Tarixdə bu gün

İlin 172-ci (uzun illərdə 173-cü) günü.
Mühüm hadisələr:
1633 – Qalileo Qaliley inkvizisiya məhkəməsində Yer kürəsinin fırlandığı ilə bağlı nəzəriyyəsindən imtina etmək məcburiyyətində qalıb.
1990 – İranda 7,3 gücündəki zəlzələdə 50 min adam ölmüşdür.
1992 – Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.
Doğum günləri:

1794 – Məşhur Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi Abbasqulu ağa Bakıxanov Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub.
Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib.
Azərbaycan elmi tarixində özünəməxsus yer tutan Abbasqulu ağa Bakıxanov “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və digər elmlərə aid əsərləri onun hərtərəfli bir alim olduğunu göstərir.
Həmçinin Amerikanın kəşfindən və bu qitədən bəhs edən “Kəşfül-qəraib” və dövrümüzə gəlib çatmayan “Ümumi coğrafiya” əsərlərinin müəllifidir. Bakıxanov pedaqoji məsələlərlə də məşğul olub, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar mülahizələrini “Təhzibül-əxlaq” əsərində qələmə alıb. O, dərin əxlaqi-fəlsəfi məzmuna malik olan bu əsərində cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını təbliğ edib.
Alimin ən dəyərli əsəri isə, heç şübhəsiz uzun illər boyu apardığı ciddi tədqiqatlar nəticəsində ərsəyə gəlmiş “Gülüstani-İrəm” əsəridir.
Görkəmli alim 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən vəba xəstəliyindən vəfat edib və Vadiyi-Fatimə adlanan yerdə dəfn olunub.

1933 – Akademik Tofiq İsmayılov Bakı şəhərində anadan olmuşdur.
1967-ci ildən 1985-ci ilədək Tofiq İsmayılov Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində çalışdı. O, aparıcı elmi müəssisələrdən biri olan Fizika İnstitutunda Yarımkeçirici çeviricilər şöbəsində baş mühəndis vəzifəsində çalışıb, elmi işlərin aparılmasında və həmin işlərin Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yanında tətbiqi üzrə şöbənin müdiri, “Xəzər” Elmi Mərkəzinin və keçmiş Sovetlər İttifaqında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun baş direktoru, 1982-ci ildən ömrünün sonuna qədər Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş konstruktoru və baş direktoru vəzifəsində çalışmışdır. 1969-cu ildə o, müvəffəqiyyətlə elmlər namizədliyi, 1979-cu ildə isə doktorluq disertasiyasını müdafiə edərək texnika elmləri doktoru, sonralar isə professor elmi adına layiq görülmüşdür. Elmdə və texnikada göstərdiyi yüksək göstəricilərə görə professor T.İsmayılov keçmiş Sovetlər İttifaqının Mühəndislik Akademiyasının (indiki Beynəlxalq Mühəndislik Akademiyası) həqiqi üzvü seçilmişdir.
1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli surətdə həlak olmuşdur.

1933 — Muğam ustadı, Azərbaycan Respublikasının Xalq artisti Tələt Məmmədağa oğlu Qasımov Bakı şəhərində anadan olmuşdur.
Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir.
O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir.
O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri Az.TR “Qızıl Fond”unda saxlanılır.
Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır. Ustad sənətkarlardan dərs alan T.Qasımov muğam ifaçılığı ənənələrini ömrünün sonunadək müvəffəqiyyətlə davam etdirmişdi. “Rast”, “Zabul segah”, “Şur”, “Hümayun” muğamlarını, habelə Azərbaycan xalq mahnılarını özünəməxsus tərzdə ifa edən sənətkar musiqisevərlərin məhəbbətini qazanmışdır.
O, 2013-cü il iyulun 28-də ürək tutmasından vəfat etmişdir

1936 — Professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü Rəfiqə Şahgül qızı Mustafayeva Baki şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur.
Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954-59-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır.
1960-76-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər.
R.Ş. Mustafayeva 1970-72-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir.
1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəıaliyyət göstərmişdir. 1985-ci ilin fevralında institutdakı “Pedaqogika” kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.
Rəfiqə Şahgül qızı Mustafayevanın rəhbərliyi ilə 14 nəfər müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.
20 avqust 2019-cu il tarixində Bakı şəhəri Balaxanı kənd qəbristanlığında dəfn edilmişdir.
Vəfat etmişdir:

1037- İslam dünyasının böyük alimi İbn Sina Həmədanda vəfat etmişdir.
Böyük mütəfəkkir 980-ci ildə Buxarada anadan olmuşdur.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biridir. Fars mənşəli olduğu ehtimal olunur. Məşhur “Göz həkiminin dəftəri” əsərinin müəllifidir.
“Təbabət elminin qanunu” – (5 cildlik) XII yüzil-likdə latın dilinə tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin,insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir.
Qısa ömründə böyük titullar qazanmışdır: “Hüdcətül-Haqq” (həqiqət carçısı); “Şeyx-ur-rəis” (böyük, müdrik), “Harami buzurq” (dahi təbib), “Şərəf-ül-Mülk” (ölkənin ən şərəfli insanı).

1992 — Qarabağ müharibəsinin iştirakçısı Eylaz Əli oğlu Məmmədov torpaqlarımız uğrunda şəhid olmuşdur.
Eylaz Əli oğlu Məmmədov 1968-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub.
1975-1985-ci illərdə orta təhsil alaraq, 28 nömrəli orta məktəbi bitirib.
Hərbi xidmətini Sovet Ordusunun tərkibində Yakutiyada keçib.
1989-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşdur.
Ölkədə baş verən hadisələrə biganə qala bilməyib, təhsilini yarımçıq qoyaraq azadlıq hərəkatına qoşulmuşdur.
Xocalı faciəsi baş verdikdən isə 3-cü kursda oxuyan Eylaz, təhsilini yarımçıq qoyaraq, “Ana, mən artıq dözə bilmirəm” deyirək, könüllülər dəstəsinin tərkibində cəbhəyə yollanır.
Döyüş yolu Goranboydan başlayır. Sonra Ağdam, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edir.
Tərtər rayonunda bir sıra hərbi əməliyyatlarda – döyüş və kəşfiyyat əməliyyatında fəal iştirak etmişdir.
Goranboy döyüş bölgəsində dəfələrlə düşmənlə üz-üzə gəlmiş, bir sıra yaşayış məntəqələrinin azad edilməsində fərqlənmişdir.
Eylaz Məmmədov 1992-ci ilin iyun ayının 21-də Suqovuşan uğrunda döyüşündə ağır yaralanmış və qəhrəmancasına şəhid olmuşdur.
Eylazın ölümü ilə ürəyi soyumayan düşmənlər onun meyidini parçalayaraq, tanınmaz hala salırlar. Düz 47 günlük axtarışdan sonra onun cəsədinin bir hissəsini götürmək mümkün olur və cənazəsi avqustun 7-də torpağa tapşırılır.
Məzarı Sumqayıt Şəhidlər Xiyabanındadır.
Bayramlar və xüsusi günlər:

Hər il iyun ayının 21-i Dünya Musiqi Günü kimi qeyd olunur.
Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib. Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
Bu gün həm professional, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində “Musiqi yaradın” devizi altında çıxış edirlər. Bir çox şəhərlərdə açıq havada pulsuz konsert proqramı təşkil edilir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.