Külək Xətai Rayon Bələdiyyəsinin, Bakı Yaşıllaşdırma  Təsərrüfatı Birliyinin fəaliyyətsizliyini müdafiə etmir, sadəcə, üzə çıxarır

Mövqe

Ağacsız meşə, ağacsız torpaq vətən deyil. Vətən deyilən şey quru budaqlardan, daşlardan, əkilməmiş tarlalardan, çılpaq düzənliklərdən, şəhər və kəndlərdən ibarət olsaydı, həbsxanadan heç bir fərqi olmazdı.
Mustafa Kamal Atatürk

Ay Yel baba, Yel baba,
Tez gəl,baba, gəl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dən yığılıb dağ olsun,
Yel babamız sağ olsun.
Ulularımız Yelin şərəfinə mərasim düzənləyiblər. Bu nəğməni də onda oxuyublar. İndi şouçular kimi min cürə süni effek qatıb yox, ürəklərinin, beyinlərinin bütün nahiyələrindən dolandırıb gətirərək oxuyublar.
Həsrətlə gözləyiblər gəlişini. Onlar həyati müşahidələrində dönə-dönə yəqin etmişlər ki, yel (külək)olmazsa gözləntilər, çəkilən zəhmət bihudədir:
Xırmanda şana qaldı,
Yel əsdi şana qaldı.
Xırmana bir qız gəldi,
Saçı nişana qaldı.
Yellə bağlı nəzmlə söylənilmiş bir tapmacamıza bir baxın:

Üç qardaşım var,
Biri suluyur,
Biri üfürür.
Biri bitirir…
Yağışı, Yeli, Günəşi ümidgah seçmiş ixtiyar qocalarımız Yelə havanın üfüqi istiqamətdə hərəkətindən daha çox, insanlığın, həyatın var olması üçün insanların gözləntilərini stimullaşdıran, başa gətirən fövqəltəbii qüvvə kimi baxmışlar. Bunların bütün xüsusiyyətləi eynidir: az olarsa, ərsəyə heç nə gəlmədiyi kimi, çox olarsa da əkinçi, biçinçi əliboş qalar.
Amma küləyin bir balaca əsməsi bəzən əkinçini-biçinçini əliboş qoysa da, Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işinə yarayır. Bütün məsuliyyətsizliklərini, suclarını atırlar inanc yerimiz olan Yel babanın üstünə. Guya bütün bunlara görə, səbəb külək oldu. Guya bütün yıxılan ağacların qətlinə fərmanı külək verir.
Bir balaca yağış yağan kimi, “Bağırov” körpüsü bütün Bakını təlatümə salır. Amma dilə gətirməyə cəsarətləri çatmır ki, Su-kanalizasiya sistemi düzgün qurulmadığına görə, kollektorlar suyu vaxtında ötürə bilmir. Ümumiyyətlə, yağış sularının idarə edilməsini meqopolis şəhərin infrastrukturuna illərdir uyğunlaşdlıra bilmirlər. Yaranmış ekstremal hallara görə cavabdeh şəxslər, idarə və qurumlar yağışın altına çıxmasalar da, yağışın adı ilə məsuliyyət və cavabdehlikdən məharətlə yayınırlar.


Nə yağışın suçu var, nə küləyin… Bu gün ökəmizin bir çox rayonlarında külək enerjisi qurğularının tətbiq edilməsi gündəmdədir və bu, böyük perspektivlər vəd edir. Amma xəbərləri olmadığı halda, hər qopan budağın, aşan ağacın səbəbini Yel babanın adına bağlasaq, bu perspektivlər vəd olaraq da qala bilər. Qeyb ola bilər Yel baba.
Yan keçməyin, harda yıxılmış ağac görsəniz, onların kökünə və yaxud gövdəsinin qopmuş yerinə, eləcə də gövdədən ayrımış hissənın özünün qopmuş yerinə baxın. Ağacın çürük və xəstə olduğu dərhal hiss olunur. Heç vaxt fitosanitar xidmət göstərilməyən, vaxtlı-vaxtında suvarılmayan, budanmayan, tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməyən ağaclar ya kütləvi şəkildə qurumağa başlayır, ya da çürüməyə. Ona görə də külək kütləvi şəkildə quruyan və çürüyən ağacları kütləvi şəkildə yıxa bilir və yıxır da. Əksləri gözümüzdə əzəmətli həkk olunmuş həmin ağaclar nə qədər partizanlıq etsələr də, bir səhər görürük ki, elə əzəmətli də səriliblər yerə. Xətai rayonunda yaşadığım üçün bu yerdəki ağacların yaşıllıqların vəziyyətini aydınca görürəm və bilirəm. Xətai rayonunda parklarda və magistral yol boyunca ağaclara, yaşıllıqlara xidmət göstərilir, amma Köhnə Günəşlidə, Gəncə prospekti tərəflərdə bu sözü dilə belə, gətirmək olmaz. Təkcə mənim ayaqla gəzə bildiyim yerlərdə quruyan, çürüyən və yıxılan ağacları sayıb qurtarmaq olmur. Ağacların görkəmindən ələm yağır.
Buna baxmayaraq, mətbuatda elə göstərilir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, bələdiyyələr, necə lazımdır fəaliyyət göstərir. Bu, olur qıpqırmızı yalan. Ona görə də ağaclarımızın, çevrəmizin vəziyyəti belədir. Doğru demirəmsə, gəlin, ictimai monitorinq qrupu yaradıb, Ekologiya Nazirliyinə təsdiq etdirək və bu ərazilərdə ətraf mühitin mühafizə vəziyyətinə ictimai baxış keçirək.
Mənim yaşadığım və hər zaman qoynunda olduğum Köhnə Günəşlidən, Gəncə prospektindən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, nə onun Xətai rayonu üzrə Yaşıllıq sahəsinin, nə də Xətai bələdiyyəsinin xəbərləri olmayıb . Mən indiyə kimi heç vaxt bilməmişəm ki, bizim yaşadığımız ərazi üzrə bələdiyyə nümyəndəsi kimdir və yaxud bələdiyyə xətti ilə məhəlləmizdə hər hansı bir iş görülüb.
Bu yazımda Xətai rayonunda təbiətə laqeyd münasibətə aid yüzlərlə faktdan ancaq Gəncə prospektində qarşılaşdığım 3 faktı Sizin diqqətinizə çatdırıram .

Gəncə prospekti 3-də “Fəridə” şadlıq sarayının qarşısında aprelin 14-nə keçəın gecə 30-35 illik tut ağacı yıxılmışdı. 24-25 gün bu ağac, sanki, küləyi lənətləmək üçün iki yolun ortasında eksponat kimi nəzər nöqtəsi edildi. Mayın 5-nə kimi mən hər gün bu yerdə olmuşam və həmin ağacın şəklini telefonun yaddaşına almışam ki, sonra deməsinlər ki, aprel ayın 14-ü aşıb, 15-də biz qəzanın nəticələrini aradan qaldırmışıq. Halbuki, bunu may ayının 8-də ediblər. Çünki ayın 9-da mən orada olmuşam və maraqlanmışam. Şadlıq sarayının söhbət etdiyim əməkdaşı mənə bildirib ki, yıxılmış ağacı dünən yığışdırıblar. Əgər bu ağac vaxtlı- vaxtında sanitar kəsim profilaktikası görsəydi,küləyə davam gətirə bilərdi. Kötüklədən göründüyü kimi, özül sağlamdır. Sadəcə, qol-budaqları vaxtında seyrəldilmiş olsaydı, küləyin üfiqi təsir sahəsi və gücü onu yıxa bilməyəcək qədər təsirsiz olardı.

Dünən Gəncə prospekti 65 nömrəli binada yerləşən poçtdan çıxarkən bu bina ilə yanaşı olan 67 V nömrəli binanın qarşısında və arxasında iki aşmış ağacın olduğu diqqətimi çəkdi və yaxınlaşıb maraqlandım . Nəhəng ağac düz blokun qarşısına aşmışdı. Sakinlər bildirdilər ki, 3 gündür ki, elə bu vəziyyətdə də qalır. Lazımı yerlərə zəng edib bildirmişik. Məhəl qoymurlar. Fikir verin, bu ağacı hansı məntiqlə binanın 3-4 addığımlığında əkiblər.
Ağacəkmə, eləcə də yaşayış məhəllələrinin planlaşdırılması tələblərinə görə, tac hissəsi beş metrdən çox olan ağaclar evin bünövrəsindən ən azı 10 metr aralı əkilməli və hər il də budanmalıdır. Amma, təəssüf ki, belə nizamlamalara əhəmiyyət verilmir və indi də ağaclar harda gəldi, necə gəldi əkilir, heç vaxt da budanmır. Çoxlu sayda belə mənzərələrin şəklini çəkmişik, bir neçə günə aidityyəti qurumlara da göndərilməklə internetdə də paylaşacağıq.
İkinci çox nəhəng ağac da bu binanın arxasında qaz borularının üstünə aşmışdır. Aşağıdakı şəkillərin sonuncusuna baxın, onun kök hissəsində gövdəyə böyük dəmir parçası yeridilib. Kök zədələnib və buradan parazitar müdaxilə başlayıb və ağac kök hissədən tamam çürüyüb, müavimət və əks-təsir imlanları heçə enib və onun aşmasına səbəb də elə bu dəmirin yaratdığı fəsadlar olub. Binadan 2-3 metr aralıda xəstə anası və 2 şəhid qazi övladı olan bacısı uşaqları ilə Laçın rayonunundan olan 72 yaşlı bir qadın yaşayır. Buna yaşamaq demək mümkünsə.

Onlar hansısa bir yardımçı tikintini qismən yaşayış halına gətirib illərdir burada məşəqqətli həyatlarını yaşamağa məcbur olublar və Laçına – dogma yurdlrına qayıdacaqları günü gözləmək üçün səbir tapırlar. Mən isə fikirləşirəm ki, əgər bu nəhəng ağac onların yaşadıqları daxmanın üstünə düşmüş olsaydı, ölüm-itim olsaydı, bu səhlənkarlığın bədəlini kim ödəyəcəkdi? Uzun illər işğal altında olmuş torpaqlarımızın murdar ayaqlardan təmizlənməsi, üstümüzdən dağ boyda xəcalətin torpağmızın, bu torpaqda yaşayacaq insanların üzərindən götürülməsi Cənab Ali Baş Komndanın və onun müzəffər ordusunun Zəfər tarixi ilə taleyimizə əbədi həkk olunub. Cənab Prezidentin işğaldan azad edulmiş ərazilərimizə, buranın insanlarına diqqət və qayğısı göz qabağındadır. Bəs bu laçınlı həmvətənlərimizə belə rəftar sərgiləməyə, bu cür təhdid etməyə necə yol vermək olar ?
Mən yıxılmış ağacın kötüklərini, qol-budaqlarını nəzərdən keçirəndə yardımçı tikiliyə bənzəyən evdən bir qadın çıxdı , əvvəlcə elə bilmişdi ki, hansısa təşkilatdan gəlmişəm. Müstəqil jurnalist olduğumu bilincə mehribancasına danışmağa başladı. Bildirdi ki, ağac yıxılandan s bir kişi gəlib qaz trubasının üstünə aşmış budaqları kəsib getdi. Kötüklərinə, qol-budaqlarına isə dəymədi. Dedi ki, gəlib edəcəyik. 1-2 gün gözlədim və gördüm ki, qapının ağzı, yolumuz bağlanıb, məcbur olub gedib “Xalqlar dostluğu” metrosunun yanında günəmuzd işləyən bir fəhlə gətirdim. Fəhlə “motopila” ilə bu nəhəg ağacı hissələrə parçaladı. Amma kötüklər , onun qol-budaqları ərazidə də qaldı. Anamın təqaüd pulundan 100 manat pul da verdim.
Qadın bunları söylədikcə kövrəlirdi ki, qonşular onu məzəmmət ediblər ki, niyə “motopila” işlədib sakitliyimizi pozursan. Hətta sorğu-suala da tutanlar da olub ki, o fəhlə kimdir, telefonunu bizə ver.


Əzələn, bunları vətəndaş yox, bələdiyyə və Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyi etməlidir. İkincisi isə ancaq şəxsi mülkiyyətində olan ağacların budanması, götürülməsi ödənişli əsasla olmalıdır. Bu ağac isə ictimai torpaqda olduğundan yerli bələdiyyənin mülkiyyətidir, qəzanın nəticələrini bələdiyyə aradan qaldırmalıdır.
Daha bunun harası qəza xidməti oldu? Qəza xidməti sahəsində işləyənlərin unutmaması üçün deyim: “Yıxılan ağacın və yaxud hər hansı bir ağacın bir budağının qopub düşməsi ilə əlaqəli yaranan qəzalı şəraitin məsuliyyəti ağacın mənsub olduğu əraziyə cavabdeh olan bələdiyyənin üzərinə düşür, bu xidmət üçün məsil edilmiş Bakı Yaşıllaşdırma Bürliyinin üzərinə düşür. Məlumdur ki, bütün həyati vacib sahələrin mütləq qəza və dispetçer xidməti var. Dispetçer 5 dəqiqə ərzində müraciətləri qəbul edib dəyərləndirməli, 30 dəqiqəyə hadisə mahiyyətindən asılı olaraq lokallaşdırılmalı, 24 saat ərzində aradan qaldırılmalıdır. Amma bizim qeyd etdiyimiz hadisələrin heç birindən bələdiyyənin bəlkə xəbəri yoxdur. Yaxşı olardı ki, dispetçer xidməti üçün elə proqram hazırlayalar ki, müraciətlərin bildirilməsi, qeydiyyata alınması və icraatı barədə məlumatı hər kəs öz kompüterindən izləyə bilsin. Digər tərəfdən ağacların vurduğu ziyana görə məsuliyyət müəyyən edilməlidir. Əgər qəza Yaşıllaşdırma Birliyinin və yaxud Bələdiyyənin fəaliyyətsizliyindən baş veribsə, dəymiş zərərin ödənməsi həmin qurumların hesabına ödənilsin.
Dispetçer xidməti həm də mövcud xidmətin keyfiyyətini izləməyə, nöqsan və çatışmazlıqların aşkar edilməsinə yol açacaqdır.

…Bu yazını yazarkən arada həyətə də düşürdüm. Elə indicə blokun qarşısına çıxmışdım ki, birdən 10-15 metr aralıda tut ağacının yekə bir budağı qoparaq qonşunun maşınının üstünə düşdü. Blokumuzun qarşısında onsuz da bir təhlükəli vəziyyət vardı, biri də artdı: mayın 14-də həmin tutun 4-5 metrliyində qurumuş bir qovaq ağacının tac hissəsi qopub mağazanın üstünə düşmüşdü və indiyə kimi də elə təhlükəli vəziyyətdə damdan asılı vəziyyətdə qalmaqdadır.
Bu ağac 3-4 ildir ki, qəzalı vəziyyətdə idi. Ətrafında ehtiyatla hərlənirdik. Qəzalı olması barədə müraciət edilməyən yer qalmamışdı. Ekspertiza idarəsinin, hətta, 2-3 il bundan qabaq verilmiş rəyi də var. Heç rəyə də əməl olunmur.

This image has an empty alt attribute; its file name is 2-8.jpg



Xoşbəxtlikdən hər iki hadisə vaxtı ağacların altında uşaqlar yox idi. Binanın uşaqları həmişə bu ağacların altında piknik edirlər. Bəlkə də hər iki ağac uşaqların xatirinə öz qanadlarını çox dəqiqliklə təhlükəsiz tərəfə yönəldə biliblər. Bizim Külək babadan da şikayətimiz yoxdur, şikayətimiz Xətai Rayon Bələdiyyəsindəndir, Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyindəndir. Onların fəaliyyətsizliklərinin və yaxud necə fəaliyyət göstərdiklərini aidiyyəti qurumların — Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə yetirmək istəyirik.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin kütləvi informasiya vasitələrində “Bütün bələdiyyələrə” başlığı ilə bir tövliyəsi paylaşılıb Bunu bütün insanlar oxuyub, bilir, amma Xətai Bələdiyyəsi bilmir. Bakı Baş Yaşıllaşdırma Təsərrüfatı Birliyi bilmir.


Tövsiyədə yazılır:
“Ekoloji tarazlığın qorunması dövlət siyasətinin aparıcı sahələrindən biridir və bu məqsədlə ölkəmizdə bir sıra mühüm normativ hüquqi aktlar qəbul edilmiş, dövlətin, bələdiyyələrin, vəzifəli şəxslərin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Yaşıllıqların qorunması da mühüm dövlət tədbiridir, bu sahədə ardıcıl və kompleks işlər görülür.
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin də vəzifələri müəyyən edilmişdir. Bu maddəyə görə yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
-yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək;
-yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq;
-mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq;
-yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək;
-müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq;
-ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək.
Qanunun 19-cu maddəsinə uyğun olaraq yaşıllıqların mühafizəsinə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanın (vəzifəli şəxslərin) qərarlarının icrası fiziki, hüquqi və ya vəzifəli şəxslər üçün məcburidir və bu qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər…..
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqin aparılması” Qaydasının 2.5-ci bəndinə əsasən uçota alınan yaşıllıqlar barədə məlumatlar bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
Qeyd olunur ki, yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə qanunvericilikdə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Göstərilən normativ hüquqi aktların öyrənilməsi və düzgün icrası tövsiyə olunur”
.
Bələdiyyələrlə İş Mərkəzi
Hər şeyə ağacları qorumaqdan başlamaq lazımdır. Qorumayacaqsansa , nazını çəkməyəcəksənsə, onda niyə vəsait sərf edib, zəhmət çəkib əkirsiniz.
Bakı Şərəfli Zəfər tarixi yazmış bir ölkənin baş şəhəridir. Hər gün işə, məktəbə gedib gələndə , evimizin pəncərəsindən baxanda qarşımıza çaxan, gözümüz tutan bütün ağaclar bu şəhərin ən mühüm vizual elementləri, şəhərə gözəllik verən canlılardır. İnsanların sağlam və xoşbəxt məkanlarda yaşaması üçün bu ağacların olması ilk şərtdir. Dünyada elə bir ölkə yoxdur ki, meşələri olmamış olsun, hansı formadasa hər bir ölkənin müəyyən bitki örtüyü mütləq var. Eləcə də dünyada ağacsız şəhər yoxdur. Oxudularımıza, eşitdiklərimizə əsasən, bilirik ki, Rusiyada Norilsk adlı şəhər var. Dünyanın ən soyuq şəhərlərindən biri və eyni zamanda dünyanın ən küləkli şəhərlərindən biridir. Orada ildə cəmi 4 ay temperatur sıfırdan yuxarı, orta illik temperatur isə mənfi 10-a yaxındır. Buranın havası çox çirkli olur. Şəhərə yaxınlaşdıqca uzaqdan nəzərləri ilk cəlb edən tüstü sobaları olur. Burada metallllurgiya zavodları çoxdur. İnsanları gözəl olsalar da, ekologiyası sağlamlıq üçün olduqca əlverişsizdir.

Ağacsız da şəhər olar? Əlbəttə, olmaz. Elə isə Bakımızdakı hər bir ağaca ehtiramla yanaşmalıyıq.
….və qorumalıyıq. Akademik Həsən Əliyev səyahətlərinin birində söhbət etdiyi almandan soruşubmuş ki: “Nə üçün meyvə bağları deyil, meşə üçün tinglik salırsınız?” Cavabında alman deyib: “Meyvəni başqa ölkələrdən də almaq olar, lakin meşəni heç yerdən gətirmək mümkün deyil”.

P.S. Xətai rayonunda ətraf mühitin mühafizəsinə, ağaclara laqeyd münasibətə aid müşahidələrimi yaxın 1 -2 gün ərzində təqdim edəcəyik.