Uşaqlar oyuncaqlarla deyil, tüstü və üfunətlə əhatələnmiş həyətdə böyüyürlər

Baş redaktordan

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə,
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə,
 Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, 
Xətai Rayon Bələdiyyəsinə

             Açıq müraciət

Xətai rayonu, General Şıxlinski küçəsi – 49…   İstiliyin şahə qalxdlğı son günlərdə bu ünvanda məişət tullantıları yenidən yandırıldı. Bir udum təmiz hava üçün evinin qabağındakı həyətə çıxan sakinlər tüstünün, iyin təsirindən həyətə çıxdıqlarına da peşman oldular. Əraziyə bir nəzarət edən bir qurum , nəhayət, ortaya çıxıb sözünü deyəcəkmi? Bütün bu laqeydlik və məsuliyyətsiliklər üçün kim cavabdehdir: Fövqəladə Hallar Nazirliyimi,  Ekoloji Təhlükəsizlik Xidmətimi, Gigiyena və Epidemiologiya Mərkəzimi, Mənzil Kommunal Təsərrüfatı Birliyimi? Bələdiyyəmi? Kimə müraciət edək?

“Bu tüstü sükut içində boğulan ictimai məsuliyyətin tüstüsüdür…”

Bəzən bir fotoşəkil bir məqalədən daha çox şey deyir. Elə yazımızı da  təqdim etdiyimiz  birinci şəklin  təəssüratları ilə  qələmə aldıq. İllər əvvəl yaşadığımız Xətai rayon General Şıxlinski küçəsi 49 №li  binanın qarşısında qalaqlanan və açıq-açığına yandırılan məişət tullantılarının görüntüləri hələ də yaddaşımızdadır.
Diqqətlə baxın: açıq sahədə tullantıların  nizamsız idarə edilməsi  və yandırılması faktı sənədləşdirilib. Fotolarda — ev əşyalarının və taxta tullantılarının yandırılması və     məişət tullantıları ilə əhatə olunmuş  küçədə  dərsə tələsən məktəbli uşaqlar görünür. Yanan taxtaların arasında plastik qablar, sintetik materiallar, ətrafa yayılan qalın qara tüstü və kəskin qoxu…
Bu şəkillər 2017-ci ilin mayında milli.monitoring@mail.ru   ünvanına göndərilib. Cavab isə belə olmuşdu: “Ərazidə tullantıların yandırılması müşahidə olunmamış, zərərli qazlar aşkar edilməmişdir.”

Onda bu şəkillərdəki reallıqlar nədir? Əlavə etdiyim fotolarda plastik və sintetik qabların yandırıldığı, qalın və qara tüstünün havaya baş aldığı açıq-aydın görünməkdədir. Bu, yalnız havaya və torpağa deyil, həm də ətrafda yaşayan insanların sağlamlığına birbaşa təhlükə yaradır.
 Həmin vaxtdan keçən müddət ərzində heç nə dəyişilməyib.  Mənzil Kommunal  Təsərrüfatı Birliyi, bələdiyyə,    Xətai rayonu üzrə Yaşıllaşdırma xidməti sağlam ətraf mühit yaratmaq, qorumaq , əhəlinin hər nəfəri üçün düşən yaşıllıq sahəsini  artırmaq əvəzinə,  mövcud olanlara belə laqeyd yanaşaqdadırlar. Yaşıllıqlar  vaxtlı-vaxtında alaq otlarından təmizlənmir, otlar biçilmir. İstənilən hər bəir ehtiyatsızlıq  nəticəsində  sahələr alışa  bilər və alışır da. Mətbuatdan  baş verən  yanğlnlar barəsində hər zaman eşitməkdəyik.
 Bu şəkillər isə son illərin xronikasıdır.

Şəkillərə baxan hər kəs bilir ki,  belə tonqallarda yandırılanlar adi tullantı  əşyalar deyil, burada hər cürə tullantı var . Yanarkən onlardan təkcə kül qalmır . Bu alovla havaya yayılan toksik qazlar, torpağa hopan zəhərlər, insanların nəfəsinə qarışan təhlükələr də  var.
Əlbəttə, biz də bilirik ki, tullantıların daşınması və zərərsizləşdirilməsi birbaşa Mənzil Kommunal Təsərrüfatına  və  bələdiyyələrə aiddir. Amma belə halların kütləvi və mütəmadi şəkildə təkrarlanması, onların qeydə alınmaması və ya cəzasız qalması artıq təkcə kommunal məsələ deyil — həm də Ekoloji nəzarət problemidir.  Ətraf mühitin təhlükəsizliyinə qarşı kütləvi hal almış belə məsuliyyətsizlik ətraf mühitin, uşaqların, ailələrin və cəmiyyətin sağlamlığına qarşı təhdiddir. Təqdim etdymiz şəkillərdəki hər detal — sönməyən zibil qalığı, tüstü içindəki divar, baxımsız və axarsız tualet, arxa fonda uşaq bağçası — çox şey danışır, çox şeyi ittiham edir. Deyir ki, dövlət uşaqlar üçün bağça tikir , həyət-baca yaradır ki, gəlcəyimiz olan uşaqlar sağlam böyüsünlər, ana təbiətin qoynunda ətə-qana dolsunlar. Amma böyüklər onların nəfəsini zəhərləyir. Uşaqlar gül-çiçəkli yamac və çəmənliklərdə deyil, tüstü və üfunətlə əhatələnmiş həyətdə böyüyürlər .

Bugünkü vəziyyət daha da ciddidir. Son iki gündə yaşadığım binanın qarşısında —  Xətai rayon 241 nömrəli Körpələr evi və  uşaq bağçasından cəmi 10–15 metr aralıda məişət tullantıları yenə yandırıldı. Üfunətli tüstü səbəbindən nə evdə, nə həyətdə nəfəs almaq mümkündür. Tullantıların hər zaamn yandırıldığı bu yer şəhid Nəcəf Şikarov adına parkın düz qarşısındadır.

Qeyd: Süjet kimi feysbukda da paylaşmışam, burada aktiv edə bilmirəm. Bağışlayın. İstəsəniz, feysbuk səhifəmdən baxa bilərsiniz . 

Bax: 

https://www.facebook.com/dilrubi/videos/1293788402322736

Tualet var – lakin kanalizasiya yox; bağça var – lakin təhlükəsizlik yox.
Təmizliyə cavabdeh qurumlar susanda, onda şəkillər danışır.
Bəli, bu şəkillər, sadəcə “görsənən reallıq” deyil, bu, həm də:
danışdırılmamış ictimai qınaqdır, ört-basdır edilən həqiqətlərin vizual sübutudur… Əgər bir həyətdə, bağçanın yanında, şəhid adına salınmış parkın qarşısında belə bir məsuliyyətsizlik baş verirsə, bu artıq cəmiyyət olaraq bizi silkələməlidir. Bağçanın, ətrafdakı   2 şəhid abidəsinin   5-10 metrliyində   kanalizasiya sistemi ilə əlaqəsi olmayan 2 tualetin  mövcudluğu təhlükədən savayı, həm də böyük utancdır.
Ona görə də bu yazı təkcə narahatlığımızı deyil, həm də bir çağırışı ehtiva edir:


Biz susduqca o tüstü qalxacaq. Uşaq sağlamlığını qorumaq hər birimizin borcudur. illərlə savam edən bu hallara son qoymaq üçün alidövlət qurumlarına müraciət edirəm:
Ərazidə ekoloji monitorinq keçirilsin.
Məişət tullantılarının qanunsuz yandırılmasına qarşı ciddi tədbirlər görülsün.
Ətraf mühitə və insan sağlamlığına təhlükə yaradan bu halların qarşısının alınması üçün ictimai maarifləndirmə dəstəklənsin.
Yerli sakilər və qurumlar bu məsuliyyəti paylaşsın.
Uşaqların nəfəsini qorumaq üçün dərhal addım atılsın.
Çünki bu tüstü təkcə zibildən çıxmır — bu, sükut içində boğulan ictimai məsuliyyətin tüstüsüdür…

Hörmətlə,
Əhmədov Akif
Müstəqil müşahidəçi , “Ana və Uşaq”
saytının Baş redaktoru

Qeyd: Evdə yazı üzərində işləyərkən yanıq və tüstü iyi evə dolurdu. Amma yazıdan ayrılmaq istəmirdim. Gördüm getdikcə şiddətlənir, durub arxaya çevrildim və pəncərəyə yaxınlaşdım. 48 və 98 nömrəli məktəblərin ərazisı, evimizin qarşısı görünməz olmuşdu. Son bir ayda bu ərazidə 3-cü yanğın hadisəsidir. Məşhur rejissor Stanislav Rostotskinin  çəkdiyi məşhur “Burada şəfəqlər sakitdir” bədii filminin xatırladım. Amma bizim yaşadığımız ərazınin adı “Günəşli” olmasına baxmayaraq, buraların tüstüsü heç əskik olmur.

AnaVəUşaq #UşaqTəhlükəsizliyi #Ekologiya #ZibilYandırılması #NəfəsAlmaqİstəyirik