Tarixdə bu gün

 İlin 245-ci günü (uzun illərdə 246-cı).

İlin sonuna 120 gün qalır.

Mühüm hadisələr:

1642 – İngilis parlamenti teatrı qadağan edib.

1991 – Separatçı Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan edir.

Doğum günləri:

1916 — Tanınmış rəssam, pedaqoq, Əməkdar incəsənət xadimi Əyyub Museyib oğlu Hüseynov Naxçıvan MR Noraşen rayonunun (hazırda Kəngərli rayonu) Xok kəndində dünyaya göz açıb.

 İlk yaradıcılıq təhsilini 1930-cu ildə Bakıda fəaliyyət göstərən Azərbaycan Rəssamlıq Texnikumunda və sonralar 1935-ci ildə Tiflisdə Rəssamlıq Akademiyasında almışdır.

Ali təhsilini bitirdikdən sonra doğma yurdu Naxçıvan şəhərinə qayıtmışdır.

1948-ci ildə Naxçıvandan paytaxta köçür və ilk peşəkar təhsil aldığı Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deməyə başlayır , 1956-1965-ci illərdə məktəbin direktor vəzifəsində işləmişdir. Əyyub Hüseynov ömrünün sonuna kimi bu məktəbdə fəaliyyət göstərmişdir. O, burada dərs deməklə yanaşı, müstəqil yaradıcılıqla məşğul olur.

Daim bədii axtarışda olan Əyyub Hüseynov realizm bədii prinsipinin yeni-yeni ifadə imkanlarını üzə çıxarmaqla, onun cəlbedici və yaddaqalan əsərlərlə zənginləşdirmişdir.

Əyyub Hüseynov 17 aprel 1998-ci ildə 81 yaşında Bakıda vəfat etmişdir.

1947– Azərbaycan Respublikasının Xalq artisti Fikrət Süleyman oğlu Verdiyev Gəncə şəhərində anadan olub. 1957-ci ildə Gəncə şəhər 1 nömrəli musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə Orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir.

13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edir, onun rəhbərlik etdiyi kollektiv 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda qalib gəlir. O dövrdə – tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Tar-dirijor və xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır.

1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə “Göy göl” xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınır. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.

Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə mərhum Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət Mahnı və Rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.

1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edir. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edirlər.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.

2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində “Neftçi” Mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Feyruz Səxavət, Cabir Abdullayev, Teyyub Aslan kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır.

1968 – Azərbaycanın Milli Qəhrəmanı Müslümov Valeh Əlizaid oğlu sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışmışdır.

1986-cı ildə hərbi xidmətə çağırılmış, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıtmışdır.

1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir.

1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmur.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Lerik rayonunda dəfn edilmişdir.

Lerik şəhər 2 nömrəli orta məktəb  Milli Qəhrəmanın adını daşıyır. Həmin  məktəbdə  qəhrəmanın  Xatirə muzeyi açılıb.

Vəfat etmişdir:

1944– Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədov alman faşizminə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.

Cəmil Əhmədov 1924-cü ildə Cəbrayıl şəhərində dünyaya göz açmışdır. 1942-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi ilə  Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.

Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.

Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir.

Cəbrayılda  orta məktəb və bir küçə onun adını daşıyır.

Yazıçı Sabir Əhmədovun qardaşıdır.

1992 –Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq , ikinci kursda təhsilini yarıda qoyaraq   vətənin müdafiəsinə qalxmışdır.

Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Pprezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!