Tarixdə bu gün

İlin 80-ci (uzun illərdə 81-ci) günü.
Doğum günləri:

1896— Azərbaycan teatr və kino aktyoru, Xalq artisti , SSRİ Dövlət Mükafatı laureatı , “Lenin” ordeni laureatı, Xalq artisti Kazım Cəfər oğlu Kazımzadə (Ziya Kazımzadə)Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada “İttihad” İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri “İttihad” məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Kazım Ziya Milli Dram Teatrının tamaşalarında fəal iştirak etsə də, truppanın ştatına 1922-ci ildə götürülüb. Arada bir il Naxçıvana gedib. Orada dövlət teatrının formalaşmasında ciddi çalışan Kazım Ziya 1925-ci ildə yenidən Bakıya qayıdaraq Bakı Türk İşçi və Kəndli Teatrının truppasına daxil olub. Bakı Türk İşçi Teatrı 1933-cü ildə Gəncəyə köçəndə Kazım Ziya da doğma kollektivdən ayrılmayıb. 1936-cı ildən 1938-ci ilədək Tiflisdə və İrəvandakı dövlət teatrlarında aktyorluq edib. 1938-ci ildə Bakıya gələrək Milli Dram Teatrının formalaşıb şöhrətlənmiş truppasına daxil olub.
Tipik xeyirxah insan obrazlarını oynamış Kazım Ziya mürəkkəb səciyyəli xarakterik rollarda əsil sənət qələbələri qazanıb. Səhnədə müəyyən mürəkkəb vəziyyətlərdə təqdim olunan obrazların pyesdə göstərilməyən “məişət tərzinin”, keçdiyi həyat mərhələlərinin nəzəri-estetik, fəlsəfi-psixoloji fəaliyyət xəttini, dramatik ideya yükünü müəyyənləşdirməyə cəhd göstərən və surətin indisini həmın prizmadan işıqlandırmağa çalışan aktyor idi. İfa etdiyi fransız, ingilis, türk, rus… obrazların ictimai-sosial mənşəyinə əsaslanaraq rolun bədii məntiqinə uyğun əda, davranış tərzi, geyim-qrim görkəmi, mimika ifadə vasitələri tapırdı.
Kazım Ziya 20 noyabr 1956-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

1898 — Görkəmli aktyor, Xalq artisti İsmayıl Məmmədəli oğlu Talıblı Bakıda doğulub.
Adi ibtidai təhsil alıb. 1919-cu ildə 20 yaşlı İsmayıl Talıblını yenicə yaranmış Hökumət Teatrosuna (hazırki Akademik Milli Dram Teatrı) qəbul ediblər. 1924-cü ilin sonuna qədər o, Milli Dram Teatrında qırxa yaxın müxtəlif xarakterli, hətta estetik prinsiplərin psixoloji mahiyyəti baxımından bir-birinə zidd olan obrazlara səhnə ömrü verib.
Amplua baxımından yaradıcılığını sərbəst istiqamətləndirməyi məharətlə bacaran, faciə, dramatik, satirik və komik obrazların ifasında böyük uğurlar qazanan İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı kollektivinə göndərilib. Bu kollektiv altı aydan sonra Bakı Türk İşçi və kəndli Teatrı adlanıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın aktyor ansamblma uyuşa bilib. Ona bir-birinin ardınca sanballı rollar tapşırılıb.
Bakıda yaşayan və dövlət idarələrinin mühüm ideoloji sahələrində yüksək vəzifələr tutan əcnəbi millətlərin nümayəndələrinin fitnəkarlığı ilə 1932-ci il dekabrın 28-də Bakı Türk İşçi Teatrının Gəncə şəhərinə köçürülməsinə qərar verilib. Halbuki, həmin dövrdə Gəncədə yerli gənclərdən, maarif-pərvər ziyalılardan ibarət güclü teatr truppası vardı və onların qüvvəsi ilə şəhərdə dövlət teatrı yaratmaq mümkün idi. 4 və 5 yanvar 1933-cü ildə İşçi Teatrının bütün kollektivi Gəncəyə köçdü. Bir müddət sonra truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyorları Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları Bakıya qayıtdılar, lakin İsmayıl Talıblı doğma kollektivdən ayrılmadı. O, ömrünün sonunadək Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktyorluq edib. Hətta 1942 – 1943-cü illərdə teatrda direktor da olub.
Milli səhnə sənəti tariximizə teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi “Onu bağışlamaq olarını?” filmində Mirzə Veysəl roludur.
İsmayıl Talıblı 23 iyul 1967-ci ildə Gəncə şəhərində vəfat edib və oradakı qədim Səvzəkar (Sərdabəli) qəbiristanlığında torpağa tapşırılıb.

1906 – Görkəmli Azərbaycan şairi Səməd Yusif oğlu Vəkilov Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur. Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur. Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ibtidai təhsilini kəndəki rus-tatar məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax müəllimlər seminariyasını təşkil edir və məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Səməd Vurğun seminariyanı bitirdikdən sonra (1924) Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır. 1920-1930 illərdə şairin səsi ciddi surətdə ədəbi mühitin və geniş oxucu kütlələrinin nəzərini cəlb edir. O, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edir. Məlahətli səsi olduğundan gözəl oxuyur, məharətlə saz və skripka çalır, şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi. Seminariyada o, ilk şeirlərini qələmə alır. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə “Vurğun” təxəllüsünü götürür.
1929-cu ildə Səməd Vurğun II Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. Moskvadakı təhsil illərində onun yazdığı siyasi məzmunlu və lirik şeirlər 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında toplanmışdır. 1934-cü ildə isə şairin “Könül dəftəri” və 1935-ci ildə “Şeirlər” adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, Azərbaycan poeziyasının dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, Azərbaycan ədəbiyyatını və dramaturgiyasını yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə şair öz vətəninin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyini tərənnüm etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – “Vaqif”i yazır və 1941-ci ildə həmin əsərə görə “Stalin mükafatı”na layiq görülür. 1939-cu ildən başlayaraq o, Nizami Gəncəvi haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun “Leyli və Məcnun” poemasını məharətlə Azərbaycan dilinə çevirmişdir. 1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” mənzum dramını yazır və bu əsərə görə ikinci dəfə “Stalin mükafatı”na layiq görülür.
1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı “Ananın öyüdü” şeiri çox yüksək qiymətləndirilmiş və dünya ədəbiyyatında bu mövzuda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır. Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950-1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın Xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də Opera və Balet Teatrında şairin təntənəli yubiley gecəsi keçirilir. İki həftə sonra —1956-cı il may ayının 27-də, Səməd Vurğun vəfat edir və Fəxri Xiyabanda dəfn edilir.

1910 — Sovet İttifaqı Qəhrəmanı Şirin Ağabala oğlu Şükürov Əli Bayramlı şəhərində anadan olmuşdur.
1941-ci ildə cəbhəyə yollanmış, Krımda, Qafqazda, Voronejdə, Belorusiyada və Polşada vuruşmuşdur.
12 yanvar 1945-ci tarixində Vislada düşmənin müdafiə xəttini yaran döyüşçülər arasında məhz Şükürovun vzvodu birinci idi. Lakin elə bu vaxt düşmən cəbhədən gələn pulemyot atəşi sovet ordusunu bir anlıq geri çəkilməyə, yerə yatmağa vadar elədi. Elə bu vaxt Şirin Şükürov “Yoldaşlarım, irəli” sözlərilə ayağa qalxıb düşmənə sarı cumdu. Qranat və atvomatlarla düşməni məhv edərək irəliləyərkən, başından və ayağından yaralanmasına baxmayaraq, 3 cərgə faşist dəstəsəni dəf eləyə bildi.
1945-ci ilin 27 fevralında SSRİ Ali Sovetinin Fərmanı ilə Şirin Şükürova Visladakı qəhərmanlığına görə, Sovet İttifaqı Qəhrəmanı adı verildi.
21 sentyabr 1987-ci ildə 77 yaşında vəfat etmişdir.

1913 — Görkəmili teatr və kino aktyoru, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinifi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasında Hacı Qaradır.
Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları” dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor GTT-də müasir dramaturqların əsərlərində, klassik milli və tərcümə əsərlərində koloritli silsilə rollar yaradıb.
Müxtəlif çeşidli rolları, xüsusən “O olmasın, bu olsun” bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Bu teatrda ilk orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında (2 dekabr 1961) Abış Surxayeviç obrazıdır.
Televiziyanın fondunda aktyorun iştirak etdiyi tamaşaların və satirik səhnəciklərin lentləri saxlanır.
Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Həm zahiri əlamətlər cəhətdən, həm də daxilən rolun ifasında istifadə etdiyi vasitələrin məntiqi ahəngdarlığına çalışırdı.
Həyatda da şuxluğu xoşlayan Əliağa Ağayev 13 noyabr 1983-cü ildə pərəstişkarları və dostları ilə süfrə arxasında lətifə söyləyib güldüyü yerdəcə gözlərini əbədi qapayıb. Məzarı Bakıda, Yasamal qəbiristanlığındadır.

1914 —Məşhur aktyor, Xalq artisti Hüseynağa Ələsgər oğlu Sadıqov Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.
GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli (“Əfilər”, Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid (“Xasay”, “El oğlu” və “Bir saat xəlifəlik”, Abdulla Şaiq), Bobçinski, Jevakin (“Müfəttiş” və “Evlənmə”, Nikolay Qoqol), Seryoja Streltsov (“Seryoca Streltsov”, Valentina Lyubimova), Azad (“Azad”, Əyyub Abbasov), Mirzə Qoşunəli (“Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), Həsən (“Yaşar”, Cəfər Cabbarlı), Trufadino (“İki ağanın bir nökəri”, Karlo Haldoni), Rəcəb (“Şirinbala bal yığır”, Salam Qədirzadə), Səlim (“Anacan”, Yusif Əzimzadə), Spid (“İki veronalı”, Uilyam Şekspir), Qey (“Qar Kraliçası”, Yevgeni Şvarts), Hacı Murad (“Tamahkar”, Süleyman Sani Axundov), Ceyms Berten (“Ovod”, Etil Voyniç), Jiront (“Skapenin kələkləri”, Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi (“Molla İbrahimxəlil kimyagər” və “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd (“Hacı Qəmbər” və “Ağa Kərim xan Ərdəbili”, Nəcəf bəy Vəzirov), kapitan (“Qavroş”, Viktor Hüqonun “Səfillər” romanı üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa (“Komsomol poeması”, İsgəndər Coşqun), Şah Ələmgir (“Əlvida, Hindistan!”, Qeybulla Rəsulov), aptekçi (“Romeo və Cülyetta”, Uilyam Şekspir), Şamdan bəy (“Şamdan bəy”, Nəriman Nərimanov), Abbas (“Mənim nəğməkar bibim”, Əkrəm Əylisli). “Komsomol poeması” tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib.

1915 —Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əkbər Məmməd oğlu Ağayev Şuşada anadan olmuşdur.
Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra, müxtəlif mətbuat orqanlarında çalışmaqla yanaşı, ali məktəblərdə mühazirələr də oxumuşdur.
Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin “Nizami və dünya ədəbiyyatı”, “Şeirimizin yeni nəsli”, “Lirikanın qüdrəti”, “Dramaturgiyanın bəzi məsələləri”, “Ədəbiyyat tarixi haqqında qeydlər” və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş “Anri Barbüs”, “Höte Nizami haqqında”, “Fransız xalqının böyük oğlu”, “Humanist sənətkar”, “Xalq nəğməkarı”, “Səhər şəfəqləri” kimi əsərlər də vardır. “M.Y.Lermantov” (1941), “A.İ.Gertsen” (1962), “Sənətkarlıq məsələləri” ( 1962), “Nizami və dünya ədəbiyyatı” (1964), “Sənətkara töhfə” ( 1978), “Sənətin tərənnümü” və s. kitabları işıq üzü görmüşdür.
Əkbər Ağayev 2 mart 1989-cu ildə 74 yaşında vəfat etmişdir.

1924 — Aşıq, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflı Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.
Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında “Coşğun” təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.
Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Məzahiri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olmuşdur.
Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Keçən əsrin 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar “Yazıçı” nəşriyyatı sənətkarın “Qoca qartal” (1987) adlı kitabını çap etdi. 1988-ci ildə Şərifzadə adına Aktyor evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş etdirildi. Azaflının anadan olmasının 70 illiyi isə sənətkar dünyasını dəyişəndən sonra, təntənəli şəkildə 1994-cü ildə Filarmoniyada, 75 illiyi Yazıçılar Birliyində, 2004-cü ildə aşığın 80 illiyi Mədəniyyət Nazirliyinin xətti ilə Dövlət Musiqili Komediya Teatrında qeyd olundu.
1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi qeyd edildi. O, Aşıqlar Birliyinin sədr müavini seçildi.
Mikayıl Azaflı 12 oktyabr 1990 -cı ildə 66 yaşında vəfat etmişdir.

85
1941 — Məşhur jurnalist Nemət Bayramalı oğlu Veysəlli Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olub.
1961/1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. 1965-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.
N.Veysəllinin ədəbi fəaliyyət göstərdiyi illərdə Azərbaycan mətbuatında və publisistikasında yeni bir dönüş yaranmışdır. 60-70-ci illərin ab-havası artıq ədəbiyyatı və həyatı sevən oxucularda yeni bir həvəs və zövq formalaşdırmışdır. Əvvəlki illərdən fərqli olaraq, süni qəzet yazılarından bezən oxucular yeni mövzu və təsvir üslubu gözləyirdilər. Yəni insanların maraq dairəsi dəyişmişdir. Şablon yazılara inam artıq yox idi. Həm ədəbiyyatda, həm də mətbuatda yeni təhkiyə üslubuna, yeni mövzuya və gerçək həyat hadisələrinə real, obyektiv baxışı özündə əks etdirən yazılara ciddi ehtiyac hiss olunurdu. Həmin dövrdə gedən siyasi proseslər, yeniləşmə istəyi o vaxtkı sovet mətbuatında, həm də Azərbaycanda aydın sezilirdi. N.Veysəlli və onun qələm dostları Səyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Möhbəddin Səməd, Tofiq Abdin, Azər Abdulla, Firuz Mustafayev və b. bu mərhələdə xeyli işlər gördülər. Həmin dövrdə tanınmış yazıçılar Əlfi Qasımov, Qulu Xəlilov, Anar, Elçin sənədli nəsrə və publisistikaya böyük maraq göstərirdilər. Məhz o dövrdə qəzet və jurnal səhifələrində bu sahəyə böyük maraq oyanmışdı. İlk bədii publisistik yazıları “Araz”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Ədəbiyyat və incəsənət” qəzetlərində, “Qobustan” incəsənət toplusunda dərc edilmişdir. 1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, radionun “Xəbərlər” informasiya redaksiyasında redaktor (Qeyd etmək lazımdır ki, N.Veysəlli televiziya və radioda çalışdığı dövrdə sənət adamlarının həyat və yaradıcılıqları ilə bağlı bir-birindən maraqlı verilişlər hazırlayırdı), sonra isə “Azərbaycan qadını” jurnalında işləmişdir. 1976-1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, “Azərbaycan”, “Ulduz” jurnallarının publisistika şöbələrində çalışmış (“Azərbaycan qadını” , “Azərbaycan” və “Ulduz” jurnallarının publisistika şöbəsində işlədiyi dövrdə N.Veysəlli həm öz yazılarında, həm də o vaxt mətbuata can atan, bətbuatda əsərləri ilə çıxış edən yeni nəslin formalaşmasında xüsusi xidmət göstərmişdir), “Qobustan” incəsənət toplusunda şöbə müdiri (1999-2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan “Mədəniyyət” gəzetində baş redaktor (2001-2006), “Qarabağın səsi” qəzetində baş redaktor (2007-2008) işləmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Redaksiya, nəşriyyat” şöbəsində işləyir.
Yazıçının “Haran ağrıyır, Vətən?” , “Yaş həddinə görə”, “Piyadaların döyüşü” kimi publisistik kitablaı çap olunmuşdur.
Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Abuzər oğluna Behbudov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Səfiyar Behbudov 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış, xidmətibaşa vurub Vətənə qayıtmışdır. Erməni təcavüzkarları torpaqlarımızı işğal etməyə başlayarkən, o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər.
1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Səfiyar öz döyüşçü yoldaşları ilə düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas edir və sonra Əsgərana doğru üz tuturlar. Qaraqaya deyilən yerdə döyüşçülərimiz düşmənin böyük qüvvəsilə qarşılaşırlar. Gərgin döyüşlər başlayır. Səfiyar ağır yaralanaraq əsir düşür. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçümüzü sonda üzərinə neft töküb yandırırlar.
Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis şöbəsinin köməkliyilə almaq olur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyu n 1992 ci il tarixli 833 saylı Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir.
Təhsil aldığı 6 nömrəli orta məktəb qəhrəmanımızın adını daşıyır.

1981 — Xalq artisti, Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı Tofiq Qəzənfər oğlu Əhmədov 57 yaşında vəfat etmişdir.
Tofiq Əhmədov 1924-cü il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə məhəbbəti onu bu ecazkar sənətlə əbədi olaraq bağlayır. 1941-ci ildə respublikamızda yeni yaranan estrada simfonik orkestrinə klarnet və saksafon ifaçısı kimi daxil olur. O vaxt orkestrin rəhbəri və dirijoru unudulmaz bəstəkarımız Tofiq Quliyev idi. 1942-ci ildə bəstəkar Tofiq Əhmədovu rəhbərlik etdiyi Xəzər Donanması Estrada Ansamblına dəvət edir. O, 1945-ci ilə qədər həmin orkestrdə işləyir. Bu illərdə ali təhsil almağı da unutmur. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirir. 1957-ci ildə “Biz Bakıdanıq” adlı estrada orkestrini yaradır. Tofiq Əhmədov 1961-ci ilə qədər bu ansambla rəhbərlik edərək Azərbaycan estradasının yaradıcılarından və təbliğatçılarından biri kimi səmərəli fəaliyyət göstərir, ansambl ilə müxtəlif ölkələrə qastrola gedir.
Tofiq Əhmədovun yaradıcılığının böyük bir hissəsi Azərbaycan Televiziya və Radiosu ilə bağlıdır. 1961-ci ildə burada “Biz Bakıdanıq” estrada ansamblının solistləri əsasında estrada orkestri yaradır.
Onun yaratdığı Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestri fəaliyyətə başladığı ilk illərdən bəri respublikamızla yanaşı, beynəlxalq aləmdə də böyük nüfuz qazandı. Finlandiyanın Helsinki şəhərində keçirilən gənclərin VIII ümumdünya festivalında, 1968-ci ildə Bolqarıstanda keçirilən ənənəvi “Qızıl Orfey” festivalında və digər beynəlxalq tədbirlərdə orkestr xüsusi mükafatlara layiq görülüb.
Bayramlar və xüsusi günlər:
Beynəlxalq Novruz Günü — mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilən təntənəli bir bayramdır.

BMT Baş Assambleyası 23 fevral 2010-cu ildə 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. Beynəlxalq Novruz Günü münasibətilə hazırlanan qətnamənin preambula hissəsində bildirilir ki, “yeni gün” mənası verən, martın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün qeyd olunan Novruz bütün düny ada 300 milyon nəfərdən artıq adam tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Bu bayram artıq 3000 min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd olunur. BMT, həmçinin Novruz bayramının UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi alqışlayıb.
Qətnamənin mətni Azərbaycanın BMT-dəki nümayəndəsi tərəfindən təqdim olunub. O, bəyan edib ki, bu bayram mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanı həvəsləndirməyə istiqamətləndirilib.
Beynəlxalq Poeziya Günü

YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i Beynəlxalq Poeziya Günü elan edilmişdir.
Poeziya ən qədim zamanlardan başlayaraq insanın mənəvi ehtiyacına çevrilmiş, onun arzu və istəklərinin, duyğu və düşüncələrinin, sevinc və kədərinin poetik tərcümanı olmuşdur. Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Azərbaycan şairləri, bütövlükdə, Yaxın və Orta Şərq, eləcə də dünya ədəbiyyatının inkişafına güclü təsir göstərmiş, özünəməxsus poeziya məktəbi yaratmışlar.
Beynəlxalq İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması Cünü

52 il əvvəl – 1966-cı ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 21 mart Beynəlxalq İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması Cünü elan edilib.
XXI əsrdə hələ də milyonlarla insan irq ayrı-seçkiliyinə məruz qalır. Hər gün televiziyadan seyr etdiyimiz miqrasiya böhranı bu vəziyyətin ən acı nümunəsidir. Avropaya sığınmaq istəyən minlərlə insan hər gün dənizlərdə can verir. Avropaya qədəm qoya bilənlər isə “gəlmə, qaçqın” olmağın əzablarını yaşamağa məhkum edilir.
BMT Beynəlxalq İrq Ayrı-seçkiliyi İlə Mübarizə Günündə bütün dünyada bu problemin həlliı üçün lazımlı addımların atılmasını tövsiyə edir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.