29 may

İlin 149-cu günü (uzun illərdə 150-ci). İlin sonuna 216 gün qalır.

Mühüm hadisələr:

1963 – Pakistanda qasırğa 10 000 nəfərin həyatına son qoyub.

1992 – Azərbaycan Respublikası Tacikistan ilə diplomatik əlaqələr qurub

1996 – Benyamin Netanyahu İsrailin baş naziri seçilib

Doğum günləri:

1499 – Məşhur türk sənətkarı  Memar Sinan (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) 29 may 1489 –cu ildə Kayseri inzibati mərkəzinin Ağırnas köyündə anadan olmuşdur.

 9 aprel 1588-ci ildə 89 yaşında İstanbulda vəfat etmişdir.

Mənbələrə görə Sinan, I Səlim (Yavuz) sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516-1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu.

1-ci Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529-1532-ci illər arasında Almaniya, 1532-1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona “haseki” ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı. 1538-ci ildə iştirak etdiyi Karabuğdan (Moldova) səfəri ərəfsində Prut çayı üstündə inşa etdiyi bir körpü ilə hamının diqqətini öz üzərinə çəkdi. Bir il sonra Əcəm Əlinin ölümündən sonra onun yerinə, sarayın baş memarı oldu. Ömrünü axırına qədər bu vəzifədə qaldı.

1913 — Teatr xadimi, rəssam, Azərbaycan Respublikadsının Xalq artisti , Azərbaycan Dövlət Mükafatı Laureatı Nüsrət Möhsün oğlu Fətullayev Lənkəranda anadan olmuşdur.
1930–1934-cü illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil almışdır.
Rejissor Yusif Yulduzun 1934-cü ildə quruluş verdiyi Aleksandr Korneyçukun “31–43” (“Eskadranın məhvi”) dramının tamaşası ilə Azərbaycan Milli Dram Teatrında ilk işinə başlayıb. Elə 1938-ci ildən bu kollektivə baş rəssam təyin olunub və ömrünün sonunadək həmin vəzifəni icra etmişdir.
Nüsrət Fətullayev 1 oktyabr 1987-ci ildə Bakıda vəfat edib.
İkinci Fəxri Xiyabanda basdırılmışdır.
Hökümə Qurbanovanın həyat yoldaşı və Vəfa Fətullayevanın atasıdır.

1924— İctimai və dövlət xadimi, texnika elmləri namizədi, professor (1965-1970-ci illərdə Azərbaycan  SSR Ali və Orta İxtisas Təhsili Naziri) Züleyxa İsmayıl qızı Hüseynova Bakıda anadan olmuşdur.

Züleyxa Hüseynova Bakıdakı 132 nömrəli orta məktəbi bitirərək 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun neft-mexanika fakültəsinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra Yesman adına Energetika İnstitutunun aspiranturasında oxuyub.

1953-cü ildə namizədlik dissertasiyası müdafiə edib, sonrakı 6 il ərzində Azərbaycan SSR Elmlər Akademiyasında fəaliyyət göstərib. Daha sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Elm və tədris müəssisələri şöbəsinin müdir müavini təyin edilib.

Respublikada ali və orta ixtisas təhsili müəssisələrini özündə birləşdirən Ali və Orta İxtisas Təhsili Nazirliyinin yaradılması üçün ardıcıl çalışan ziyalılardan biri olub. Dəfələrlə Moskvada SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin rəhbərliyi ilə görüşərək müttəfiq respublikalarda müvafiq qurumun yaradılmasının zəruri olduğunu əsaslandırmağa çalışıb. Beləliklə, Nazirlər Soveti nəzdində Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılıb, o, komitə sədrinin müavini təyin olunub (1961), 1963-cü ildə isə komitənin sədri vəzifəsinə layiq görülüb.

 1965-ci ilin iyulunda komitə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib, Züleyxa Hüseynova nazir təyin edilib. Onun nazir kimi fəaliyyəti dövründə respublikada ali təhsil şəbəkəsinin genişləndirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində sanballı işlər görülüb. Belə ki, Azərbaycan Neft və Kimya İnstitutu nəzdində 4 yataqxananın, xarici tələbələr üçün tədris korpusunun inşası onun təşəbbüsü və köməyi ilə reallaşdırılıb. Ölkənin ikinci sənaye şəhəri olan Sumqayıtda Azərbaycan Neft və Kimya İnstitutunun filialı açılıb (həmin filialın bazası əsasında hazırda Sumqayıt Dövlət Universiteti fəaliyyət göstərir).

Kirovabad (indiki Gəncə) Texniki İnstitutu da onun təşəbbüsü ilə yaradılıb. Daim gənclərə qayğı göstərib, ali məktəblərə qəbul zamanı imtahanların şəffaf keçirilməsi ücün xüsusi nəzarət komissiyaları yaradıb. Onun müzakirə etdiyi məsələlər və çıxardığı qərarlar respublika rəhbərliyi tərəfindən həmişə bəyənilib və dəstəklənib.

1965-1970-ci illərdə ali və orta ixtisas təhsili naziri vəzifəsində uğurla çalışan Züleyxa Hüseynova 1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsinə seçilib.

1981-ci ildən təqaüdə çıxanadək Azərbaycan SSR Nazirlər Sovetində Elm, texnika və təhsil müəssisələri şöbəsinin müdiri olub. Bir çox elmi məqalə və metodik işləri nəşr olunub. “Avtomobillər və traktorlar” adlı orijinal ali məktəb dərsliyinin həmmüəlliflərindəndir.

Züleyxa Hüseynova 1996-cı ilin mayında dünyasını dəyişib.

1967 —Azərbaycan Respublikasının Əməkdar artisti Kəmalə Müzəffər qızı Hüseynova anadan olmuşdur.

1986-1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsində ali təhsil almışdır.

İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Artıq dördüncü kursda Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuşdur. O zaman birbaşa baş rolda, Əli Əmirlinin “Ərizə” tamaşasındakı Reyhan rolunda çıxış etmişdir.

1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.

Teatrda son illər “Qatarın altına atılan qadın” və “Müharibə” tamaşalarındakı oynadığı baş qadın rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə , 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

1967— Azərbaycanın Milli Qəhrəman Aytəkin Məmmədov Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur.

1974-1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımış, 1987-ci ildə ordudan tərxis edilmişdir.

1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin də döyüşlərə atılır. Cəsur döyüşçü düşmən həmlələrin qarşısını alrkən, xəxsi şücaət göstərmiş, xeyli sayda yaraqlını məhv etmiş və özü də bu qeyri-bərabər  döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Rrezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri ad verilmişdir.

Göyəli kənd qəbristanlığında dəfn edilmişdir.

Həmin kənddəki orta məktəb də onun adını daşıyır, məktəbin qarşıısnda cəsur döyüşçümüzün büstü də qoyulub.

2013-cü ildə Aytəkin də daxil olmaqla Gədəbəy rayonunun digər üç Milli Qəhrəmanı – İsgəndər Aznaurov, İlham Əliyev və Məzahir Rüstəmovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir.

Milli qəhrəmanımızı ehtiramla anaraq Allahdan rəhmət diləyirik.

Vəfat etmişdir:

1920— Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi Məmmədbağır Saleh bəy oğlu Şeyxzamanlı 40 yaşında repressiyaya məruz qoyulmuşdur.

Məmmədbağır Şeyxzamanlı 1880-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının Milli hökuməti tərəfindən təsis edilən “Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi təyin olunmuşdur. M.Şeyxzamanlı bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində “Müsavat” fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir.

M.Şeyxzamanlı millət vəkili kimi bir sıra mühüm dövlət məsələlərinin həllində, o cümlədən qanun layihələri və qərarların müzakirəsində yaxından iştirak etmişdir. Müstəqillik uğrunda ardıcıl mübarizə apardığına və barışmaz siyasi mövqeyinə görə, M.Şeyxzamanlı Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, bolşeviklər tərəfindən həbs edilmiş və 1920-ci ilin may ayında güllələnmişdir.

Qızı Ruqiyyə Şeyxzamanlı Xudadat bəy Rəfibəylinin oğlu Kamil Rəfibəyli( Aran) ilə evlənmişdir.

1920— Rusiya imperator ordusunda general-mayor, Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə Daxili İşlər Nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918-1919), Qars vilayəti qubernatorunun köməkçisi Əliyar bəy Mehdiqulu bəy oğlu Haşımbəyov repressiyaya məruz qoyulmuşdur.

Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur.

1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində – 1908-ci il dekabrın 6-da general-mayor   rütbəsinə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur.

Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.

1918-ci ildə Əliyar bəy Azərbaycan Milli ordusunda könüllü xidmətə başlamış, bir müddət Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini vəzifəsində işləmişdir. O,1919-cu ildə Azərbaycan Xalq Cumhiriyyətinin Hərbi İndendant İdarəsinin rəisi vəzifəsində xidmət göstərmiş, 1920-ci ildə Zaqatala qəzasının general-qubernatoru, Cənub-qərbi Azərbaycanın general-qubernatoru olmuşdur. Azərbaycanın 1920-ci il 28 aprel tarixində işğalından sonra təqib olunmuş, sovet hakimiyyətinin əsas cəza orqanlarından biri-XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Andreyeviç Pankratovun rəhbərlik etdiyi Fövqəladə Komissiya (FK-ÇK) tərəfindən həbs olunmuş, istintaq işgəncələrinə məruz qalaraq Azərbaycan Xalq Cumhuriyyətinin bir qrup xadimi sırasında respublika Ali İnqilabi Tribunalının (sədri Teymur Əliyev idi) hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də Nargin adasında güllələnmişdi.

Onun babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov Kürə nahiyəsinin hakimi, atası Mehdiqulu bəy Qərbi Tabasaran naibi olmuşdur.

Bayramlar və tarixi hadisələr:

1918 – Azərbaycan Parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.