Mövqe

“Üzük” deyəndə gözlərimiz önünə (isim, qadın cinsi) hərfi mənada ortasında boşluq olan dairəvi hər hansı dəyirmi metal və ya qeyri-metal əşyalar, zəncir halqası, üzük və ya köhnə sırğa gəlir. Adətən, qaşlı və ya qaşsız olur, barmaqlıq funksiyasını daşıyır. Sözün kökü ərəb dilindədir.

Etimoloji mənasına gəldikdə isə, pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun fikrincə, “üzük” sözü etimoloji olaraq türk dillərində “üzmək” (ayırmaq, qoparmaq) feli ilə bağlıdır və “qızı ailədən üzür/ayıran” mənasını ifadə edir, çünki nişan rəmzi olaraq qızın ailəsindən ayrılıb başqa evə gedəcəyini simvolizə edir. Üzük eyni zamanda sonsuz bir dairə olaraq sevgini, şirin xatirələri dövrəyə almaq mənaları ifadə edərək, ruhların əlaqəsini və birlikdə bir ömür vədini təmsil edir.
Üzüklərin sayı çoxdur, növü çoxdur, qiymət göstəriciləri çoxdur. Dünyanın ən bahalı nişan üzükləri, adətən, çox yüksək karat dəyərinə malik nadir rəngli brilyantlardan hazırlanır. Vikipediya məlumatlarına istinadən, Dünyanın ən bahalı nişan üzüyü təxminən 72 milyon dollar dəyərində olan və unikal 59,6 karatlıq çəhrayı brilyantla bəzədilmiş çəhrayı ulduzlu almaz hesab olunur. Məşhurlar arasında ən bahalı nişan üzüyü dünyaca məşhur amerikalı müğənni, bəstəkar və aktrisa Meray Kerinin (10 milyon dollar), daha sonra
Elizabet Teylorun (8,8 milyon dollar) üzükləridir.
Bu məlumatlar, bu dəyərlər vikipediyanındır.
Meray Keri iki dəfə evli olub: 1993-1998-ci illərdə Tommi Mottola, 2008-2015-ci illərdə isə Nik Kennonla. Kennondan Morokkan və Monro adlı əkizləri var. O, 2016-cı ildə milyarder Ceyms Pakerlə nişanlansa da, sonradan ayrılıb və 2016-2023-cü illərdə xoreoqraf Brayan Tanaka ilə münasibətdə olub. 2024-cü ildə anası və bacısını itirib. Merayın yeni 33 yaşlı sevgilisi rəqqasdır, müğənni onu konsertləri ərzində komandasına kreativ direktor təyin edib. İki dəfə Oskar Mükafatı Laureatı qazanmış Elizabet Teylor dövrünün ən ikonik aktrisalarından biri idi.
Onun ailə həyatı da çox fırtınalı olmuşdur: 8 dəfə ailə münasibətləri qurmuşdur.
Üzüklər baha, amma onların rəmzi olduqları sevginin, ailə həyatrınn dəyəri qat-qat aşağı. Əlif Ay adlı bir türk şairinin aşağıdakı misraları lap yerinə düşür:
Üzük bağlanmaz,
Bir insanı digərinə: kişini qadına.
Üzük, sadəcə, bir simvoldur,
Sevgi adına, sevgi adına.
Mənə belə gəlir ki, XX əsrin ortalarından üzübəri gəldikcə, üzüklər, sadəcə, filənkəsin qızının “hə”sinin artıq verildiyini bildirmək üçün vizual vasitəyə çevrilib. Heç eşitmisiniz Qızıl toylarını, Brilyant toylarını edənlər haqqında. Belələri hər bölgəmizdə, kəndimizdə olub və onlar bizm nənələr və babalardır. Onların nişan üzükləri Meray Kerinin, Elizabet Teylorun üzüyündən mənim hesablayıb üzə çıxara bilmədiyimdən çox aşağı olub, ucuz olub. Amma vəfa, yaxşı mənada təslimiyyət qiymətləri mənim hesablayıb üzə çıxara bilmədiyimdən çox baha…
Çox təəssüf ki, bizim ailə-əxlaq dəyərlərimizin başı üstünü qara buludlar almaq üzrədir. İdeoloji qalalarımızı yenidən qurmalıyıq, maarifləndirmə qayğılarımızı , nə gizlədim, 40-50 il bundan əvvəlki səviyyəyə qaytarıb, o meyarlarla davam etdirməliyik

Ağa Laçınlı – Üzük
Bəxtimin üzünə gülübdür üzün,
Sevincim sel kimi qaynayıb daşır.
Toydan beş il sonra aldığım üzük
Xınalı əlinə necə yaraşır!
Sən bir kəndçi qızı, mən bir tələbə,
Evləndik… evimiz olmadı ancaq.
Uymadın dərzilər saldığı dəbə,
Keçdi təqaüdlə hər dolanacaq.
Evləndik… güldün də utanmağıma,
Dedin bu qayğıyla üzmə özünü.
Qırmızı sap bağla boş barmağıma,
Olsun toy üzüyü, nişan üzüyü.
Bu da yoxsulluğun uzanan ömrü,
Üzürlər istədim hey dönə-dönə.
Bir payız pul yığdım üzükdən ötrü,
Qaçıb qış papağı tikdirdin mənə.
Dolandı fəsillər. Qış getdi yaya.
Amansız olmadıq zamanımıztək.
Qaldı nişanımız toydan sonraya,
Yaşadı ürəkdə üzüklü istək.
Bir gün biz yollandıq dükana sarı,
Aldıq üzüyünü nişanımızın.
Mən sənə verdiyim o yadigarı
Yazdırdın adına uşağımızın…
Fikrət Qoca – Üzük
Qız, nişan üzüyü çox bahalıdır,
Göstərib üzümə gendən baxırsan.
Bəlkə sənin evin dağılmalıdır,
Bəs mənim evimi niyə yıxırsan?!
Qızıl görməmişdin, sən ay görməmiş?
Qızıl sarısına indi yanmısan.
Üzük sahibinə könül verməmiş,
Niyə barmağında buxovlamısan?
Ağlaşma qurmusan sən gülə-gülə,
Gözü yumulusan, əli çıraqlı.
Mən də elimizin adəti ilə,
Dili kilidliyəm, qolları bağlı.
Sən öz istəyinə çata bilərsən,
Səndə o atəş var, səndə hünər var.
Üzüyü çıxardıb ata bilərsən,
Üzündə üzüyün sarısı qalar.
Indi məhəbbət yox, qeyrət yeridir,
Yolçu gərək düşsün yolun ağına.
Üzük bir cavanın ümidləridir,
Ümidi dolama öz barmağına.
Sənə könül verdi, sənə inandı,
Eşqinlə alışdı, cəfanı çəkdi.
Üzük o ürəkdən bir damla qandır,
Əlini yumaqla getməyəcəkdir.
Nüsrət Kəsəmənli – Nişan üzüyü
Kaş elə yanaydım, sönməz olaydım,
Ayrılıq getmişdim, dönməz olaydım.
Xınalı əlini görməz olaydım,
Gözümü kor etdi nişan üzüyün…
O isti nəfəsin bir bahar idi,
Qəlbimi dağladan intizar idi,
Bəlkə barışmağa ümid var idi,
Səni məndən etdi nişan üzüyün…
Niyə fələk bizə vermədi aman?
Ayrılıqmı oldu arada duman?
Səninlə əl-ələ görüşən zaman
Əlimi kül etdi nişan üzüyün…
Bəlkə də üz-üzə çıxmarıq yenə,
Bu nişan üzüyün qəsd etdi mənə,
Nə deyim, sevgilim, nə deyim sənə?
Dünyamı dağıtdı nişan üzüyün…
Sənə son sözümü deyib gedirəm,
Əlinə son dəfə dəyib gedirəm,
Mən səndən ömürlük küsüb gedirəm,
Səni məndən aldı nişan üzüyün…
Vaqif Bəhmənli – Üzük
O vüsal günləri hayana düşdü,
Var imiş könlümü qırmağın sənin.
Nə vaxtdan bu üzük payına düşdü: –
Alışıb yanaydı barmağın sənin…
Səni bəxş etdilər nə bilim kimə,
Mənim sevməyim də bir günah imiş.
Həsrətin zəhərli gülləymiş demə,
Bu kövrək ürəyim nişangah imiş.
Nəfəsim alışıb gör necə yandı.
Yalvarram, o qızdan aralan, üzük!
Bəxtimə dolanan qızıl ilandır,
Sənin barmağında saralan üzük.
Tutub ürəyimi qərib bir giley,
Kədəri quzeyin daşı boydadır.
Gözümdə sozalıb, kiçilib hər şey,
Dünya da üzüyün qaşı boydadır.
Köçdüm gözlərinə günün birində,
Varlığım qəlbində durmadımı bəs?
Sənin o nişanlın bəbəklərində
Mənim nişanəmi görmədimi bəs?
Daş yerə çırpılıb əzilmişəm mən,
Ağrı qatar-qatar əzikdən keçər.
Yaman incəlmişəm, nazilmişəm mən
Varlığım sap kimi üzükdən keçər.
Bir haray bənd olub könülə, gözə,
Təmiz məhəbbəti günah sayıblar.
Səni bir oğlana, bir könülsüzə
Məni də kədərə nişanlayıblar…
Qismət – Hardasa ağladı bir qızıl üzük
Hardasa ağladı bir qızıl üzük
Saydıqca özünü məğrur və böyük,
Oldun öz əhdinə, vəfasız dönük.
Hardasa ağladı bir qızıl üzük,
Hansısa dodaqlar öpüşsüz qaldı…
Məhəbbət xəttləri qırıldı bir gün,
Ayrılıq qılıncı sıyrıldı bir gün,
Dəlicə sevənlər ayrıldı bir gün,
Bir gün sevgililər görüşsüz qaldı…
Puç oldu deyilən o gözəl sözlər,
Çağladı bir anda çaylar, dənizlər,
Qəfildən ağladı o gülən gözlər,
O vaxtdan bir oğlan gülüşsüz qaldı…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.