Hər günə bir lətifə – Gülmək bizi şən-şux saxlayır

Yumor

Gülüş stressi azaldan, immunitet sistemini gücləndirən, ürək sağlamlığını dəstəkləyən, ağrıları yüngülləşdirən və xoşbəxtlik hormonlarını ifraz edən təbii bir dərman kimidir; qan təzyiqini tənzimləyir, əzələləri məşq etdirir, qan dövranını sürətləndirir və hüceyrələri yeniləyir ki, bu da ümumi fiziki və psixoloji sağlamlığı yaxşılaşdırır, zehni və bədəni canlandırır və daha uzun və xoşbəxt bir həyata töhfə verir.

Molla ehtiyacdan tez-tez bir baqqaldan borc alırmış. Amma borcu çox çətinliklə qaytara bilirmiş.
Yenə də Molla baqqala borclu düşür. Elə bil ki, zəhrimara qalmış pul da daşdan çıxırmış. Molla nə qədər çalışır, vuruşursa, baqqalın borcunu
verə bilmir. Day, elə olur ki, baqqal hər gün qapıda söyüb savaşır,Mollanı biabır eləyir. Axırı bir gün Molla bir kələk düzəldir. Qapının qabağındakı açıqlıq yeri belləyib qaratikan əkir.
Axşam pəncərədən baxırmış, bir də görür ki, baqqal budu, bir əlində imanı, bir əlində tumanı küpəgirən qarılar kimi mırt vura-vura gəlir. Molla tez arvadını öyrədib , özü pəncərənin dalında gizlənir. Baqqal gəlib çatır, qapını döyür, arvad çıxır.
Baqqal soruşur:
– Hanı Molla?
Arvad deyir:
– Neyləyirsən? Evdə yoxdur.
Baqqal deyir.
– Oturacağam buradaca. Pulumu almamış buradan tərpənəsi deyiləm.
Arvad Mollanın öyrətdiyi kimi başlayır:
– Baqqal qardaş, başına dönüm, hirslənmə! Burada da oturma. Daha işimiz düzəlib. Molla pul yeri tapıb. İnşallah, bir neçə vaxtda sənin pulunu düzəldib verəcəyik.
Baqqal sevincək tez soruşur:
– Nə pul yeri tapıb? Nə vaxt verəcəksiniz?
Arvad deyir:
– Bax, bu qaratikanları görürsən? Bunu Molla özü əkib bura.
Baqqal deyir:
– Hə, nə olsun? Qaratikandan mənə nə?
Arvad deyir:
– Qulaq as da!.. Bizim bu qapıdan hər gün səhər-axşam qoyun sürüsü keçir. Biz də bu tikanları buraya əkmişik ki, qoyunlar buradan keçəndə yunları ilişsin bu tikanlara. Sonra biz hər gün o yunları yığacağıq.
Mən darıyacağam, əyirəcəyəm, corab toxuyacağam, Molla da aparıb satacaq, sənin pulunu düzəldib verəcəyik. Daha burada bir şey yoxdur ki, hirslənirsən.
Arvadın bu sözlərinə baqqal özünü saxlaya bilməyib ucadan gülür.
Baqqalın gülməyini eşidən Molla tez başını pəncərədən çıxardır ki:
– Hə!.. Lotu!.. Görürsən, işin düzəlib gülürsən…

**********


Bir gün, bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Heç, evdə köhnə bir cecim var. Gedib ondan yeni xurcun tikəcəkdim.

**********


Mollanın ərdə iki qızı var imiş. Bir gün bu fikrə gəlir ki, gedib hər ikisinin keyfini soruşsun. Durub qabaqca gəlir böyük qızının yanına. Bir az ordan-burdan söhbət eləyəndən sonra qız deyir:
– Kürəkənin bu il buğda əkib. Mənə də söz verib ki, əgər yaxşı yağış yağıb, bol məhsul olsa, mənə bir dəst ipək paltar alsın.
Molla yağışın yağması üçün bir az dua eləyir. Sonra durub kiçik qızının yanına gedir. Burada da bir qədər söhbətdən sonra kiçik qız deyir:
– Kürəkənin çoxlu pambıq əkib. Bu saat hamısı güldü. Deyir əyər yağış yağıb pambığı xarab eləməsə, mənə bir dəst paltar alacaq.
Molla burada da yağışın yağmaması üçün dua eləyir, sonra durub gedəndə deyir:
– Bala, dünyanın işi belədi. Bacının birinə yağış lazım olur, birinə quraqlıq. Atanın da əlindən o gəlir ki, hər ikisi üçün dua eləsin.

************


Bir dükançı həmişə piti bişirib, yeməyini dükanda yeyərmiş. Bir gün bu, piti yeyəndə dükana bir neçə tanış müştəri gəlir. Dükançı ağızucu onları da dəvət eləyir. Müştərilər eləmə tənbəllik, süfrə qırağında əyləşib başlayırlar yeməyə.
Pitinin suyunu yeyib qurtaran kimi dükançı:
-Bu da dədəmə qalsın, – deyib pitinin ətini götürür.

***********

Molla bir gün, bir naşı dəlləyin əlinə düşür. Dəllək ülgüclə onun başını bir neçə yerdən kəsib, yerinə pambıq yapışdırır. Mollanın gözü birdən aynaya sataşır, elə ki, başındakı pambıqları görür, dik qalxıb əmmaməsini qoyur başına, düzəlir yola. Dəllək deyir:
– Molla, hara belə? Hələ başının yarısı qalıb.
Molla deyir:
– Elə hamısına pambıq əkmək olmaz ki? Yarısına da özüm yun əkəcəyəm.

*************

Bir gün Bəhlul Danəndədən soruşurlar:
– Evlənmək barədə heç düşünmüsənmi?
Cavab verir:
– Mən kamil bir qadınla evlənmək istəyirdim. Bunun üçn çox gəzdim, çox aradım. Dəməşqdə biri ilə rastlaşdım, gözəl idi, amma dünyadan xəbərsiz idi. İsfahanda ağıllı bir qadın tapdım, amma gözəl deyildi. Qahirədə isə həm gözəl, həm də ağıllı bir qız rastıma çıxdı…
Soruşurlar ki, bəs onda nə üçün evlənmədin?
Cavab verir:
– Təəssüf ki, o da kamil ər axtarırdı!

*************

Günlərin birində, Molla bərk azarlayır. Qonum-qonşu, qohum-qardaş, eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollanı yoluxmağa. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan, bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir, hıqqıldaya-hıqqıldaya deyir:
— Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah, ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.

Mənbə: İnternet