Tarixdə bu gün
İlin 233-cü (uzun illərdə 234-cü) günü.

Mühüm hadisələr:
1968 – Sovet İttifaqı qoşunları Çexoslovakiyaya daxil olmuşdur.
1991 – Latviya müstəqilliyini elan etmişdir.
1997 — Azərbaycan Respublikası Serbiya və Monteneqro ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

95
1930 – Görkəmli ədəbiyyatşünas alim, akademik Bəkir Nəbiyev Ağdaş rayonu Üçqovaq kəndində ziyalı ailəsində doğulmuşdur. Ağdaşda 1 saylı orta məktəbi bitirmişdir .
Əmək fəaliyyətinə müharibə illərində başlamışdır. Ağdaş radio şəbəkəsinin diktoru işləmişdir (1945-1947). 1947-1949-cu illərdə Ağdaş şəhərində və Yeniarx kəndində müəllimlik etmişdir.
1949-1954-cü illərdə ADU-nun Filologiya fakültəsində təhsil almışdır .
Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 4 noyabr 1951-ci il tarixli sayında çap edilən “Dama-dama göl olar” rəyi ilə başlamışdır. Universiteti bitirdikdən sonra “Azərbaycan gəncləri”, “İnşaatçı” qəzetlərində məsul katib müavini, ədəbi işçi vəzifələrində işləmişdir.
1960-cı ildə “F.Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir .
“Kommunist” qəzeti redaksiyasında Mədəniyyət şöbəsinin müdiri işləmişdir (1959-1961). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı şöbəsində kiçik elmi işçi, şöbə müdiri və institutun elmi katibi (1961-1971), Azərbaycan EA Nizami adına Azərbaycan Dövlət Ədəbiyyat Tarixi Muzeyinin direktoru (1971-1986), Azərbaycan Ədəbiyyat Fondunun sədri işləmişdir (1982-1986).
AMEA Rəyasət Heyətinin üzvü və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olmuşdur (2003-2012).
Bəkir Nəbiyev 15 mart 2012-ci ildə Bakı şəhərində vəfat edib

1948 — Kimya üzrə fəlsəfə doktoru Ağarəsul Ağamməd oğlu Məmmədov Kürdəmir rayonun Şxımlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov ad. Neft və Kimya İnstitutuna(ADNSU) daxil olmuşdur. Daha sonra Bakı Ali Partiya Məktəbi, (Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası), AMEA-nın Y.Məmmədəliyev adına Neft və Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almışdır.
Əmək fəaliyyəti:
- 1973-1980 AMEA Neft-Kimya Prosesləri İnstitutu- mühəndis, baş elmi işçi;
- 1980-1992 Azərbaycan KP Kürdəmir rayon Komitəsi –təşkilat şöbə müdiri, Kürdəmir Rayon XDS – sədr müavini,(I-ci Dərəcəli Dövlət Qulluqçusu);
- 1993-1994 AMEA İnformasiya Texnologiyaları İnstitutu – şöbə müdiri;
- 1995- Azərbaycan Respublikası Bakı Şəhər Məhkəməsinin xalq iclasçısı;
- 1994-1997 Azərbaycan Dövlət Torpaq Komitəsi – Dövlət Aktlarının Qeydiyyatı İdarəsinin rəhbəri;
- 1997-2016 Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin ( Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz Universiteti) elmi məsələlər üzrə müşaviri;
- 2014- Azərbaycan Turizm və Menecment universitetinin menecment kafedrasında müəllim işləmişdir.

1951 — Azərbaycan Respublikasının Əməkdar artisti Təvəkkül Əliyev anadan olmuşdur. 1973-cü ildə İncəsənət İnistitutunun Kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. T.Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M.İbrahimovun “Yaxşı adam” pyesindəki Azər obrazı olmuşdur. Daha sonra o, N.Xəzrinin “Sən yanmasan”, İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı”, N.Hikmətin “Bayramın birinci günü”, A.P.Çexovun “Yubiley”, M.İbrahimovun “Kəndçi qızı”, M.Musiyenkonun “Nəsillər, eşidin!”, V.Şekspirin “Qış nağılı”, H.Cavidin “Topal Teymur”, S.Vurğunun “Fərhad və Şirin”, Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, Ə.Əylislinin “Vəzifə” və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaratmışdır.O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edir.
25 iyun 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Təvəkkül Əliyev 23 yanvar 2017-ci ildə qəflətən ürək tutmasından vəfat etmişdir.
Mərhum aktyor Bakıda Zabrat qəbiristanlığında dəfn edilmişdir.
Vəfat etmişdir:

2002 – Görkəmli boyakar, qrafik və teatr rəssamı, professor, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki, Cəvahirləl Nehru adına Beynəlxalq Mükafat, Azərbaycan Dövlət Mükafatı laureatı Mikayıl Hüseyn oğlu Abdullayev 80 yaşında Bakıda vəfat etmişdir.
Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S. Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir.
Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (5–9-cu çağırış) deputatı seçilmişdir. “Lenin” və “Oktyabr İnqilabı” ordenləri ilə təltif edilmişdir.
2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir.

1972 — Azərbaycan qrafik rəssamı, Əməkdar incəsənət xadimi Hacıyev Əmir Səhliəli oğlu vəfat etmişdir.
Əmir Hacıyev 17 may 1899-cu ildə Şuşada anadan olmuşdur. Yaradıcılığa 1918-ci ildə Şuşada afişa və portretlər yaratmaqla başlamış, 1923-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olmuşdur.1920-ci illərin ikinci yarısından Əmir Hacıyev “Azərbaycan Qadını (jurnal)”, “Həmkarlar İttifaqı” kimi jurnallara illüstrasiyalar çəkir, əməkdaşlıq və digər mövzularda plakatlar yaratmağa başlayır. Eyni zamanda o, Bakıda pedoqoji fəaliyyətlə məşğul idi. Tələbələrindən biri olan Kazım Kazımzadənin də tanınmış rəssam kimi formalaşmasında Əmir Hacıyevin rolu əvəzsizdir. Bu dövrdən başlayaraq rəssam tanınmış yazıçıların əsərlərinə illüstrasiyalar yaradır. “Xavər” (Mehdi Hüseyn) (1930), “Nəhənglər ölkəsi” (Mirzə İbrahimov) (1932), “Leyli və Məcnun” (Füzuli) (1953) “Poçt Qutusu” (Mirzə Cəlil) (1960) bu əsərlərə nümunədir.Hacıyevin ən yaxşı kitab təsvirləri Süleyman Sani Axundovun “Qaraca qız” (1924), Əbülhəsən Ələkbərzadənin “Yüksəliş” (1931), Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” (1934), Mirzə Fətəli Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” (1938), Nizami Gəncəvinin “Yeddi gözəl” (1941), Füzulinin “Leyli və Məcnun” (1953) əsərlərinə çəkilmiş illüstrasiyaları hesab olunur.1941-1945-ci illər Böyük Vətən Müharibəsi dövründə təbliğat afişaları yaratmağa başlayır. Hacıyev eyni zamanda bir sıra bəzək və süjet xalçalar üçün eskizlər vermiş, miniatür silsilələrə (“Azərbaycan”, 1961; “Şuşa”, “Şamaxı”, “Bakı”, 1964) müəlliflik etmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.