20 may

Tarixdə bu gün

İlin 140-cı (uzun illərdə 141-ci) günü

Mühüm hadisələr:

1498 —Səyyah Vasko da Qama Hindistanı fəth edib.

1992 — “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb.

Doğum günləri:

1789 — Görkəmli fransız yazıçısı Onore de Balzak Fransada – Tur şəhərində anadan olmuşdur.

Qərbi Avropa realizminin zirvəsi Onore de Balzak hesab edilir. Onun ən məşhur əsəri – “Bəşəri komediya” və ya İnsan komediyası” (La Comédie humaine) adlı epopeyada fransız həyatının bütün sahələri 143 kitabda əks etdirilməli idi. O, bütün gücünü sərf edərək 90 roman və novella yazdı. Bu epopeyaya “Şaqren dərisi”, “Yevgeniya Qrande”, “Qorio ata”, “Sezar Biroto”, “İtirilmiş illüziyalar” və digər romanlar daxildir.

Digər fransız yazıçısı Qustav Flober ilə birgə Avropa ədəbiyyatında realizm məktəbinin əsasını qoymuşdur. Balzakın pyesləri bir qayda olaraq oxucuda gülüş doğurmaqla yanaşı, aydın ifadə olunmuş rəngarəng obrazlar və pərdələrdəki hər bir səhnənin nəfis təsviri tamaşaçıda xüsusi maraq oyadır.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Balzakın əsərləri bəşəriyyətin bədii inkişafında irəliyə doğru nəhəng bir addımdır. İlhamın, istedadın, yaradıcı təxəyyülün qüdrəti etibarı ilə o, Nizami Gəncəvi, Aligyeri Dante, Uilyam Şekspir, Lev Tolstoy kimi sənətkarlarla bir cərgədə dayanır.

Balzak 18 avqust 1850 -ci ildə 51 yaşında Parisdə vəfat etmişdir.

1884 — Məşhur ədəbiyyatşünas Salman Mümtaz Şəkidə anadan olub.

İki yaşında anası Zəhra xanımla Aşqabada köçür. Azərbaycanda Xalq Cumhuriyyəti qurulana kimi burada yaşayır.

Salman Mümtaz balacalıqdan evin dolanışıq yükünün altına girdi. Qardaşıyla birgə dayılarına ticarət işlərində kömək etdi. Getdiyi yeganə məktəb mollaxana oldu. Orda da cəmi üç ay oxudu. Ərəb, fars, urdu dillərini təkbaşına, rus dilini isə dükanlarına gələn zabit arvadlarıyla söhbətlərindən öyrəndi. Türk dillərinə böyük marağı vardı. Özbək, qırğız, türkmən dillərini bilirdi. Ədəbiyyat sirli bir aləm kimi onu özünə çağıranda Salman hələ çox gənciydi. “Molla Nəsrəddin” jurnalında “Xortdanbəy”, “Sərçəqulubəy” və başqa imzalarla müxtəlif şeirləri, məqalələri çap olundu. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıya köçür.

1918-ci ildə Mümtaz əfəndi Ənvər Paşa və Nuru Paşanın Azərbaycana gəlişlərinə şeir həsr edir.   Bir müddət  “Azərnəşr”də işləyir. Klassik şairlər barədə əsərlər yazır. 1937-ci ilin 19 iyununda Salman Mümtazı “burjua-millətçi, pantürkist” kimi vəzifəsindən azad edib ev dustaqlığına məhkum etdilər.  Sonra  SSRI Elmlər Akademiyasının Azərbaycan Filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi vəzifəsindən  də kənarlaşdırdılar. İşdən çıxarılmasına baxmayaraq,  nadir əlyazmaları, kitabları toplayıb-araşdırırdı. Uzun illər yorulmaq bilmədən çalışdı. Əldə etdiyi əlyazmaları “Kitabxaneyi-Mümtaziyyə”sini bəzəyirdi. Salman Mümtaz yenə vaxtının əsas hissəsini orada keçirirdi.

Represiya illərində Azərbaycanın 51 rayonundan 31-nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. Ona görə təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələndi. 1937-1938-ci illərdə Azərbaycanın minlərlə ziyalısı, o cumlədən Hüseyn Cavid, Mikayıl Müşfiq, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əhməd Cavad və başqaları xarici dövlətlərə cəsusluqda və “pantürkizm”də günahlandırılaraq represiya olundu. Eləcə də Salman Mümtaz 1937-ci ilin 8 oktyabrında axşam saat 11-də yaşadığı Buynakski – 25 (indiki Şeyx Şamil küçəsi) siyasi dustaq kimi həbs olundu.

1941-ci ilin 21 dekabrında Siyasi dustaqlar barədə SSRİ-nin paytaxtında ölüm hökmü verilmişdi. Əmrin icrasına təcili başlanıldı. Salman Mümtaz qətlə yetirildi.

Salman Mümtaza 1956-cı il noyabrın 16-da SSRI Ali Məhkəməsi tərəfindən ölümündən sonra bəraət verildi. Salman Mümtazın işinə aid ittihamnamə ləğv edildi.

13 sentyabr 1996-cı ildə Azərbaycan ədəbiyyatı qarşısında xidmətlərini nəzərə alaraq Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Salman Mümtazın adı verilməsi ilə bağlı qərar qəbul edilmişdir.

1904 — Azərbaycanın Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə Şamaxının Basqal kəndində anadan olmuşdur.

Müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə çox fəal iştirak edən ədiblərdən biri də xalq yazıçısı Əbülhəsəndir.

1925-ci ildə Bakı Darülmüəllimini bitirmişdir .

Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor, müxtəlif vaxtlarda iki dəfə “Azərbaycan” jurnalında baş redaktor vəzifələrində işləmişdir.

Döyüş və ədəbi-ictimai fəaliyyətinə görə üç dəfə “Qırmızı əmək bayrağı ordeni” (1966, 1971, 1976), fəxri fərmanlar və döyüş medalları ilə təltif edilmişdir.

“Yoxuşlar” (1933), “Müharibə” (I kitab, 1947), “Dostluq qalası” (1960), “Tərs adamlar” (1967), “Dünya qopur” (1968), “Seçilmiş əsərləri” (üç cilddə 1984 və s. kitabların müəllifi olmuşdur.

1986-cı ildə vəfat etmişdir.

1907 — Azərbaycanın Xalq artisti Həqiqət Rzayeva Lənkəranın Darquba kəndində anadan olmuşdur.

Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür.

Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.

1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi (“Şah İsmayıl” – Müslüm Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın Mal Alan” – Üzeyir Hacıbəyov), Şahsənəm (“Aşıq Qərib” – Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.

Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. “Ögey ana” filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi. Qəmər xala filmdə mənfi obrazdır. O,  kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi “Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq.” sitatı yaddaşlara həkk olunmuşdur.

Bəstəkar Azər Rzayevin və Həsən Rzayevin anasıdır.

2 avqust 1969-cu ildə 62 yaşında vəfat etmişdir.

1929 — Görkəmli ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru , professor Mürsəl İsmayıl oğlu Həkimov Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). “Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989). 1989-cu ildən ömrünün sonuna qədər universitetdə professor kimi “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir.

“Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1986).

Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 irihəcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.

Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və opponentlik etmişdir.

Mürsəl Həkimov 2006-cı ildə 76 yaşında vəfat etmişdir.

1946 — Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilmişdir.1974-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.

S.Rüstəmxanlı 1976-cı ildə “Molla Nəsrəddin” və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.

1967-1978-ci illər ərzində “Ədəbiyyat və incəsənət” qəzetində xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirmişdir. İlk kitabı 1970-ci ildə nəşr edilmişdir. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şer, nəsr, publisistika kitabları nəşr edilmişdir.

“Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olmuşdur.

2005-ci ildə Xalq Şairi fəxri adına layiq görülmüşdür.

Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri və

Milli Məclisin deputatıdır.

1960 — Azərbaycanın Milli Qəhrəmanı Kərəm Ərşad oğlu Mirzəyev Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur.

1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur.

1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi.

1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlamışdır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi, böyük arzuları vardı. Müharibə bu arzukları yaşamağa imkan vermədi. O da döyüşlərə atıldı.

Bir sıra döyüşlərdə qəhrəmanlıq nümunələri  göstərdi.. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. “Laləzar” əməliyyatının keçirilməsində xüsusi  rolu olmuşdur.

1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi və erməni faşistlərinin başçısı Karen döyüş meydanında gəbərdi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər.

1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.

Xanlıq kənd orta məktəbi onun adını daşıyır, bu məktəb hal-hazırda Sumqayıt şəhərində fəaliyyət göstərir.

Vəfat etmişdir:

2010 — Görkəmli alim, professor Cəlal Mehdi oğlu Abdullayev 80 yaşında vəfat etmişdir.

Cəlal Abdullayev 1930 -cu ildə Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində anadan olmuşdur.

Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi “Lirika və zaman” (1982) adlı məqalələr toplusuna daxil edilib.

Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə “Səməd Vurğun və folklor” mövzusunda namizədlik işi, 1974-cü ildə isə “Səməd Vurğunun sənətkarlığı” adlı doktorluq dissertasiyalarını müdafiə edib.

Cəlal Abdullayevin “Səməd Vurğunun poetikası” (1976), “Səməd Vurğunun sənət dünyası” (1986) monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib.

Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış “Azərbaycan sovet ədəbiyyatı” və “Müasir Azərbaycan ədəbiyyatı” dərsliyi xüsusi əhəmiyyət daşıyır.

Bakı Dövlət Univerisitetinin müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor idi.

2014 — Nüvə fizikası sahəsində görkəmli alim, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA prezidentinin müşaviri, Fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Nəriman Ağaqulu oğlu Quliyev 88 yaşında vəfat etmişdir.

Nəriman Quliyev 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinə daxil olmuş, hələ gənc yaşlarından universitetdə elmi fəaliyyətə qoşularaq, bütün həyatını elmi yaradıcılığa həsr etmişdir. N.Quliyev və onun tələbələri nüvə və elementar hissəciklər fizikası sahəsində mühüm elmi nəticələr əldə etmiş və respublikamızda bu sahədə geniş tədqiqatlar aparmışdır. Həmin dövrdən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasında nüvə və elementar hissəciklər fizikası sahəsində tədqiqatların inkişafı bilavasitə akademik N.Quliyevin adı ilə bağlı olmuşdur.

Akademik uzun illər ərzində respublikamızda elmin inkişafına mühüm töhfələr vermiş və akademiyanın aparıcı institutlarından olan Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 25 ildən artıq AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən alim bu illər ərzində respublikamızda elmi potensialın qorunub saxlanılması, Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və yeni tələblərə uyğun islahatların aparılması proseslərinin bütün mərhələlərində fəal iştirak etmiş və bu sahədə qəbul edilmiş qərarlarda yüksək peşəkarlığı ilə fərqlənmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.