Tarixdə bu gün
İlin 1-ci günü

Mühüm hadisələr:

1813 — Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Lənkəran qalasını alıblar.
1841 — Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsəsən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla İmereti quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bölündü.
1929 — SSRİ rəhbərliyi Azərbaycanda ərəb qrafikalı əlifbanın istifadəsinə qadağa qoymudur.
1934 —Həftəlik “Ədəbiyyat qəzeti”nin ilk sayı çapdan çıxıb.
1940 – Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib.
Doğum günləri:

1883— Nasir, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov) Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur.
İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.
Bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. “Şahzadə və Əbdül” (1902), “Can yanğısı” (1903), “Fəhlə” (1906) və s. əsərlərini qələmə almışdır. Rus dilində yazdığı “Şahzadə və Əbdül” əsərini yazıçı Əzizə xanım Cəfərzadə ana dilimizə tərcümə etmişdir (1959). “Duman” (1904), “İlan”, “Fəhlə” (1906), “Ərdoy dərəsi” (1910), “Məcnunun Leyliyə məhəbbəti” (1910), “Cəng” (1910),”Dan ulduzu” (1911) və s. hekayələri, “Parlaq ulduz” (1912) felyetonu və s. kimi əsərləri də vardır.
“Can yanğısı” (1958), “Şahzadə və Əbdül” (1966) və “Seçilmiş əsərləri” (1981) kütləvi tirajla nəşr edilmişdir.
1936-cı il yanvarın 6-da vəfat etmişdir.

1907— Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayev Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. 1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur.
1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək keçənlər arasında idi. Atəş altında irəliləyən baş serjant tezliklə düşmənin dəzgahlı pulemyotunu məhv etdi və sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi.
Bu igidliyinə və şəxsi şücaıtinə görə Şöhrət ordeninin 1,2,3-cü dərəcələri ilə təltif olunmuşdur. Bundan başqa o Lenin ordeni ilə də təltif edilmişdir.
SSRİ Ali Sovetinin fərmanı ilə baş serjant Musayev Mərdan Məmməd oğluna 3 iyun 1944-cü il tarixində Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
25 mart 1982-ci ildə 75 yaşında vəfat etmişdir.

1924 — Ədəbiyyatşünas, prоfеssоr Vaqif Vəliyev Qazax rayonunun Pirili kəndində doğulmuşdur.
ADU-nun filologiya fakültəsində təhsili almışdır. Orada aspiranturaya daxil olmuş, “Səməd Vurğunun poemaları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. “Azərbaycan folkloru janrları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1976-cı ildən həmin kafedranın professoru kimi fəaliyyət göstərmişdir.
Dövri mətbuatda şifahi xalq ədəbiyyatı problemlərinə dair vaxtaşırı məqalələri çıxmışdır. “Ayrım bəzəmələri” və “Bayatılar” kitablarını toplayıb tərtib etmişdir.
1998-ci il sentyabrın 19-da vəfat etmişdir.

1930 —Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Məmməd Mahmud oğlu Məmmədov Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, 1952 -ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. (1952-1955) -ci illərdə aspiranturada oxumuş, (1958) -ci ildə ” Cəlil Məmmədquluzadənin bədii nəsri” mövzusunda namizədlik, (1969) -cu ildə isə ” M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin “Dram və nəsr əsərləri”nin (Bakı, 1958) və M.Ə.Sabirin ” Hophopnamə ”sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, (1962, 1965), iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir.
9 aprel 2006-cı ildə 76 yaşında vəfat etmişdir.

1933 — Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyev Gürcüstanın Borçalı bölgəsinin Marneuli rayonunun Sarvan kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Borçalı Pedaqoji Texnikumunda (1948-1952), 1952-1957-ci illərdə isə ADU-nun fılologiya fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
Görkəmli alim, yazıçı və pedaqoq professor Mir Cəlal Paşayevin elmi rəhbərliyi ilə “Tiflis ədəbi mühiti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1970-ci ildə yazıçı Mirzə İbrahimovun yaradıcılığına həsr edilmiş doktorluq dissertasiyasını müdafiə etmişdir.
1964-1974-cü illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, professor olmuşdur, 1974-1979-cu illərdə əvvəlcə ədəbiyyat kafedrasının, sonra isə Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir.
1979-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərməyə başlamışdır. O, burada əvvəlcə professor, sonra isə kafedra müdiri seçilmişdir.
Abbas Hacıyev 1960-cı illərdən başlayraq çağdaş ədəbi prosesə dair dəyərli məqalələrin müəllifi olan ədəbiyyatşünas-tənqidçi kimi də tanınır. Mirzə İbrahimov, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Elçin və bir çox digər ədiblərin yaradıcılığı, müasir ədəbi prosesin inkişaf meylləri haqqında monoqrafiya və məqalələr yazmışdır.
Bütün yaradıcılığı boyu müasir ədəbi prosesi izləyən Abbas Hacıyevin müxtəlif janrlı müasir ədəbiyyat nümunələrinə dair bir sıra dəyərli tənqidi əsərləri var.
Ali məktəblərin filologiya fakültələri üçün bir çox proqram və dərsliklərin, o cümlədən ali təhsil müəssisələri üçün Azərbaycanda ilk sanballı “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin müəllifidir. Ədəbiyyatşünaslığın nəzəri məsələlərinə, mətn poetikasına, ədəbi prosesin mahiyyətinə dair araşdırmalar aparmışdır.
21 yanvar 2011-ci ildə 78 yaşında vəfat etmişdir.

1937 —Məşhur aktyor, Xalq artisti Eldəniz Zeynalov anadan olub.
Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb.
Tələbə ikən Eldar Quliyevin “Bir cənub şəhərində” filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb.
İlk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.
Kinoda ilk rolu Adil İsgəndərovun rejissoru olduğu “Əhməd haradadır” kinokomediyasında Rəngsaz Əhməd idi. Onu tanıdan film isə rejissor Eldar Quliyevin “Bir cənub şəhəri”ndə Tofiq obrazı oldu.
Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.

1948 — Azərbaycanın Milli Qəhrəmanı Mehdi Abbasov Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutmuşdur.
1981-cı ildə Mehdi Karakanda Pedaqoji İnstitutuna daxil olmuşdur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnmiş və təyinatla kənd məktəblərinin birinə göndərilmişdir. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi “SSRİ idman ustası” idi. O, 1989- cu ilin noyabr ayında daxili işlər orqanlarında işləməyə göndərilmişdir. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirmişdir.
Ölkəmizə erməni xəyanəti başlayanda Mehdi Vətənə döndü. DİN-nin XTMD-ndə rota komandiri kimi xidmətə başladı.
Abbasov Mehdi göstərdiyi şücaətə görə “Mixaylo” ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. “Mixaylo”nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Mehdi Abbasov bu döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.
1963 — Azərbaycanın Milli Qəhrəmanı Mübariz Əhmədov Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-79-cu illərdə kəndlərindəki beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna qəbul olunub. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunub. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur.
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər, lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi. Onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsa da, həyatını xilas etmək mümkün olmur: cəsur komandir gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Sabirabad rayonunda büstü qoyulmuşdur.

1972 — Məşhur alpinist, 2013-cü ilin 19 may tarixində Yer kürəsinin ən yüksək zirvəsi olan Everest zirvəsində üçüncü dəfə Azərbaycan bayrağını qaldıran şəxs olaraq tarixə keçmiş Murad Aşurlu Murad Aşurlu 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsilini Moskva şəhərində aldıqdan sonra ABŞ-a köçüb. O, son illər ABŞ-da aparıcı telekommunikasiya şirkətlərindən birinin top-meneceri vəzifəsində çalışırdı.
2007-ci ildə Şimali Amerikanın ən yüksək nöqtəsi – Makkinli zirvəsini, 2013-cü ildə isə Everesti fəth edib. Murad Aşurlu 21 oktyabr 2014-cü ildə Himalay dağlarında 6856 metr hündürlüyə malik məşhur Ama Dablam zirvəsindən enərkən qəzaya uğrayıb.
Bildirilir ki, “7 zirvə” kommersiya ekspedisiya qrupuna daxil olan Murad Aşurlu 8 digər alpinistlə birlikdə Ama Dablam zirvəsinə uğurla qalxıb. Lakin geri qayıdanda faciləvi şəkildə itkin düşüb.
Ekspedisiyanın başlamasından əvvəl Murad “Finding your Everest” (“Öz Everestinin axtarışında”) adlı kitabı üzərində işi yekunlaşdırıb. Kitab yaxın gələcəkdə ABŞ-da dərc ediləcək.
Vəfat etmişdir:

2001— Məşhur heykəltəraş, Xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı 86 yaşında vəfat etmişdir.
Cəlal Qaryağdı 1915-ci ildə iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası və nənəsi böyüdüb.
Cəlal 1927-ci ildə Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunub. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirib, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışıb. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayıb.
Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var. Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir. İçərişəhərin qala divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli Cəlal Qaryağdının ilk böyük işlərindən biridir. C.Qaryağdının monumental-dekorativ heykəltəraşlıq əsərləri bədii ifadəliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Nəriman Nərimanovun heykəli , Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidəsi, Azərbaycan heykəltəraşlığının qiymətli nümunələri sırasına daxildir.

2022 – Görkəmli diplomatı, ictimai xadim Ramiz Abutalıb oğlu Abutalıbov 85 yaşında vəfat etmişdir.
Ramiz Abutalıbov 1937-ci il oktyabr ayının 27-də ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Xarici Ticarət və İctimai Elmlər Akademiyalarında davam etdirmişdir. 1980-1984-cü illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin Xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır. R. Abutalıbov 1971-1979, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Katibliyinin – YUNESKO-nun əməkdaşı olmuşdur. 1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi vəzifələrində işləmişdir.
Ramiz Abutalıbov, Azərbaycan Cümhuriyyətinin 1920-ci ildə süqutundan sonra mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin araşdırılmasında, xaricdə arxiv sənədlərinin tapılmasında xüsusi rol oynamışdır. Bu əvəzsiz tarixi sənədlərin toplanmasında və Azərbaycana gətirilməsində R. Abutalıbovun böyük zəhməti vardır. Bu sənədlərlə bağlı on iki kitabın müəllifidir. Onların səkkizi Moskvada, üçü Bakıda, biri isə İstanbulda çap olunmuşdur. Dağlıq Qarabağ münaqişəsinə dair 1989-1992-ci illərdə Fransada çap olunmuş dörd kitabın tərtibçisi və naşiridir.
Parisdə 1989-cu ildə “Azərbaycan evi” assosiasiyasının yaradıcılarından biridir. O, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,”İçərişəhər” (2000-ci il) və “Muğam”(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri olmuşdur.
Bakı Media Mərkəzi 2016-ci ildə R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında “Əbədi ezamiyyət” sənədli filmi çəkilmiş və “Qərib məzarlar” kitab-albomu nəşr edilmişdir.
4 yanvar 2022-ci ildə II Fəxri Xiyabanda dəfn edilib.
Bayram və xüsusi günlər:

Yeni il bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir .
Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, müxtəlif içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayana qədər silinir və s…