Tarixdə bu gün

İlin 73-cü (uzun illərdə 74-cü) günü.
Mühüm hadisələr:
1996 — Azərbaycan Respublikası Seneqal ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1915 —Özbəkistanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Zülfiyyə xanım Daşkənddə anadan olub.
Qızlar pedaqoji məktəbində təhsil aldığı zaman şeirlər yazmağa başlayır. İlk şeiri 1930-cu ildə mətbuatda dərc edilir. Bundan sonra şeir və məqalələrlə mütəmadi olaraq qəzet və jurnallarda çıxışlar edir. 1932-ci ildə “Həyat səhifələri” adlı ilk şeirlər kitabı çapdan çıxır.
1934-cü ildə Zülfiyyə özbək şairi, dramaturq və tənqidçi Həmid Alimcanla ailə qurur. 10 il sonra həyat yoldaşı vəfat edir. Bundan sonra o, nəşriyyatda əmək fəaliyyətinə başlayır, həmçinin müxtəlif mətbuat orqanlarında jurnalist kimi çalışır. 1953-1985-ci illərdə “Özbəkistanın xatun qızları”, “Səadət” jurnallarının baş redaktoru olur.
1956-cı ildə Asiya və Afrika yazıçılarının Hindistanda keçirilən konfransında iştirak edir. Araşdırmalarda qeyd olunur ki, vətənə döndükdən sonra konfransın təəssüratları əsasında “Müşairə” adlı poemasını qələmə alır. Müəllif poemada xalqlar dostluğunu, insanpərvərlik və s. ideyaları əks etdirib. Şairənin bu poeması Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatına layiq görülür.
Zülfiyyənin əsərləri Azərbaycan oxucularına da tanışdır. Şairənin şeirlərini Ələkbər Ziyatay, İlyas Tapdıq, Mirvarid Dilbazi dilimizə çevirib. Onu da qeyd edək ki, 1978-ci ildə Bakıda Özbəkistanın ədəbiyyat və mədəniyyət günləri keçirilir. Həmin ərəfədə özbək ədəbiyyatı nümunələrinin toplandığı “Nəğməkar Özbəkistan”, “Nurlu diyar”, “Balalara hədiyyə” antologiyaları işıq üzü görür. Görkəmli özbək şairi Əlişir Nəvainin “Yeddi səyyarə”, Maqsud Şeyxzadənin “Əks-səda”, Zülfiyyənin “Torpağa səcdə”, Rəmz Babacanın “İşıqlar”, Mirtemirin “Ülfət” və s. kitablar nəşrə hazırlanır.
1996-cı il avqustun 1-də 8 yaşında vəfat etmişdir.

1938 — Azərbaycanın Əməkdar artisti Süleyman Cümşüd oğlu Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuşdur.
1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilmişdir.
1960-1964-cü illər ərzində S.Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənmişdir.
1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamış, xalq çalğı alətləri ansamblları ilə çalışmışdır.
1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən Ümumdünya festivalının qalibi olmuşdur.
Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır.
Süleyman Abdullayevin ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahlarının lent yazıları AzTR Fonduna daxil olmuşdur.
Xanəndə oxuduğu muğamlarda klassik şairlərin – Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verir. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən “Dədə Süleyman” deyə çağırılır.

1938 —Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rza oğlu Rzayev Bakıda anadan olmuşdur.
Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
Anar 1991-1995, 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib

1925 — Məşhur dirijor, Xalq artisti , SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, professor Nazim Əsədulla oğlu Rzayev anadan olmuşdur.
Nazim Rzayev AOBT-nın dirijoru olmuş, Moskvada Böyuk Teatrda təcrübə keçmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Son illərdə Türkiyədə işləyir. Üzeyir Hacıbəyovun bir neçə əsərinə dirijorluq etmişdir. 1984–1985-ci illər teatr mövsümündə Ankara Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının quruluşçu dirijoru olmuşdur.
Nazim Rzayev 2 may 2006-cı ildə Əskişəhərdə vəfat etmişdir.

1936 —Ssenari müəllifi, kino redaktoru, Respublika Xatirə Kitabının baş redaktoru olmuş Nahid Rəhim oğlu Hacıyev Gədəbəyin Düzrəsullu kəndində anadan olub.
Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb.
. Onun “Ömrün sorağında”, “Ömür gözləyir bizi”, “Məhəbbət yaşadır”, “Köçündən ayrılan durna” pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. “Qisas qiyamətə qalmaz” pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Nahid Hacızadənin ssenariləri əsasında həm də 30-a yaxın sənədli və bədii televiziya filmi çəkilib. Müəllifin “Son qəmin olsun, Vətən!”, “Qayalarda qalan səs” və “Yaşa, ey haqq” filmləri Qızıl Fonda daxil edilib.
Uzun illər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Redaktorluqdan şirkətin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçib.
Nahid Hacızadə uzun sürən xəstəlikdən sonra 2018-ci il yanvarın 18-də vəfat etmişdir.
Vəfat etmişdir:

838 — Xürrəmi hərəkatının başçısı Babək Samirə şəhərində edam edilib.
1 iyul 798-ci ildə Bilalabadda dünyaya gəlib. Əsil adı Həsən olub. Atasının ölümündən sonra karvanlara qoşularaq Azərbaycanın hər tərəfini gəzib. Xürrəmi təlimi ilə tanışlığı Təbrizdə başlayıb…
Bilalabad yaxınlığındakı dağlarda yerləşən Bəzz qalasında Cavidan adlı varlı vilayət hakimi – xürrəmi yaşayırdı. O, bir dəfə qışda qalaya qayıdarkən qar fırtınasına düşür. Məcbur olub Bilalabada dönür. Həsənlə də bu zaman tanış olur. 16-17 yaşlı cavanın ağlına, fərasətinə heyran qalır və onu özü ilə Bəzz qalasına aparır. Həsən az vaxtda hamının hörmətini qazanır və məşhurlaşır. Cavidan döyüşlərin birində öldürüldükdən sonra onun vəsiyyətinə əsasən xürrəmilərə başçılıq edən Həsən özünə Babək adı qəbul edr. O, həmfikirləri və silahdaşları qarşısında ərəbləri qovmaq və ədaləti bərpa etmək vəzifəsi qoymuşdu. Az sonra bütün Azərbaycan xürrəmilərin əlinə keçdi. Üsyan şimaldan cənuba adladı.
Bu minvalla Babək xilafətə qarşı təxminən 17 il vuruşur. Döyüşlərdə 225 mindən çox ərəb əsgəri və sərkərdəsi öldürülür. Yeni xəlifə Möhtəsim Babəkin üzərinə sərkərdə Afşinin başçılığı ilə daha böyük qoşun göndərir. 836-c ldə Azərbaycana daxil olan Afşin Bəzz qalasını mühasirəyə alır. Qüvvələrin qeyri-bərəbər olduğu bu döyüşdə məğlubiyyətə uğrayan Babək qalanı tərk edir və özünü Bizansa yetirmək istəyir. Afşin onun ardınca hər yana dəstələr yollayır. Təqiblər başlayır.
Köhnə tanışlarından olan Səhl ibn Sumbat adlı bir vilayət hakimi Babəki aldadaraq əsir alır və Afşinə təhvil verir. Xəyanət qurbanı olan Babək 838-ci ildə edam olunur…

1919 – Görkəmli Azərbaycan şairi, publicist Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov (Əliqulu Qəmküsar) 39 yaşında Tiflisdə qətlə yetirilmişdir.
Yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir. Ziyalı maarifçi nəsil olan Nəcəfovların nümayəndəsidir.
Əliqulu Nəcəfov Qəmküsar 1880-cı ildə Naxçıvanda doğulmuşdur. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq etmişdir. Ana babası Məşədi Əsəd “Məddah” təxəllüsü ilə şeir yazmışdır. Əmisi “Fani” təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın qüvvətli şairlərindən sayılmışdır.
Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənmişdir. Hələ məktəbdə ikən şeir yazmağa başlamış, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olmuş, il yarım orada oxumuşdur. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ağır külfətin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir.
1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata olan nifrəti daha da artırır.
1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır. “Molla Nəsrəddin” və başqa Bakı qəzet və jurnallarına şeir və məqalələr yazır. 1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanır, bu mövzuda şeirlər çap etdirir. 1912-ci ilin oktyabr ayında Qəmküsar Tiflisə köçür və Mirzə Cəlil ilə birlikdə “Molla Nəsrəddin” jurnalında yaxından iştirak etməyə başlayır. 1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. “Ölülər” komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın “Ölülər”də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur. 1917-ci ilin axırında Tifiisdə çıxan “Al bayraq”, sonra “Gələcək” qəzetlərində şeir və felyetonlar çap etdirir.
Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülmüş və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilmişdir.
Ə.Qəmküsar 1916-cı ildən etibarən öz yazıları ilə “Molla Nəsrəddin”, “Yeni füyuzat”, “Həyat”, “İrşad”, “Sədayi-həqq”, “Al bayraq”, “Gələcək” və s. qəzet və jurnallarda iştirak etmişdir. Əsərləri “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” və başqa imzalarla nəşr edilmişdir.

1992 – Məşhur uşaq şairi, ictimai xadim Əliyev Teymur Süleyman oğlu 67 yaşında Bakıda vəfat etmişdir.
eymur Əliyev 1924-cü il martın 28-də Şuşa şəhərində anadan olmuşdur. 1941-1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır .
Eyni zamanda “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi (1941), Azərbaycan Radio Komitəsində ictimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir (1941-1942), diktor, redaktor, məsul redaktor (1942-1943) kimi fəaliyyət göstərmişdir.
Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi “Şeirlər məcmuəsi”ndə dərc olunan “Azərbaycan” şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda (“Kommunist”, “Yeni yol” və “Azərbaycan pioneri” qəzetlərində) dərc edilən yazılan “Teymur Əlizadə” imzası ilə çıxmışdır.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.