Tarixdə bu gün
İlin 66-cı (uzun illərdə 67-ci) günü.
İlin sonuna 299 gün qalır.

Doğum günləri:

1919 — Xalq artisti Tofiq Mehdiqulu oğlu Tağızadə Bakı şəhərində anadan olub.
1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb.
Cəmi 14 filmi tamamlayıb, 15-cini isə yarımçıq qalıb.
50-ci illərdə çəkdiyi üç filmlə: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost” milli kinomuza yeni nəfəs gətirib.
Tofiq Tağızadə “Dədə Qorqud” dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur. O həmçinin bir neçə filmdə rol ifa edib. Kinodakı əməyinə görə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
7 avqust 1988-ci ildə 79 yaşında vəfat edib.

1945—Xalq artisti, aktrisa Xuraman Hacıyeva Bakıda doğulub.
Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradıb.
15 fevral 2005-ci ildə 59 yaşında Bakıda qəflətən vəfat edib.

1966 — Azərbaycanın Milli Qəhrəmanı Hikmət Baba oğlu Nəzərli Bakı şəhərində doğulmuşdur.
1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş, atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımış, 1986-cı ildə ordudan tərxis edilmişdir.
Qarabağda erməni təcavüzü başlayanda Hikmət könüllü olarq orduya yazılır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır. Müalicə olunduqdan sonra yenə cəbhəyə üz tutur. 1992-ci ilin 25 fevral günü ermənilər Xocalıda vəhşilikər törətdikləri zaman Hikmət dinc əhalini döyüş bölgəsindən çıxarılmasına təmin etmişdir.
Bu döyüşdə xeyli erməni quldurunu məhv edən Hikmət son anda döyüşçü dostları ilə meşəyə çəkilir. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur.
Azərbyacan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 saylı fərmanı ilə Nəzərli Hikmət Baba oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

1965 — Azərbaycanın Milli Qəhrəmanı Quliyev Nazim Qabil oğlu Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır.
1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinə qoşularaq döyüşlərə atılır, keçirdikləri əməliyyatlarda düşmənlərə sarsıdıcı zərbələr vurur.
Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur.
Cuvarlı, Tuğ, Məlikcanlı, Arış kəndlərində gedən döyüşlərdə iştirak etmişdir. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir. İlk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Füzuli rayonunda dəfn edilmişdir.
Yuxarı Yağləvənd və Örənqala məktəbləri onun adını daşıyır.

1975 — Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur.
2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirmiş və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müddətli hərbi xidmətinə Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də həqiqi hərbi xidmətdən yarımqrup komandiri kimi ehtiyata buraxılmışdır. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirmiş, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirmişdir.
18- iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan tərəfinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş şəhid Mübariz İbrahimovun əziz xatirəsi heç vaxt unudulmayacaqdır.
Vəfat etmişdir:

100
1926 — Məşhur Azərbaycan aşığı, Azərbaycan xalq şerinin ən böyük nümayəndələrindən biri olmuş Aşıq Ələsgər 105 yaşında vəfat etmişdir.
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.
Ələsgər xüsusi təhsil almasa da, el məclislərində hədislərə, nağıllara, dastanlara böyük maraq göstərmiş, eşitdiklərini güclü yaddaşında hifz edib saxlamışdır. El aşıqlarının məclisləri, toy-şənliklər onda saza, sözə ciddi maraq oyatmış, ilk şeirlərinin yaranmasına səbəb olmuşdur.
Oğlunun istedadını görən atası onu aşıq sənətinin sirlərini öyrənmək üçün Aşıq Alının yanında şəyirdliyə qoymuşdur. Aşıq Alıdan aldığı ustad dərsləri Ələsgərin sənətkar kimi püxtələşməsində böyük rol oynamışdır. Çox keçməmiş Aşıq Ələsgərin apardığı məclislərin sorağı hər tərəfə yayılmış, o, Göyçə ilə yanaşı, İrəvan, Naxçıvan, Qazax, Qarabağ, Gəncə, Kəlbəcər və digər yerlərə toy, şadlıq məclislərinə dəvət edilmişdir. Aşıq sazı, sözü, ədəb-ərkanı ilə el-oba içində ustad sənətkar kimi böyük şöhrət qazanmışdır.
Qoca yaşlarında ailəsində baş verən bədbəxt hadisələr aşığa ağır təsir etmiş, qəlbində bədbin hislər doğurmuşdur. Erməni daşnaklarının Göyçə mahalında törətdiyi qırğın nəticəsində Aşıq Ələsgər ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçmüşdür. İki il sonra doğma kəndinə qayıdan aşıq ömrünü burda başa vurmuş, 1926-cı ildə vəfat etmiş və Ağkilsə qəbiristanlığında dəfn olmuşdur.

30
1996 — Əməkdar incəsənət xadimi, məşhur yazıçı Süleyman Vəli oğlu Vəliyev 79 yaşında Bakıda vəfat etmişdir.
Süleyman Vəliyevin “Əmanət kassası” adlı ilk hekayəsi 1932-ci ildə çap olunmuşdur. Ədəbi mühitə çox tez və asan, fəhlə kimi daxil olmuşdur. O, bir müddət “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində , daha sonra “İnqilab və mədəniyyət” jurnalında ədəbi işçi oldu.
1940-cı ilin oktyabrında hərbi xidmətdən qayıdan Süleyman Vəliyev Xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri oldu.
1941-ci il iyun ayının 23-də S. Vəliyev hərbi komissarlığa ərizə ilə müraciət edib cəbhəyə gedir. Məşhur 416-cı Azərbaycan diviziyasının “Azərbaycan döyüşçüsü” adlı qəzetində hərbi müxbir idi.
Döyüşlərin birində əsir düşən Süleyman Vəliyev bir çox həbs düşərgələrində məhbəs həyatı yaşayır.
1944-cu ilin yazında S. Vəliyev müttəfiqlərin ağır bombardmanı zamanı düşərgədən qaçıb Triyest vilayətinin dağlarında bina salmış partizan dəstələrinə qoşulur. Yazıçı burada “Sila” şərti adı ilə cəsur döyüşçü və qisasçı kimi qəhrəmanlıqlar göstərir. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə və Mirdaməd Seyidov da həmin partizan diviziyalarında vuruşurdular.
1944-cü ilin iyul ayında Triyest şəhəri Amerika-İngilis müttəfiq qoşunları tərəfindən azad edildi. İlin sonlarında müttəfiq qoşunları Triyest vilayətini azad edəndə yazıçı daha sonra Avstriya, Fransa, Yuqoslaviya, Misir, İraq və nəhayət İranda yaşamağa məcbur olur.
Süleyman 1946-cı ilin oktyabrında qatarla Çelyabinskdən Bakıya qayıdır.
Süleyman Bakıda Mirzə Fətəli küçəsində 9-cu dalanın ikinci mənzilində balaca bir otaqda yaşayır. “İnqilab və mədəniyyət”jurnalında ədəbi işçi kimi işə düzəlir. Ev şəraiti barədə Səməd Vurğuna ərizə yazandan sonra böyük şair onun “koma”sına şəxsən gəlib tanış olur. O zaman Caparidze Rayon İcraiyyə Komitəsinin sədri olan əfsanəvi təyyarəçi, Sovet İttifaqı qəhrəmanı Məzahir Abbasov böyük şairin xahişi ilə S.Vəliyevə mənzil verilir.
Lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə də yenidən baxılma kampaniyası baş qaldırır. Həmin ildə yazıçı yenicə evlənmişdi. Gözlənilmədən onu yeni istintaqa cəlb edirlər və jurnaldakı işindən çıxarırlar. Siyasi orqanların məxfi apardığı istintaqda ona məxfi orqanlarla əməkdaşlıq və Səməd Vurğunun “millətçiliyi”nə qarşı gizli işləmək təklif edirlər. Süleyman əməkdaşlıqdan imtina edir. Çünki Səməd Vurğun onun ən böyük xeyirxahlarından biri olmuşdu. O, əsgərlikdə və müharibədə olanda Ədəbiyyat fondu onun ata-anasına yardım verirdi. Ata-anası vəfat edəndən sonra Süleymanın kiçik qardaşı Murtuzu Suvorovçular məktəbinə də Səməd Vurğun düzəltmişdi. Ona mənzil vermişdi.
Nəticədə Süleyman Vəliyev 1949-cu ilin yayında Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Nəticədə 1946–1947-ci illərdə yazılmış “Mübahisəli şəhər” romanının çapını dayandırırlar. Yazıçı Sibir soyuğunda özünü mənəvi cəhətdən Bakıdan yaxşı hiss edirdi. Gizli sorğu-suallar onun qanını içmişdi. Bir neçə ay sonra yoldaşı onun yanına gəldi. 1950-ci ildə oğlu Seyran, 1952-ci ildə isə qızı Leyla sürgündə doğuldular.
Sibirdəki xeyirxah adamların köməyi ilə o, yazıçı qələmini atmadı. 1953-cü ildə İ.Stalin öləndən sonra ölkənin həbs və sürgün yerlərindəki çoxmilyonlu “cəza” çəkənlər rahat nəfəs aldı.
S. Vəliyev 1955-ci ildə arvadı və iki övladı ilə Bakıya qayıdır. Gəlişindən 20 gün sonra ona indiki Nizami küçəsi, 51 ünvanda yerləşən balaca evini verdilər.
1957-ci ildə yazıçının “Mübahisəli şəhər” romanı yazıldıqdan 10 il sonra “Azərbaycan” jurnalında çap olundu. Lakin o zaman Yuqoslaviya-Sovet əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına məmurlar icazə vermədilər. 1961-ci ildə roman Moskvada rus dilində çıxdı. Yalnız bundan sonra hərbi-vətənpərvərlik ədəbiyyatının incisi olan bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap olundu. 80-ci illərin əvvəllərində yazıçı öz xatirələrini “Qanadı qırıq quş da uçarmış” adı ilə çap etdirdi. Yazıçının Sibir sürgünündə gördüyü həqiqi faciələr bu sənədli povestdə böyük qüvvə ilə, sənədli dəqiqliklə əksini tapmışdı. Burada əksini tapan həyat faktları bizim ədəbiyyatımız üçün tamam təzə idi, tarixi həqiqətlərin bədii formada bərpası kimi ədəbi əhəmiyyət kəsb edirdi. Bu romanda yazıçının şəxsi faciəsi öz inandırıcılığı ilə uydurma və bəzəkli müharibə nəsrinin şablonlarını təkzib edirdi.
Məzarı İkinci Fəxri Xiyabandadır.

20
2006 — Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev 79 yaşında Bakıda vəfat etmişdir.
Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi Naxçıvan şəhərində bitirdikdən sonra, 1946-cı ildə Bakı Dövlət Universitetinə daxll olmuş və 1951-ci ildə oranı bitirmişdir. Sonra 1953-cü ilə qədər Azərbaycan SSRİ EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır.
1953-cü ilin may ayından Azərbaycan Tibb İnstitutunun “Siyasi iqtisad” kafedrasında işləməyə başlamışdır.
1970-ci ildə iqtisad elmləri namizədi, 1973-cü ildə dosent, 1979-cu ildə professor elmi adlarına layiq görülmüşdür,1983-cü ildən iqtisad elmləri doktoru omuşdur.
Aqil Əliyev həyat səviyyəsi, istehlak, sosial sahələrin iqtisadiyyatı problemlərinə dair sanballı elmi araşdırmaları ilə tanınan, uzun illər respublikamızın ali təhsil sistemində məhsuldar və səmərəli fəaliyyət göstərən görkəmli iqtisadçı alimlərdəndir.
Professor A.Ə.ƏIiyev 50 ilə yaxındır ki, elmi-pedaqoji sahədə fasiləsiz olaraq fəaliyyət göstərmişdir.
O, 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun rəhbəriiyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub.
2001 -ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.