Tarixdə bu gün
İlin 64-cü (uzun illərdə 65-ci) günü.

Mühüm hadisələr:
1831 – Lənkəranda Rusiya işğalına qarşı üsyan başlamışdır.
1992 – Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılmışdır. Parlamenti mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verməyə məcbur olmuşdur.
Doğum günləri:

1922 —Sovet İttifaqı Qəhrəmanı Qafur Nəsir oğlu Məmmədov Bakıda dünyaya göz açmışdır.
Müharibə başlayanda Qafurun 19 yaşı vardı. 1941-ci ilin avqust ayı idi. Qafur könüllü olaraq cəbhəyə yola düşür. Zaqafqaziya cəbhəsində 56-cı ordu tərkibində 323-cü dəniz piyada batalyonunda rabitəçi kimi iştirak edir. Qafur Məmmədov Tuapse şəhəri yaxınlığında aparılan ağır döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərmişdir.
Bu, döyüşdə o, düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv etmişdi. Son anda isə komandirini düşmən atəşindən qorumaq üçün sinəsini güllə qabağına vermiş, öz həyatı bahasına onun həyatını xilas etmişdir. “Leytenant qəhrəmanı qolları arasına aldı. Qafurun huşu bir anlığa özünə gəldi. Onun son sözü bu oldu:
“Ölürəm, yoldaş komandir… Məni yerə qoyun, düşməni təqib edin”.
1943-cü ilin 31 martında Qafur Məmmədova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir.
Bakıda bir bir gəmiyə, bir küçəyə, bir parka və bir dənizçilik məktəbinə onun adı verilmişdir.

1926 — Məşhur kimyaçı alim, professor, AMEA-nın müxbir üzvü Yunus Heydər oğlu Qəmbərov Füzuli rayonunun Kürdlər kəndində kəndli ailəsində anadan olub.
1944-cü ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul ol oranı unub, 1949-cu ildə fərqlənmə diplomu ilə bitirib. 1950-1952-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturasında oxuyub. 1952-1956-cı illərdə “Azxəzərneft” Birliyinin Antikorroziya xidməti kontorunda istehsalat şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1958-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunda aspirantura təhsilini başa vurub.
1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra “Piroliz” laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda “Karbohidrogen monomerləri” şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib. 1990-cı illərdə həmin institutun direktoru olub.
Elmi və elmi-ictimai fəaliyyətinə görə Yunis Qəmbərov hökumət tərəfindən yüksək qiymətləndirilib. O, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri və bir sıra medallarla təltif edilib.
Yunis Qəmbərov 1991-ci il sentyabr ayının 7-də qəflətən vəfat etmişdir.

1936 — Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olmuş Yaşar Vahid oğlu Qarayev Şəki şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur.
1946-cı ildə Yaşar Qarayevin valideynləri ailəliklə Bakıya köçmüşlər. Yaşzr Qarayev orta təhsilini də burada – 31 saylı şəhər orta məktəbində bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır.
Sonra Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini , daha sonra institutun direktoru vəzifəsində çalışmışdır .
Müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair çoxlu sayda əsərləri və elmi-nəzəri məqalələri çap olunmuşdur.
Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, “Yazıçı” nəşriyyatının bədii şurasının, “Azərbaycan” və “Ulduz” jurnalı redaksiya heyətinin, “Bilik” Cəmiyyəti rəyasət heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üzvü olmuşdur.
2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1953 –Azərbaycan Respublikasının Əməkdar artisti, ssenari müəllifi, aparıcı, redaktor, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti Gülşən Məmməd qızı Əkbərova Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Əslən Ordubadlı olan atası yazıçı-jurnalist Məmməd Əkbər 50 il Azərbaycan mətbuatında şərəflə, vicdanla xidmət edib.
Gülşən Əkbərova 1960-cı ildə Bakıdakı 190 nörmrəli orta məktəbə qəbul olunub, 1970-ci ildə oranı fərqlənmə attestatı ilə bitirərək , S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Uşaqlıqdan əhatəsində böyüdüyü ədəbi mühit, söz-sənət ab-havası onu atasının yolunu davam etdirməyə təhrik etdi.
Telejurnalistikaya sonsuz həvəsi elə ilk tələbəlik illərindən onu televiziyaya bağlayır. 17 yaşından ştatdankənar müxbir kimi “İlham”, “Sabahın ustaları”, “Dostluq”, “Efirdə gənclik” verilişlərində fəaliyyətə başlayır. 1971-1975-ci illərdə müəllifi və aparıcısı olduğu “Yaşıdlarım”, “Romans axşamı”, Azərbaycan televiziyasının ilk canlı şou proqramı “Tələbə klubu” az vaxtda ona populyarlıq gətirdi.
1975-ci ildə jurnalistika fakültəsində ali təhsilini müvəffəqiyyətlə başa vuran Gülşən Əkbərova, Azərbaycan Dövlət Teleradio Verilişləri komitəsinin tələbnaməsinə əsasən təyinatla 1975-ci il aprelin 1-də Azərbaycan televiziyasına işə götürülür. Təəccüblü olsa da onun ilk iş yeri televiziyanın diktorlar şöbəsində oldu. O zaman jurnalist ixtisasıyla ştatda baş yer olmadığından televiziyanın rəhbərliyi Gülşən Əkbərovanın tələbəlik dövründəki 5 illik efir təcrübəsini nəzərə alaraq onu müsabiqəsiz diktorlar qrupuna daxil edir. O, yeni sənətin – diktorluğun incəliklərinə yiyələndikcə tamşaçı auditoriyası qarşısındakı böyük məsuliyyətini anlayır və çalışqanlığıyla ali dərəcəli diktor səviyyəsinə çatır.
Müxtəlif vaxtlarda “Musiqi verilişləri” baş redaksiyasında, “Xəbərlər” baş redaksiyasında redaktor, müxbir, şərhçi kimi fəaliyyət göstərib. Eləcə də uzun illər “Xəbərlər” proqramının aparıcı diktorlarından biri kimi dövlət əhəmiyyətli rəsmi materialları, fərman və sərəncamaları təqdim edib, bayram nümayışlərində, hərbi paradlarda canlı yayınla kamera qarşısında reportajlar aparıb.
Onun müəllif və aparıcısı olduğu “Sənət sevincləri”, “Sənətkar ömrü”, “Dünya bir pəncərədir” silsiləsindən ədəbi-bədii proqramları, eləcə də Azərbaycanın iqtisadi, ictimai və mədəni həyatını əks etdirən (1975-1995-ci illər) reportajlar Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
Gülşən Əkbərova Azərbaycan Televiziyasının ilk dirtor-jurnalistidir. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Prezident İlham Əliyevin 2006-cı il noyabrın 4-də imzaladığı sərəncamla Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Gülşən Məmməd qızı Əkbərovaya Əməkdar artist fəxri adı verilmişdir.

1957 — Azərbaycan teatr və kino aktrisası, Xalq artisti Səidə Əbülfəz qızı Quliyeva Bakıda anadan olub.
1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib və həmin ildən də təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.
Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin “Heç nədən hay-küy” komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S.Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tarixi dramında Bəyim, Ş.Qurbanovun “Sənsiz” dramında Sevinc, Maksim Qorkinin “Həyatın dibində” əsərində Nastya, Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular”ında Qaraqoyunlu ana, Elçinin “Ah Paris! Paris!” komediyasında Firəngiz, Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində Həcər xanım, Nazim Hikmətin “Kəllə” dramında Qadın, Bəxtiyar Vahabzadənin “Dar ağacı”nda Ana, Elçinin “Qatil” əsərində Qonşu, Mir Cəlalın “Dirilən adam”ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Kərbəlayi Fatma, Abdulla Şaiqin “Eloğlu”nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin “Atayevlər ailəsində” əsərində Reyhan, “Sarıköynəklə Valehin nağılı”nda Reyhan, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” dramında Çiçək, “Qonşu qonşu olsa” əsərində Balacaxanım, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”sunda Gülər, Əli Əmirlinin “Bala-başa bəla”sında İzzət Nəfisli, Aqşin Babayevin “Nekroloq”unda Elmira, “Dəvətnamə”də Məleykə və s. kimi maraqlı obrazlar oynamışdır.

1995— Azərbaycan Silahlı Qüvvələrinin giziri Zaur Mübariz oğlu Ələsgərli Sumqayıt şəhərində anadan olub.
2001-2004-cü illərdə Sumqayıt şəhərində 13 nömrəli tam orta məktəbdə, 2004-2012-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə təhsil alıb.
Zaur Ələsgərli 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Ələsgərli 2020-ci il oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Vəfat etmişdir:

1993 — Məşhur Azərbaycan kino aktyoru və rejissoru Ceyhan Mirzəyev 47 yaşında vəfat etmişdir.
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Onun “Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə “Ögey ana”ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkib. “Mozalan”ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta “Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub.
Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırıldı.
Ceyhun Mirzəyev Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

1994— Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər Mirələsgər oğlu İbrahimov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Mirələkbər İbrahimov 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulmuşdur. Birinci sinfə burada getmiş sonra Bakı şəhərinə köçmüşlər.
O, hərbi hazırlıq müəllimi olub, 1993-cü ildə 5-ci Yasamal taborunun komandiri kimi cəbhəyə yollanıb, Füzuli rayonun Alxanlı, Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub, 1994-cü ilin yanvar-mart aylarında Füzuli rayonunun xeyli hissəsinin düşməndən azad edilməsində özünü bacarıqlı komandir kimi göstərib, martın 5-də Qorqan kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1994-cü il sentyabrın 16-da ona Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə işlədiyi 153 saylı orta məktəb onun adını daşıyır.
Bayramlar və xüsusi günlər

5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.