Qarapaltarlı qadınlar – sakitliyin içində fəryad var

Nostalji

Bu gün Beynəlxalq Dul Qadınlar Günüdür.
Kim deyər ki, bu gün bayramdır?
Bu gün – susqunluğun, dözümün, içdən qopan səssiz fəryadların günüdür.
Qara paltarlı bir qadın keçir küçədən –
Hamı baxır, amma az adam görür.


O qadın zamanında kiminsə göz bəbəyi, övladının arxası, ailəsinin dayağı olub.
İndi isə o, təkdir. Həm tək, həm də güclü.
Bu gün Beynəlxalq Dul Qadınlar Günüdür. Soruşsaq, bəlkə 100 adamdan 90 nəfəri heç belə bir günün olduğunu bilməyəcək. Bu gün 250 milyondan çox dul qadın var. Bəlkə onların da yarıdan çoxu bu günhaqqında məlumatlı deyillər. Amma hər gün bu günü yaşayırlar, illərlə… Onların çoxu yalnızlığın, itkinin, qınanmanın və bəzən də zorakılığın kölgəsində yaşayır. Cəmiyyətin “sən səssizcə kənarda dur” deyə pıçıldadığı qadınlardır onlar…

Amma bu qadınlar, yoldaşlarını itirsələr də, yaşamağa davam edirlər. Onlar həm ana, həm ata olurlar. Həm özlərinə, həm övladlarına dayaq olurlar. Onlar sevgilərni içlərində daşıyır, itkinin acısını izzətlə yaşamağı bacarırlar.
Bu QADIN
Azərbaycanın ilk pianoçu qadını, muğamlarımızın pianoda ilk ifaçısı, peşəkar musiqiçi Xədicə xanım Qayıbovadır. Mətbuatdan oxuduqlarımıza görə,
guya cəza kəsiləndən sonra M. Bağırovun Xədicə Qayıbovanın kamerasına gəlib, evlənməyə razılıq versə, azad olunacağını deyir. Xədicə Qayıbova razılıq vermir. Mir Cəfər Bağırov onu güllələyir və sonra da meyitinin yanında çöküb, göz yaşı tökür…


Böyük istiqlal şairimiz, represiya qurbanı olmuş Əhməd Cavadın sədaqətli can sirdaşı Müşgünaz Cavaddır. İrtica illərində şairihəbs edəndən sonra Müşgünaz xanımı da həbs edirlər. Ona bildirirlər ki, ərizə yazıb Axundzadədən boşanmalı və azad olub evinə qayıtmalısan, yoxsa səni də qarlı Sibirə sürgün gözləyir. Bu təklif təkrar olaraq Mircəfər Bağırov tərəfindən də edilibmiş. Müqəddəs Şükriyyə xanımımızın cavabı bu cür olur:


“Bəlkə də, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram”. Çoxdur belə qadınlarımız….
Qarabağ müharibəsində biz bu qadınlarımızın ləyaqətli qəhrəman ərlərinin nəşini çiyinlərində daşıyan ləyaqətli varislərini görmədikmi?
Bu QADIN
Şəhid əri – Röyal Cəfərovun nəşini çiynində daşıyan Firuzə Cəfərovadır;
Şəhid əri Adilin nəşini çiynində daşıyan Nargül İbrahimovadır;


Tərtər rayonunda şəhid olmuş nişanlısı Mehdi Məmmədovun acı xəbərindən sonra intihar etmiş nişanlı qız Mələk Sultanovadır ;
Həytlarını qeyb etmiş ərlədndən sonra hörüklərinin birini ağ, birini qara hörüb gəlin köçdüyü evlərdə ərini, ərli günlərini yaşadan neçə-neçə qadınlmızdır…
Biz bu gün onlara başsağlığı vermək üçün yox, baş əymək üçün varıq.
Onları mərhəmətlə deyil, hörmətlə görmək zamanıdır.
Etiketlər, yarlıqlar, qınayıcı baxışlar yox – mənəvi dayaq, anlayış və insanlıq lazımdır onlara. Biz bu gün, onların göz yaşına bəlkə bircə isti sözlə məlhəm ola bilərik.
Qara paltarlı qadınlar…
Siz tək deyilsiniz.
Sizin həyatınız dəyərlidir, iziniz dərin, sevginiz böyükdür.
Bu gün Beynəlxalq Dul Qadınlar Günüdür.
Kim deyər ki, bu gün bayramdır?
Dünyada 250 milyon dul qadın var.
Bu, sadəcə bir rəqəm deyil – bu, 250 milyon hekayədir.
İtirilmiş bir yoldaş, bölüşülməyən bir ağrı, susulmuş bir iztirab.
Hər qadının içində bir dəniz var – ağrını da, sevgini də, səssizliyi də udan bir dəniz.


Onlara deyirlər: “Sakit ol”, “Gülmə”, “Geyinmə”, “Çox danışma”.
Onlara heç deyən yoxdur: “Necə davam edirsən bu həyatda?”,
“Haradan tapırsan bu qədər dözüm, bu qədər sükut?”
R.Rövşənin dediyi kimi –
“İllər boyu ağlatdığım bu qadın,
Görən necə saxlayıbdır bu qədər göz yaşını?”
Dul qadınlar – bu dünyanın görünməyən qəhrəmanlarıdır.
Onlar bəzən bir övlad üçün həm ana, həm ata olurlar.
Bəzən bir ev üçün həm nəfəs, həm də divar.
Sevgini içlərində saxlayıb, həyat yükünü belinə alırlar.

Bu gün biz onlara yazığımız gəldiyi üçün deyil –
heyran olduğumuz üçün səsini ucaldırıq.
Onları qınamaq yox, qucaqlamaq vaxtıdır.
Qara paltarlı qadın – sən yalnız deyilsən.
Sənin həyatın, sənin varlığın – bu dünyanın izini daşıyır.
Biz səni duyuruq… səni anlayırıq…
və səni çox sevirik…

Son söz əvəzi:
23 iyun Beynəlxalq Dul Qadınlar Günü. Bu gün kimsənin dilləndirmək istəmədiyi, amma milyonlarla qadının yaşadığı bir həyat həqiqətini xatırladır bizə. Onlara böyük səbir və sözüm arzulayırıq. Övladlarının, nəvələrinin xoş günləri ilə hələ yaşamağa, mənsub olduqları sevgini qorumağa dəyər.
Qadınlarımızın çöhrəsində qara libasın doğurduğu assosiativliyi yox, təbəssüm görmək istəirik.
“Qadın gülərsə, bu izsiz mühitimiz güləcək…” – Hüseyn Cavidin bu misrası, təkcə söz deyil, bir yol göstəricidir.
Çünki qadının gülüşü — evin istiliyi,
Cəmiyyətin nəfəsi, yeri gələndə bir millətin ayaqda durma səbəbidir.

Qoy heç bir qadının göz yaşları içində itən gülüşü olmasın…
Qoy bu gülüş — izsizliyi izə çevirsin, səssizliyi səsə, zülməti işığa…