“Allah kişini qadından üstün yaradıb?” – Müzakirəyə dəvət

Müzakirə

Əməkdar artist Zakir Əliyev  “Qonaqcanlı” verilişində kişilərin qadınlardan üstün olduğunu dilə gətirib : “Qadınlar bilməlidir ki, Allah kişini üstün yaradıb…” Müğənninin bu sözləri sosial şəbəkələrdə ciddi rezonasa səbəb olub, hətta tənqid də edilib.


Bəs doğrudan da kişilər qadınlardan üstündürmü? Yoxsa bu, illərlə formalaşmış, amma artıq dəyişən rolların kölgəsində qalan bir qəlibdirmi?
Bu sualın cavabını nə təhqirlə, nə də səthi təriflə axtarmaq olmaz. Tarix, dəyərlər, ailə təcrübəsi və şəxsi duyğular – hamısı bu sualın içindədir.
Bir az düşünək…
Azərbaycan kişisinin əzəməti heç vaxt onun səsi və yaxud ” çapıb-talayan” bacarığı ilə formalaşmayıb . Ailə-əxlaq dəyərlərində kişinin böyüklüyü – qadına olan münasibəti ilə dəyərləndirilib.
Atamızı çox sevmişik. Bu sevgini, hörməti bizə anamız təlqin edib – qarşısında susduğu, hörmət etdiyi, ehtiramla çay süzdüyü ərinə — atamıza təslimiyyəti ilə. Gələcək Ata statusumuzun ilk örnəyini biz evimizdən, atamızdan əxz etmişik. Mən Zakir Əliyevlə razılaşmaq istəmirəm, amma onu tam inkar da edə bilmirəm. Çünki ailənin təməlində kişinin məsuliyyəti dayanır – o təməl zəif olsa, ev dağılır.
Burla xatun kim idi?
Dədə Qorqud dastanını oxuyan hər kəs bilir: Qazan xanı Qazan xan edən Burla xatundur.
Qadın susdu, gizləndi, dözdü… Amma namusuna qara əllərin toxunmasına imkan vermədi. Ondakı bu güc fiziki güc deyildi, – Bu güc, sadəcə, vəfa, sədaqət andı idi, qadın iradəsi idi.
Bəs biz bu gün haradayıq?
Qadınlar azadlıq istəyir – bu, haqlıdır. Amma qadın kişini sorğu-sual etdikcə, öz öz səadətini də itirir, azadlığını da. Qadın ərinin çiyninə yük qoymaqla yox, onun çiyinlərinə çiyin verməklə güc ola biər. Ər də bunların fərqində olmalıdır . Qarşılıqlı etimad yoxdursa, qarşılıqlı secgi də heç göyərib boy atmaz.
Əgər kişi ailədə öz məsuliyyətini, qadın öz şəfqətini unutsa, bu bərabərlik yox, xaos doğurar.
Qadınlar… Aranıza düşmənlik toxumları səpənlərə aldanmayın. Qadının böyüklüyü kişinin qarşısında baş əyməkdə deyil – başının üstündə kölgə, ürəyinin içində yer tutmaqdadır.


Sonda bir çağırış:
Allah kişini qadından üstün yaradıb? – Siz necə düşünürsünüz?
Bu fikrə qəti etiraz edirsiniz, yoxsa bəzi hallarda razılaşırsınız?
Gəlin, bu məsələni hörmət çərçivəsində müzakirə edək. Ailələrimizi qorumaq üçün əvvəl öz fikirlərimizi aydınlaşdıraq.


🏷️ Etiketlər:
#QadınKişiMünasibətləri #AiləDəyərləri #DədəQorqud #BurlaXatun #ZakirƏliyev #İctimaiMüzakirə #AnaVəUşaq #QadınHörməti #AzərbaycanAiləsi