9 mart

Tarixdə bu gün

İlin 68-ci (uzun illərdə 69-cu) günü.

Mühüm hadisələr:

1956 — Sovet ordusu Tiflisdə dinc nümayişçilərə atəş açıb.

1959 — Nyu-Yorkda “Barbi” adlı yeni kukla təqdim edilib.

1990 —Berlində hər iki Almaniyanın birləşməsinə dair danışıqlar başlayıb.

1995 — İsrail və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

2007 — Uydurma “erməni soyqırımı” haqqında qanuna qarşı çıxan Türk İşçi Partiyasının rəhbəri Doğu Perincək haqqında İsveçrənin Lozan şəhər məhkəməsi həbs qərarı verib.

Doğum günləri:

1929 —Məşhur diktor, Xalq artisti Gültəkin Əjdər qızı Cabbarlı Bakıda anadan olmuşdur. 1947cü ildə orta məktəbi bitirib.

1950-cı il fevralın 6-da Dövlət radiosunda diktor vəzifəsində işə qəbul olunub.

1953-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1955-ci ildə Aydın Qaradağlı ilə ailə həyatı qurub.

1956-cı ildə Xanım, 1959-cu ildə Aygül adlı qızları, 1966-cı ildə isə Vüqar adlı oğlu anadan olub.

1990-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

1996-cı il oktyabrın 15-də dünyasını dəyişib.

  Gültəkin Cabbarlı 1950-ci ildə radioya diktor vəzifəsinə qəbul olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmış radio fədailərindəndir. Gültəkin Cabbarlı yüksək bədii, lirik ifa imkanlarına malik olan bir diktor idi.

Onun səsinin Azərbaycan mədəniyyətində olduqca böyük rolu var.

Tanınmış diktorların bir çoxu (Ofeliya Sənani, Aygül Qaradağlı və b.) məhz Gültəkin Cabbarlı məktəbinin yetirmələridirlər. Azərbaycan radiosunun “Qızıl fond”unda Gültəkin Cabbarlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır. Dinləyicilər bu gün də Gültəkin xanımın oxuduğu, radionun səs xəzinəsini bəzəyən verilişləri böyük məhəbbətlə dinləyirlər.

 1934 — İlk sovet kosmonavtı Yuri Qaqarin anadan olmuşdur.

1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. “Vostok” gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.

14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı qəzaya uğrayaraq həlak olmuşdur.

 O, Moskvada Kreml divarında dəfn olunub.

1947 — Məşhur kaman ustası,  Xalq artisti Şəfiqə Alxas qızı Eyvazova Bakıda anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963-76-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin Xalq Çalğı alətləri orkestri və Ə. Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur.

1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına “Rast”, “Cahargah”, “Rahab”, “Şur”, “Şüştər” və sair muğamlar,  eləcə də  xarici ölkə bəstəkarlarının əsərləri daxildir.

1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında ( indiki Bakı Musiqi Akademiyası ) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s. ) qastrolda olmuşdur.

Vəfat etmişdir:

1878 — Azərbaycan dramaturgiyasının banisi, Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundzadə 65 yaşında  vəfat etmişdir.

M.F.Axundov 1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub.

1814-cü ildə ailəsi ilə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olub və bir il burada təhsil alıb. 1834-cü ildə Tiflisə geib, Qafqaz canişininin Baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunub. 1873-cü ildə ona hərbi rütbə – polkovnik rütbəsi verilib. Bədii yaradıcılığa şeirlə başlayan Axundzadə (“Səbuhi” təxəllüsü ilə) Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsi hesab edilir.

1878-ci ildə Tiflis şəhərində vəfat edib və Tbilisi Botanika Bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.

1910 – Böyük yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Gorani 52 yaşında Gəncədə vəfat etmişdir.

Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olub. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl mеdalla bitirib. Sonra Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfat Akadеmiyasına daxil olub. Akadеmiyanı bitirəndən sonra vətənə dönüb. Qubеrniya katibi, kollеc asеssoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yеlizavеtpol (Gəncə) qubеrniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin   prokuror köməkçisi, bеş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yеlizavеtpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib.

 Gəncədə öz hеsabına qız məktəbi açıb.

Əsgər ağa Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da “Lənkəran xanının vəziri”, bir ay sonra isə “Hacı Qara” əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.

Ə.Gorani “Əkinçi”nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. “Qocalıqda yorğalıq” pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Onun “Qara yel” romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.

1967 — Azərbaycanın görkəmli maarif xadimi, Əməkdar müəllimi Qəribsoltan Həsən bəy qızı Məlikova 71 yaşında Bakıda vəfat etmişdir.

Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il (bəzi mənbələrdə 1896) iyun ayının 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabinin ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızları gimnaziyasında təhsil almışdır. Atası Həsən bəy Zərdabinin vəfatından 3 il sonra onun arzusu ilə Bakıya köçməyə məcbur olmuş və 1910-cu ildə pedaqoji fəaliyyətə başlamışdır. 1914-cü il 10 may tarixində ona ibtidai sinif müəllimi adı verilməsi haqqında Şəhadədnamə təqdim edilmişdir.

O, 1915-1918-ci illərdə Bakıdakı Rus-tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə bir sıra çətinliklərə sinə gərərək Bakıdakı III Rus qız gimnaziyasında, sonra isə II Rus qız gimnaziyasında Azərbaycan dilindən dərs demiş, həm də pedaqoji kursda öz təhsilini artırmışdır.

 Qəribsoltan xanım 1956-cı ilədək Bakının bir sıra orta məktəblərində çalışmış, neçə-neçə nəslin yetişməsində böyük rol oynamışdır.

Maarifpərvər ziyalı Qəribsoltan Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.