Tarixdə bu gün

İlin 350-ci günü (uzun illərdə 351-ci).
İlin sonuna 15 gün qalır.

Mühüm hadisələr:

1991 — Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılmışdır.


1991 — Naxçıvan MR Ali Məclisi 31 dekabrı Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günü kimi rəsmiləşdirmişdir.

Doğuml günləri:

1898— Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri olmuş Xalq rəssamı Qəzənfər Ələkbər oğlu Xalıqov Qobu qəsəbəsində dünyaya gəlmişdir.
Azərbaycan Dövlət Rəssamlıq texnikumunda təhsil almışdır. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışmışdır.
Xalıqov həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərmişdir.
30-cu illərdə qrafika sahəsində Qəzənfər Xalıqov İsmayıl Axundov, Kazım Kazımzadə, Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstəriblər.
Nizami Gəncəvinin 1940-cı ildə çəkilmiş bədii təsviri Qəzənfər Xalıqova məxsusdur.
Rəssam 1 mart 1981 –ci ildə 82 yaşında vəfat etmişdir.
Abşeron rayonunun Qobu qəsəbəsində Q. Xalıqovun şərəfinə orta məktəb və küçə adlandırılmışdır.

1927 – Akademik Cəmil Bahadur oğlu Quliyev Ağdamda dünyaya göz açıb.
Cəmil Quliyev 1972–1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru,1976–1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru işləmişdir.
1976–1991-ci illərdə və 1997-ci ildən 2007-ciilədək Azərbaycan MEA Rəyasət Heyətinin üzvü, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü olmuşdur.
C.B.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət Mükafatı Laureatıdır. 1997-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
C.B.Quliyev 7 cildlik «”Azərbaycan tarixi”nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə “Naxçıvan ensiklopediyası” (1999-2002) çapdan çıxmışdır.
27 dekabr 2010-cu ildə vəfat etmişdir.

1934 — Məşhur şair, Azərbaycanın Əməkdar incəsənət xadimi Tofiq Qulam oğlu Bayram (Tofiq Bayram) Bakı şəhərində anadan olmuşdur.
1954-1959 -cu illərdə APİ-nin tarix fakültəsində təhsil almışdır . Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında başlamış və 1959-1960-cı illərdə şöbə müdiri işləmişdir. 1960-1961-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi , 1961 – 1964-cü illərdə M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında Ədəbi hissə müdiri,
1964-1968-ci illərdə “Ulduz” jurnalı redaksiyasında, 1968-1978-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri ,1978-ci ildə “Yazıçı” nəşriyyatında baş redaktor müavini işləmişdir.
T.Bayram bir müddət yaradıcılıqla məşğul olmuşdur. Lope de Veqanın “Hiyləgər məşuqə” pyesini tərcümə etmişdir.
A.T. Tvardovskinin “Yaddaşın hökmü” poemasının tərcüməsinə görə 1988-ci ildə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülmüşdür.
1991-ci il aprelin 19-də vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur.

1961—”Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1979-cu ildə Bakı şəhərində Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi əla qiymətlərə başa vuraraq, Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. Buna görə də, 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində, 4 il sonra isə “Molodyoj Azerbaydjana” qəzetində işləməyə başlayıb.
O, tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı. Ailəsi, iş yoldaşlan ondan bərk nigaran idilər. Dəfələrlə onun döyüş bölgəsinə getməyinin qarşısını almağa çalışsalar da, heç nəyə nail ola bilmirdilər.
1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus “UZ 469” markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşın atəşə tutulmasə nəticəsində xaincəsinə qətlə yetirilmişdir.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:

1979 — Bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Mustafazadə 39 yaşında Daşkənd şəhərində vəfat etmişdir.
V.Mustafazadə 16 mart 1940-ci ildə Bakı şəhərində İçərişəhərdə anadan olmuşdur.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının (“Tallin-66”, “Tbilisi-78”, Monte-Karlo) laureatı olmuşdur.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi “Caz-Muğam” adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülür .
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaratmışdır.

2011– SSRİ Xalq artisti , müğənni Firəngiz Yusif qızı Əhmədova 83 yaşında Bakıda vəfat etmişdir.
Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
O, rus və Qərbi Avropa bəstəkarlarının operalarını da Azərbaycan operaları kimi , müvəffəqiyyətlə çıxış etmişdir.
Firəngiz Əhmədova 1989-cu ildən ildən Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərir. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Bayramlar və xüsusi günlər:

16 dekabr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!