xadim, görkəmli jurnalist və publisist, məşhur yazıçı və alim kimi tanınan Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 70 yaşında İstanbulda vəfat etmişdir.
Əhməd bəy Ağayev (Ağaoğlu) 1869-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ə.Ağaoğlu ibtidai və orta təhsilini doğma şəhəri Şuşada, sonra isə Tiflisdə almışdır. O, xüsusi müəllimlərdən fars və fransız dillərini öyrənmiş, əsərlərini ana dilində və bu dillərdə yazmışdır.
1894-cü ildə Parisdə hüquq məktəbini və məşhur Sarbonna Universitetini bitirmiş, tələbəlikdən Şərq ölkələrinin tarixi, ədəbiyyatı, fəlsəfəsi və dinlərini öyrənmişdir. 23 yaşında Londonda Beynəlxalq Şərqşünaslıq konqresində dini mövzuda etdiyi məruzə alimlər tərəfindən yüksək qiymətləndirilmiş və bu məruzə bir neçə xarici dildə çap olunmuşdur. Jurnalistika sahəsində fəaliyyətə də Paris mətbuatında başlayan Ə.Ağaoğlu XIX əsrin 90-cı illərində xaricdən “Qafqaz” qəzetinə məqalələr göndərmiş və sonralar onun ən fəal müəlliflərindən biri olmuşdur. Doğma yurdu Şuşada “Firəng Əhməd” ləqəbi alan gənc şərqşünas 1896-1898-ci illərdə şəhər məktəbində fransız dilindən dərs demişdir. 1900-cu ildə “Kaspi” qəzetinin dəvəti ilə Bakıya gəlmiş, məktəbdə dərs verməklə bərabər, bu qəzetdə Şərqə dair sanballı, maraqlı oxunan məqalələr çap etdirmişdir.
Onun M.Şaxtaxtinskinin Tiflisdə çıxardığı “Şərqi-Rus” qəzetində, Kəlküttə və Qahirədə çıxan mətbuat orqanlarında “Müsəlman aləmi”nə dair məqalələri çap olunmuşdur.Ə.Ağaoğlunun jurnalistlik fəaliyyətinin ən yetkin dövrü isə 1905-ci ildən Əli bəy Hüseynzadə ilə birlikdə nəşr və redaktə etdiyi “Həyat” qəzetində başlamışdır. Həmin ilin axırında nəşrə başladığı “İrşad” qəzeti Ə.Ağaoğlunun çoxillik publisist fəaliyyətinin ən dolğun, səmərəli nümunəsidir.
1907-ci ildə “Proqres” qəzetində nəşr etdirdiyi məqalələrində də eyni fikri təbliğ etmişdir.Lakin istər “İrşad”, istərsə də “Proqress” qəzetlərinin nəşrində böyük maneələr ortaya çıxırdı: senzura təqibləri, maddi çətinliklər, abunəçi azlığı, mürtəce mətbuatın düşmənçiliyi və s. təsirindən Ağaoğlu “İrşad”ı dayandırmağa məcbur olmuş, “Proqres”i isə hökumət “zərərli fəaliyyətinə görə” qadağan etmişdir. Əslində bunun əsas səbəbləri milli ideologiyanın təbliği, Qafqaz Mətbuat Komitəsində çarizm tərəfindən dəstəklənən erməni-daşnak senzorların düşmən əməlləri, Ə.Ağağlunun fəaliyyəti barədə böhtançı yazılar və bir də “Peterburqski vedomosti”,”Kaspi” qəzetlərində ifşaçı məqalələr çap etdirən bu mübariz publisisti susdurmaq idi.
Qafqaz canişin dəftərxanasında erməni və müsəlman nümayəndələrin iştirakı ilə keçirilən konfransdakı alovlu nitqində çar hakimləri və erməni-daşnak fitnəkarlarını ifşa edən Ağaoğlu digər Azərbaycan xadimləri ilə birlikdə qət edirlər ki, silahlı düşmənə boş əllə yox, silahlı cavab verilməlidir. Beləliklə, Bakı, Gəncə və başqa şəhərlərdə “Difai” adlı döyüşçü dəstələrinin yaradılmasında Ə.Ağaoğlunun böyük xidməti olmuşdur.
1908-ci ildə Ə.Ağaoğlu ailəsi ilə birgə İstanbula köçmüşdür. O, Vətənin düşmənlərinə qarşı mübarizəsini mühacirətdə davam etdirmiş, Türkiyədə “İttihad və tərəqqi” Partiyasına daxil olmuşdur.
Müxtəlif vaxtlarda “Süleymaniyyə” kitabxanasının müdiri, “Türk yurdu” jurnalının redaktoru olmuş, İstanbul universitetində rus dilində dərs demişdir. Birinci dünya müharibəsi dövründə Qafqaza daxil olmuş Türkiyə ordusunda siyasi müşavir olmuşdur.Türkiyənin məğlubiyyətindən sonra ingilislər tərəfindən “İttihad və təriqət” Partiyasının rəhbərləri ilə birlikdə Malta adalarına sürgün edilmişdir. 1921-ci ildə sürgündən qayıtdıqdan sonra kamalçılıra yaxınlaşmış, Ankara Cümhuriyyət Baş Mətbuat bürosuna müdir təyin olunmuşdur. İctimai-siyasi fəaliyyətinə görə o, ikinci və üçüncü Böyük Millət Məclisinə deputat seçilmişdir. Peşəkar jurnalist kimi “Hakimiyyəti-milliyə” qəzetinin baş redaktorluğu ona həvalə olunmuşdur.
Türkiyə Respublikası elan edildikdən sonra Ə.Ağaoğlu Atatürkün daxili və xarici siyasət xəttinin tərəfdarı kimi tanınmışdır. 30-cu illərdə təqaüdə çıxan Ə.Ağaoğlunun adı məşhur türk yazıçısı və alimlərindən Həmdullah Sübhü, Cəlal Sahir, Cavid Yalçın,Nazim Hikmət və digərləri ilə yanaşı çəkilmiş,əsərləri oxucular tərəfindən böyük coşqu ilə qarşılanmışdır. O, “Sərbəst insanlar ölkəsində”, “Mən nəyəm”, “Könülsüz olmaz” kimi bədii-fəlsəfi traktatlar, bir çox elmi-kütləvi oçerkləri ilə yadda qalmışdır.

1969 — Sovet İttifaqı Qəhrəmanı Müseyib Abdulla oğlu Allahverdiyev 60 yaşında Qazaxda vəfat etmişdir.
Müseyib Allahverdiyev 1909-cu ildə Qazax rayonun Dağkəsəmən kəndində dünyaya göz açmışdır. 1936-cı ildə hərbi siyasi məktəbi bitirib və 1941-ci ildə könüllü olaraq orduda xidmətə getmişdir.
Böyük Vətən müharibəsində batalyon komandiri olub. Döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçmişdir. Mayor Müseyib Allahverdiyevin komandir olduğu batalyon Dnepri keçərək Macarıstan ərazilərində ağır döyüşlərdə iştirak etmişdir. Batalyonun 1944-cü ilin 1 dekabrında apardığı döyüşdə düşmənin 500 əsgəri məhv edilmiş və 2200 nəfəri əsir alınmışdır. M.Allahverdiyev Budapeştin azad edilməsi əməliyyatında da iştirak etmişdir.
Müharibədə göstərdiyi şücaətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qazax və Ağstafa rayonlarının yeganə Sovet İttifaqı Qəhrəmanıdır.
Qazax avtovağzalının qarşısında büstü qoyulub.
Bayramlar və xüsusi günlər:
Hər il 19 may bütün Türk dünyasında Atatürkü Anma, Gənclik və İdman Bayramı Günü kimi qeyd edilir.

I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il 16 may tarixdə Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda İstiqlal (Kurtuluş) mücadiləsini başladıb.
Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub.
1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün, hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur.
Qeyd edək ki, bu gün həmçinin Türkiyə Cumhuriyyətinin qurucu və ilk prezidenti Mustafa Kamal Atatürkün doğum günüdür.
Atatürk Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ildə qədər prezidenti , Türk Ordusu Marşali və daha əvvəlində bir Osmanlı paşasıdır.
Atatürk 1881-ci il may ayının 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.
1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən prezident seçilmişdir.
15-20 oktyabr 1927-ci ildə Qurtuluş Savaşından və respublika qurulmasından bəhs edən Böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu il nitqini söyləmişdir.
29 yanvar 1923-cü ildə Lətifə xanımla evlənmiş, bu evlilik 5 avqust 1925-ci ilədək davam etmişdir. Uşaqları çox sevən Atatürk Afət (İnan), Səbihə Göyçən, Fikriyə, Ülkü, Nəbilə, Ruqiyə, Zəhra adlı qızları və Mustafa adlı çoban oğlanı mənəvi övladlığa götürmüş, Əbdürrəhim və İhsan adlı iki uşağı isə himayəsinə almışdır.
Soyad qanununa uyğun olaraq 24 noyabr 1934-cü ildə TBMM tərəfindən Mustafa Kamala “Atatürk” soyadı verilmişdir.
Fransız və alman dillərini bilirdi.
10 noyabr 1938-ci il saat 09:05-də İstanbulda Dolmabağça sarayında vəfat etmişdir.
Cənazəsi 21 noyabr 1938-ci ildə müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilmiş, mavzoleyi tikildikdən sonra 10 noyabr 1953-cü ildə oraya köçürülmüşdür.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.