Sevgi payız üçün də, qış üçün də xoşməramlı səfirdir

Fotoqalereya

Rəhman Babaxanlı Hər ötən sevgidən bir payız gəlir…

Hər ötən sevgidən bir payız gəlir,
Hər sönən ulduzdan gələn işıqtək.
Gəlir, bağrımızın başını dəlir,
Yada qismət olan evtək, eşiktək.

Hər ötən sevgidən bir payız gəlir…
Mən kimə “hə” dedim, kimə “yox” dedim.
Mən kimi sevirdim? Bilən olmadı…
Məni kim sevirdi?- Mən də bilmədim.

Hər ötən sevgidən bir payız gəlir…
Dərd sarı yarpaqdır, qəm – sarı simdir…
Mənim məhəbbətim cavab istəmir,
Mənim məhəbbətim mənim bəsimdir!..

Hər ötən sevgidən bir payız gəlir,
Dünya düşür gözdən qara pul kimi…
Allahın altında padşah olaydım,
Duraydım qapında qara qul kimi!..