Müzakirə

Gəlin gəlməmiş ev təmiz olmaz. Gəlini sərvət deyil, şərəf bəzəyir. Gəlin qız atamın yox, anamın qızıdır.
Atalar sözləri

30-40 il əvvəl gəlin olmayan nadir olardı, gəlin gözləməyən ailə heç təsəvvürə gətirməmk mümkün deyildi. Amma bütün niyyətlər çin olandan sonra, görürsən ki, nə bu gəlin gözləyən əhdinə sadiq deyil, nə də gəlin özü gəldiyi yerə səadət gətirə bilib.
Bəziləri gənlərin gözəlliyini car çəkirsə, bəziləri dad edir. Bəs niyə gəlinlər Cənnət xalaların ümidlərini doğrultmur?
Pozulmuş nikahlarla bağlı statistikanı nəzərdən keçirmək kifayətdir ki, ailə institunun başı üstünü qara buludlar aldığını görəsən: “
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən, son iki (2023 və 2024-cü il) ildə ölkədə nikahların sayında azalma tendensiyası davam edir. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7% və ya 4 692 azalaraq 49 508-ə düşüb (Bax: https://www.turkustan.az/news/society/110333).
Hörmətli oxucular, mətbuatdan oxuduqlarımıza, cəmiyyətdən eşitdiklərimizə əsasən, bunun səbəbini daha çox iqtisadi çətinliklə bağlayırlar. Onda, guya, imkanları başlarından aşan ailələrdə ailə münasibətləri əladan əladır? Belə ailələrdə ehtiyac olmur, çətinlik olmur? Amma birdən ” dövrani-fələk” təsinə dönsə, bu ailənin ailə problemi də sadə ailələrin problemindən ikiqat, üçqat çox olur. Allah eləməsin, onlar da bizim qandandır, sadəcə,fikrimizi aydınlaşdırmaq üçün dedim. Aclıq da olmasın, amma sərvətə hərislik də ailələrimizi acılara sürükləməsin.

Amma son illər ölkəmizdə boşananların sayında artım müşahidə olunur. Təkcə 2024-cü ildə 21 384 boşanma halı qeydə alınıb.
Statistikaya nəzər salsaq görərik ki, 2023-cü ildə 21 688, 2022-ci ildə 15 983, 2021-ci ildə 17 191, 2020-ci ildə isə 14 628 boşanma qeydə alınıb. Boşanma nisbəti 2023 və 2024-cü illərdə 2.1 səviyyəsində olub.
Mətbuatda boşanma hallarının dinamikasını əks etdirən məlumatlar ciddi narhatçılıq doğurur. Məsələn, Naftalanda hər 1000 nəfərə düşən boşanma nisbət 3.6-dır. Qarabağ zonasında boşanma nisbəti xüsusilə təşviş doğurur: Şuşada boşanma nisbəti əhalinin hər 1000 nəfərinə 3.2-dir. Xocavənddə bu göstərici 3.0, Xocalı, Zəngilan, Qubadlıda bu nisbət 2.8, Kəlbəcərdə 2.4, Füzuli, Ağdam 2.3, Laçında isə 2.1-dir. Bu zonaya aid olmayan Göygöl və Yevlaxda da eyni vəziyyətdir: Göygöldə hər 1000 nəfər 2.6, Yevlaxda isə 2.5 olmuşdur.Bu fakt da diqqəti cəlb edir ki, boşananlar arasında yaşı 50-dən yuxarı olanlar üstünlük təşkil edir.
Dövlət Statistika Komitəsinin mıtbuata verdiyi açıqlamalara görə, 2020-ci ildə yaşı 50 və daha çox olanlar arasında boşanmaların ümumi sayı 2802, 2021-ci ildə 3386, 2022-ci ildə 3047, 2023-cü ildə isə 4010 olub. Bu, 2015-ci illərə qədər bu yaşlarda olamuş şəxslər arasında boşanmaların ümumi sayından çox olmuşdur
Məsələn, 2023-cü ildə 50-54 yaşlı kişilər arasında boşananların sayı 1111 olub ki, bunun 80-i 5 ilə qədər, 101-i 5-9 il, 355-i 10-19 il, 575-i isə 20 il və daha çox müddət evli olan şəxslərdir.
Həmin ildə 50-54 yaşlı qadınlar arasında boşananların sayı 699 olub. Onlardan 82-si 5 ilə qədər, 54-ü 5-9 il, 112-si 10-19 il, 451-i isə 20 il və yuxarı evlilik müddəti olan qadınlardır. Göründüyü kimi, evlilik müddəti çox qısa sürmüşdür. Bir qədər obrazlı desək, bir ömrü 5-10 il başa vurana qədər tərəflər yorulmuşlar.
Təşviş doğuran hal bir də budur ki, evlilik bağları getdikcə də etibarsızlaşmaqdadır. Mətbuatın verdiyi məlumatlara əsasən, 55-59 yaşlı 1141 nəfər boşanmaq üçün məhkəməyə müraciət edib. Onlardan 723-ü kişi, 418-i qadın olub. Boşananlardan evlilik müddəti 20 il və daha çox olanlar arasında müraciət daha
Boşananlar arasında 60 yaş və yuxarı yaş kateqoriyasında olanların sayında da artım müşahidə olunur. 2023-cü ildə bu yaşda boşananların ümumi sayı 1059 olub, bu göstərici 2022-ci ildə 802, 2021-ci ildə 856, 2020-ci ildə isə 705 olub.
Yaşı 59-dan çox olan şəxslər arasında boşananların 117-nin evlilik müddəti 5 ilə qədər, 76-sı 5-9 il, 114-ü 10-19 il, 752 nəfərin isə evlilik müddəti 20 il və daha uzun müddət olub.
Mütəxəssislərin gəldikləri qənaətə görə, evlilik bağlarının bu cürə zəifləməsinin arxasında sosial, iqtisadi və psixoloji faktorlar dayanır.
Sovet dövründə ailəni qorumaq əsas hədəf sayılırdısa, indi fərdi xoşbəxtlik ön plana çıxıb. Ailə tərəfləri ailəni qorumaq üçün mübarizə aparmağa deyil, fərdi sərbəstliyə, fərdi rahatlığa üstünlük verirlər. İnsanlarla söhbət edəndə də hiss edirsən ki, insanlar dolanışığı, mənzil şəraitini çox vurğulayırlar. Əlbəttə, arzu olunandır ki və gənclərimizin haqqıdır ki, rahat yaşasın. Amma şəxsi rahatlıq yağlı kökə kimi hədiyyə edilmir. Ailə də eyş-işrət bağlılığı demək deyil: birgə mübarizə, birgə səylərlə qazanılan və yaşadılan səadətdir.
Hörmətli Oxucular, bəs Siz necə fikirləşirsiniz: sevən və sonra da ailə qurmuş gənclərimiz arasında sevgi bağları nə üçün belə zəifdir?
