Tarixdə bu gün

İlin 257-ci günü (uzun illərdə 258-ci)

İlin sonuna 108 gün qalır.

Mühüm hadisələr:

786 — Harun əl-Rəşid Abbasi xəlifələrindən qardaşı al-Hadinin ölümündən sonra İslam xilafətini ələ keçirmişdir.

1829 — Ədirnə sülhü imzalanmış, Rusiya-Osmanlı müharibəsi sona çatmışdır.

1853 — Türkiyə ilə Rusiya arasında Krım müharibəsi başlamışdır.

1918 — Saat 20.30 – da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzalamışdır.

1933 — Türkiyə-Yunanıstan dostluq sazişi imzalanmışdır.

1937 — Keçmiş SSRİ-də “xalq düşmənləri”nin həbs müddəti qeyri- müəyyən vaxta qədər uzadılmışdır.

1989 — Naxçıvan Dövlət Kukla Teatrı yaradılmışdır.

1994 — Azərbaycan Respublikası Qatar ilə diplomatik əlaqələr qurulmuşdur.

2006 — İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin konfransı keçirilmişdirurmuşdur.

Doğum günləri:

1939 — Yazıçı və alim, fizika-riyaziyyat elmləri namizədi, dosent Aslan Qəhrəmanlı Ağstafa  rayonunun Yenigün kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama Mərkəzində başlamış, həmin mərkəzin bazası əsasında kibernetika institutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi tədqiqatla məşğul olmuşdur. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində çalışmışdır.

1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləmişdir. Bir müddət Rostov Dəmiryol Mühəndisləri İnstitutunun Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilmişdir. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə baş müəllim, sonra dosent vəzifəsində işləmişdir. 2007-ci ilin sentyabrından Azərbaycan Universitetinə keçmiş, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti, 2011-ci ilin fevralından 2012-ci ilin iyununa qədər rektoru olmuşdur.

Yazıçı kimi özünü 1967-ci ildə “Gənclik” nəşriyyatında çıxan “Gənc qələmlər” almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir.

Azərbaycan televiziyası səhnəsində ilk çoxhissəli tamaşaya çevrilmiş “Səni axtarıram”, “Bağışla” və “Səndən xəbərsiz” adlı üçhissəli telepyeslərin müəllifidir.

Onun radio üçün yazdığı “Daşa dönmüşlər şəhəri”, “Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu” və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilmişdir.

Aslan Qəhrəmanlı 2014-cü ildə   ağır xəstəlikdən vəfat etmişdir.

Vəfat etmişdir:

1920 — Cənubi Azərbaycana İranın tərkibində geniş muxtariyyət verilməsi uğrunda mübarizə aparmış inqilabçı Şeyx Məhəmməd Xiyabani    40 yaşında    düşmən  əlinə keçməsin deyə son gülləsi ilə özünü vurmuş  və  beləliklə də,  Azadstan Dövlətinin mövcudluğuna son qoyuldmuşu.

Məhəmməd Xiyabani 1880-ci ildə  Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur.

O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır.

Xiyabani əyalətdə əmin-amanlığın bərpa edilməsinə çox əhəmiyyət verirdi. Təbrizə gələn xaricilər Xiyabani milli hökumətin başçısı olduğu zaman əyalətdəki yüksək dərəcədə olan əmin-amanlıq haqqında danışırdılar. Bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqına və vətəninə vurğun idi.

1942— Tanınmış azərbaycanlı maarifçi, yazıçı və pedaqoq İbrahim bəy  Mehdi bəy oğlu  Musabəyov 68 yaşında vəfat etmişdir.

İbrahimbəy Musabəyov  1880- ci ildə Qutqaşendə (indiki Qəbələ şəhərində) anadan olmuşdur. İlk təhsilini doğma Qutqaşendə alan İ.Musabəyov 1898-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olur. 1902-ci ildə oranı bitirir və Şəki şəhərindəki üçüncü rus-tatar məktəbində müəllimliyə başlayır. 1911-ci ildə Bakıya gələn gənc pedaqoq Birinci rus-tatar məktəbində boş olan müəllim yerini tutmaq üçün həmin ilin oktyabr ayının 6-da müəllimlər komissiyası qarşısında imtahan verir və o vaxtdan müəllimlik fəaliyyətini Bakıda davam etdirir.

O vaxt Qafur Rəşad Mirzəzadənin redaktorluğu ilə çıxan “Məktəb” jurnalında XX əsrin demokratik əqidəli müəllimləri və yazıçıları şeir, hekayə və məqalələrlə tez-tez çıxış edirdilər. Nəriman Nərimanov, Süleyman Sani Axundov, Şəfiqə Əfəndizadə, Abdulla Şaiq, Rəşid bəy Əfəndiyev, Əli Fəhmi, Əlicabbar Orucəliyev və başqaları “Məktəb” jurnalının əsas müəllifləri idilər.

1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyov özünün didaktik, təlim və tərbiyəyə dair hekayələrini “Məktəb” jurnalında, iri həcmli əsərlərini isə müxtəlif nəşriyyatlarda kitabça şəklində çap etdirirdi.

Onun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş “Neft və milyonlar səltənətində” povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur.

“Neft və milyonlar səltənətində” povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə “Filma” fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.

İ.Musabəyov 1925-ci ildə Nuxa dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilmiş, 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olmuşdur. Tanınmış pedaqoq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 oktyabr 1932-ci il tarixli fərmanı ilə “Əmək qəhrəmanı” adına layiq görülmüşdür.

Musabəyov Sovet hökuməti tərəfindən xalq düşməni iddiası ilə həbs olunmuş, 1942-ci il sentyabrın 14-də sürgün yerində – Karaqanda şəhərində quru plevrit xəstəliyindən vəfat etmişdir.

1992  —Azərbaycan  Dövlət Mükafatı laureatı ,  Xalq şairi  Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) 68 yaşında  vəfat etmişdir.

Hüseyn Arif  1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı Pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952). Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (1957-1959), “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967), “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1976-cı ildə Hüseyn Arifin Oğlu (Arif Hüseynzadə) rəhmətə gedir,məhz o gündən sonra əslində Hüseyn Hüseynzadə olan Hüseyn Arif bu adı özünə təxəllüsü götürür. Oğlunun ölümündən sonra həyatı çox dəyişir. Hüseyn Arif Yaradıcılığının sonrakı dövrünün böyük bir qismini də məhz oğluna yazdığı şeirlər tutur.

1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunub.

2017 — Azərbaycan aşığı, Əməkdar incəsənət xadimi Ədalət Məhəmmədəli oğlu Nəsibov 78 yaşında vəfat etmişdir.

Ədalət Məhəmmədəli oğlu Nəsibov 27 yanvar 1939-cu ildə  anadan olub.

Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur.

Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.

O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

14 sentyabr 2017-ci ildə 78 yaşında uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. 15 sentyabrda Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunmuşdur.

Ustadı Aşıq Əli olmuşdur. Şəyirdi isə Aşıq Ədalət Dəlidağlı olmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!