6 mart

Tarixdə bu gün

İlin 65-ci (uzun illərdə 66-cı) günü.

M.Ə.Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir.

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Doğum günləri:

1889 – Görkəmli dramaturq, şair, publisist, ədəbiyyatşünas, bəstəkar, ictimai xadim Həmzə Həkimzadə Niyazi    Kokand şəhərində həkim ailəsində anadan olmuşdur.

O, Abdulla Qədiri, Əbdurrauf Fitrət, Abdulla Avloni, Batu, Qulam Zəfəri kimi görkəmli sənətkarlarla bir sırada dayanan yaradıcı şəxs olmuşdur. H.H. Niyazinin də adlarını qeyd etdiyimiz istiqlal mücahidləri kimi xalqının milli oyanışında, cığatay (özbək) ədəbiyyatının demokratik ruhda inkişafında xidmətləri əvəzsizdir.

Yaradıcılığa 1905-ci ildə şeirlə başlayan H.H.Niyazi “Nihan” təxəllüsü ilə çap olunurdu. O, Nəvai, Babur, Bedil, Firqət və digər belə şəxsiyyətlərin yaradıcılığını dərindən öyrənsə də, daha çox iki dahidən – Ə. Nəvai və M. Füzulidən bəhrələnmişdir.

H.H.Niyazi pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1911-15-ci illərə təsadüf edən pedaqoqluğu dövründə o, əvvəlcə Kokandda, sonra isə Mərgilanda məktəb açmış, kasıb balalarına pulsuz dərs vermişdi.

H.H.Niyazi şair və pedaqoq olmaqla yanaşı, eyni zamanda, dramaturq idi. O, cığatay (özbək) dramaturgiyasının əsasını qoyanlardan biri olmuşdur. 40-a yaxın dram əsəri yazmışdır. Niyazinin dramaturji fəaliyyətində 1918-ci ildə qələmə aldığı “Bəy və muzdur” əsəri əsas və başlıca yer tutsa da, o vaxtacan artıq bir neçə pyes müəllifi idi. “Əvvəlki seçkilər”, “Pərənci sirlərindən bir lövhə”, “Fərqanə faciəsi”, “Laşman faciəsi”, “Zəhərli həyat və yaxud eşq qurbanları”, “Elm hidayəti”, “Molla Nurməhəmməd damlənın küfr xətası”, “Ölüm faciələri”…

H.H.Niyazinin sıradaşı yaradıcılar ilə talelərində bircə fərq oldu, 1937-ci ildən bir qədər əvvəl cəhalət kölələri onu məhv etdilər. Nə onlar kimi “millətçi”, “pantürkist”, “panislamist”, “xalq düşməni”, “burjua məfkurəçisi” kimi lənətlənib güllələnmədi, nə də sürgünlərə göndərilmədi. Sadəcə, sovet təbliğatçısı sifəti ilə Şahimərdan kəndinə göndərildi və orada kənd əhli tərəfindən daşa basdıraraq  vəhşicəsinə öldürüldü.

H.H.Niyazi məhv edilsə də, ədəbiyyat, mədəniyyət səhifələrində yaşadı və 70 ildən sonra xalq istiqlaliyyətə yetəndən sonra, yenə də istiqlalçı H.H.Niyazi kimi xalqın tarixinə daxil oldu”.

Niyazi məhv edilsə də, ədəbiyyat, mədəniyyət səhifələrində yaşadı. Şairin  xatirəsinə Bakının mərkəzi küçələrindən biri (Filarmoniyanın qarşısı) “Niyazi” adlanır. 

1937 — İlk qadın kosmonavt, general-mayor  Valentina Tereşkova  1937-ci il martın 6-da keçmiş SSRİ-nin Yaroslavl vilayətində anadan olub. Fəhlə-gənclər məktəbinin axşam şöbəsində təhsil alan Valentina həmin dövrdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyəti nəzdindəki təyyarəçilik klubunda paraşütlə tullanmaq təlimi keçib və bu onun kosmonavt kimi yetişməsində mühüm rol oynayıb.

SSRİ Yuri Qaqarini kosmosa göndərdikdən sonra daha bir yenilik edərək, bir qadını kosmik səyahətə yollamaq istəyirdi. Gərgin keçən proseslərdən sonra namizədlər arasından Valentina Tereşkova seçilir. Onu Sov İKP Baş katibi Nikita Xruşşov seçir. Xruşşovun fikrincə, Tereşkova ideal sovet qadınının xüsusiyyətlərini özündə cəmləşdirmişdi: etibarlı bir kommunist, orta təbəqəyə məxsus bir fəhlə və “yaxşı” bir qız idi. Daha vacibi isə Tereşkovanın əldə edəcəyi şöhrətə uyğun cazibədarlığının olması idi. “Dünya mətbuatında cazibədar şəkilləri dərc edilən bir qəhrəman! Bir sovet qadını”.

Beləliklə, Tereşkova tarixə doğru nəhəng bir addım ataraq, 1963-cü il iyunun 19-da “Vostok 6” gəmisi ilə kosmosa uçur və 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr edir və adını dünya tarixinə ilk qadın kosmonavt kimi yazdırır.

 Valentina Tereşkova həmişə Azərbaycanı və azərbaycanlıları çox sevdiyini bildirib.

 O öz çıxışlarında deyib:

“Kim Azərbaycanı sevmir?! Heç olmazsa belə bir adamın adını çəkin! İndi də gözəl ölkədir, əvvəlki kimi”, – deyə o vurğulayıb.

Mən şadam ki, bizim Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq mövcuddur, həm Rusiyanı, həm də Azərbaycanı zənginləşdirən mədəni əlaqələrdən  isə danışmıram”.

“Bizim orada nə qədər dostlarımız, tanınmış musiqiçilər var! Bu ölkəni və xalqı sevməmək olmaz. Mümkün deyil!”

Valentina Tereşkovanın azərbaycanlı sənətçilərlə, siyasilərlə yaxşı əlaqələri olub. Onun dostluq etdiyi məşhur azərbaycanlılardan biri də görkəmli müğənnimiz Sara Qədimova idi.

Onlar 1963-cü ildə İndoneziyaya gedən sovet nümayəndə heyətinin tərkibində yer almış və bu səfər müddətində dostlaşmışdılar.

Bu dostluq sonradan Sara xanımın həyatını xilas edir. Belə ki, 1965-ci ildə Sara Qədimova avtomobil qəzasına düşərək ağır xəsarət alır. Rəfiqəsi Valentina Tereşkova bu xəbəri eşidən kimi Moskvanın məşhur travmatoloqu Trapeznikovu Bakıya göndərir.

Müalicə uğurlu olur.

1969 – Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış bəstəkar Gövhər Həsənzadə Bakı şəhərində anadan olmuşdur.

Gövhər Həsənzadə ixtisasca rejissordur. Şəhriyar adına Mədəniyyət Mərkəzinin müdiri vəzifəsində işləyib.

Hazırda şəxsi studiyasında fəaliyyətini davam etdirir. Onun bəstələdiyi mahnılar Azərbaycandan kənarda da ifa olunur və yetərincə tanınır.

Azərbaycan Respublikasının Əməkdar artistidir.

Vəfat etmişdir:

1955 —Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə (Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə) 71 yaşında Ankarada vəfat edib.

M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. O, 1904-cü ildə “Hümmət” Təşkilatının yaradılmasında iştirak edib.

1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. O, 1910-cu ildə İran Demokrat Partiyasının əsasını qoyur. Həmçinin “İrane Nou” və “İrane Ahat” qəzetlərinin baş redaktoru olub.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. Elə həmin il Müsavat Partiyasının sədri olub. 1918-ci il mayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılıb və səs çoxluğu ilə M.Ə.Rəsulzadə sədri seçilib. Bununla da Fətəlixan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti yaradılıb.

1920-ci il aprelin 28-də bolşevik işğalından sonra Rəsulzadə Azərbaycanı tərk edib.

1932-ci ildən M.Ə.Rəsulzadənin fəaliyyətinin Avropa dövrü başlayır. Bu illərdə o, Almaniyada “İstiqlal” qəzetini, “Qurtuluş” jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir.

M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, “Əsri” məzarıstanlığında dəfn olunub.

1960- Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri  olan sənətkarlardan biri də rejissor və pedaqoq Aleksandr Tuqanov 88 yaşında vəfat etmişdir.

Aleksandr Aleksandroviç Tuqanov 31 mart 1871-ci ildə Moskvada doğulub. Teatr fəaliyyətinə aktyor kimi Moskvada həvəskar qrupda, sonra Korşun teatrında başlayıb. Ayrı-ayrı illərdə Tula, Həştərxan, Nijni Novqorod, Yaroslav, Bakı (1914), Riqa, Penza, Voronej və digər şəhərlərdə aktyorluq edib. 1915-ci ildə Tiflisə gəlib. K.Nikulinin truppasında çalışıb və həm də buradakı “Rusiya Teatr Cəmiyyəti Artistləri Ittifaqı”na rəhbərlik edib. 1924-cü ildən isə Azərbaycanda rejissor kimi fəaliyyət göstərib.

Aleksandr Tuqanovun fəaliyyətinin müəyyən dövrü Tiflis Azərbaycan Teatrı ilə bağlıdır. Özünün yazdığına görə, Azərbaycan teatrı ilə ilk tanışlığı 1898-ci ildə Moskva Korş teatrı truppasının Tiflisə səfəri zamanı olmuşdur. 1912-ci ildə isə o, daimi işləmək üçün Tiflisə gəlir və burada rus teatrında fəaliyyətə başlayır. Həmin vaxtlar burada Azərbaycan ziyalılarının yaratdığı “Müsəlman teatr cəmiyyəti”nin tamaşalarına baxır. Bu tamaşalar “Zubalov Xalq Evi”ndə, habelə digər teatrların səhnələrində göstərilirdi. O da bir mütəxəssis kimi imkan daxilində bütün tamaşaları izləyirdi. Tuqanovun Azərbaycan teatrına böyük maraq və bağlılığı, təbii ki, məhz o vaxtlar meydana gəlib.

Aleksandr Tuqanov aktyorluqla məşğul olduğu teatrlarda Hamlet və Petruççio (“Hamlet” və “Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Çatski (“Ağıldan bəla”, Aleksandr Qriboyedov) rollarının mahir ifaçılarından sayılıb.

Aleksandr Tuqanov 1923-cü ildə Tiflis teatrına baş rejissor təyin edilib. Burada onun rejissorluğu ilə Cəfər Cabbarlının “Aydın”, “Oqtay Eloğlu”, Hüseyn Cavidin “Şeyda”, “Iblis”, “Uçurum”, “Şeyx Sənan”, Vilyam Şekspirin “Otello”, Fridrix Şillerin “Qaçaqlar”, Şəmsəddin Saminin “Dəmirçi Gavə” əsərləri tamaşaya hazırlanıb və repertuarın əsasını təşkil edib.

Aleksandr Tuqanov Bakı Teatr Məktəbində və sonralar Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib. Təcrübəli pedaqoqun onlarca yetirməsi ölkəmizin müxtəlif teatrlarında səmərəli yaradıcılıq axtarışları aparıblar.

2008 — Respublikanın tanınmış heykəltəraşı, Xalq rəssamı İbrahim Zeynalov 73 yaşında vəfat etmişdir.

İbrahim Zeynalov 1934-cü il dekabrın 27-də Bakı şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarından sənətə olan böyük marağı onu natamam orta məktəbi bitirdikdən sonra 1951-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarmışdır. 1956-cı ildə məktəbin Heykəltəraşlıq şöbəsini qurtaran İbrahim Zeynalov elə həmin ildən təhsilini Xarkov Rəssamlıq institutunda davam etdirmişdir. O, 1962-ci ildə institutun Heykəltəraşlıq fakültəsində ali təhsilini başa vuraraq Bakıya qayıtmış və bütün ömrünü heykəltəraşlıq sənətinə həsr etmişdir.

1971-1973-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1973-1993-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1994-cü ildən 2003-cü ilədək Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru olmuşdur.

Harada işləməsindən və hansı vəzifəni tutmasından asılı olmayaraq, İbrahim Zeynalov milli mədəni irsin təbliği, tədrisi və qorunmasında qüvvə və bacarığını əsirgəməmiş, özünün zəngin bilik və təcrübəsini gənc sənətkarlar nəslinin yetişdirilməsi işinə sərf etmişdir.

İbrahim Zeynalov tarixi şəxsiyyətlərimizin, o cümlədən Mücirəddin Beyləqaninin, Əcəmi Naxçıvaninin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun, Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun və Hacı Zeynalabdin Tağıyevin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək mədəniyyət tariximizə həmişəlik həkk etmişdir. Yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilən bu əsərlər Azərbaycan heykəltəraşlığının kamil nümunələri kimi təqdirəlayiqdir. Respublikamızın müxtəlif guşələrini bəzəyən həmin abidələr artıq şəhər və rayonlarımızın görkəminin ayrılmaz hissəsi olmuşdur. İbrahim Zeynalovun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1972-ci ildə SSRİ Dövlət Mükafatı, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı Laureatı olmuş, 1975-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1988-ci ildə isə Xalq rəssamı adına layiq görülmüşdür

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.