Etnoqrafiya

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir.
Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir.

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza “Bozqurd”, “Çağan”, “Ergenekon”, “Nevruz”, “Sultan Nevruz”, “Mart Doqquzu”, “Novruz” və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik.
Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu.

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Torba atmaq- Sonralar torba, xurcun papaqla əvəz olunub. Ancaq Azərbaycanda namus, qeyrət rəmzi olan papağın qapılara pay üçün atılmağı birmənalı qarşılanmır və tənqid edilir. Qapıya atılan torbanı boş qaytarmazlar.
Qulaq falına çıxmaq- Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq- Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım — uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək– Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək– Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək- Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Yaşlıları ziyarət etmək – Yaşlı və xəstə insanları ziyarət olunar, bayramları təbrik edilir.
Şam yandırmaq – Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması– Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək– Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək– Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.

Mənbə:İnternet




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.