Baş redaktordan

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü 2025-ci ilin iyul ayının 4-də Azərbaycanın Xankəndi şəhərində keçirildi. Bu mühüm beynəlxalq tədbir ilk dəfə olaraq Qarabağ bölgəsinin mərkəzində — uzun illər boyu separatizm və qeyri-qanuni işğal meyilləri ilə gündəmdə olan bir ərazidə baş tutdu.

Bu tədbir təkcə İƏT çərçivəsində iqtisadi əməkdaşlığın yeni mərhələsinə keçid deyil, Azərbaycanın suverenliyinin, dövlətçiliyinin və beynəlxalq nüfuzunun parlaq təntənəsidir. Xankəndində 1988-ci ildə erməni separatizmi ilk dəfə mitinqlə boy göstərmişdi. 37 il sonra həmin meydan Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən mötəbər beynəlxalq toplantının mərkəzinə çevrildi. Prezidentimizin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın suverenliyi tam təmin edib və Xankəndidəki zirvə bunu bütün dünyaya bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışı zamanı vurğuladığı əsas mesajlar bunlar oldu:
- Qarabağda qanunsuz rejimə son qoyulub;
- Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib;
- Beynəlxalq təşkilatlar, o cümlədən İƏT Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyiblər;
- Regionda sülh və əməkdaşlıq üçün real fürsətlər yaranıb.
Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları Azərbaycanın ərazi bütövlüyünə və regionda sabitliyə verdiyi töhfələri yüksək qiymətləndirdilər.

Bu tədbir sübut etdi ki, Azərbaycan artıq yalnız regional deyil, həm də beynəlxalq güc mərkəzidir. Bu gücün təməlində isə xalqın birliyi, ordunun qəhrəmanlığı və Prezidentin müdrik siyasəti dayanır.
Bu gün biz qürurla deyə bilərik:
Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə tarix yazır. Qarabağ artıq bütöv Azərbaycanın ürəyidir.
Və bu mərhələdə hər bir Azərbaycan vətəndaşı bir amal ətrafında birləşməlidir. Bu amal — dövlətimizin daha güclü olması, müstəqilliyimizin dönməzliyi və Vətənimizin daha da ucalmasıdır. Bu, təkcə döyüş meydanında deyil, hər küçədə, hər ailədə, hər düşüncədə özünü göstərməlidir.
Azərbaycan süfrəsinə hər kəs öz töhfəsini verməlidir. Və bu da bir çağırışdır:
Xaricdən Azərbaycana qarşı iftira və hədyan səsləndirənlər! Bu xalq öz tarixini yazır, öz yolunu seçir. Azərbaycan dünyaya Günəş kimi doğmaqdadır.
Bu sırada ola bilmirsinizsə — çəkilin kənara!
Bu tarixi anı gənc nəslə düzgün təqdim etmək, vətəndaşlarımızın qürur hissini möhkəmləndirmək “Ana və Uşaq” saytının da borcudur. Unutmayaq: Tarix yalnız oxunmaz, yazılar da!
