Mövqe


Artıq kommunikasiya əsridir: telekanallar, mətbu subyektlər çoxalıb. Amma ekranların sayı artdıqca, sanki məsuliyyət azalır. Dəyərlər bayağılaşmağa başlayıb.
Bu gün ekranlarda sevgi axtarılır. Efirlərdə ailə qurulur, efirlərdə ailə dağılır. Şəxsi faciələr reytinq naminə sərgilənir. Ana övladını, kişi ailəsini, insan ləyaqətini unudanda belə, buna “şou” deyilir. Ən təəssüfedici məqam da budur ki, nə özü, nə də sənəti təqdirə layiq olmayan “şou nümayəndələri” manşetlərdən və efirlərdən düşmür. Oxuduqları diringidir: mətn var, amma məzmun yoxdur. Tanınmaq istəyi var, amma dəyər yoxdur.
Televiziya bir vaxtlar ailələr üçün əsl bir mədəniyyət ocağı idi, əxlaq məbədi idi. İndi isə bəzən ailənin içindəki yaraları nümayiş etdirən səhnəyə çevrilib. Efirdə ər axtaranlar, arvad axtaranlar… Şəxsi dramlar tamaşaya qoyulur, ailə faciələri reytinq xatirinə sərgilənir.
Bir ana iki-üç uşağını qoyub başqa həyata qoşulur — bu hadisə dərd kimi yox, sensasiya kimi təqdim olunur. Bir kişi evdə birini göz yaşında qoyur, başqa bir məkanda yeni münasibət qurur — bu da “şou mövzusu”na çevrilir.
Bəs uşaqlar? Bəs ailə anlayışı? Bəs cəmiyyətin mənəvi dayaqları? Görmürsünümü aşınma gedir. Şairimiz çox haqlı demiş:
Arvadına “az” deyənlər,
Başqasına “xanım” deyir.
Çağırıb “qanmaz” deyənlər,
Fahişəyə canım deyir.
Bu misralar təkcə satira deyil — mənəviyyatımızın üzünə tutulmuş bir aynadır. İkiüzlü insanların ikiüzlü münasibətlərini, ucuzlaşan sevgini, hörmət adı altında gizlənən riyakarlığı göstərən bir aynadır. Sözün ucuzlaşdığı, münasibətlərin nümayişə çevrildiyi bir dövrün acı etirafıdır.
Bu gün ekranlarda sevgi şouya çevrilir. Efirdə ailə qurulur, efirdə dağıdılır. Sözlər asan deyilir, vədlər asan verilir, bağlar asan qopur.
Amma, bizim ibrətamiz sevgi nümunələrimiz var ki, heç bir xalqda buna rast gəlinməz.
Baxın, Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçi Mehman Musayevin dəfn mərasimində çıxış edən nişanlısı Sevda Əliyeva: Mehman Musayev itkin düşəndən sonra onun valideynləri bu xəbərə dözə bilməyib rəhmətə getdilər, mən isə ailə qurmadım. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim. Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşum olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım.
Budur sevgi. Səssiz, səbirli, ləyaqətli sevgi.
32 il …

Bu sevgi səhnəyə çıxmır. Kamera qarşısında nümayiş olunmur. Manşet axtarmır. Bu sevgi səbirli, sakit və ləyaqətlidir. Bu sevgi 32 il gözləyir…
Cəmiyyətə sevgi dərsi efirdə axtarılan “bəy” və “gəlin”lər yox, belə talelər verməlidir. Çünki sevgi — sadəcə, hiss deyil. Çünki sevgi — sadəcə, şou deyil. Sevgi məsuliyyətdir. Sevgi vədini qorumaqdır. Sevgi bir insanın adını ömrünə yazmaqdır.
Bəs bizim əksər televiziyalarımız və şou mətbuatı
gənclərimizə hansı nümunəni göstərir? Sözlə qurulan, sabah dağılan münasibətlərimi? Yoxsa ömrünü bir ada bağlayan sədaqətimi?
Televiziya keçicidir. Reytinq keçicidir.
Amma ləyaqətlə yaşanan sevgi tarix olur.
Bu torpağın tarixində isə belə sevgi nümunələri çox var.
Onları unutmaq yox, arayıb üzə çıxarmaq, nümunə kimi təqdir etmək lazımdır. Cəmiyyət gənclərə sevginin nə olduğunu şoudan yox, belə talelərdən öyrətməlidir. Çünki sevgi sadəcə birlikdə yaşamaq deyil — ləyaqətlə gözləmək, vədini ömrünlə qorumaqdır. Ekran, sadəcə, əyləncə vasitəsi deyil. O, həm də tərbiyə meydanıdır. Orada göstərilən hər səhnə, deyilən hər söz cəmiyyətin yaddaşına yazılır. Əgər biz dəyəri ucuzlaşdırsaq, sabah dəyərsizliyin nəticəsi ilə üz-üzə qalacağıq.
Televiziya işıq saçmalıdır, kölgə yox. Lap tutaq ki,hansı modelsə, şou müğənnisə cəmiyyətin qəbul etmədiyi şəkillər paylaşıb, özünəməxsus etik görüşlərini ifadə edib, qoy qalsınyerində, sən niyə tirajlayırsan onu.Sənə baxıb digərləri də “reytinq xatirinə hücum”a keçməməlidir.
İdeoloji tribunalarımız ailə və mənəvi dəyərlər xəttini gücləndirməlidir, şounu deyil.
