Xəzərin ürəyində bir gəncin arzusu

Baş redaktordan


(Azərbaycan Dövlət Dəniz Akademiyasının III kurs tələbəsi Əliəkbər İbadovun timsalında gənclərimizə ithaf)

Dənizlə başlayan yol insanı uzaqlara aparar – həm coğrafi, həm də mənəvi baxımdan.

Akif Əhmədov

Səssiz, dərin və mavi bir dünya…
Bu dünya səni çağıranda sən geri çəkilmədin. Çoxları üçün dəniz təkcə sularla dolu sonsuzluq olsa da, sənin üçün məsuliyyət, cəsarət, fədakarlıq və gələcəkdir.
Sən seçiminlə təkcə bir ixtisas deyil, bir həyat tərzini seçdin. Gəmidə günlərin içində günəşlə oyanmaq, küləklə danışmaq, dalğalarla döyüşmək, səssizliyin içində güc tapmaq…
Bu gün sən dənizdəsən. Sınaqdasan. Təkcə fənləri deyil, özünü də öyrənirsən. Səbr etməyi, intizamı, birlikdə yaşamağı. Və bəlkə də ən əsası – məsafənin nə olduğunu, həsrətin nə olduğunu…

Gəmi gəlir uzaqlardan, gülür göy sular,
Mənə müjdə gözəl yardan deyər dalğalar.

Gəmini sür, gəmiçi qardaş, gün oldu yarı,
Düşər axşam, qaralar qaş, tez çatdır yarı.
Yetər artıq, bitsin həsrət!
Dənizlərdə itsin həsrət!
Birləşsin əllər, gülsün könüllər!
Gəmini sür, gəmiçi qardaş, gün oldu yarı,
Düşər axşam, qaralar qaş, tez çatdır yarı.

Gəmi gəlir uzaqlardan, yol çəkir gözüm,
Daha məndə bu hicrana qalmayıb dözüm.

Xədicə Abbasovanın ifasında bu mahnını eşidəndə Əliəkbər uşaqdı 1-ci, 2-ci sinifdə oxuyardı. Ağlı böyüklər qədər kəsməsə də, dəniz həyatına, oradakı gəmilərə əli çatmasa da, yalnız televizordan, kinolardan görüb vurulmuşdu dənizə, dənizçiliyə.
Şagird vərəqlərindən gəmilər düzəldərdi. Suda olmasa da, evlərində döşəməyə buraxıb arxasından təkan verərdi ki, gün oldu yarı, suları yara-yara şığı irəli. Bu cansız kağızlar irəli şığıya bilməsə də, zaman onu irəli – arzularına doğru aparırdı.

… İbadov ƏliƏkbər Fikrət oğlu artıq bu arzunun lap yaxınlığındadır: indi o, Azərbaycan Dəniz Akademiyasının III kurs tələbəsidir. Atası deyir ki, dənizdədir, praktikadadırlar. Bir neçə şəkil də verdi mənə. Özüm də ovsunlandım bu şəkilləri izlədikcə… Mavi Xəzərimizin özü də gözəldi, etüdləri də. Əliəkbər balamız bu füsunkarlığı Xəzərlə üz-üzə dayanıb seyr edir. Bura nə Kolorado yaylasında (Arizona, ABŞ) yerləşən Böyük Kanyondur, nə Tac -Mahaldır (Hindistan), nə Anqkor Vatdır (Kamboca), nə Eyfel Qülləsidir (Fransa), London Eyedir (Böyük Britaniya), Tanah Lot Məbədidir (İndoneziya), Günəşin doğuşunu və qürubunu görmək üçün insanları 100 minlərlə km məsafə qət etməyə vadar etsin. Bura, Azərbaycandır, onun mavi gözlü qızı Xəzərin qoynunda Günəşin qürubunu izləmək qoynuna aldığı hər kəsi vəcdə gətirir, lap kənardan seyr edəndə də…


Hələ Günəşin hər səhər təcəlla etməsi ondan da gözəldir:

Sən gözümün işığısan,
Mavi Xəzər.
Günəşlə bir oyanırsan
Səhər-səhər.
Gözəl Bakı, göz bəbəyim,
Paytaxtımsan,
Öz şəhərim, öz vətənim,
öz bəxtimsən….
Və bu heyranlıqla ƏliƏkbər İbadovun bəxti, taleyi artıq Xəzər dənizi ilə bağlandı.
İki ildən sonra ƏliƏkbərin şturmanı olduğu gəmi
artıq müstəqil şəkildə suları yara-yara uzaq ölkələrin sahillərinə yan alacaq…

Gəlirəm Xəzəri yara-yara,
Zəhmətin nur veirir bu diyara.
Sənsən ürəyim,
Arzu, diləyim,
Sənsən ürəyim,
Eşqim, diləyimsən.

Sənsən,
Sənsən, Xəzər, mənim ürəyimdə.
Sənsən, sənsən Xəzər,
Mənim ürəyimdəsən.

Hər gecə sahili seyr edərkən,
Ulduzlar göz vururdu, tez gəlim mən,
Sular “gəl” deyir, yarın gözləyir.

Sənsən,
Sənsən, Xəzər, mənim ürəyimdə.
Sənsən, sənsən Xəzər,
Mənim ürəyimdəsən.

Sən mənim solmayan baharımsan,
Dağlartək əyilməyən vüqarımsan,
Sənsən ürəyim, arzum-diləyim,
Eşqim, diləyimsən.

Sənsən,
Sənsən, Xəzər, mənim ürəyimdə.
Sənsən, sənsən Xəzər,
Mənim ürəyimdəsən.

Bu günü ümidlə gözləyirik. Gəmi kapitanı olmaq üçün gecə-gündüz oxumalı, naviqasiya, meteorologiya, gəmi sistemləri və avadanlıqları daxil olmaqla, gəminin idarə edilməsi və təhlükəsizliyi ilə bağlı geniş bilik və bacarıqlara, habelə beynəlxalq dəniz qaydalarına dair biliklərə dərindən yiyələnmək lazımdır. Sən bunu bacaracaqsan. Sənə ümidimiz və inamımız var.
Əliəkbərin tale yolu artıq dənizlə bağlanıb. İki ildən sonra, o artıq bir şturman kimi, suları yara-yara, uzaq ölkələrin limanlarına doğru yol alacaq. Onun gəmisi, bəlkə də, bizim sahillərdən minlərlə mil uzaqlarda olacaq. Amma qəlbində həmişə Azərbaycan dalğalanacaq…

Gəlirəm Xəzəri yara-yara,
Zəhmətin nur verir bu diyara…

⚓Bu gün Əliəkbər və onun tələbə yoldaşları  — Bakı Limanında yerləşən təlim gəmilərindən birində ölkəmizin dənizçilik sahəsində təhsil alan gənc kursantlar üçün praktiki məşğələlər keçirilir. Çünki peşəkar dənizçilər yalnız nəzəri biliklə kifayətlənməməli, bu peşə üçün lazım olan bütün praktik bacarıqlara yiyələnməlidirlər. Real şəraitdə, gəmi göyərtəsində qazanılan əsl təcrübə bu sahənin əsas dayağıdır.
Şəkildə gördüyünüz bu gənclər – gələcəyin kapitanları, naviqatorları, mühəndisləri və xilasediciləridir. Onlar hələ tələbədir, amma artıq məsuliyyətin, komanda ruhunun və nizam-intizamın necə bir şey olduğunu yaşayaraq öyrənirlər. Onlara dənizçi forması geyindirən təkcə Dənizçilik Akademiyasının təlbələr üçün nümunəvi qaydaları deyil, həm də arzu və məqsəddir – Azərbaycan gəmiçiliyinə, nəqliyyatına, təhlükəsizliyinə xidmət etmək niyyəti. Yanlarında dayanan təcrübəli müəllim və ya təlim kapitanı isə onlara təkcə dənizin sirlərini yox, həm də peşəyə sevgi öyrədir, dəniz cəsurluğu öyrədir.
Bu cür təlimlər həm tələbələr üçün unudulmaz xatirə, həm də gələcək iş həyatları üçün ciddi bünövrədir. Bu cür təlimlər texniki və psixoloji baxımdan eyni zamanda onların inkişaf yolunda mühüm bir mərhələdir. Bu, hələlik başlanğıcdır. Çünki məşhur gəmi kapitanı olmaq üçün yalnız elmi biliklərə dərindən yiyələnmək kifayət deyil, həm də tufanlarda gəmi idarə edilməsinin cikini-bikini mənimsəmk lazımdır … Bütün bu sınaqlardan keçmək – qələbə deməkdir.

Və biz inanırıq: Əliəkbər bacaracaq.

Çünki onun arxasında bir ailə, bir xalq, bir Xəzər dayanır.
Yolun açıq olsun, Dəniz oğlu.