Tarixdə bu gün

İilin 62-ci (uzun illərdə 63-cü) günü.
Mühüm hadisələr:
1891 – Futbolda penalti tətbiq edildi.
Doğum günləri:

1863 –Rusiya İmperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini və Sovet hərb xadimi Əliağa İsmayıl ağa oğlu Şıxlinski Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şairimiz Molla Vəli Vidadinin nəvəsi idi.
1883-cü ildə orduda hərbi xidmətə başlayan Şıxlinski hərb sənətinin sirlərinə yiyələnməyə çalışırdı. Bütün bu uğurlu addımlar onu Peterburq artilleriya məktəbinə gətirdi. 1886-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirən Ə. Şıxlinski 1904-1905-ci illər Rus-Yapon müharibəsində batareya komandiri kimi ön cəbhədə qəhrəmanlıqla vuruşmağa başladı. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınc”la mükafatlandırıldı.
Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə o, Azərbaycanın ilk hərbi generallarından oldu, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.
1914-cü ildə I Dünya müharibəsi zamanı Petroqrad şəhərinin artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olundu.
1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında dövlətin hərbi işi Azərbaycanın iki görkəmli oğluna tapşırıldı. Artilleriya general-leytenantı Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri, daha bir artilleriya general-leytenantı Əliağa Şıxlinski isə hərbi nazirin müavini təyin edildi. Qısa zaman ərzində bu iki şəxsiyyətin gərgin səyləri ilə Azərbaycan ordusu yaradıldı. Ordunun xeyli cəbbəxanası formalaşdı.
1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Düşmən öz hiyləgərliyindən istifadə edərək müqavimətsiz təslim olmaq üçün gənc Azərbaycan Demokratik Respublikasına altı şərt irəli sürdü. Bu şərtlərdən biri də Azərbaycan ordusunun ləğv olunmaması idi. Əliağa Şıxlinski qan tökülməsinin qarşısını almaq üçün, həm də 72 minlik qoşunla vuruşmağın mümkünsüz olduğunu nəzərə alaraq minalanmış körpülərin partladılmasına icazə vermədi. İşğaldan sonra isə imperiya yetkililəri verdikləri sözlərə əməl etmədilər. Azərbaycan ordusu hissə-hissə dağıdıldı. Sovet imperiyası iki dahi şəxsiyyətə – Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə isə toxunmadı. Ən azı ona görə ki, hərbi ixtisasçı kimi onlar əvəzolunmaz idi.
Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başladı. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.
1928-ci ildə “Rusca-Azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edildi. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.
Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.

1912 – Əməkdar mədəniyyət xadimi, yazıçı, tərcüməçi, məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabının müəllifi Süleymanov Manaf Fərəc oğlu İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur.
Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır.
Əmək fəaliyyətinə Qaradağ Neft-Qaz Mədənləri İdarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun Neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.
Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir.
Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilmişdir.
Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, 1918-1920-ci illərində Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirmişdir. Bu kitabların yazılmasında o, keçmiş SSRİ-nin və Azərbaycandakı Dövlət Arxivlərində 30 ilə yaxın çalışmış qiymətli sənədlər əldə edərək gələcək nəsillərə qiymətli tarix, zəngin ədəbi irs toplamışdır. Bütün bu sənədləri Manaf Süleymanov 1988-ci ildən başlayaraq vaxtaşırı Salman Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində mühafizəyə təqdim etmişdir. Sənədlər əsasında onun 636 saylı şəxsi fondu yaradılmışdır. Şəxsi fondundakı sənədlər nəşr olunan kitablarının müxtəlif variantlarından, xatirələrindən, qeydlərindən, məktublarından ibarətdir.
Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır. Onun əsərlərinin ilk əlyazmaları sözsüz doğma Azərbaycan dilindədir, lakin ərəb əlifbasındadır. M. Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. “Şagirdlik illərim” adlı xatirəsi daha maraqlıdır. “Azərbaycan diyarı. Lahıc” ədibin Vətən, ocaq sevgisinin parlaq təsviridir.
Onun 636 nömrəli şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və sair arxiv sənədləri də qorunur.
Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir.

1926 — Məşhur şairə şairi, ədəbiyyatşünas alim , Əməkdar incəsənət xadimi Hökumə İbrahim qızı Billuri Cənubi Azərbaycanın Zəncan şəhərində dünyaya göz açmışdı.
10-15 yaşında Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Şimali Azərbaycana köçmüşlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirkdən sonra 1947-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur. Amma ürəyindən niskil heç çəkilmədi. Zəmanəsinin tanınmış ədəbiyyatşünas alimi, son dərəcə həssas, diqqətçil insan Əli Sultanlı Hökumə xanımla universitetin auditoriyasında tanış olub, onun şeirlərindən məmnun qaldığını bildirib. “Qızım, sənin yaradıcılığından zövq alıram. Getdiyin yol çətindir, amma şərəflidir. Sənə ürəyincə uğurlar arzulayıram” deyib. Eyni zamanda Əli Sultanlı gənc şairin ilk “Mənim arzum” və “Ölməz qəhrəman” kitabları haqqında “Ədəbiyyat və incəsənət” qəzetində geniş məqalə də dərc etdirib. Tələbəlik illərini uğurla başa vuran Hökumə Billuri “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində işə qəbul olundu. Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən uzaqlarda” şeirlər toplusu işıq üzü gördü. Çox keçmədi ictimai-siyasi fəaliyyətini nəzərə alıb onu Azərbaycan Demokrat Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin Baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il orada işlədi, ürəyindəki arzuları poetik misralarla, publisistik qeydlər vasitəsilə də oxuculara çatdırdı. Lakin poeziya onun varlığından, damarlarından, qanından süzülüb gəlirdi. İstəsə də, ondan ayrıla bilmirdi.
Hökumə Billuri 1963-cü ildə “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcə almışdır. Bir il sonra Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsinə dəvət olunmuş, ömrünün sonuna qədər orada çalışmışdır. Hökumə Billuri Əməkdar incəsənət xadimi fəxri adına, müxtəlif fərmanlara, diplomlara layiq görülmüşdür. “Ürək dustaq oldu dərdə, fərağa” desə də, onun ömründən bugünümüzə daim anılan unudulmaz xatirələr yadigar qalmışdır.
Hökumə Billuri 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir.

1937 — Gpkəmli dilçi və ədəbiyyatşünas alim, professor Qəzənfər Şirin oğlu Kazımov Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur.
Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı kolxozçu idi.
Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə “Ə. Haqverdiyevin dramaturgiya dili” adlı namizədlik, 1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər” (komizmin dil vasitə və üsulları problemi)adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə Müdafiə Şurasının sədr müavini (1990-1994), sonralar Ali Attestasiya Komissiyasında Ekspert Şurasının üzvü (1996-1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə Elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; hazırda Elmlər akademiyasında fəaliyyətini davam etdirməkdədir.
300-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqram müəllifidir. 40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizəd yetişdirmişdir.

1953 – Məşhur Azərbaycan yazıçısı Fərman Kərimzadə Qərbi Azərbaycanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış , orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir . Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır .
İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur. Sonra “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir . Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C. Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında kollegiya üzvü , “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru işləmişdir.
F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilmişdir), “Qoca qartalın ölümü” və sair məşhur əsərlərin müəllifidir.
F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.
Vəfat etmişdir:

1996 — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi, kino rəssamı, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov 67 yaşında Bakıda vəfat etmişdir.
Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub.
1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır.
1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb.
1963-1978-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur.
“Yenilməz batalyon” filminin , “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək”, “Dədə Qorqud”, “Dörd bazar günü” (bədii), “Fransa qəhrəmanı”, “Nabran”, “Sizi dünyalar qədər sevirdim”, “Tələ”kimi sənədli və bədii filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.

2018 — Azərbaycanın Əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam Elçin Muxtar oğlu Aslanov 84 yaşında Bakıda vəfat etmişdir.
Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub.
1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyaların müəllifidir.
Elçin Aslanov 1982–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinə rəhbərlik edib.
2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Xüsusi günlər və bayramlar

Martın 3-ü Beynəlxalq Yazıçılar Günü kimi qeyd olunur.
Beynəlxalq PEN-Klubun 48-ci konqresinin qərarına əsasən, bu əlamətdar gün 1986-cı ildən qeyd edilir. 1921-ci ildə təşkil edilən PEN-Klub isə yazarların beynəlxalq birliyi olaraq müəyyənləşdirilib.
Beynəlxalq Yazıçılar Günü həm də sülh və dünyanın ayrı-ayrı ölkələrində yaşayan yazıçıların həmrəyliyi məqsədilə yaradılıb.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.