Tarixdə bu gün
İlin 9-cu günü.
Mühüm hadisələr:

1792 —Türkiyə və Rusiya arasında Yassı sülh sazişi imzalanıb.
1919 —İstanbulda ADR-in Xarici İşlər Naziri Əlimərdan bəy Topçubaşovla görüş zamanı İranın xarici işlər naziri məmalik Əliqulu xan “Azərbaycanın problemlərindən çıxış yolu” kimi İranla birləşməyi məsləhət görüb.
1951 —BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.
1990 – Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını hədəfləyən dair daha bir sənəd – “DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” qərar qəbul edib.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti qərarı respublikanın suverenliyinə qəsd olaraq qiymətləndirib və SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edib.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti isə , sadəcə, Ermənistanın bu addımını pisləyən qərar qəbul etməklə kifayətlənmişdir.
1994 –Azərbaycanla Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
Doğum günləri:

1903 – Azərbaycan aktyoru, milliyyətcə acar olan Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə Batum (Batumi) yaxınlığındakı Canivri kəndində doğulub.
I Dünya müharibəsi Ülvini təhsilini atıb, gündəlik çörəkpulu qazanmaq məcburiyyətində qoyub.
Müharibə qurtaranda Batuma qayıdan Ülvi həmin il buraya qastrola gəlmiş Hüseyn Ərəblinski ilə tanış olur. Onun “Otello” tamaşasındakı baş rolu Ülvini necə məftun edirsə, həyatını teatra bağlamaq qərarına gəlir. Çox da uzun çəkməyən bu unudulmaz “Azərbaycan qastrolu” onun sənət taleyini həll edir. Bütün aktyorlarla səmimi ünsiyyət yaradır, bir neçə tamaşada epizodik rollar oynayır və hətta “Arşın mal alan” operettasında səhnəyə (qəflətən xəstələnmiş aktyorun əvəzinə) Soltan bəy rolunda çıxır. Bu qeyri-adi “debüt-istedad” elə həmin gündən onun Batum teatr truppasına qəbul edilməsinə səbəb olur. 1922-ci ildə həmin teatr Tiflisə qastrola gəlir və Ülvi burada Azərbaycan teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. Bu tanışlıq Ülvi Rəcəbin Tiflisdə qalmasına, o dövrün məşhur “Zubalov evi”ndə fəaliyyət göstərən “Azərbaycan dram cəmiyyəti”nə daxil edilməsinə səbəb olur. “Ölülər”, “Dağılan tifaq”, “Aydın” və s. tamaşalardakı çıxışları az sonra onu şəhərdəki Azərbaycan Dram Teatrına cəlb etdirir. Uca boylu, aydın diksiyalı, emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor müxtəlif operetta, dramatik və faciə rollarında uğur dolu sənət elementlərilə çıxış edir.
1924-cü ilin yayında Tiflisdəki Azərbaycan teatrının baş rejissoru Aleksandr Tuqanov Bakıya – Milli Dram Teatrına dəvət olunur. Ülvi Rəcəbin istedad-yaradıcılıq imkanlarına yaxşı bələd olan və gələcəyinə böyük ümid bəsləyən Tuqanov onu da Bakıya çağırır. 1925-ci ildən burada fəaliyyətə başlayan gənc tezliklə teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadənin dublyoru səviyyəsinə yetişir. Hətta, çox keçmir ki, teatr mütəxəssisləri onun ifa etdiyi rolları şərti bölgülərlə təsnifatlandırırlar da; “Qəhrəman obrazları”, “Faciə qəhrəmanları”, “Dramatik surətlər”, “Məhəbbət aşiqləri”, “Lirik-psixoloji” və s.
Ülvi Rəcəb Azərbaycan Milli Dram Teatrının ən qüdrətli sənətkarlarından idi ki, realist-romantik oyun üslubuna geniş və yaradıcı bir psixologizm dərinliyi, lirik-dramatik ahəngdarlıq gətirib.
1931-ci ildə Bakı Türk İşçi Teatrının hazırladığı “Sevil” tamaşasında təkrarsız bir Balaş oynayıb. Rus Dram Teatrında hazırlanan “Otello” tamaşasında tamaşaçıların illərlə müzakirə və sevə-sevə bəhs etdikləri “Qeyri-adi Otello” yaradıb və sair…

1949 – Xalq artisti İlham Namiq Kamal (Əhmədov) Bakı şəhərində anadan olub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ Xalq artisti Adil İsgəndərovun və Xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin “Jorj Danden” satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad (“Aydın”, Cəfər Cabbarlı), Şvester (“Meteor” Fridrix Dürrenmatt), Lomov (“Elçilik”, Anton Çexov), Rekrutçu (“Sahildə Bir Ev”,Stefan Sveyq), Baş katib (“Sehirli Kreslo”, Friteş Korinti), Molla Səbzəli (“Üləma Məclisi” Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb.
1993-cü ildə özünün “İlham” Miniatür Teatrını yaradıb. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rollarda oynayır.
1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, “Estrada sənəti” kafedrasının müdiridir. 4 övladı var: qızları – Qumru, Qumral, oğlanları – Ülvi, Ziya.
25 iyun 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
10 mart 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb.

1959 – Azərbaycanın Milli Qəhrəmanı Mətləb Kamran oğlu Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur.
İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur.
Hərbi xidmətini isə Ukraynada keçimişdir. Əsgərlikdən sonra Azərbaycan Pedaqoji İnstituna daxil olmuşdur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi göndərilmişdir. 1992-ci ildən polis sıralarına qəbul edilmişdir.
Mətləb Quliyev erməni təcavüzü başlayandan tez-tez cəbhə bölgələrinə ezam olunmuşdur.
1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları bir neçə yüksəkliyi ələ keçirmişdilər. Mətləb pulemyotla qənim kəsilmişdi. Çoxlu sayda erməni yaraqlısını məhv edən Mətləbin mərmisi tükənmək üzrə idi. Ermənilər onu mühasirəyə alaraq hər tərəfdən atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Mətləb Kamran oğlu Quliyevə sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Vəfat etmişdir:

1903 — Tarixçi, şair Əhməd bəy Cəfərqulu bəy oğlu Cavanşir 74 yaşında vəfat etmişdir. Əhməd bəy Cəlil Məmmədquluzadənin qayınatası, Pənahəli xan Sarıcalı-Cavanşirin nəticəsidir.
Əhməd bəy 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlmişdir. 15 yaşına qədər molla yanında oxumuşdu.Əhməd bəy 1828-ci ildə Kəbirli mahalının Kəhrizli kəndində dünyaya gəlmişdir. 15 yaşına qədər molla yanında oxumuşdu. Sonra rusca öyrənmişdi. 1843-ci ildə Mehdiqulu xan Cavanşirin xahişinə görə, çar I Nikolay Əhməd bəyi Pеtеrburqa tələb еdir və onu dövlət hеsabına Pavlov kadеt korpusuna qəbul еdir.
O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul еdirdilər. İzdihamlı Sankt-Pеtеrburq mühitinə düşən Əhməd bəy rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili mükəmməl surətdə öyrənə bilir.
1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayеviç adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır.
1853-cü ildə Krım müharibəsi başlandı. Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu Isgəndər bəy könüllü olaraq cəbhəyə gеtmişdilər, Qafqaz cəbhəsində rus əskərləri ilə çiyin-çiyinə 2000 nəfərə qədər azərbaycanlı döyüşürdü. Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında vuruşurdu. Döyüş mеydanında göstərdiyi igidliyə və qoçaqlığa görə Əhməd bəy ordеnlə təltif еdilmiş və ona ştabs-rotmistr rütbəsi vеrilmişdi. Lakin Əhməd bəyə orduda uzun müddət xidmət еtmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla iştirak еtdiyi duеldə qolundan yaralanmış olduğu üçün 1854-ci ildə tamamilə hərbi qulluqdan gеtməyə məcbur oldu.
1854-ci ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada təssərüfat işləri ilə məşğul olmağa başlayır. Rus ordusundan istеfaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit köhnə kənddə yеni qaydalar yaratmaq istəyirdi. Buna görə də o, xalq arasında “Urus Əhməd bəy” ləqəbini almışdı.
XIX yüzilin 60-cı illərinin sonunda Əhməd bəy Vərəndə sahəsinin murovu vəzifəsinə təyin еdilir. O, həm də taxıl yеrlərini sulamaq üçün Arazdan su çıxartmaq işi ilə də məşğul olurdu. Uzun əziyyətdən sonra Əhməd bəy 8 vеrst uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Gavur arxı ilə birləşdirir. Azərbaycanı Rusiya sənayеsinin xammal mənbəyinə çеvirməyə çalışan çar hökuməti hеç bir vəsait sərf еtmədən yеrlərdə suvarma işlərini yaxşılaşdırmağa və bеləliklə də çoxlu xammal əldə еtməyə çalışırdı. Ona görə Qafqaz canişinliyi idarəsi hələ XIX yüzilin 60-cı illərinin axırlarında Mil düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir nеçə dəfə xüsusi komissiyalar göndərmişdi. Lakin tərkibində hətta hollandiyalı suvarma mütəxəssisləri də olan bu komissiyalar hеç bir qəti tədbir görə bilmədilər. Çünki bu layihələrin həyata kеçirilməsi “külli miqdarda xərc tələb еdirdi”. Qarabağın yеrli bəydəri də Gavur arxını “…arx və arxın suvardığı bütün torpaqların 99 il ancaq onların istifadəsində” qalması şərti ilə bərpa еtmək istəyirdilər. Lakin onların da cəhdi hеç bir nəticə vеrmədi. Nəhayət, 1866-ci ildə Əhməd bəy, Zərgər, Dilağarda, Yağləvənd və Şahsеvən camaatının köməyi ilə cüzi bir məbləğdə və hökumətlə hеç bir formal əlaqə yaratmadan həmin arxı qazdırmağa başladı və Arazdan çıxarılan suyu məşhur Gavur arxı ilə birləşdirmək kimi çətin bir məsələni həll еtdi.
Əhməd bəyin sonrakı məktublaşmalarından aydın olur ki, hökumət Əhməd bəyin təcrübə və təşəbbüsünu nəzərə alaraq, göstərilən kanalı yеnidən bərpa еtmək üçün daha bir təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis Bеxmanın fikri ilə razılaşaraq Gavur arxını bərpa еtməyi qərara aldı. Bu məqsədlə 1881-ci ildə plan layihəsi hazırlandı. Lakin bu layihə kağız üzərində qaldı.
Suvarma məsələsi ətrafında gеdən məktublaşmalar göstərir ki, Əhməd bəy su təssərüatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə qazdırdığı kəhrizlər də suvarma sahəsində çalışan bir çox tədqiqatçıların nəzər-diqqətini cəlb еtmişdi.
1883-cü ildə Əhməd bəyin qonağı olmuş mühəndis Vеys fon-Vеyssеnqof yazır ki, “Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər boyu apardığı müşahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış еdərək, qazdırdığı kəhrizləri ətraflı surətdə tanış olmağa mənə imkan yaratdı”. X1X əsrin 70-ci ilərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin həqiqətən bəy silkinə mənsub olduğunu müəyyən еtmək məqsədilə yaradılmış Şuşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında ətraflı surətdə danışmadan, qеyd еtmək lazımdır ki, bəy və ağaların əksəriyyəti vеrgi və mükəlləfiyyətlərdən azad olmaq üçün saxta sənədlər (xan fərmanları, təliqələr və s.) düzəldərək özlərinin bəy silkinə mənsub olduqlarını sübut еməyə çalışırdılar. Lakin Əhməd bəy bu saxtakarlığa qarşı müqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu. Ona görə də Firudin bəy Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənlri onu həbs еtdirib, bir nеçə vaxt həbsxanada saxlatdırdılar.
Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində kеçirərək tarix və ədəbiyyata and kitabları mütailə еdir, müxtəlif əsərlər yazır və tərcümə ilə məşğul olurdu.
Əhməd bəy “Asari-Əhməd bəy Cavanşir” adlı şеrlər, “Türk zərb-məsəllər məcmuəsi” adlı folklor örnəkləri, “1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair” adlı tarix kitablarının müəllifidir.
Əhməd bəy və öz vəsiyyətinə görə Kəhrizli kəndində dəfn еdilmişdir.
Əhməd bəy Mülkicahan xanımla ailə qurmuşdu.Aslan bəy, Məhəmməd bəy adlı oğulları, Həmidə bəyim adlı qızı vardır.

1991 — Azərbaycan jurnalisti, “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova Laçından Şuşaya gedərkən Qaladərəsi kəndi yaxınlığında qətlə yetirilib. Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir.
1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Nazim Quliyev qəhrəmancasına həlak olmuşdur.
Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.
Nazim 1991-ci ildə Füzuli rayonunda polis orqanlarına işə qəbul olunur. Xidməti vəzifəsini şərəflə yerinə yetirən Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində rəşadətlə vuruşmuşdur.
9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Bununla da əsgərlərimiz və texnika buradan çıxarıla bilmişdi. Lakin Nazim bu döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

2016— Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub (Yaqubov Zəlimxan Yusif oğlu 65 yaşında vəfat etmişdir.
Zəlimxan Yaqub 1950-ci ildə Borçalı mahalının Kəpənəkçi kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. İlk şeiri 1966-cı ildə Gürcüstanın “Qələbə bayrağı” qəzetində dərc edilib.
O, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 1995-2005-ci illər Azərbaycan Respublikasının Milli Məclisinin birinci və ikinci çağırış deputat seçilib. 2008-ci ildən ömrünün sonunadək Azərbaycan Aşıqlar Birliyinin sədri olub. İctimai-siyasi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri ilə təltif edilib, 2005-ci ildə “Azərbaycanın Xalq şairi” fəxri adına layiq görülüb.
“Məmməd Araz” ədəbi mükafatı (1995) ilə, “Şair harayı”, “Vətən yaralar”, “Sizi qınamıram” və “Ziyarətin qəbul olsun” kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), “Şöhrət” ordeni və Gürcüstan Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir.an Respublikasının “Şərəf” ordeni ilə təltif edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.