Tarixdə bu gün
İlin 71-ci (uzun illərdə 72-ci) günü.

Mühüm hadisələr:
1918 — Moskva Rusiyanın paytaxtı oldu.
1922 — Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət olan ZSFSR təşkil edilib.
1985 — Türkiyənin Kanadadakı səfirliyinə hücum edən erməni terrorçular mühafizəçini öldürüb, 4 əməkdaşı girov götürüb. Girovlar bir-neçə saat sonra azad edilib.
1992 — Azərbaycan Respublikası İran ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:
.

1906 — Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm Bakının Novxanı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir . Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, “Azərbaycan”, “Kirpi” jurnallarının və “Sovetski pisatel” nəşriyyatının redaksiya heyətlərinə üzv seçilmişdir.
Xidmətlərinə görə üç dəfə Lenin ordeni, iki “Qırmızı Əmək Bayrağı” ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin sədri olmuşdur.
1989-cu il iyunun 10-da Bakıda vəfat etmişdir.

1933 — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi və mənim ən çox sevdiyim şairlərdən birincisi — Cabir Mirzəbəy oğlu Novruzov 1933-cü rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Novruz 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.

1948 — Tanınmış nasir, publicist Məhəmməd Əhməd oğlu Əhmədov Zəngilan rayonunun Baharlı kəndində anadan olmuşdur.
Burada orta məktəbi bitirdikdən sonra 1965-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
M.Baharlının nəsil şəcərəsi Orxan Zakiroğlunun (Baharlı) “Şərq tarixi: Baharlılar”. (I kitab, Bakı, 2013), “Mirzə Vəli bəy ocağı (sələfləri, xələfləri)” (Bakı,2015) adlı kitablarından bəzi dəyişikliklərlə yerləşdirilmişdir.
Əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. 1970-1971-ci illərdə ordu sıralarında xidmət etmişdir. “Azərbaycan məktəbi” jurnalı redaksiyasında şöbə müdiri, məsul katib (1971-1985), “Kənd həyatı” jurnalı redaksiyasında məsul katib (1986-1988), “Azərbaycan məktəbi” jurnalı redaksiyasında məsul katib (1988-1989), “Gənclik” və “Molodost” jurnalları redaksiyasında məsul katib (1989-1992), “Təhsil” qəzetinin baş redaktoru (1992-1993)işləmişdir. 1993-cü ildən Azərbaycan müəllimi qəzetinin fəaliyyətini bərpa etmiş, 2002-ci ilədək onun baş redaktoru olmuşdur.
14 iyun 2019-cu ildə 71 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1209 —Böyük Azərbaycan şairi Nizami Gəncəvi 68 yaşında Gəncədə vəfat etmişdir.
Nizami 1141-ci il oktyabrın 20-də Gəncə şəhərində anadan olmuşdur.
O, təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub.
Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.
Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənib, 1174-cü ildə oğlu Məhəmməd anadan olub.
Məqbərəsində 1947-ci ildə aparılan qazıntı işləri zamanı onun sinə daşı tapılıb. Həmin daşda olan yazı onun qriqorian təqvimi ilə 1209-cu il mart ayının 12-də dünyasını dəyişdiyini güman etməyə əsas verir.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənib. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatıb. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazıb, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə edib.
Mütəfəkkir lirikası, yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.
Bundan başqa, dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması şairə böyük şöhrət qazandırıb.
Qələmə aldığı “Xosrov və Şirin” poemasını 1180-cı ildə bitirib və Atabəylər hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərib.
Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb, onun nəsihətlərini dinləyib və şairə Həmdünyan adlı kənd bağışlayıb. 1188-ci ildə Şirvan hökmdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş edib. Nizami bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) yaradıb.
1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqribən 1203-cü il) poemasını qələmə alıb.
Dəfn olunduğu Gəncə şəhərində möhtəşəm məqbərəsi ucaldılıb.

1985 —Məşhur Azərbaycan yazıçısı, publicist Əlfi Şəhlik oğlu Qasımov 58 yaşında Bakıda ürək çatışmazlığından vəfat etmişdir.
1927-ci il 5 yanvarda Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. Oranı bitirdikdən sonra Ağcabədi rayonunda Xocavənd və Boyad kənd məktəblərində müəllim işləyib (1943-1944). Sonra Ağdamda ikiilik Müəllimlər İnstitutunda təhsilini davam etdirib (1944-1946).
1946-cı ildə ADU-nun jurnalistika fakültəsinə daxil olmuş, 1951-ci ildə universiteti bitirdikdən sonra “Azərbaycan müəllimi” qəzetində xüsusi müxbir, şöbə müdiri və redaktor müavini vəzifələrində işləmişdir (1951-1958). Sonra “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib (1958-1966), Azərbaycan SSR Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi, baş redaktor vəzifələrində (1966-1983) çalışmışdır.
1983-cü ilin fevralından ömrünün axırınadək Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsində işləyib. Avropa ölkələrində turist səfərində olub. Azərbaycan Dövlət Televiziyasında “Kitablar aləmi” verilişinin aparıcısı olub.

1992— Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərim oğlu Kərimov Vətən uğriunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda dünyaya gəlmişdir. 1987-ci ildə orta təhsilini başa vurmuş, elə həmin il hərbi xidmətə çağırılmışdır. Elgiz hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, yenidən könüllü olsraq Vətənin müdafiəsinə yollanmışdır. Erməni işğalçılarının Vətənimizə hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinin sıraların şərəfli döyüş yolu keçmişdir.
1992-ci il 12 martda Xocalı rayonunun Naxçıvanlı kəndində mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün atıldığı döyüş onun son döyüşü oldu. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Lakin 21 yaşlı cəsur döyüşçümüz özü də canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bərdə rayonunda dəfn edilmişdir.
Bayramlar və xüsusi günlər:

Azərbaycan Respublikası Daxili Qoşunları Günü
12 mart Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranması günüdür. Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparmış və aparmaqdadır.
1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir.
1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşə başlamış, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşmuşlar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olmuşlar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərmiş, şəhidlər vermişlər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olmuş, 1166 nəfər yaralanmış, 268 nəfər isə itkin düşmüşdür.
1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – yəni, 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.
Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.
Dünya Böyrək Günü

Hər il mart ayının ikinci həftəsində bütün dünyada “Ümumdünya Böyrək Günü” qeyd olunur. Dünya Böyrək Gününün məqsədi böyrəklərimizin ümumi sağlamlığımızdakı əhəmiyyətini insanların diqqətinə çatdırmaq, böyrək xəstəliklərinin və ağırlaşmalarının rastgəlmə tezliyini azaltmaqdır.
Təşkilatçılar aşağıdakı məsələlərə nail olmağı qarşılarına məqsəd qoymuşlar:
1.Şəkərli diabet və hipertoniya xəstəliyinin xroniki böyrək çatışmazlığının əsəs risk faktorları olduğunu diqqətə çatdırmaq.
2.Hipertoniyalı və diabetli xəstələrin sistematik skrininqini və profilaktik tədbirlərin həyata keçirilməsini təşviq etmək.
3.Tibb işçilərinə yüksək risk qruplu xəstələrdə xroniki böyrək çatışmazlığının aşkarlanması və riskinin azaldılması haqqında təlim keçmək.
4.Yerli səhiyyə qurumlarının xroniki böyrək çatışmazlığının yayılmasının qarşısının alınmasındakı əhəmiyyətli rolunu vurğulamaq.
5.Böyrək köçürülməsini xroniki böyrək çatışmazlığı zamanı ən yaxşı nəticə verən müalicə üsulu kimi təşviq etmək.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.