27 may

Tarixdə bu gün

İilin 147-ci (uzun illərdə 148-ci) günü.

Mühüm hadisələr:

1840 – İtalyan musiqiçi Nikollo Paqanini vəfat edib.

1918 – Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Müvəqqəti Milli Şura yaradıb. Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, İcraiyyə komitəsinin sədri isə Fətəli xan Xoyski seçilib.

1944 – Türkiyədə latın hərfləri ilə ilk cümhuriyyət qızılı kəsildi.

1960 – Türkiyədə dövlət çevrilişi baş verib. General Camal Gürsəl Milli Birlik Komitəsinə rəhbərliyi ələ alıb, hər cür siyasi fəaliyyət qadağan edilib.

1973 – Cenevrədə Müəlliflik hüququ haqqında Ümumdünya Konvensiyası qəbul edilib.

2001 – 53 ölkə Afrika Birliyini yaratdı.

Doğum günləri:

1947—Azərbaycan Respublikasının Xalq rəssamı Rafiq  Əliş oğlu Nəsirov Sabirabad şəhərində anadan olmuşdur.

Rafiq  Nəsirov 1961-ci ildə isə Politexnik texnikumumun memarlıq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə texnikumu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Memarlıq fakultəsinə daxil olmuşdur.

1969-cu ildən C. Cabbarlı adına Azərbaycan kinostudiyasında memar vəzifəsində çalışıb, 1980-ci ildən isə Dekorativ qurğular söbəsinə rəhbərlik edir və həmin ildən də quruluşçu rəssam kimi fəaliyyət göstərir.

Bu illər ərzində 40-dan artıq bədii filmin quruluşçu rəssamı olub.

Rafiq Nəsirov 29 noyabr 2024-cü ildə   77 yaşında vəfat etmişdir.

1926 — Azərbaycanın Xalq şairi Söhrab Əbülfəz oğlu Tahiri (Söhrab Tahir) İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur.

1959-1961–ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.

Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu İdarə Heyətinin üzvü, SSRİ Ədəbiyyat Fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi Şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.

S.Tahirin   30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya edilmişdir. Amma buna baxmayaraq,  şairin həyatını xilas etmək mümkün olmamışdır. 

Şair 4 may 2016-cı ildə dünyasını dəyişmiş  və II Fəxri Xiyabanda dəfn olunmuşdur.

1950 — Azərbaycanın Milli Qəhrəmanı Maşallah Babakişi oğlu Abdullayev Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft Birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir.

Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak etmişdir. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.

Maşallah Abdullayev Respublika Ali Sovetinə deputata seçilmişdir. 1992-ci ildə M.Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi. O, respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur. Mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Hazırda şəxsi təsərrüfatı ilə məşğuldur.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədridir.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarxili 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

“General Məhəmməd Əsədov” mükafatına layiq görülmüşdür.

2015-ci ildə yazıçı Vüqar Əsgərov Maşallah Abdullayevin keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edən kitab yazmışdır. Kitabın redaktoru Ötərxan Eltac, məsləhətçiləri isə tarix institunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.

Vəfat etmişdir:

1956 — Görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk Xalq şairi  Səməd Yusif oğlu Vəkilov 50 yaşında Bakıda vəfat etmişdir.

Səməd Vurğun 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur.

İlk şeirlərini seminariyada oxuduğu vaxt yazıb. “Cavanlara xitab” adlı şeiri Tiflisdə çıxan “Yeni fikir” qəzetində çap olunub. Yaradıcılığının ən məhsuldar dövrü 1930-1940-cı illər hesab olunur. 1935-ci ildə 7 poema və 100-dək şeir yazıb. Ən məşhur şeirləri: “Azərbaycan”, “Ceyran”, “Dağlar”, “Şair, nə tez qocaldın sən?”, “Mən tələsmirəm”, “Xavərim”.

Məşhur poemaları: “Komsomol poeması”, “Talıstan”, “Muğan”, “Aygün”. Poemalarının motivləri əsasında “Yeddi oğul istərəm” və “Aygün” filmləri çəkilib.

Məşhur dramları: “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”. Səməd Vurğun bədii tərcümə ilə də məşğul olub. Puşkinin “Yevgeni Onegin”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Maksim Qorkinin ”Qız və ölüm”, Nizaminin “Leyli və Məcnun” poemalarını Azərbaycan dilinə tərcümə edib. Daha nə qaldı? Məşhur ürək həkimi Cavad Heyətin bir xatirəsi: “Vəfatından bir qədər əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? Bir az düşündü və dedi Səməd Vurğunu”.

2008 — Professor Elşad Heybət oğlu Quliyev 67 yaşında Bakıda vəfat etmişdir.

Tarixdə bu gün – 27 mayElşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Flologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib.

Bir müddət tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Komitə sədrinin birinci müavini təyin edilib.

1983-cü ildən 1990-cı ilədək Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb.

1992-ci ildə yenidən Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı – BMTİ-nin baş direktoru işləyib.

Elşad Quliyev 1990-cı ildən bu günə qədər həm də “Bilik” Maarifçilik cəmiyyətinin sədri işləmişdir. Ayrı-ayrı illərdə kütləvi informasiya vasitələri sahəsində xidmətlərinə görə orden və medallarla təltif edilib.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tarix elmləri namizədidir. Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktorudur, professoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü idi.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.