Mövqe

(Bu məktub İran və İsrail arasında gərginləşən, hər an daha böyük alova dönə biləcək qarşıdurmanın yaratdığı dərin narahatlıqla yazılıb. O raketlər təkcə bir ölkəyə deyil — bütöv Yer üzünə tuşlanmış sayılır…)

Salam.
Sizi tanımıram. Adınızı, rütbənizi, hansı ölkəyə qulluq etdiyinizi də bilmirəm…
Amma əminəm: bu məktubu siz oxumasanız da da, vicdanınız məktubumuzun çatdırmaq istədiklərini eşidəcək.
Əliniz indi bir düyməyə uzanıb. Bəlkə də, hər şey, sadəcə, bir instiktdən asılıdır bu dəqiqə sizin üçün.bUnutmayln ki, o düymə — bir şəhəri susdura, bir körpənin nəfəsini dayandıra, bir xalqın tarixini külə döndərə bilər.

Bilirəm və əminəm ki, bu dahiləri siz də oxumusunuz:
Çexovu, Şekspiri, Nizamini, Tolstoyu, Səməd Vurğunu…
Oxuyarkən nə hiss etmişdiniz?
Orada insan var idi, sevgi var idi, savaşın yox etdiyi şəfqət, analar, göz yaşları, yaddaşlar vardı.
Bəs indi, sizin əmrinizlə atılan raketlərdən sonra:
— uşaq qulaqlarında alovun uğultusu,
— torpaq üstündə qaranlığın kölgəsi,
— evlərin yerində yalnız xatirələrin qalıqları var.
Böyük Ədəbiyyat bu məktubu min illərdir yazır.
Bir dəfə Homerin dili ilə, bir dəfə Nizaminin, bir dəfə Şekspirin qəlbi ilə.
Amma o məktublar zamanla oxunur, raketlərsə bir anda partlayır.
Sizə sual verirəm:
Böyük Ədəbiyyat niyə sizin barmağınızı titrədə bilmir?
Bir şeir, bir musiqi, bir tablo niyə bir əmr qədər güclü deyil?
Axı siz də insansınız.
Axı siz də bir vaxtlar kitab vərəqləmisiniz…
Niyə indi sizə qələmdən çox silah inandırıcı gəlir?
Sizi inandırmağa çalışmıram, sadəcə, xatırlatmaq istəyirəm:
Yer – hamımızın evidir.
Torpaq – insanı bəsləmək üçündür, göy üzü – quşlara, körpələrə açıq olmalıdır.
Amma siz onu boş bir cəhənnəmə çevirirsiniz.
Sivilizasiyalar dəyişir, amma eyni ağrıları yenidən yaşayırıq.
Əgər bu məktub bircə anlığa da olsa sizi düşündürəcəksə – bəlkə də o an Böyük Ədəbiyyat qalib gələcək.
Bəlkə də o an dünyanı xilas edəcək tək səs – sözün səsi olacaq.
Əgər barmağınlz hələ də düyməyə uzanıbsa, bilin:
Siz bir raketi yox, — bir səssiz şeiri,
— bir yazılmamış musiqini,
— bir doğulmamış uşağın xəyallarını tar-mar edəcəksiniz.

Dayanın…
Dünyanın bir az sükuta, bir az da Böyük Ədəbiyyata, Böyük Sənətə ehtiyacı var.
Qoy bu dəfə sözlər atəşdən güclü olsun.
Sayğı ilə –
Vicdanın səsi və
Böyük Ədəbiyyatın qələmi ilə – Akif Əhmədov