1976-1980-ci illərin tələbə qızlarına təbrik

Təbriklər

V. İ. Lenin adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ( ADPU ) Filologiya fakültəsinin 121-ci qrup qızlarının şəxsində

Deyirlər, bir insanın ruhunun dərinliyinə bələd olmaq istəyirsinizsə, onun necə güldüyünə baxın. Çünki gülüş ruhun ən səmimi, ən maskasız halıdır. Bizim tələbəlik illərimizin ən zərif xatirələri də məhz bu 16 fərqli dünyanın təbəssümləri ilə naxışlanıb. Bu bahar səhərində, yaddaşımızın ən işıqlı künclərindən boylanan o gülüşləri yenidən canlandırmaq istədik:

1. Məlahət (Ə)– Adının mənası kimi, üzündə elə bir ilahi nur, elə bir doğmalıq var idi ki… Onun təbəssümü qışın ortasında qəfil boylanan günəşə bənzəyirdi. Onun təbəssümü xanımlığının və vüqarının ən gözəl tamamlayıcısı, ruhunun zərif bir nişanəsi idi.

2. Almaz – Elə gülərdi ki, sanki üzü dəniz imiş. Necə ki, yağış damlaları suya düşdükcə, çox incə, xəfif ləpələr dalğalanaraq bir-birini qovaraq dənizin sularına qovuşardı, eləcə yayılardı üzünə, könül dünyasına. Ona görə də kimsə, hətta əlini Qurana basıb desə idi ki, “ bir dəfə Almaz acıqlanmışdı”, buna heç kim inanmaz.

3. Sima – Sima elə bir sima idi ki, ondan ancaq xeyirxahlıq oxunardı. Onun gülüşü dodaqlarında deyil, gözlərinin dərinliyində gizlənmişdi. Hər dəfə gülümsəyəndə, sanki ruhunun qapıları aralanar, ətrafına səssiz, amma çox dərin bir səmimiyyət yayılardı.

4. Məleykə – Məleykənin simasındakı ciddiyyətlə gülüşünün vəhdəti heyranedici idi. Elə sakit, elə daxildən gələn bir xoşluqla gülərdi ki, ətrafdakı hər kəs özünü güvəndə və hüzurda hiss edərdi.
O gülümsəyəndə, elə bil göy üzündə bir ulduz axardı – həm parlaq, həm də əlçatmaz.

5. Çiçək – Çiçəyin gülüşü hər kəsə ümid verən, “hər şey yaxşı olacaq” deyən bir səs idi. O, gülümsəyəndə ətrafındakı bütün çətinliklər sanki bir anlıq unudular, yerini xoş bir xatirəyə verərdi. Onun təbəssümü həyata olan sevgisinin və əsl Azərbaycan xatunu olmasının ən təmiz aynası idi.

6. Nailə – Gümüştək parıldayan şəffaf, sakit göl kimi sirri dərinliyində olan bacımız. Az danışıb, az gülərdi, amma danışığına da, gülüşünə də hər zaman yeri var idi. Onun təbəssümü bir çiçəyin ləçəklərini günəşə açması qədər təbii və saf idi. Nailə gülümsəyəndə sanki auditoriyamıza yaz gələr, hamımızın qəlbinə bir çiçək qoxulu meh toxunardı.

7. Sədaqət – Onun gülüşündə bir sadiqlik, bir dürüstlük var idi. Saxtalıqdan uzaq, bütöv bir xarakterin təzahürü olan bu təbəssüm, insanda ona qarşı sonsuz bir inam yaradırdı. Sədaqət gülümsəyəndə sanki zaman dayanar, xeyirxahlıq öz təntənəsini yaşayardı.

8.Gülnaz – ilk gördüyümüz günlər naturası yadımızda belə qalıb: sadə geyinən, yeri gələndə danışan, yeri gələndə susan. Amma güldüyü də olardı. İndi xatirələr işığında çox aydın gördük, hiss edirik ki, onun geyimində ən dəyərli aksesusar onun gülüşü imiş. Onun gülüşündə bir nəcabət, bir xanımlıq ədəb-ərkanı var idi. Bu nəcabət
onun kökünün təmizliyini və əxlaqi keyfiyyətlərini göstərən ən böyük əlamət idi.

9.Könül – çoxlarından fərqli olaraq Könülün şaqraq gülüşlərinin ehtizazı indi də indi də ruhumuzu vəcdə gətirir. Onun gülüşləri bir sığınacaq kimi idi. Ən gərgin anlarda belə bircə dəfə gülümsəməsi bəs edirdi ki, auditoriyaya bir hüzur çöksün.

10. Məlahət(K) – Adındakı o qəribə cazibə gülüşündə gizlənmişdi. Məlahət gülümsəyəndə sanki ətrafındakı hər şey bir anlıq saflaşar, durulardı. Onun təbəssümü səs-küylü deyildi, amma çox dərindən gəlirdi; elə bir gülüş ki, insanın ən yorğun vaxtında ruhuna sığal çəkərdi.

11. Azadə – Onun gülüşü adındakı azadlıq qədər hürr və səmimi idi. Azadə gülümsəyəndə sanki bütün rəsmiyyətlər, divarlar yıxılar, yerini sonsuz bir güvən hissinə verərdi. O, gülüşü ilə ətrafına “Həyat hər şeyə rəğmən gözəldir” mesajını yayan bir enerji mənbəyi idi.

12. Pəriş – Taleyin qisməti elə gətirdi ki, o, tələbəlik illərinin tən ortasında öz yuvasını qurub bizdən ayrıldı. Amma Pərişin o vaxtdan yaddaşımıza həkk olunan gülüşü elə adındakı “pəri” zərifliyini daşıyırdı. Onun gülüşləri nağıl kimi köçdü yaddaşlarımıza.
İllər keçsə də, qiyabi təhsilin məsafələri o səmimiyyəti bizdən ala bilmədi.

13. Xuraman – Gülümsəmək yalnız üz ifadəsi deyil, həm də insanların əhval-ruhiyyəsinin, iç dünyasının tərcümanı ola bilər. Xuraman bizim qrupa sonradan daxil olmuşdu. Həm də ailəli olduğu üçün, eləcə də ailə qayğıları səbəbindən tədbirlərimizdə iştirak etməyib. Amma güldüyü də olardı: imtahan və zaçotdan uğurla çıxanda, xoş məqamlarda. Adını hər zaman ehtiramla xatırlayırıq.

14. Təranə – Təranənin gülüşü ruhumuzda xoş bir musiqi, zərif bir melodiya kimi səslənərdi. O, sadəcə dodaqları ilə deyil, bütün varlığı ilə gülümsəyərdi. Bu gülüşdə elə bir ahəng var idi ki, insan onun yanında özünü ən doğma doğmalarının arasındaymış kimi hiss edirdi.

15. Gülçöhrə – Adı ilə siması bu qədər vəhdət təşkil edən az insan tapılar. Gülçöhrə gülümsəyəndə üzündə güllər açardı. Onun gülüşü yaz səhəri kimi təravətli, bir uşaq baxışı kimi təmiz idi. O gülümsəyəndə sanki bütün çətinliklər öz həllini tapardı.

16. Hicran–Hicranın gülüşündəki səmimiyyət, onun qrup yoldaşlarına olan sevgisinin və sədaqətinin ən parlaq təzahürü kimi yaddaşımıza həkk olunubmuş.
Bu gün həmin gülüşlərin sorağı ilə 46 il əvvəllərə boylanarkən bir daha hiss etdik ki, zaman nə qədər amansız olsa da, saf duyğuların işığını söndürə bilmir.
Hörmətli Xanımlar! Əziz Bacılarımız!
Bayramınızın ardınca yurdumuza Bahar gələcək. Baharın gəlişi sadəcə təqvimin deyil, ruhun da oyanışıdır. Bir filosofumuz çox doğru deyib ki, insan gülüşü ilə özünü büruzə verir. Həqiqətən də, bəzən illərlə deyilməyən sözləri bircə anlıq səmimi təbəssüm anladar… Bizim tələbəlik illərimiz 16 fərqli çiçəyin açdığı bir bağça kimi idi. Bu bağçanın hər küncündə bir gülüşün ətri, bir simanın nuru qaldı. Bu gün — 8 Martın zərif işığında, həmin 16 fərqli dünyanı, 16 ayrı təbəssümün hekayəsini yenidən vərəqləyirik. Çünki onlar bizim üçün sadəcə tələbə yoldaşı deyil, ömrümüzün ən təmiz çağlarının sönməyən işıqlarıdır…
Yaddaşlarımızın aynasında canlanan bu obrazlar bir daha sübut edir ki, Qadın gülüşü — dünyanın ən zərif musiqisidir. Bu musiqinin sədaları altında hər birinizə arzu edirik ki:
Könlünüz bahar kimi təravətli, gülüşünüz ulduzlar kimi parlaq, ömrünüz saf təbəssümləriniz qədər bütöv və daha məzmunlu olsun.
Qoy zaman keçsə də, üzünüzdəki o ilahi nur heç vaxt əksilməsin.