Tarixdə bu gün

İlin 153-cü (uzun illərdə 154-cü) günü.
Mühüm hadisələr:
455 – Vandallar Romaya hücum edib, şəhəri iki həftə taladılar.
1938 – Azərbaycanda ilk aviasiya qrupu yaradılmışdır.
Doğum günləri:

1915 — Azərbaycan heykəltəraşı, Xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı Şuşa şəhərində anadan olmuşdur.
Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli (memar Ə.İsmayılov və Q.Əlizadə, 1958-ci il) Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli (1972), Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi (1983, Lənkəran) Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.
C.Qaryağdı həmçinin Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun və məşhur şəxsiyyətlərin büstlərini yaradıb.
2 iyun 1986 -cı ildə 55 yaşında vəfat edib

1952— Azərbaycan tibb alimi, Tibb elmlər doktoru , professor Eldar Şamxal oğlu Abasov Qərbi Azərbaycanın Zəngəzur rayonunda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1 il Travmatologiya və Ortopediya kafedrasında asissent kimi çalışmışdır. 1975-1987-ci illərdə Moskvada Elmi Tədqiqat Revmatologiya İnstitutunda çalışmış, Tibb elmləri namizədliyini və doktorluğunu müdafiə etmişdir. Həmçinin E.Abasov Azərbaycan Respublikasının Milli Məclisinin (1-ci çağırış) deputatı olmuşdur.
Travmatoloq-ortoped Professor Eldar Abasov 1987–91-ci illərdə ATU-nun travmatologiya və ortopediya kafedrasının professoru, 1991–94-cü illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunda travmatologiya və ortopediya kafedrasının müdiri, 1991–2006-cı illərdə isə Respublikanın Elmi Artroloji Mərkəzinin direktoru olmuşdur. 2007-ci ildən Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitututunda Artrologiya və Ortopediya şöbəsinin müdiridir. Tədqiqatları, əsasən, revmatik artritlərin müalicəsi və reabilitasiyası problemlərinə həsr edilmişdir.
100-dən artıq elmi məqaləsi və monoqrafiyası çap olunub.

1957—Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Həsən qızı Haşımova Gəncə şəhərində anadan olmuşdur.
1979-cu ildə Q.Hüseynli adına Gəncə Musiqi Məktəbini bitirmişdir . 1971-1973 illərdə bədii özfəaliyyət kollektivlərinin “Oxu, tar” festivalının iştirakçısı olmuşdur. 1975-ci ildən “Göy-göl” Xalq Çalğı Alətləri Ansamblının (1977-ci ildən “Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının) solistidir.
1997 ildən Gəncə Dövlət Filarmoniyasının direktoru olmuşdur. Repertuarına xalq mahnıları (“Uca dağlar”, “Qaragilə”, “Şuşanın dağlan”, və s.), muğamlar (“Kəsmə şikəstə”, “Qarabağ şikəstəsi”, “Mirzə Hüseyn” segahı, “Şahnaz”, “Dəstgah” və s.), Azərbaycan bəstəkarlarının mahnıları, həmçinin türk, fars, tacik, əfqan, ərəb və sairxalqların mahnıları daxildir.

1962 — Azərbaycanın Milli Qəhrəmanı, Şuşa özünümüdafiə batalyonunun komandiri Ramiz Qəmbərov Şuşa şəhərində anadan olmuşdur.
1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıtmışdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Amma təhsilini başa çatdıra bilməmişdir. Erməni təcavüzkarlarının Qarabağa təcavüzü minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur etmişdir. Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulmuşdur. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olmuşdur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsinin təşkil etmiş, qanlı döyüşlərdən çıxmışdır.
29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum etmişlər. Ramiz Qəmbərovun taboru onlaraşiddətli müqavimət göstərmiş, amma bu döyüşdə cəsur komandir ağır yaralanmışdır. Bir gün sonra — 30 aprel 1992-ci ildə dünyasını dəyişmişdir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilmişdir.

1962 — Bəstəkar-musiqişünas, musiqi tənqidçisi, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Araz qızı Dadaşzadə Bakıda anadan olub.
1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1985-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (hal-hazırda Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989–1992-ci illərdə Milli Elmlər Akademiyasının aspiranturasında (qiyabi) oxuyub.
1985-1992-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. 1987-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. 1990-2007-ci illərdə İttifaqın İdarə Heyətinin üzvü olub.
1988-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasında dərs deyir.

1966 —Əməkdar artist Almaz Ədil qızı Orucova Zəngilan rayonunda doğulub.
1983- cü ildə Zəngilan rayonundakı 1 nömrəli orta məktəbi bitirib.
1985-1990 cı illər ərzində Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda böyük sənətkar Şövkət Ələkbərovanın sinifində təhsil alıb.Təhsil aldığı illərdə Səxavət Məmmədovun rəhbərlik etdiyi “Qarabağ” ansamblına dəvət edilib.
1992-ci ildə Almaniya Respublikasına qastrol səfərinə dəvət edilib və xalq və bəstəkar mahnılarından ibarət ilk diski də orada buraxılıb.
1993-cu ildə Azərbaycan Muğam Teatrında işə başlayıb.
2005-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına solist dəvət olunub və ilk solo konsertini 2006-cı ildə bu səhnədə verib.Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Mahnı Rəqs ansamblı ilə birlikdə çox Dövlət tədbirlərində çıxış edib.
Almaz Orucova Azərbaycan xalq musiqisinin,muğam sənətinin istedadlı nümayələrindən biri olaraq dəfələrlə Almaniyada, İtaliyada,Fransada, Avstriyada, Norveçdə, İranda, Türkiyədə, Qazaxıstanda, Türkmənistanda, Özbəkistanda, Qırğızıstanda, Ukraynada və bir çox ölkələrdə qastrol səfərində olub milli musiqi sənətimizi layiqincə təmsil etmişdir.
Almaz Orucova hal- hazırda Azərbaycan Dövlət Akademik Filarmoniyasında solist çalışır.
Vəfat etmişdir:

1934—General, ilk azərbaycanlı hərbi topoqraf İbrahim ağa Paşa ağa oğlu Vəkilov 81 yaşında Bakı şəhərində vəfat etmişdir.
İbrahim ağa Vəkilov 7 may 1853-cü ildə keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olur. Azərbaycan Dövlət Tarix Muzeyinin Elmi Arxivində saxlanılan 56 nömrəli qovluqda İbrahim ağa Vəkilovun 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olduğu göstərilir. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır.
Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi vaxtından əvvəl-iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək “Şire-Xurşid” ordeninə layiq görülür. Beş il Qafqaz Hərbi Dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.
1912-1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ.Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır. Onun xidmətləri “Stanislav”, “Anna” və IV dərəcəli “Vladimir” ordenlərinə layiq görülür.
İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir. 1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal çalışanlardan olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər sovetlərinin seçkilərinə rəhbərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokrat Cümhuriyyətinin bölgədə dərinləşməsinə güclü təkan vermişdi. 1918-ci il iyunun 23-də Respublika Daxili İşlər Nazirinin əmrilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunur.
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdi. 1919-cu il martın 14-də isə general İbrahim ağa Vəkilov Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi təyin olunmuşdur. O, rusların aprel işğalına qədər bu vəzifədə qeyrət və vicdanla çalışmışdı.

1979 —Əməkdar incəsənət xadimi , Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi, kinorejissor Seyidzadə Hüseyn Əli oğlu 67 yaşında Bakıda vəfat etmişdir.
Hüseyn Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur.
Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işləmişdir. 1938-ci ildə “Bakılılar”, “Böyük şəfəq”, 1939-cu ildə “Ayna” filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, “Lenfilm” studiyasında öz peşəsini təkmilləşdirmişdir. 1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açan “Sovqat” filmini çəkmişdir. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmi çıxarıldı. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, “O olmasın, bu olsun” qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı “Dəli Kür” ssenarisini ekranlaşdırıldı. “Yenilməz batalyon” (1965), “Koroğlu” (1960), “Var olun qızlar” (1972), “Qayınana” (1978) bədii filmləri H.Seyidzadənin ən yaxşı rejissor işlərindəndir. Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. O, 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi.

1995 — İstedadlı müğənni Xeyransa Məmmədova 28 yaşında vəfat etmişdir.
Xeyransa Məmmədova 26 noyabr 1966 –cı ildə anadan olmuşdur.
Kiçik yaşlarından sənətə gələn istedadlı müğənni Xeyransa Məmmədova çox gənc ikən həyatla vidalaşmışdır.
Onun böyük səhnəyə gəlişi 1980-ci ilə təsadüf edir, Xeyransanın onda cəmi 14 yaşı vardı. Lenin sarayında (indiki Heydər Əliyev Sarayı) Respublika Həmkarlar İttifaqının növbəti hesabat yığıncağı keçirilirdi. Rəsmi hissədən sonra geniş konsert proqramı təqdim olundu. Tədbirdə Heydər Əliyev də var idi. Növbə Xeyransaya çatanda diktor elan etdi: “Bəstəkar Cahangir Cahangirov, “Ana Kür”. Oxuyur altıncı sinif şagirdi Xeyransa Məmmədova”. Bu təqdimat salonda böyük heyranlıq yaratdı. Xeyransa oxumağa başladı. Mahnı ifa edildikcə, salon bir neçə dəfə guruldadı. Konsertdən sonra Heydər Əliyev bu istedadın sorağıyla səhnə arxasına keçdi, onun balaca əllərindən tutub xoş sözlər söylədi . Xeyransa böyük qayğılarla əhatə olundu: mənzil, Bülbül adına orta ixtisas musiqi məktəbinə imtahansız qəbul, səhhəti ilə bağlı xüsusi həkim…
Xeyransa düz dörd il dalbadal “Oxu tar…” müsabiqəsinin, məktəblilərin Zaqafqaziya festivalının laureatı olub. Böyük bəstəkarımız Səid Rüstəmovun “Oxu tar”, “Oxu gözəl”, Cahangir Cahangirovun “Necə əl çəkim”, Emin Sabitoğlunun “Azərbaycan”, eləcə də “Təklik”, “Ay bülbüllər” və “Sarı bülbül” kimi yüksək notlu xalq mahnıları onun ecaz ifasında ayrı bir aləm yaratmışdı.
1995-ci ilin 2 iyununda, ömrünün 29-cu baharında həyata vida edən bu təkrarsız səs sahibi onun ifasında eşitdikləri bu mahnıarı heç zaman unutmayacaqlar.

2013 — SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları Laureatı Toğrul Fərman oğlu Nərimanbəyov 82 yaşında Parisdə vəfat etmişdir.
Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur.
Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.
Toğrul Nərimanbəyov Parisdəki hospitallardan birində vəfat etmiş və bu şəhərin mərkəzində yerləşən “Passi” qəbiristanlığında dəfn olunmuşdur.
Bayramlar və xüsusi günlər:
18 may 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti Mülki Aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin fərmana əsasən, hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.