Molla Nəsrəddin güldürməklə bərabər, düşündürür də

Yumor

Molla Nəsrəddin şirin danışan, şən, səmimi insandır. O, İnsanları güldürür, amma heç vaxt ələ salmaz. Onun əsl məqsədi insanları düşündürmək və onlara öyrətmək üçün yumordan istifadə etməkdir. O, nə qədər gülüş doğuran söhbətlərin yaradıcısı olsa da, bundan da çox türk xalqları üçün ortaq olan əfsanəvi müdriklik kanı kimi qəbul edilmiş və belə də əsrlərin yoldaşı olacaqdır. Onun əsl məqsədi insanları yumorla düşündürmək və öyrətmək idi. O, türk yumorunun və zəkasının əfsanəvi şəxsiyyətidir.

Yəqin dovşan azıb

Bir gün Molla Nəsrəddin bazara çıxır. Bazarda gəzəndə görür ki, bir ovçu iki dovşan satır. Molla cibində olan pulunu verib dovşanların ikisini də alır və evə aparır. Arvadı dovşanları görüb molladan soruşur:
– A kişi, bu dovşanları nə üçün almısan?
Molla cavab verir:
– Arvad, səs salma, darğanı aldadacağam, pul qazanacağam.
Arvad soruşur:
– A kişi, dəli-zad olmamısan ki? Sən bunlarla nə cür pul qazana bilərsən?
Molla deyir:
– Arvad, dovşanın birini evdə bağlayaçağam, birini də darğaya aparacam. Sən bir yaxşı aş bişirərsən, bostandan da bir yemiş dərib gətirərsən. Sonra nə eləyəcəyəm, özüm bilərəm.
Arvad aş bişirməkdə olsun, molla da dovşanın birini evdə dirəyə bağlayır, birini də götürüb darğanın yanına gedir. Salam-kəlamdan sonra molla deyir:
– Darğa, adam dili bilən bir dovşanım var. Əlim aşağı düşdüyündən satmaq istəyirəm. Heyfim gəlir ki, onu hər adama satam. Sənə layiq olduğu üçün gətirmişəm.
Darğa ondan soruşur:
– Necə adam dili bilir? Heyvan da adam dili bilərmi?
Molla deyir:
– Mən nə desəm başa düşür.
Darğa deyir:
– Elə şey olmaz, buna inanmıram.
Molla deyir:
– İstəyirsən, bu saat sınayaq.
Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirəyib deyir:
– Dovşan, get evdə arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki də yemiş alsın, bu saat darğa ilə gəlirik.
Molla sözunü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bir qədər mükalimədən sonra molla darğaya deyir:
– Zəhmət çək, dur bizim evə gedək.
Molla darğanı götürüb evinə aparır. Molla baxır ki, aş dəmə qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan. o da evdədi. Molla özünü dovşanı görməyən kimi göstərib deyir:
– Arvad, dovşan gəlib çıxdımı?
Arvadı mətləbi o saat başa düşüb deyir:
– Gəlib çıxıb. Ona nə tapşırmışdın hamısını eləmişəm.
Darğa bunu görən kimi mollanın sözlərinə tamam inanıb deyir:
– Molla, dovşanın qiyməti neçədi?
Molla deyir:
– Darğa, ucuz verirəm. Min tümən.
Darğa o saat mollaya min tümən verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:
– Get bizim evə, arvada de, bir yaxşı yemək hazırlasın, molla ilə gəlirik.
Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bəli, gəlib görürlər ki, darğanın arvadı dəhlizdə oturub. Darğa soruşur:
– Arvad, dovşan gəldimi?
Arvad cavab verir:
– Dovşan nədi?
Darğa deyir:
– Dovşan gəlib sənə demədimi molla ilə gəlirik, hazırlıq gör?
Arvad elə bilir ki, ərinin başına hava gəlib:
– A kişi, yəqin sən azarlamısan, get mollaya dua yazdır.
Darğa bütün əhvalatı arvadına, mən sizə söhbət elədiyim kimi danışır. Arvad mətləbi başa düşüb deyir:
– A kişi, nahaq dovşanı əldən buraxmısan, Mənə elə bir xəbər aparıb-gətirən dovşan lazımdı. Onda arvadlar mənim haqqımda heç söz deyə bilməzlər, görərlər ki, aydan arı, sudan duru bir arvadam.
Darğa mollaya deyir:
Molla, bəs dovşan necə oldu?
Molla cavab verməmiş arvadı dillənir:
– A kişi, yəqin dovşan bizim evimizi tanımayıb başqa yerə getmişdir.
Molla əlüstü soruşur:
– Darğa, bəs sən dovşanı evə göndərəndə evinizin yerini demədin?
Darğa deyir:
– Yox, yadımdan çıxıb deməmişəm.
Arvadı darğanı danlamağa başlayır:
– Gör nə axmaqsan, ki, elə dovşanı dağa-daşa salmısan, əlimizdən çıxarmısan.

Doqquz yüz doxsan doqquz qızıl da olsa, almaram

Molla Nəsrəddin hər səhər yuxudan duranda dua eləyib Allahdan min qızıl istəyir. Qonşu onu eşidib soruşur:
– Bəlkə Allah min qızıl yox, az qızıl yetirdi. Az qızıl olsa götürməyəcəksən?
Molla cavab verir:
– Əgər doqquz yüz doxsan doqquz qızıl da olsa, genə götürməyəcəyəm.
Qonşusu bu məsələ ilə maraqlanır. Mollanı sınamaq istəyir. O, bir kisəyə doqquz yüz doxsan doqquz qızıl yığır. Gözləyir, molla dua eləyib min qızıl istəyəndə bacadan onun qucağına salır. Molla kisədə olan qızılları sayır, görür doqquz yüz doxsan doqquzdur. Molla halını dəyişməyib deyir:
– Doqquz yüz doxsan doqquzu verən, birini də verər.
Molla qızılları yığışdırır. Qonşu da gözləyir molladan bir səs çıxmır, gəlib deyir:
– Molla, o qızılları bacadan mən salmışam, tez özümə qaytar.
Molla deyir:
– Nə qızıl, dəli-zad olmamısan?
Qonşu deyir:
– Sən deyirdin, Allah doqquz yüz doxsan doqquz qızıl da versə götürmərəm, gərək min olsun. Səni sınamaq üçün qızılları mən bacadan saldım.
Molla deyir:
– Xeyr, elə iş yoxdu, qızılları mənə Allah yetirib, birini də yetirəcək.
Məsələ çox uzanır, molla qızılları vermir Axırda qonşu deyir:
– Onda gedək divana.
Molla deyir:
– Mən divandan qaçmıram. Ancaq piyada gedə bilmərəm. Bir qatır gətir, minim gedək.
Qonşu yaxşı bir qatır gətirir. Molla deyir:
– Bu yaxşı oldu, gedərəm. Ancaq cübbəm köhnədi. Bu cübbə ilə divana gedə bilmərəm.
Qonşu gedib təzə bir cübbə də gətirir. Molla cübbəni geyib qatırı minir, yola düşürlər. Qazının yanına çatırlar. Qonşu əhvalatı qazıya danışır. Qazı mollaya deyir:
– Nə deyirsən, bu doğru deyirmi?
Molla deyir:
– Ondan soruşun, görün, əliynən mənə qızıl verib?
Qonşu məsələni qazıya bir də danışıb deyir:
– Mən onu sınamaq üçün qızılı bacadan saldım.
Molla deyir:
– Qazı ağa, mən pullarımı sayandə bu qonşu görüb. İstəyir pulları məndən alsın. Mən bunu yaxşı tanıyıram, utanmasa deyər ki, mindiyin qatır da mənimdi,
Qonşu əsəbiləşib deyir:
– Əlbəttə, qatır da mənimdi.
Molla deyir:
– Qazı ağa, gördunüzmu? Bir də dindirsəniz deyər ki, əynindəki cübbə də mənimdir.
Qonşu deyir:
– Əlbəttə, mənimdir.
Qazı mollanı haqlı bilib, qonşunu oğru hesab edir.

Dalı bundan da pis gələcək

Molla Nəsrəddinin Teymurlənglə birinci görüşünü müxtəlif şəkillərdə danışırlar. Bunlardan biri də belədir:
Teymur Mollanın haqqında çox eşidibmiş. Özünün ondan daha ağıllı, daha hazırcavab olduğunu öz əyanlarına göstərmək üçün bir gün Mollanı yanına çağırtdırır.
Mollanı saraya gətirirlər. Teymur qəsdən onu uzun müddət qapıda gözlətdikdən sonra qəbul edir.
Molla da Teymuru hələ heç görməmiş imiş. Onun çolaq olduğunu da bilmirmiş. İçəriyə girib görür ki, Teymur bir qıçını da qabağa uzadıb oturub. O da gəlib Teymurun qabağında əyləşir, bir qıçını da onun kimi qabağa uzadır. Mollanın bu hərəkəti Teymura yaman toxunur. Elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. Fikrində tutur ki, Mollanı təhqir eləsin. Bir az ordan-burdan danışandan sonra deyir:
– Mən sənin haqqında çox eşitmişəm. Elə bilirdim ki, sən doğrudan da ağıllı bir adamsan, amma səhərdən söhbət eləyə-eləyə ha fikir verirəm, tapa bilmirəm ki, məsələn uzunqulaq bir eşşəklə sənin aranda nə təfavüt var? Molla heç özünü pozamadan deyir:
– Siz haqlısınız, qibleyi- aləm. Bu saat doğrudan da uzunqulaq bir eşşəklə mənim aramda çox böyük məsafə yoxdur.
Sonra Teymurla öz arasındakı məsafəni göstərib əlavə eləyir:
– Olsa-olsa, bu saat eşşəklə mənim aramda ikicə arşınlıq bir məsafə var.
Teymur qıpqırmızı qızarır. Ancaq heç bir söz deyə bilmir. Əmr eləyir xörək gətirirlər. Bir az yedikdən sonra Teymur ağzını Mollanın lap burnunun qabağında tutub bərkdən gəyirir. Molla başını qaldırıb, Teymurun bu ədəbsizliyinə heyran-heyran baxır. Teymur sevinir ki, Mollanı üstələyib. Tez deyir:
– Nuşcan de, Molla! Bizim yerlərdə gəyirmək doymaq əlamətidir.
Molla ona “nuşcan” deyir, sonra ağzını xörəklə doldurub, qəsdən Teymurun üzünə bərkdən səbr gətirir. Teymurun üz-gözü tüpürcək altında qalır. Qəzəblə qalxır ayağa ki:
– Sən nə ədəbsiz adamsan!
Molla əhvalını pozmadan deyir:
– “Allaha şükür” de, qibleyi- aləm! Bizim yerlərdə səbr gətirəndə qulaq asanlar “Allaha şükür” deyərlər. Əgər sən də Allahına şükür eləməsən, dalı bundan da pis gələcək.

Əncir nübarı

Mollanın həyətində bir əncir ağacı var imiş. Günlərin birində ağac çox gözəl bar verir. Molla fikirləşir ki, əncirdən padşaha nübar aparsın.
Səhər tezdən qalxır, əncirdən bir qab dərib, kamal-səliqə ilə padşaha aparır.
Fərraşlar Mollanı içəri buraxmırlar. Ənciri özləri alıb aparırlar.
Molla sarayın qarşısında əyləşib gözləməkdə olsun, bu tərəfdən də bir dəstə fərraş bir neçə dustaq gətirir. Qapıda dustaqları təhvil verəndə görür ki, biri əskikdir. Demə, fərraşların kahallığından yolda dustaqların biri əkilibmiş. Üzlərinə söz gəlməsin deyə fərraşlar qapıda oturmuş Mollanı da tutub dustaq adına təhvil verirlər. Yazıq Molla nə qədər qışqırır, yalvarırsa bir şey çıxmır. Kişini döy-sındır aparıb qatırlar zindana. Əncirin mükafatı zindan olur.
Günlər keçir, həftələr dolanır, aylar başa çatır. Molla qalır zindanda. Günlərin birində, necə olursa, Teymur Ləng zindana gəlir. Mollanın nə üçün tutulmuş olduğunu soruşur. Molla əhvalatı danışır. Teymur əmr eləyir ki, Mollanı azad eləsinlər. Sonra soruşur:
-Sənin əncirin də mənim xoşuma gəlmişdi. De görüm məndən nə istəyirsən?
Molla deyir:
– Qibleyi- aləm mən o əncir üçün sizdən o qədər görmüşəm ki, daha başqa mükafat istəməyə üzüm gəlmir. Xahiş eləyirəm, əmr eləyəsiniz mənə bircə dənə iti balta versinlər.
Teymur soruşur:
– Baltanı nə eləyirsən?
Molla deyir:
Heç zad. Əlimdən bircə bu gəlir ki, o əncir ağacını dibindən kəsim.

Qazı evdədir

Şəhər qazısının Molladan çox acığı gəlirdi. Bir gün bir məsələdən ötrü Molla qazının yanına getməyə məcbur olur. evinin qabağına çatanda qazının pəncərədən baxıb çəkildiyini görür. Molla qapını döyür. Qazının nökəri qapıya gəlib, xəbər alır:
– Kimi istəyirsən?
Molla deyir:
– Qazını görəcəyəm.
Nökər deyir:
– Ağam evdə yoxdur, bazara gedib.
Molla deyir:
– Qayıdanda ağana deyinən ki, bazara gedəndə bir də başını yadından çıxarıb pəncərədə qoymasın. yoxsa xalq elə bilər ki, evdədir.