Bir məhəllənin güzgüsündə cəmiyyətin üzü: Xətai rayonundan real görünüş

Mövqe

Paytaxtımızın hər bir məhəlləsi, demək olar ki, cəmiyyətimizin kiçik bir mikro-kosmosudur. Xətai rayonu, General Şıxlinski küçəsi 49 ünvanında “Qarabağ” ordenli şəhid kapitan Nəcəf Şikarovun adına yaradılmış parkda və ətraf ərazilərdə yaşanan reallıqlar bu həqiqəti bir daha təsdiq edir.

Burada müşahidə edilən sosial və ekoloji problemlər, sadəcə, konkret bir məhəllənin deyil, ümumilikdə şəhər həyatımızın dolğun bir mənzərəsini əks etdirir

Gecənin tələsi: Yarımçıq qalmış işıq dirəkləri

Elə küçədən binanın həyətinə daxil olan kimi, binanın onikinci blokundan ta birinci blokuna qədər hər blokun önündə — işıq dirəkləri üçün qazılmış yerlər və beton özülləri görəcəksiniz. Bu beton özüllər 3 il bundan əvvəl tökülüb, amma park istifadəyə verilsə də , dirəklər qoyulmayıb və özüllər bir təhlükə olaraq hələ də qalmaqdadır. Onlar gecələr az qala görünməz olur, insanlar, xüsusilə yaşlılar və uşaqların ayaqlarına ilişir. Ən pisi də budur ki, dirəklər üçün tökdükləri beton özülləri səkidən kənarda deyil, səkinin üstündə ediblər. Belə məsuliyyətsizlik həm təhlükə yaradır, həm də ictimai məkana hörmətsizlikdir

Elektrik təhlükəsi Parkda da var: Çöldə qalan elektrik xətləri
Elektriklə bağlı daha bir təhlükə mənbəyi işıqlandırma məqsədi ilə parka çəkilən elektrik naqillərinin hazırda torpağın üstündə olmasıdır. Bu kabellər yeraltı çəkilməli olduğu halda, texniki şərtlərə düzgün əməl edilmədiyindən bir müddət sonra torpağın üzünə çıxmış və faktiki təhlükəyə çevrilmişdir. Uşaqların günün əksər vaxtlarında meydançada olduqlarından hər an fəlakətli nəticələr baş verə bilər (Şəkil 3-5).

Parkovka xaosu və yaxud münaqişəyə aparan nizamlanılmayan həyət qayğıları


Yaşayış məhəllələrində avtomobil sayı artdıqca park yeri problemi daha da kəskinləşir. Təbii ki, binaların həyətləri şəxsi məkan kimi deyil, ortaq ictimai istifadə məkanı kimi planlaşdırılmalıdır.
Mövcud vəziyyət:
•Hər kəs avtomobilini istədiyi yerə qoyur.
•Avtomobillər küçənin hər iki tərəfində, skamyaların yanında, uşaq meydançasının qapısında, hətta ağaclıq sahələrdə saxlanılır.
•Bu, gediş-gəlişi çətinləşdirir və narazılıqlara, qonşu ixtilaflarına yol açır.
20 ildir bu binada yaşayan sakin evinə bir az gec gələndə görür ki, artıq onun avtomobilini həmişə saxladığı yerdə bir başqası park edib. Məncə, bütün bunların səbəbi sadədir: həyətlərin planlaşdırılması düzgün deyil, yerlərdə nizamlanmış parketmə qaydası yoxdur, bələdiyyə, polis isə bu işdə passiv davranırlar.
Qonşuluq etikası və mədəniyyəti: qaydasız azadlıq, yoxsa paylaşılmış məsuliyyət?
Təbii ki, qanuni baxımdan həyətdəki ümumi istifadə yerləri o binada yaşayan bütün sakinlər üçün nəzərdə tutulub. Kirayə qalan şəxs də bu binanın sakini kimi hər birimizlə eyni hüquqa sahibdir. Amma onların da “Bura ümumi istifadə yeridir, kim harda istəsə, saxlaya bilər” baxışları əxlaqi və mədəni cəhətdən doğru deyil axı. Axı illərlə bir həyətdə yaşayan insanlar öz aralarında bir sistem, bir səssiz razılaşma formalaşdırıblar. Yaşayış məkanında, birgəyaşayış normalarında hüquqdan öncə mədəniyyət və anlayış gəlməlidir. Bu məkanda bir sakinin 20 il eyni həyətdə yaşaması o insanı həm bu məkanın qoruyucusuna, həm də məsuliyyət daşıyıcısına çevirir. Yeni gələnlər bu sistemi pozmamalı, əvvəlcədən formalaşmış razılaşmalara – yaşayış məskənlərində yazılmamış qonşuluq hüququna hörmət etməlidir.
Qonşuluq bir günə, iki günə, bir aya, iki aya qazanılmır. Qonşuluq uzun müddət yaşandıqca, qaynayıb-qarışdıqca davamlılıq və uyğunlaşma ilə qazanılan dəyərdir. Ona görə də yeni gələn qonşular da ətraf mühitə hörmətlə yanaşmalı, mövcud yaşayış qaydalarına uyğunlaşmağa çalışmalıdır. Əgər dəyərlərdən məhrum olsaq, onda hər hansı mexaniki kamfort rahatlıq nəyə lazımdır bizə ?

Təkliflər:
•Hər blokun qarşısında həmin blok sakinləri üçün işarələnməklə parkinq yeri müəyyən edilsin;
•Kənar maşınların həyətdə parkinq etməsinə qadağa qoyulsun;
•Binanın qarşısından Mehmandarov küçəsinə çıxış bağlanılsın.


Bu ağacları “külək yaralamadı”, laqeydlik, baxımsızlıq yaraladı

Məhəlləmizin ciddi bir problemi də yaşıllığa, ağaclara xidmət etməyə cavabdeh olan qurumların səhlənkar münasibətləridir. Ağaclar parka gözəllik verən ən ən cəzbedici vizual elementlərdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, şəhərlərdə adambaşına düşən yaşıllıq sahəsi ən azı 9 kvadratmetr olmalıdır.
Britaniyalı yazıçı və jurnalist Matt Heyqin internetdə belə bir önərləməsinə rast gəlmişəm ki, Finlandiya rəsmi olaraq dünyanın ən xoşbəxt ölkəsidir: onun ərazisinin 75 faizi meşədən ibarətdir. Bakıda isə bu göstəricini ifadə edən faiz ürəkaçan rəqəm deyil.
2023-cü ilin məlumatıarına əsasən, Bakının inzibati ərazisi 213 500 hektar, bunun da 11 588 hektarı yaşıllıq – açıq ərazilər olmuşdur. Bu isə adambaşına düşən yaşıllıq sahəsi üzrə 5,43 faiz deməkdir… (Bax:https://yeniazerbaycan.az/Sosial_e87277_az.html)
Paytaxt şəhərimizdə bir-birindən yaraşıqlı, qəlb oxşayan parklar salınsa da, ağaclara, yaşıllığa laqeyd münasibətlər də danılmamalıdır. Adambaşına düşən yaşıllıq sahəsinin belə aşağı olmasının digər bir səbəbi də yaşıllıq ərazilərin yerini daha çox hündür binaların tutmasıdır.
Bizim məhəllə paytaxt şəhərimizin xəritəsinə nə boyda düşməsini təxmin edə bilmərəm: çox kiçikdir. Amma bu parkda, ona yaxın ərazilərdə, ümumiyyətlə, Xətai rayonunda ağaclara bəslənilən münasibət Bakıda adambaşına yaşıllıq sahəsinin nə üçün 5,43 faiz olduğuna əsas yaradır.
Mən uzun müddətdir ki, Xətai rayonunda yaşayıram, amma heç vaxt bu ərazilrdə ağaclara fitosanitar qulluq göstərildiyinin şahidi olmamışam, ərazidə təhlükəli ağaclar var, insan qayğısına həsrət ağaclar var.
Müraciət etməkdən yorulmuşuq. Aidiyyəti qurumlar elə labirint cızıblar ki, heç detektiv qəhrəmanı Şerlok Holms da gəlsə, bu labirintlə addımlayıb həmin ağacların dərdinə əlac tapa bilməz.
Qulluq görməyən, vaxtlı-vaxyında suvarılmayan, mühafizə edilməyən ağaclar kök və yaxud gövdələrinə dəymiş fiziki zədələrdən parazitar mənşəli xəstəliklərə tutulur. Bir balaca külək əsdimi, tacları da gəlir yerə. Ağacların, yaşıllığın mühafizəsinə xidmət etməli olan qurumlar, səlahiyyətli şəxslər də mətbuatda, televiziyada günahı küləyin üstünə yıxıb, özlərinin fəaliyyətsizliklərini arxa plana keçirirlər. Məsələn, mənim təqdim etdiyim şəkillərdəki ağacları “külək yaralamadı”, ağacların taleyi tapşırılmış Bakı Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Xətai Rayon Bələdiyyəsinin laqeydliyi yaraladı. Bu qurumlar , əsasən, qəza halları artıq ictimailəşəndə, televiziyalara çıxanda sahələrdə olur .

Aprelin 24-də baş vermiş külək səbəbindən Gəncə prospektində “Fəridə” şadlıq evinin qarşısında 30-40 illik bir tut ağacı yıxılmışdı. Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Xətai Rayon Bələdiyyəsi ya reaksiya vermədilər, ya da onlar, ümumiyyətlə, ərazilərindən məlumatsızdırlar. Ərazi bir də 12 gündən sonra təmizləndi. Halbuki, bu tut ağacı vaxtında budanmış olsaydı, küləyə davam gətirə biləcəkdi .

Yenə həmin vaxt Gəncə prospekti 83 ünvanında — 91 №li MİS-nin arxasında yıxılmış gövdəli bir Eldar şamı düz 16 gün yerdə qaldı .


Xətai rayonunda daxili məhəllələrdə, yol kənarlarında yeraltı və yerüstü inkişafdan qalmış çoxlu sayda ağaclar var. Susuzluqdan ahları göyə ucalmış, necə gəldi əkilmiş, əyrı, bir-birinin içinə girişmiş ağaclar var. Bunlar kimsənin gərəyinə deyil. Bilirsiniz niyə, çünki biz ağacəkmə kampaniyalarından danışırıq, yazırıq, göstəririk, amma quruyan, yıxılan ağaclardan bəhs etmirik. Qurumuş, yıxılmış, qayğı və nəvazişdən kənarda qalmış ağacların ah-naləsi kütləvi informasiya vasitələrinin tirajladığı ağacəkmə kampaniylarının fonunda eşidilməz, görünməz olur. Ağacəkmə kampaniyaları ilə bağlı xəbərlər eşitdikcə, oxuduqca, əlbəttə, adam sevinir. Amma hər bir ağac qorunmalıdır. Əgər min ağac əkmişiksə, azdır, amma köklü-köməcli 50 illik bir ağac insanların laqeydliyi ucbatından quruyubsa və yaxud yıxılıbsa, bu, çoxdur. Bizdə ağaclarla, yaşıllıqlarla əlaqəli gördüyün, rastlaşdığın və səni narahat edən məsələlər barəsində bilmirsən kimə müracət edəsən. Səlahiyyətlər bir neçə qurum və təşkilatlar arasında paylaşıldığı üçün prosedur çox uzun və üzücüdür.
BMT-nin 2024-cü ildə Bakıda keçirilən İqlim Konfransı Azərbaycanın beynəlxalq aləmdə ekoloji siyasətə ciddi yanaşdığının sübutudur. Ölkəmizin lideri cənab İlham Əliyevin uğuru siyasəti ilə Azərbaycan daim dünyanı narahat edən problemlərin həllinə dəstəyi ilə diqqətdədir və bu gün də bu dəstəyi əsirgəmir. Çənab Prezidentin konfransda dediyi “Biz yaşıl keçidin güclü carçısı olacağıq”zəmanəti təbiətin, dünyanın taleyi üçün müqədds bir and kimi səslənir.
Təəsssüf ki, Xətai rayonunda təbiətə, ağaclara bəslənilən münasibət nə dövlətimizin müəyyən etdiyi strateji xəttə, nə də “Təbiətin qorunması hər bir vətəndaşın işi olmalıdır, çünki bu, bizim ölkəmizdir, bizim həyatımızdır” demiş cənab Prezidentimizin etik-estetik görüşlərinə müvafiq deyildir.
Uşaq meydançası da, parkdakı digər idman avadanlıqları da kənar məhəllədən gəlmiş sakinlər tərəfindən “zəbt edilir”
Böyük quruculuq və abadlıq işlərinin vüsətində Bakı hər gün gözəlləşir. Amma mərkəzdən uzaq və ya az diqqət ayrılan həyətlərdə və məhəllə parklarında baxımsızlıq, nəzarətsizlik, eləcə də şəxsi biganəlik bu abadlığın ruhunu pozur.
General Şıxlinski kücəsi 49 nömrəli binanın qarşısında cəmi üç il əvvəl qurulmuş park artıq istifadəyə yararsız hala düşüb. Oturacaqlar sınıb, idman qurğuları dağıdılıb .

Eləcə də yaşıl zolaqlar, bitkilər də vandalizmə məruz qalıb.
Bu park ümumşəhər sakinləri üçün deyil – 47,49 və 51 nömrəli binalarda yaşayan sakinlərin istifadəsi üçündür. Amma digər məhəllələrin uşaqları da bura axışır və çox ciddi sıxlıq yaranır. Parka, eləcə də həyətin asayişinə və sükutuna qənim kəsilənlər də,əsasən, bu uşaqlardır. Deməli, bu uşaqların öz həyətlərində meydança yoxdur: ya da oralar ticarət obyektlərinə çevrilib, uşaqlar da, böyüklər də məcbur qalıb qonşu həyətlərə axışır. Gərək bu məsələlər o dərəcədə ədalətli və qanuni həllini tapsın ki, heç kəs heç kəsin yerini dar eləməsin, heç kəs aciz vəziyyətdə qalmasın, inciməsin.
Dəfələrlə belə qarşıdurmalar yaranıb: kənar məhəllələrdən gəlmiş uşaqlara nəzakətlə mahiyyəti anlatmaq istəyəndə, adamın üzünə qayıdırlar ki, bura sənin yerindir? Mənim yerim deyil, amma bu meydançanın yerləşdiyi ərazi hansı bina sakinlərinin ümumi istiafdəsi üçündürsə, meydança da o binanın uşaqlarının istifadəsi üçündür.
Nəzarət olunmadığından, qrafikə salınmış rejim olmadığından vəziyyəti bir az da gərginləşdirir. Eni 10 metr, uzunluğu 16, 5 metr olan əraziyə daha böyük yaş qruplarına mənsub uşaqlar doluşur. Çox vaxt da meydançada 5-6 topla eyni vaxtda oynayan uşaqlar olur .

Ən pisi isə sakinlərə rahatlıq, sakitlik gətirsin deyə yaradılmış bu park 12 bloklu binanın sakinləri üçün hər gün əsəb və sarsıntı paylaşır.
Yaşlı adamlar belə vəziyyətə seyrçi qala bilmir. Fəqət, onlar dillənsələr də, iradları eşdilmir. Ona görə də inciyib beton divarların arasından həyətə düşmək istəmirlər.
Artlq bu parkın özünə bir dinclik lazımdır.
Təklif:
• MİS-lər artıq köhnəlib, alayarımçıq küçə süpürmələrindən başqa bir fəaliyyətləri yoxdur. Bələdiyyələr bu işləri görə bilər.
• Polis patrulları piyada rejiminə keçməlidir –parkda sükut polis patrullarının daimi profilaktik gəzintisi ilə təmin olunmalıdır.
• Parklar ümumi istifadəyə açıq olsa da, məhdud məhəllə parkları kimi istifadəsinə konkret rejim tətbiq edilməlidir.
• Parkın ərazisi müşahidə kameraları ilə əhatələnməli və kameranın yaddaşı tez-tez analiz edilib praktik addımlar atılmalıdır.
• Meydança üçün sakinlərlə razılaşdırılmış rejim hazırlanıb parkın müxtəlif yerlərində asılmalı və rejimə necə əməl edildiyinə ciddi nəzarət olunmalıdır.

Sakitlik haqqımızdır

Məhəllə parkları “ictimai istirahət zonası” kimi qurulsa da, onlar bəzən “səs-küy mərkəzinə” çevrilir. Domino, nərd daşlarının şappıltısı, motoskuterlərin gurultusu, bütün günü davam edən futbol, voleybol oyunlarıı- bəzən gecə saatlarında da oynayırlar- bu oyunlarda yaranan haray-həşir sakinlərin dincliyini pozur. Həyat sakinləri səssizlik tapmır, qocalar, körpələr, ibadət edənlər səs-küy kirlənməsindən əzab çəkir .


Şəhid abidəsinin ətrafı hər vaxt izdihamlı olur. Top oynayan kim, skuter, motosiklet,velosiped sürən kim, ucadan danışan, zarafatlaşan kim, tum çırtlayan kim, oturacaqların belində oturan kim…. Abidənin 2-3 metrliyində tum qabıqlarını yerə atmaq, dirəyə it bağlamaq, voleybol oynamaq, skuter, velosiped sürmək bu adın mənəvi yükünə təhqirdir. Bunlar həm də mənəvi aşınmanın göstəricisidir .
Səs-küy sadə problem deyil:


BMT-nin Ətraf Mühit Proqramının (UNEP) “Sərhədlər 2022” hesabatında vurğulanır:
“Hər arzuolunmaz səs – səs-küydür. Uzunmüddətli səs – səs-küy çirklənməsidir.”
General Şıxlinski küçəsi 49 ünvanlı binanın həyətində yaranan səs-küy artıq sistemli səs-küy çirklənməsi sayılır.
! Avropada hər il 12.000 insan səs-küyə uzunmüddətli məruz qalma səbəbidən dünyasını erkən dəyişir.
! 48.000 nəfərdə ürəyin işemik xəstəliyi yaranır.
Nə etməli:
• 23:00-dan sonra səssizlik rejimi qanunla qorunsun;
• Uşaq meydançası üçün məhəllə sakinləri ilə razılaşdırılaraq sabit bir rejim yaradılsın və rejimə əməl edilib-edilməməsi daim nəzarətdə olsun;
• Domino oymamaq üçün qapalı yer yaradılsın;
• Skuter və motosikletlərin həyət daxilində istifadəsi qadağan olunmalıdır. Bunun üçün ayrıca yer yaradılmalıdır. Bu parkda skuterlərin, velosipedlərin kütləvi istifadəsi digərləri üçün narahatlıq və təhlükə yaradır.
• Park ərazisində, meydançada “olmazlar”la bağlı elan və stendlər yapışdırılsın və bunlar daim izlənilsin.
• Parkda şəhid adı ilə bağlı tanıtım lövhələri quraşdırılmalıdır
Örnək:
Məsələn, Almaniyada təqaüdçülərdən ibarət Şuralar yaradılır. Hər bir üzv öz sahəsinə uyğun müşahidə aparır, yaranmış problemi dövlət orqanları qarşısında qaldırır və onun həllinə qədər mübarizə aparır.
Bizdə də bələdiyyə nəzdində belə bir “İctimai Nəzarət Şurası” yaradıla bilərdi.
Bu şura:
• Həyətyanı ərazilərin abadlığına nəzarət edər,
• Yaşıllıqları və uşaq meydançalarını qoruyar,
• Polis İnzibati Dairələrindəki İctimai Şuralarla birgə təhlükəsizliyə töhfə verərdi.
Heyvanlara nəzarətsiz “qayğı”
Həyətdə it-pişiklərə hər addımda yem verilir. Bəzən pəncərədən, balkondan sümük atılır. Bu da parkın sağlamlıq zəminin pozulmasına, ərazidə milçək və qurdların artmasına səbəb olur. Yaşıllıqlarda, tretuarlarda it-pişik nəcisləri sanitar xaos yaradır. Bütün binaların zirzəmisi it sığınacağına çevrilib. 98 və 48 nömrəli orta məktəblərin qarşısında — bu məktəblərlə General Şıxlinski küçəsi arasında baxımsız qalmış dərə kimi yer var. Orda çoxlu it yuvaları var. Bəzən küçələrdə gəzlib dolaşan it-pişiyi maşın vurur, ölüsünü sürüyüb bu dərəyə atırlar. Bəzən də yaralı halda heyvanlar özləri qaçıb bu əraziyə girirlər və orda da ölürlər. Bu yerlərdə hər zaman pis qoxular hiss edilir. Magistral yolun kənarında 3 gündür it ölüsü qalmaqdadır, ətrafa pis qoxu yayır. Heç kimin gərəyinə də deyil…


Nə etməli:

•Bələdiyyələr tərəfindən heyvanlara qayğı strukturlu və nəzarətli formada qurulmalıdır.
• Park ərazisində, qazonlarda sahibli itlərin hərəkətinə də icazə verilməməli, onlar üçün müvafuq sahə ayrılmalıdır. Türkiyə bələdiyyələrində küçə heyvanları üçün kamplar fəaliyyət göstərir.
• İtlərin ərazidə boyunluqsuz və ağızlıqsız gəzdirilməsi qadağan edilməlidir.
• Heyvansevərlərlə söhbətlər aparılmalı, onların humanizmi dəyərləndirilərək həm də izah edilməlidir ki, itlərə, pişiklərə hər yerdə yemək tökməsinlər.

Odun pis dünyası — Məişət tullantılarının yandırılması

Od həyat əlamətlərinin ən vaciblərindən biridir.
İlk insanlar odla ildırımdan yaranmış yanğın nəticəsində tanış olmuşar. Getdikcə odun əhəmiyyətini dərk edərək onu qorumağa başlamış, gecələr odun keşiyini çəkərək sönməyə qoymamışlar. Amma indiki Mənzil İstismar Sahələrinin ərazilərindəki məişət tullantılarından qaladıqları tonqal o tonqallara bənzəməz. Məişət tullantıları yanarkən udduğumuz havanı çirkləndirən dioksinlər, furanlar, ağır metallar və kanserogenlər kimi zərərli maddələr əmələ gəlir. Bu maddələr ətraf mühit üçün də ən zərərli maddələrdəndir.
Uşaqlar və yaşlılar belə zərərli maddələrin mənfi təsirlərinə xüsusilə həssasdırlar.
Tullantıların idarə olunması haqqında Qanunun 12-ci maddəsinə əsasən, atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.
Eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 8-ci bölməsinin 8.7-ci bəndinə əsasən, yaşayış sahələrində, park və bağlarda yarpaqların basdırılmasına, yandırılmasına yol verilmir. Amma 96 №li MİS-in ərazisində zibillər hər zaman yandırılıb, özü də bağçanın, parkın 5-10 addımlığında, ya da 98 və 48 nömrəli orta məktəblərin qarşısındakı dərəyə atılıb .

Təqdim etdiyimiz şəkillər bunu sübut edir. Bu barədə “Ana və Uşaq”saytında bir neçə dəfə yazılarımız da olub. 49 nömrəli binanın sakinləri illərdir həm məişət tullantıları, həm də səs-küy çirklənməsi ilə müşayiət olunan bir mühitdə yaşamaqda davam edirlər.
Nə etməli:
•Tullantıların yandırılmasına qadağa qoyulmalı, cərimə sistemi tətbiq olunmalıdır.
• Zibil qabları üçün ayrımış sahə, plastik qabların özü vaxtaşırı dezinfeksiya edilməlidir.
• Tullantıların plastik qablara çeşidlənərək atılması mədəniyyəti yaradılmalıdır.
Sakinlərin diqqətinə
Həyətlərimiz bir vaxtlar birlik, səssizlik, paylaşım yeri idi. İndi isə getdikcə əsəb mənbəyinə çevrilir. Skamyaların, avadanlıqların zədələnməsi, ağaclara və yaşıllığa qəsd edilməsi tullantıların ətrafa atılması, heyvanlara necə gəldi, harda gəldi yemək tökmək və sair bu kimi hallar ümumi istifadəyə açıq olan bu məkanda ciddi narahatlıq yaradır.Təəssüf ki, bunun bir səbəbi elə sakinlərin öz davranışları ilə də bağlıdır. Bu dönüşü dayandırmaq üçün qanunla tənzimlənən, ictimai iştiraklı və mədəniyyətə əsaslanan bir yanaşma tələb olunur.
İctimai məkanlardan səmərəli istifadə etmək, onları təmiz və təhlükəsiz saxlamaq üçün hər bir vətəndaş diqqətli olmalı, nümunəvi davranış sərgiləməlidir. Yalnız bu yanaşma ilə onlar uzunmüddətli və dayanıqlı şəkildə qorunub saxlanıla bilər.


Çağırış:
Bu yazını oxuyan hər kəs öz həyətində bir addım atsın: sükutun və məsuliyyətin tərəfdarı olsun…
Biz hər bir vətəndaşı park mühitinə hörmətlə yanaşmağa, əmlakı qorumağa və nizam-intizamı gözləməyə dəvət edirik. Yalnız bu halda park ictimai dəyərlər sisteminin layiqli bir hissəsi ola bilər.
Nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, ictimai xadim Albert Eynşteynin fikirləri bu baımdan hər zaman aktualdır:
~ İnsan övladının ən böyük zəifliyi dünyanın ona xidmət etdiyini sanmasıdır. Hətta, bütün qidaları, heyvanları və təbiəti özünə təqdim edilmiş bir nemət hesab edir. Kainat dediyimiz bütün içərisində o, özünü digər canlılardan üstün tutur. Ətraf mühitdən istədiyi kimi istifadə edir: yıxır, yox edir. Halbuki, insan övladı bu kainatda zəncirin yalnız kiçik bir hissəsidir. İnsan bunu rədd edərək, əslində, özünə bir həbsxana yaradır. İnsanın bu yanılmadan xilas olması ən böyük azadlıqdır. Təbii, bu da tam olaraq mümkün olmaya bilər, amma bu səyin özü də bir azadlıq.

Qeyd: Yazı “Azərbaycan” qəzetinə də göndərilmişdir.