Tarixdə bu gün
İlin 63-cü (uzun illərdə 64-cü) günü.

Doğum günləri:

1968 –Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi də burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.
Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərmişdir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra Azərbaycan Bayrağı ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Təzə Alvadı kəndində dəfn edilmişdir.
Təzə Alvadı kənd orta məktəbi və kənddəki park qəhrəmanın adını daşıyır.

1985— Azərbaycan karateçisi, 5 dəfə dünya, 10 dəfə Avropa çempionu Rafael Mahir oğlu Ağayev 4 mart 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
7 yaşından futbolla, eyni zamanda ilk məşqçisi Rəfael Məmmədovun məktəbində karate ilə məşğul olmağa başlayıb. İlk milli yarışlarda iştirak etməklə o, diqqəti cəlb etmiş və respublikanın ən məşhur idman klublarından biri olan “Budokan”da məşq etməyə dəvət almışdır.
Rəfael beynəlxalq yarışlarda ilk dəfə olaraq milli yığma komandanın tərkibində 1997-ci ildə, Mişkolsda (Macarıstan) keçirilən açıq Dünya Kubokunda iştirak etmişdir. Növbəti il o, İngiltərənin açıq çempionatının qalibi olmuş və bundan sonra, heç bir yarışdan medalsız geri qayıtmamışdır.
2003-cü ildə 21 №-li orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Təkmübarizlik fakültəsinə daxil olmuş, 2007-ci ildə oranı güləşmə və onun metodikası – karate üzrə məşqçi-müəllim ixtisası üzrə bitirmişdir.
Rəfael Ağayev 2015- Avropa Oyunlarında 75 kiloqram çəki dərəcəsində karatenin “kumite” növü üzrə döyüşmüş, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirmişdir. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanmış, qızıl medala sahib olmuşdur.
Vəfat etmişdir:

1919 — Azərbaycan aktyoru və rejissoru, Azərbaycan peşəkar teatr sənətinin banilərindən biri – aktyor və rejisssor Hüseyn Məmməd oğlu Xələfov (Hüseyn Ərəblinski) 38 yaşında qətlə yetirilib.
Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində dünyaya gəlib.
Yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib.
Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.
1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.
Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır.
Həmin dövrlərdə qadınların teatrda çıxış etməsi qeyri-mümkün olduğundan qadın rollarını kişilər oynayırdılar. Qadın rolunda çıxış etmək üçün bığını qırxdıran Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Səhnəni hər şeydən üstün tutan, həyatının mənasını bunda görən Hüseyn Ərəblinski deyirdi: “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır.
Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasında Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello Hüseyn Ərəblinskinin ən uğurlu rolları sırasındadır.
Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb. Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

1989 — Tanınmış Azərbaycan yazıçısı Ənvər Yusifoğlu 75 yaşında Bakıda vəfat etmişdir.
Ənvər Yusifoğlu 15 yanvar 1914 ildə Yevlaxda anadan olmuşdur. Əslən, Ordubaddandır.
Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. “Yeni kənd” (Tiflis), “Kommunist” (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir.
Ənvər Yusifoğlu 1937 –ci ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir.
Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950-1956), “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat”) qəzetində, “Azərbaycan” jurnalında ədəbi işçi (1957-1965) vəzifələrində çalışmışdır.
Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. “Cərrahlar” (1967), “Gənclik illərinə sayahət” (1976) povestlərinin, “Düşmənimin düşməni” (1978) romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair “Maral Rəhmanzadə” (Bakı, 1968) adlı kitabın müəllifidir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əlabbas İsgəndərov 20 noyabr 1958-ci il Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.
1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi, erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər.
4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə o, qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmişdir.

2011 –İstedadlı aktyorumuz Elçin Qəzənfər oğlu Həmidov 52 yaşında Bakıda vəfat etmişdir.
Elçin Həmidov 1958-ci ildə 29 iyun-da Bakıda anadan olmuşdur.Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçin və bacı-qardaşları əmisinin himayəsində yaşamışdır.
1974 –cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə başa vurub.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib.
Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olmuşdur.
Elçin Həmidov istedadlı insan idi.Onun məlahətli səsi var idi və hər cür janrda ifa etməyi bacarırdı.Əsl bariton və soprano səsə malik idi.Tamaşalardakı çox musiqiləri ifa edir və tamaşalara xüsusi ahəngdarlıq və gözəllik qatırdı.O, hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyə çalışırdı. O, bənzərsiz aktyor idi.Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi.İstedadlı aktyor həmçinin “Planet Parni iz Baku” KVN teatrının əsas simalarından biri idi.O,bu teatrda gözəl obrazlar yaratmışdır.
Onun son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazı oldu.
2011-ci il 4 martda İstedadlı aktyor qəflətən dünyasını dəyişdi.
Aktyor Xırdalan qəbiristanlığında torpağa tapşırılmışdır.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.