Tarixdə bu gün
İlin 202-ci (uzun illərdə 203-cü) günü
Mühüm hadisələr:
365 – Dünyanın 7 möcüzəsindən biri olan İskəndəriyyə mayakı yanğından ciddi zərər görüb.
1774 – Türkiyə və Rusiya arasında Kiçik Qaynarca sülhü bağlanmışdır.
1992 – “Kütləvi İnformasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanunu” qəbul edilib.
1992 – Azərbaycan Respublikası BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib.

1992 – Azərbaycan Respublikası “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”na və “Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası”na qoşulub.
Doğuml günləri:

1609 – Abbas Həsən oğlu (Aşıq Abbas Tufarqanlı) XVII əsrin başlanğıcında (təxminən 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində doğulmuşdur.
Azərbaycan aşıq şeirinin görkəmli nümayəndələri arasında Aşıq Abbas Tufarqanlı xüsusi yer tutur. Şeirlərində “Qul”, “Şikəstə”, “Bikəs” təxəllüslərini işlədən Abbas Tufarqanlı XVI əsrin sonları-XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır.
Abbas Tufarqanlının adıyla bağlı olan “Abbas-Gülgəz” dastanı da Azərbaycan folklorunun qiymətli nümunələrindəndir.
Təbriz yaxınlığında yaşayan Abbas mükəmməl təhsil almışdır. Şeirlərindən də aydın görünür ki, Abbas ana dili ilə yanaşı, fars və ərəb dillərini də öyrənmiş, bu dillər vasitəsilə həm zəngin bilik əldə etmiş, həm də müxtəlif təriqətlərə bələd olmuşdur.
Həmin dövrdə Təbrizdə və onun ətrafındakı kəndlərdə aşıq sənəti geniş yayılmışdı və zəngin saz-söz məclislərində yetişən Abbas özü də aşıqlıq sənətinin sirlərini öyrənmişdir. Tufarqanlı Abbasın əsərləri və bioqrafiyası öz dövründə yazıya alınmasa da, bir sıra cünglərdə və əlyazmalarda mühafizə olunmuş lirik şeirlərindən, haqqında yazılmış çoxvariantlı dastanlardan onun həyatı barədə müəyyən məlumat almaq mümkündür.

1899 – Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdur.
Ernest Heminquey yaradıcılığı həm sağlığında, həm də ölümündən sonra diqqət mərkəzində olmuş, davamlı mübahisə və polemika mövzusuna çevrilmişdi. Onun haqqında təriflər də deyilmiş, yazıçını məhdudluqda, üslub bəsitliyində, mövzu kasadlığında, təkrarçılıqda günahlandırmağa cəhdlər də göstərilmişdi. Lakin Heminquey bu gün də dünya miqyasında çoх tanınan, tərcümə olunan və oхunan amerika müəlliflərindən biri olaraq qalmaqdadır.
“Günəş də qalxır” (1926), ” Əlvida silah” (1929), “Olmaq ya olmamaq” (1937), “Zənglər kimin üçün çalır” (1940), “Çay içrə ağaclara sarı” (1950), “Qoca və dəniz” (Pulitser mükafatı, Nobel mükafatı -1926), “Kişilərsiz qadınlar” (1927),”Okeanda adalar” (1970), “Cənnət bağları” (1986), “İlk baxışdan doğru” (1999), “Kilimancaro ətəklərində” (2005) və sair məşhur əsərlərin müəllifidir.
“Qoca və dəniz” povesti, “”Əlvida, silah”, “Klimancaro qarları” habelə bir sıra digər əsərləri azərbaycan dilinə də tərcümə edilmişdir.
Heminquey 2 iyul 1961 -ci ildə 61 yaşınada (Ketçum, Aydaxo, ABŞ) vəfat etmişdir.

1950— Məşhur müğənni, bəstəkar, Xalq artisti Məmmədbağır Bağırzadə Bakının Nardaran kəndində dünyaya gəlmişdir
Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
30 oktyabr 2005-ci ildə 55 yaşında vəfat etmişdir.

1966 — İqtisad elmləri doktoru, AR Iqtisadiyyat Nazirliyi İqtisadi islahatlar ETİ -nun dirktor müavini Arzu Doğru qızı Hüseynova Bakıda anadan olmuşdur.
O, Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973-1983), M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsində (1983-1988) təhsil almışdır. Ali təhsilini “Tətbiqi riyaziyyat” ixtisası üzrə almış Arzu Hüseynova 1988-2001-ci illərdə müxtəlif təşkilatlarda aparıcı vəzifələrdə, 2001-2004-cu illərdə isə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzində (DQM) baş mütəxəssis vəzifəsində işləmişdir.
Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda direktor müavini və Azəbaycan Dövlət İqtisad Unversitetinin “Rəqəmsal iqtisadiyyatı və İKT” kafedrasının professoru vəzifələrində işləyir.
Arzu Hüseynova 9 kitabın və 80-ə yaxın elmi məqalələrin müəllifidir. Onlardan 30-u xaricdə nüfuzlu jurnallarda və konfrans materiallarında çap olunmuşdur.
Arzu Hüseynova 1989-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Bakı “Atatürk” fakültəsində, Qərb Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində dərs demişdir.
Vəfat etmişdir:

1998 — Aktyor, Əməkdar artist Aqşin Məmmədəli oğlu Vəlixanov 62 yaşında Bakı şəhərində vəfat etmişdir.
Aqşin Vəlixanov 28 may 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Aqşin Vəlixanovun soyadı əksər proqramlarda “Vəlixanlı” kimi yazılıb.
1956–1960-cı illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində oxuyub.
1957–1958-ci illərdə Azərbaycan Dövlət Radiosunda işləyib. Yaradıcılığı 1960–1998-ci illərdə Akademik Milli Dram Teatrı ilə bağlı olub.
21 mart 1989-cu ildə Əməkdar artisti adı ilə təltif edilib.

2003 — İqtisad elmləri doktoru, professor, Şöhrət ordeni laureatı Əsəd Kamil ağa oğlu Dilbazov 78 yaşında vəfat etmişdir.
Əsəd Kamil ağa oğlu Dilbazov 1926-cı il yanvarın 12-də Qazax mahalının qədim Xanlıqlar kəndində bəy ailəsində anadan olmuşdu. Mənsub olduğu Dilbazilər nəslinin nüfuzlu şəxslərdən biridir.
Beş yaşında ikən — 1931-ci ilin fevralında ailənin və qohumların başına gələn fəlakətin ağırlığını Qazaxıstanda yaşadığı 5 illik sürgündə o da yaşamışdır.
Əsəd Dilbazov 1947-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
1947-ci il oktyabrın 1-dən 1950-ci il oktyabrın 1-nə kimi APİ-nin SSRİ tarixi kafedrasında aspirantı olmuşdur.
1950–53-cü illərdə bu kafedramn assistenti, 1953–60-cı illərdə isə baş müəllimi olmuşdu.
Əsəd Dilbazov 1959-cu ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində dissertasiya müdafiə etmiş və elmlər namizədi olmuşdur. 1966-cı il sentyabrın 1-dək ADU Azərbaycan tarixi kafedrasının dosenti işləmişdir. 1966-cı ildə ADU iqtisad fakültəsinin bazasında Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yaradılanda, bu instituta keçərək, 1975-ci il sentyabrın 25-dək İqtisad tarixi kafedrasının dosenti vəzifəsini tutur.
1974-cü ildə “Azərbaycan SSR-də sosialist sənayesinin formalaşması problemləri” üzrə elmi işini müvəffəqiyyətlə yekunlaşdırmışdır. 1979-cu il fevralın 23-də ona AXTİ Tarix kafedrasının professoru vəzifəsi verilir. 1975-ci ildən 1980-ci il noyabrın 28-dək AXTİ “Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması” fakültəsinin dekanı işləmişdir.
Professor Əsəd Dilbazov respublikanın, eləcə də keçmiş İttifaqın nəşriyyatlarında çap olunmuş xeyli sayda monoqrafiya, dərslik, elmi səciyyəli jurnal məqalələrinin elmi redaktoru və müəllifi olmuşdur. Məsələn, göstərilir ki, professor Əsəd Dilbazov 5 monoqrafiya, 50-dən çox elmi məqalənin müəllifidir.
2002-ci ildə anadan olmasının 75 illiyi münasıbəti ilə ölkə prezidentinin fərmanı ilə “Şöhrət Ordeni” ilə təltif edılmişdir.
Ömrünün son gününə qədər bu elm və tədris müəssisəsində Azərbaycan tarixi kafedrasının məsləhətçi-professoru olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.