Qonşuluq pəncərəsindən baxan nəğmələr

Poeziya buketi, nəğmə çələngi


Qonşuluq… Bəzən bir hasar, bəzən bir pəncərə qədər yaxın. Bəzən bir salamla başlayan tanışlıq, bəzən də göz-gözə gələn baxışların içində gizlənən dilsiz bir sevda.
Qonşuluq… Köhnə məhəllələrin pəncərəsindən boylanan baxışlar…
Səssizcə keçən bir oğlan, asta bir təbəssüm, bir də dillərə düşən nəğmələr… “Qonşunun qızı” – təkcə sevda deyil, bir nəsil duyğusunun səsi, bir dönəmin saf romantikasıdır.

Azərbaycan musiqisinin bənzərsiz bəstəkarları və söz adamları bu duyğuları nəğməyə çevirib, qəlbimizə hopdurublar. Telman Hacıyevdən Qəmbər Hüseynliyə, Xəyyam Mirzəzadədən Ələkbər Tağıyevə qədər sənətkarlarımız “qonşu qız” obrazını xalq şüurunda həm sevgi, həm də məsumluq simvoluna çeviriblər.
Bu rubrikada biz bir daha həmin nəğmələrin sədası ilə o köhnə məhəllələrə qayıdır, uşaq oyunlarının, pəncərə arxasındakı baxışların, ürkək sevgilərin al-əlvan aləminə baş vururuq.
Bəzən bir mahnı yetər ki, insanın içindəki illəri oyatsın…
“Qonşunun qızı” – təkcə bir obraz deyil, bir dövrün saf duyğularının əksidir.

Bu yazı ilə o nəğmələrə dönürük –
bir az təbəssüm, bir az həsrət,
bir az da tanış bir baxış üçün…
Gəlin birlikdə bu nəğmə çələngini vərəqləyək…

Qonşuların qızları
Musiqisi / Telman Hacıyev
Sözləri / N. Gəncəli

Qonşuların qızları,
bir-birindən gözəldir, gözəldir,
Söhbətləri, sözləri
özlərindən gözəldir, gözəldir.

Nəqərat:
Hər birisi bir ulduz,
Hər birisi Ay kimi.
Qalmışam, kimi sevim,
Kimə verim qəlbimi.
Söhbətləri, sözləri
özlərindən gözəldir, gözəldir.

O göz ki oxları var,
sürməli qaşı neyləyər, neyləyər?
Boyları, yerişləri
keçəni yoldan eyləyər, eyləyər.

Biri qaçıb gedibdir,
Biri köçüb gedibdir, gedibdir.
Biri də ad olubdur,
Hələ beşi qalıbdır.

Qonşu olmaq istəmirəm səninlə
Musiqisi / Telman Hacıyev
Sözləri / Qasım Qasımzadə

Oğlan:
Qonşuluğun hər cövrünə dayandıq,
Bir sevindik, arzumuzu bir andıq.
Açıq deyim, daha bu ildən belə,
Qonşu olmaq istəmirəm səninlə.

Qız:
Biz həmişə şad-mehriban dolandıq,
Oğlan:
Açıq deyim, daha bu ildən belə,
Qonşu olmaq istəmirəm səninlə

Qız:
Sən çaşdırdım oğlan mənim fikrimi,
Ən yaxın bir qohum kimi, dost kimi.
Sən çaşdırdım oğlan mənim fikrimi,
Aləm bilir, biz olmuşuq səmimi.
Hardan əsdi indi soyuq bir külək?
Utanma, aç sən o sirrini görək.

Qız:
Batan günəş bax, gör necə saralır,
Axşam düşür, ağ tarlalar qaralır.
Atalardan qalma bir məsəl də var,
Qonşun pisdir, birdəfəlik köç, qurtar.

Oğlan:
Gəl tələsək, vaxtımız da daralır.

Qız:
Atalardan qalma bir məsəl də var,
Qonşun pisdir – birdəfəlik köç, qurtar.

Oğlan:
Nə zaman ki, baxışımız ötüşür,
Ömürmüz şən, günlər tez-tez ötüşür.
Nə zaman ki, baxışımız ötüşür,
Ürəyimə alov düşür, od düşür,
Bir arzum var, coşub o dilə,
Qonşu olmaq istəmirəm səninlə.

Oğlan:
Yox başımda köçüb, getmək havası,

Qız:
Məhəbbətsiz varmı ömrü, səfası.

Oğlan:
Köç bizə gəl, quraq təzə ailə,
Qonşu olmaq istəmirəm səninlə

Qız:
Müxtəsəri budur, sözün qısası,
Köçüm sizə?

Oğlan:
Quraq təzə ailə,
Qonşu olmaq istəmirəm səninlə.

***

Qonşuda qız sevənin
Musiqi / Qəmbər Hüseynli
Sözləri / Nəbi Xəzri

Bir küçədə hər səhər
Qarşılar qız, oğlan,
Qonşular da bu zaman
Pıçıldaşır astadan.
Ah! Heç sinədə bu qədər
Düyün olmaz, dağ olmaz,
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz.

Bağça-bağa çıxar qız,
Tellərinə gül düzər.
Qonşusundan gen gəzər,
Ürək yaxar, can üzər.
Ah! Baxar oğlan qərarsız,
Ah! Heç damağı cağ olmaz.
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz!

O çiçəklər, o güllər,
Tez-tez dəyər gözünə.
Baxar qızın üzünə,
Deyər özü-özünə.
Ah! Heç sinədə bu qədər
Ah! Düyün olmaz, dağ olmaz.
Bu qədər yaxın olan
Bu qədər uzaq olmaz!
Qonşuda qız sevənin
Ürəyində yağ olmaz!

Qonşunun bir qızı var
Musiqisi / Xəyyam Mirzəzadə
Sözləri / Fikrət Qoca

Qonşunun bir qızı var,
Ədası var, nazı var.
Dodağı gül yarpağı,
Gözləri yağı,
Pəncərədən boylanar,
Pəncərədə gün yanar.
Özü deyər “gəl, yarım”,
Gələndə qovar.

Nəqərat:
Bu gözəl yerdə
Yaman düşmüşəm mən
Bir gözəl dərdə.
“Hə” desə, “yox” desə,
Dözüm mən gərək.

Qonşunun bir gülü var,
Yaman acı dili var.
Hər sözü bir iynədir,
Qəlbimi didir.
Qonşunun bir qızı var,
Görən deyər, quzu var.
Quzunun evlər yıxan
Nazı var, nazı…

Qonşu qız

Musiqisi / Ələkbər Tağıyev
Sözləri / Hüseyn Arif

Uşaqkən oynardıq, biz bir bağçada,
Əsla, yorğunluğu salmazdıq yada.

Dolaşıb yanaşı çəmənlikləri,
Həvəslə toplardıq tər çiçəkləri,
Doğanda səhər, çıxardıq evdən,
Həm sən, həm də mən, qonşu qız.

Açanda güllər, qaçardıq çölə
Verib əl-ələ, qonşu qız…
Qəlbimin həmdəmi sən idin,
Niyə məndən küsüb incidin?

Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.

Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız…
Biz də yaşa dolduq, keçdikcə illər,
Nə tez varaqlanıb ötdü fəsillər,
Uşaqlıq anları qaldı arxada,
Arabir düşünüb salıram yada.
Gəl əvvəlki tək biz gülə-gülə,
Verək əl-ələ, qonşu qız…

Atmaq istərəm bugün qəlbimdən
Keçən sözümə qonşu qız…

Asudə idin düşdün əcəb zəhmətə, könlüm, (x2)
Pozdu səni sevda bu qədər möhnətə, könlüm,
Yar ilə deyib-güldüyün anlar necə oldu?
Həsrət qoyub hicran səni bir söhbətə, könlüm.

Nadanlara baş əymə əgər getsə həyatın,(x2)
Dəyməz bu cahanın varı bir minnətə, könlüm.

Qəlbimin həmdəmi sən idin
Niyə məndən küsüb, incidin?

Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.
Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız.