Tarixdə bu gün
İlin 76-cı (uzun illərdə 77-ci) günü.
Mühüm hadisələr:
1920 — ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib.
1920 — V.İ. Lenin Qafqaz Cəhəsi Hərbi İnqilab Şurasına Bakını işğal etmək barədə teleqram göndərib.

1991 — “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib.
1922 — Dövlət Dram Teatrında Nəcəf bəy Vəzirovun “Keçmişdə qaçaqlar” faciəsinin ilk tamaşası olub.
1992 — Azərbaycan Respublikası Almaniya ilə diplomatik əlaqələr qurmuşdur.
1995 — Prezident fərmanı ilə ləğv edilən Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) dövlət çevrilişi cəhdi iflasa uğrayıb.
1997 — Qafqaz İslam Universiteti Bakı İslam Universitetinə çevrilib.
Doğum günləri:

763 —Abbasi xəlifəsi Harun ər-Rəşid İranın Rey şəhərində (indiki Tehran yaxınlığında) doğulmuşdur. Xəlifə olan qardaşı Hadinin 786-cı ildə ölməsindən sonra Xilafətə başçılıq etməyə başladı. Həyatının çoxunu Bağdadda Rakka şəhərində keçirmişdir. 24 mart 809-cu ildə Xorasanda Tus şəhərində ölmüşdür və orada da dəfn edilmişdir. Harun əl-Rəşidin xilafəti dönəmində İslam xilafəti hərbi, siyasi, mədəni ve elmi baxımdan sürətli inkişaf etmişdir.
Xəlifə Harun ər-Rəşid haqqında zamanında yazılmış bir çox şəxsi və dövləti məsələlərə aid əhvalatlar, rəvayətlər, hekəyələr və məsəllər günümüzə qədər gəlib çatmış, məşhurlaşmışdır. Bunların bir çoxu həqiqəti əks etdirərək tutarlı səhih sənədlərlə əsaslansa da, bəziləri də uydurmadır.

1709 — XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi Şəmkirdə anadan olmuşdur.
Şairin uşaqlığı və ilk gəncliyi də orda keçmişdir. Atası Məhəmməd ağa zəmanəsinin qabaqcıl və savadlı adamlarından biri idi. Atasının ölümündən sonra Vidadi Şəmkiri tərk edib, Qazağa köçmüşdür. O, ilk təhsilini Şəmkirdə almış, oxumağı davam etdirmək üçün Poyluya gəlmişdir. O, ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Şair Poyludan vətəninə qayıtmayıb Şıxlı kəndinə gəlmiş, burada Əhmədağanın yanında mirzəlik, katiblik və məktəbdarlıqla məşğul olmuşdur. Məhz buna görə də o, Mola Vəli adı ilə tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cəbrayıl adlı bir nəfərin qızı ilə evlənərək, Şıxlı kəndində məskən salmışdır.
M.V.Vidadinin irsinin az qismi məlumdur. Feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən doğan kədər və ümidsizlik, mənəvi tənhalıqdan şikayət Molla Vəli Vidadinin yaradıcılığının əsas motivləridir.
Humanist sənətkar olan Vidadinin yaradıclığında vətənə, zəhmətkeşlərə məhəbbət güclüdür Şairin “Dəli könül, gəl əylənmə qürbətdə”, “Ey həmdəmim, səni qana qəra eylər”, “Xəstə düşdüm, gələn yoxdur üstümə” kimi şeirlərində vətən həsrəti, qəriblik iztirabı səmimi və təsirlidir.
Vidadinin aşiqanə şeirləri də var. Vidadi lirikası yüksək bədii sənətkarlıq nümunəsidir.
Molla Vəli Vidadi 13 may 1809-cu ildə Qazaxda, Şıxlı kəndində vəfat etmiş və Gəmiqaya adlı yerdə dəfn olunmuşdur.

1905 – Görkəmli nasir, şair, tərcüməçi Mikayıl Manaf oğlu Rzaquluzadə Bakı şəhərində anadan olmuşdur.
İbtidai təhsilini yeni üsullu “Mədrəsəyi-nur” məktəbində və mollaxanada almışdır . Yeni üsullu 5 saylı “Rus-müsəlman” məktəbində, həm də xüsusi müəllim yanında hazırlaşıb Bakı Ticarət məktəbinə daxil olmuşdur. 1917-1918-ci ildə Bakı I realni məktəbi milliləşib “Edadi” adını aldı. Azərbaycanda Sovet hakimiyyəti qurulduqda həmin məktəb II dərəcəli Şura zəhmət məktəbinə, daha sonra I Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində “A.Şaiq adına nümunə məktəbi”nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Tələbəliklə paralel bir sıra vəzifələrdə çalışmışdır.
Ədəbi fəaliyyətə 1923-cü ildə “Abdulla Şaiq” kitabçasında çıxan “Müəllim” şeiri ilə başlamışdır. İlk məqaləsi isə 1926-cı ildə “Maarif işçisi” jurnalında “Cocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunmuşdur. Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən başlayaraq bütün kitablarını uşaq və gənclər üçün nəzərdə tutmuşdur.
Yaradıcılığında bədii tərcüməyə də geniş yer vermişdir. Dünya və keçmiş SSRİ xalqlarının ədəbiyyatından tərcümələr etmişdir. “Gənclik” nəşriyyatının, “Göyərçin”, “İnqilab və mədəniyyət” (sonralar “Azərbaycan”) jurnalları redaksiya heyətinin, “Azərbaycan dilinin izahlı lüğəti”nin redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı qəbul komissiyasının üzvü olmuşdur.
1984-cü il noyabrın 10-da Bakıda vəfat etmişdir. Bakı küçələrindən birinə onun adı verilmişdir.

1955 —Görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Baba Hüseynəli oğlu Babazadə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur.
1972-ci ildə Baş Göynük kənd 1 saylı orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU ) davam etdirmişdir (1976-1982). 1984-87-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1988-ci ildə “XX əsrin satirik nəsrində tipikləşdirmə” mövzusunda dissertasiya müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
“Bədii ədəbiyyatda tipiklik” (1992) adlı ilk kitabı ali məktəblər üçün dərs vəsaiti kimi tövsiyə olunmuş və kütləvi tirajla nəşr edilmişdir. Dövri mətbuatda Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair məqalələri dərc olunmuşdur. “XX əsrin Azərbaycan ədəbiyyatında bədii tip problemi” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır.
Baba H.Babazadə dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında çıxış etmiş,18 kitabın və 150-yə qədər respublika və xarici mətbuatda dərc olunmuş elmi məqalələrin müəllifi olmuşdur.
Baba Babazadə 6 May 2011-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir.
Vəfat etmişdir:

1919 —Məşhur aktyor Hüseyn Ərəblinski (Xələfov) Bakıda qətlə yetirilmişdir.
Azərbaycanda teatr sənətinin qurucularından olan aktyor Hüseyn Ərəblinski 1881-ci ildə Bakı şəhərində doğulub. İlk təhsilini mollaxanada alan gələcəyin görkəmli aktyoru maddi çətinliklə əlaqədar məktəbi buraxmağa məcbur olub. Yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradan Həbib bəy Mahmudbəyov gənc Hüseynin də özünün müəllim işlədiyi “Üçüncü rus-tatar” məktəbinə qəbul edilməsinə yardım edib.
Hüseyn Ərəblinskinin teatr sənətinə gəlişinin səbəbkarı da məhz Həbib bəy olur. O, Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyərkən epizodik rollar üçün aktyor tapmır və bu işə Hüseyn də daxil olmaqla öz şagirdlərini cəlb edir.
1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edən Hüseynin teatrdakı uğurları 1903-1904-cü illərdə yaradılan Müsəlman Artistləri Cəmiyyəti ilə sıx bağlıdır. Belə ki, 1905-ci ildə Lənkərana qastrol zamanı “Müsibəti-Fəxrəddin” tamaşasında əsas rolu oynayacaq aktyor qəflətən xəstələnir. Məcburiyyət qarşısında qalan truppa rəhbərliyi bu rolu Hüseynə tapşırır.
Bu rolu böyük məharətlə oynayan Hüseyn Ərəblinski çox keçmədən istedadlı aktyor kimi tanınmağa başlayır. Sonradan “Nicat” Teatr Cəmiyyətində baş rejissor kimi fəaliyyət göstərir və teatr mühitində bir sıra yeniliklərə imza atır.
Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb.
Məzarı Bakıdakı Fəxri Xiyabandadır.

1940 — Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadə İstanbulda 76 yaşında vəfat etmişdir.
Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır.
Əli bəy Hüseynzadə 24 fevral 1864-cü ildə Salyanda anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçmüşdür. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş, uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi.
Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü.
Əli bəy Hüseynzadə 1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləmişdi. Sonralar Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda Hərbi tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və Tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.

1989— Tanınmış yazıçı, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi Fərman Kərimzadə 52 yaşında vəfat etmişdir.
Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir . 1955-1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır .
İsmayıllı və Jdanov rayonlarında orta məktəb müəllimi olmuşdur . Sonra “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir . Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi , C. Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında kollegiya üzvü, “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru işləmişdir.
F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin[3], “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilmişdir), “Qoca qartalın ölümü” və sair məşhur əsərlərin müəllifidir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.