Tarixdə bu gün
İlin 150-ci (uzun illərdə 151-ci) günü
Doğum günləri:

1862 – Görkəmli şair Mirzə Ələkbər Sabir anadan olub. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi deyə, oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdur. 12 yaşı olanda isə Sabir sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdir. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, yaradıcılıq həvəsini artırırdı.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır: 1903-cü ildə “Şərqi-Rus” qəzetində, bir qədər sonra isə “Həyat” qəzetində şeirləri çap olunur, 1906-cı ildə şair “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən birinə çevrilir. Elə həmin vaxtdan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yaranır və hər iki sənətkar xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vurur.
Şeirlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar Sabirin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır, sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə yanaşı şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur.
1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir ağciyər xəstəliyindən vəfat edir. Böyük ədəib Şamaxıdakı “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

1930 – Şair Fikrət Sadıq Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir . 1956-1961-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. kimi əsərlərin müəllifidir.
Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur.
16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat edib.

1959 – Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordeni kavaleri Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov Ağdam rayonunun Qiyaslı kəndində anadan olub.
1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirmişdir. 1978-1979-ci illərdə kecmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra dülgər peşəsinə yiyələnmişdir.
Qarabağda “Qurd Cəbrayıl” kimi ad alib san qazanmış, ermənilərin ürəyinə türk xofu salan Cəbrayıl Cəbrayılov haqqında çox deyilib çox yazılıb. O da deyilib ki, Cəbrayılın adı gələndə həmişə ermənilərin canına vəlvələ düşürdü. Bu mərd, qorxmaz döyüşcü Yaqub Rzayevin komandir olduğu 863№ li hərbi hissədə 1992-ci ilin yanvar ayından xidmətə başlayıb. O, ilk gündən bölük komandiri təyin olunub.
Hələ 1992-ci ilin yanvarında Xramort kəndi uğrunda gedən döyüşlərdə hünəri ilə döyüşçü dostlarına örnək olmuşdur. Xocalıda soyqırımında dinc əhalinin xilası üçün çox səy göstərmiş, neçə-neçə soydaşımızı düşmən caynağından xilas etmişdi.
Cəbrayıl silahdaşları ilə dəfələrlə çətin kəşfiyyat əməliyyatına getmişdir. 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndinin düşməndən azad edilməsində ağır güllə yarası almış və hospitala yerləşdirilmişdir. Qısa müddətdə müalicə olunaraq döyüşçü yoldaşlarının yanına qayıtmışdır.
1992-ci ilin may ayında Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal və Kətik kəndləri uğrunda gedən döyüşlərdə Cəbrayıl 7 erməni döyüscüsünü məhv etmiş, bir topunu hərbi qənimət kimi ələ keçirmişdir. 1992- ci il 12 iyunda isə Cəbrayıl Əskaran ərazisinə girərək ermənilərin 1 közətçi məntəqəsini və 1 tankını məhv etmişdir. 1992- ci ilin 18 avqustda Gülyataq və Canyataq kəndlərini düşmənlərdən azad edərkən Cəbrayıl yeddi erməni döyüşcüsünü məhv edərək onların dörd avtomat silahını ələ keçirmişdir. Həmin döyüşdə göstərdiyi igidliyə görə 10 min rubl mukafat almışdır.
1992-ci il sentyabrın 24-də Xanabad kəndi uğrunda gedən döyüş Cəbrayıl Cəbrayılovun son döyüşü olmuşdur. O, başında aldığı güllə yarasından qəhrəmancasına həlak olmuşdur.
Təhsil aldığı Söyüdlügöl kənd orta məktəbinin kollektivinin istəyi nəzərə alınaraq 1993-cü ildə oxudu məktəbə Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılovun adı verilmişdir. Məzarı Qiyaslı kənd qəbirsanlığındadır.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 4 oktyabr 1994-cü il sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Vəfat etmişdir:

1924 — Tariximizdə özünə əbədi iz salmış diplomat Behbud ağa Şahtaxtinski 43 yaşında Tiflisdə vəfat etmişdir.
Behbud ağa Şahtaxtinski 1881-ci ildə Şərur (indiki Kəngərli) rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.
Behbud ağa Şahtaxtinski 1905-1907-ci illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, “Hümmət” təşkilatı Mərkəzi Komitəsinin sədri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra (1920) Xalq Ədliyyə Komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də Fövqəladə nümayəndəsi idi. 1920-ci ilin iyul-sentyabrında Azərbaycan haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar V.İ.Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərbaycan SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni V.İ.Lenin və B. Şahtaxtinski imzalamışdılar (1920-ci il, 30 sentyabr). Kominternin 2-ci konqresinə nümayəndə seçilmişdi.
Behbud ağa Şahtaxtinski 1921-1924-cü illərdə Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan MSSR XKS-nin sədri, Azərbaycan SSR Xalq FKM komissarı, Xalq Komissarları Soveti sədrinin müavini və s. vəzifələrdə çalışmışdır. Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskvavə Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidməti olmuşdur. Qars müqaviləsini Azərbaycan SSR adından Behbud bəy imzalamışdır.Onun Naxçıvan məsələsində Nəriman Nərimanovun adından Moskvada atdığı addımlar, Rusiya-Türkiyə danışıqlarında seçdiyi xətt Naxçıvana Azərbaycanın ayrılmaz bir hissəsi kimi muxtariyyət statusu verilməsinə müsbət təsir göstərmişdi.
1924-cü ildə Tiflisdə vəfat etmişdir və köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunmuşdur.

1976 — Məşhur tarzən, Əməkdar artist Əhsən Əliabbas oğlu Dadaşov 51 yaşında Bakıda vəfat etmişdir.
Əhsən Dadaşov 1924-cü il avqustun 16-da Bakı şəhərində dünyaya göz açmışdır. Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb.
1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrinə qəbul edilib.
Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.
Məlumdur ki, Zərif Qayibovdan sonra “Şur” muğamının ən gözəl ifaçılarından biri onun sevimli tələbəsi, mərhum Əhsən Dadaşov olmuşdur
Onun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti-Dilkeş”, “Çahargah”, “Bayatı-Şiraz” və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.
AzTRV nəznində 1960 cı ildə Xalq Çalğı Alətləri Ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda həmin ansanbl Əhsən Dadaşovun adını daşıyır. Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.