4 iyun

Tarixdə bu gün

İlin 155-ci (uzun illərdə 156-cı) günü.

Mühüm hadisələr:

1918 — Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Osmanlı imperiyası arasında Batum müqavilələrinə əlavə sazişlər imzalanmışdır

Doğum günləri:

E.ə. 469 — Qədim yunan filosofu, klassik yunan fəlsəfəsinin birinci nümayəndəsi—Platonun müəllimi  Sokrat Afinada dünyaya göz açıb.

Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət etmişdir. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak etmişdi. Ksantippa adında qadınla evlənmiş, ondan bir neçə oğlu olmuşdur.

Sokratı müdrik insan kimi şöhrət qazanməşdır. O mübahisə ustası idi, ona çəkişmələrdə heç kəs qalib gəlməmişdir. Onun özünəməxsus mübahisə üslubu olmuşdur. O həm də doğruluğun həqiqətin tərəfdarı idi, sözü üzə deyən olmuşdu. Buna görə onu bəzi adamlar sevməmiş, onunla  daim düşmənçilik etmişlər.

Peloponnesus savaşından (404-cü illərdə baş vermiş Afinanın Sparta dövləti ilə savaşıdır) sonra afinalılar spartalılara məğlub olmalarının səbəblərini araşdırarkən daxili düşmənlər axtarışında olmuşdurlar. O zaman Sokrata qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və təhlükəli təbliğatın aparmasında ittiham edib mühakimə etmişdilər. Onu həm də gənclərin əxlaqının pozulmasında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun yaradılmasında suçlamışdılar. Məhkəmənin qərarı ilə Sokrat zəhər içərək intihar etmişdir.

1926 — Məşhur müğənni (lirik soprano),  Əməkdar artist Fatma Yusif qızı Mehrəliyeva  Qubada anadan olub.

Orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərirlər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir bəyin(Üzeyir Hacıbəyli) diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.

1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Artıq filarmoniya səhnəsindən daha bir gözəl, məlahətli səs eşidilməyə başlayır.  

 1941-1945-ci illərin Böyük Vətən müharibəsi Fatma xanımın həyatında da öz izlərini qoyur. Bütün bunlara baxmayaraq,  gənc müğənni səsini, sənətini səngərlərə, müharibənin od-alov saçan cəbhələrinə də daşıyır, səsi ilə döyüşür və qələbə çalır. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır.Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan Milli radiosunun Qızıl fonduna daxildir.

Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında “Olmaz-olmaz”, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” , “Muğan qızı”, “Unuda bilmirəm” və s. mahnılarla iz qoya bilib.

1929 — Məşhur kaman ustası, Əməkdar artist Elman Kərim oğlu Bədəlov Ağdam rayonunda anadan olmuşdur.

Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır.

Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.

1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına Xalq Çalğı Ansambl Orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir.

Kamançada çaldığı “Bayatı-Şiraz” “Dilkəş”, “Şüştər” və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.

1950 – Məşhur tarzən, Xalq artisti Firuz Əliyev Buzovna qəsəbəsində anadan olub.

1957-ci ildə 206 nömrəli məktəbə daxil olub, 1965-ci ildə 8-ci sinifi bitirib və həmin il  indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının  Xalq çalğı alətləri  şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı Mədəniyyət evində müəllim kimi başlayıb. Bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində fəzliyyət göstərməyə başlamışdır. O, həm də  “Abşeron” instrumental ansamblının bədii rəhbəridir.

Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə qastrolda olmuşdur. Dəfələrlə beynəlxalq müsabiqələrdə, festivallarda iştirak etmiş, laureat adına layiq görülmüşdür.

Vəfat etmişdir:

1926 — Görkəmli mollanəsrəddinçi şair, “Qızıl qələmlər” ədəbi cəmiyyətinin üzvü olmuş Bayraməli Abbas oğlu Abbaszadə 57 yaşında vəfdat etmişdir.

Bayraməli Abbaszadə 1869-cu ildə Cənubi Azərbaycanın Sərab mahalının Dünni kəndində rəncbər ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənd mollaxanasında almış, ilk satirik şerini “Mirzə Gülzar”, “Gülzari-Sərabi” imzaları ilə yazmışdır. Sərabdan Bakıya ilk gəlişi XX əsrin əvvəllərinə təsadüf edir. Burada “Qafqaz Merkurisi” körpüsündə liman fəhləsi işləmişdir. İlk publisistik yazısını “Molla Nəsrəddin” səhifələrində “Hambal” ləqəbi ilə çap etdirmişdir (1906). Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatında iştirak etmək üçün Təbrizə getmişdir. Səttarxanın məşrutə hərəkatına qoşulması onun bir şair kimi formalaşmasına ciddi təsir göstərmişdir. Təbriz dövri mətbuatında “Azərbaycan” (1906), “Əncümən” (1907), “Mücahid” (1907), “Azad” (1907), “İttihad” (1908), “Naleyi-millət” (1908), “Müsavat” (1908), “İstiqlal” (1909), “Buqələmun” (1909) və s. qəzet və jurnallarda cəsur səttarxançıları tərənnüm, məşrutə hərəkatını ləkələyən ikiüzlü, satqın, xarici və daxili düşmənləri ifşa edən şerlərini dərc etdirmişdir.

1909-cu ilin aprelində təqib edildiyindən yenidən Bakıya qayıtmış, ömrünün axırınadək burada İçəri şəhərdə yaşamışdır. “Tazə həyat”, “İttifaq”, “Zənbur”, “Səda”, “Məzəli”, “Məşəl”, 1920-ci ildən sonra isə “Kommunist”, “Yeni yol”, “Yeni fikir”, “Kəndçi qəzetəsi”, “Molla Nəsrəddin” səhifələrində “Hambal”, “Rəncbər-hambal”, “Hambal Azərbaycani”, “Hambali-Gülzari Sərabi”, “Bayraməli Abbaszadə Hambal” və b. imzalar ilə əsərlərini çap etdirmişdir. Ədəbi dərnəklərdə fəal çalışmışdır. “Qızıl qələmlər” cəmiyyətinin üzvü olmuşdur. Zəngin ədəbi irs yaratmışdır.

 1926-cı il iyunun 4-də uzun xəstəlikdən sonra Bakıda vəfat etmiş, Köhnə Əhmədli qəbiristanlığında dəfn olunmuşdur.

2013—Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti  Solmaz Cəbrayıl qızı Qurbanova 74 yaşında vəfat etmişdir.

Solmaz Qurbanova 1939-cu ildə anadan olub.

Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş S.Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.

Səhnə fəaliyyətinə Azərb. Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V.Hüqonun “Səfillər” romanı əsasında), Antonio (“Puerto Sorido alovları”, M.Minçkovski), Rəcəb (“Anacan”, Y.Əzimzadə ), Petya (“İnqilab naminə”, M.Şatrov), Kamal (“Sehrli yaylıq”, K.Həsənov), Cülyetta, Culiya (“Romeo və Cülyetta”, “İki veronalı”, U.Şekspir), kraliça (“İki ağanın bir nökəri”, K.Qoldoni), Cemma (“Ovod”, E.Voyniç), Flavio (“Sükut divarı”, P.Missini), Yaqut (“Məlikməmməd”, Ə.Abbasov), Paşa xala (“Unutmayın”, Y.Əzimzadə), Dilarə (“Ötən ilin son gecəsi”, Anar), Şəcərət (“Əlvida, Hindistan”, Q.Rəsulov), Afərid (“Söhrab və Rüstəm”, İ.Coşğun), Bibi (“Bala bəla sözündəndir” Əli Əmirli), Qəmər banu (“Mahmud və Məryəm” Elçin) və s. rolları bu gün yaddaşlardadır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.