Tarixdə bu gün
İlin 81-ci (uzun illərdə 82-ci) günü.

Mühüm hadisələr:
1995 — Azərbaycan Respublikası Sent Kids və Nevis ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Ekvador ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Somali ilə diplomatik əlaqələr qurmuşdur.
2004 — Azərbaycan Respublikası Kabo-Verde ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1878 — Tibb elmləri doktoru , professor, Əməkdar elm xadimi olmuş Əli bəy Qulu bəy оğlu Əlibəyov Cəbrayıl qəzasının Dədəli оbasında doğulmuşdur.
1894-cü ildə Bakıya gəlmiş və Bakı limanında, Qara şəhərdəki zavоdlara fəhləlik etməyə başlamışdır. Müxtəlif kurslar keçdikdən sonra 27 yaşlı Əlini 1905-ci ildə оnu şəhərin tibb-sanitar bürоsuna təlimatçı vəzifəsinə qəbul tmişlər.
Əli Əlibəyov 1911- 1916-cı illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil almışdır.
Ə.Əlibəyov 1918—1923-cü illərdə İnquşetiyanın Nazran Səhiyyə şöbəsinin müdiri işləmişdir.
Azərbaycana qayıtdıqdan sonra isə epedemiоlоgiya və sоsial-gigiyena məsələlərinin tədqiqatı sahəsində fəaliyyət göstərmişdir.
1932-ci ildən ömrünün sоnunadək N. Nərimanоv adına Azərbaycan Dövlət Tibb Institutunun ictimai gigeniya kafedrasının müdiri işləmişdir.
7 aprel 1964-cü ildə 83 yaşında vəfat etmişdir.

1893 — Məşhur Azərbaycan aktyoru, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. 1902-ci ildə Şamaxıda baş verən zəlzələ səbəbindən ailəsi ilə Bakıya köçüblər.
Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Elə bu illərdən də səhnə ilə maraqlanmağa başlayır.
Atası başqa sahəni arzulasa da, Abbas aktyorluq sənətinin sehrinə düşür və özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.
Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin “Zorən Təbib” əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb). Düz iki ildən sonra – 1910-cu ildə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunmuş Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq etmiş ilk obrazını yaradır. Bu, Ə. b. Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsində əsas Qacar obrazı idi.
Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1926-cı ildə Dram Teatrı səhnəsində qoyulub.
Və onun adı Azərbaycan teatr tarixinə həm də ilk rejissor kimi düşüb. O, “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub.
Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. “Bismillah”, “Hacı Qara”, “Gilan Qızı”, “Məhəbbət Oyunu” filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.
Qarşıda böyük aktyoru 1937-ci il gözləyirdi.
Abbas Mirzə 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. Onu həbs edərkən, evində ciddi axtarış aparılıb. Bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib.
Abbas Mirzə məsuliyyətə “İran dövlətinin xeyrinə casusluq etdiyinə görə” cəlb olunubmuş.
İstintaqın gedişatı zamanı da müstəntiqlər, əsasən, bunu sübut eləməyə çalışmışlar ki, guya, Abbas Mirzə Şərifzadə 1932-ci ildə Gəncədə olarkən, iki-üç dəfə orada fəaliyyət göstərən İran konsulxanasına gedib-gəlirmiş. İran konsulxanasının rəhbəri teatrı çox sevirmiş. Bu, sadəcə, ona sənətkar kimi bəslənən hörmət idi.
İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, “yox” cavabı verən, heç kim haqqında ifadəyə imza atmayan Abbas Mirzə yalnız şahid ifadələri əsasında günahkarlandırılıb. Yalnız işgəncələr nəticəsində repressiya caniləri onun dilindən günahlarını etiraf edən kağız ala biliblər
1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: “Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!”.
Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – 16 noyabr 1938-ci ildə yerinə yetirilir.

1895— Nasir, ADDT sabiq direktoru Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu Şamaxı şəhərində anadan olmuşdur.
M.Ə.Sabirin “Ümid” məktəbini bitirmişdir. Moskvada Qırmızı Professura İnstitutunda təhsil almışdır (1930-1933).
Azərbaycan Sovet Yazıçıları İttifaqı təşkilat komitəsinə sədrlik etmişdir (1933-1934), 1934-cü ildən Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir.
Hacıbaba Nəzərli repressiyaya uğramışdır. Belə ki, o, təhlükəsizlik idarəsinin əməkdaşı Qriqoryanın 9 aprel 1937-ci il tariхli arayışına əsasən və əksinqilabi, burjuamillətçi təşkilatının fəal üzvi kimi qeyd edilərək həbs edilmişdir.
Ağır, dözülməz işgəncələr altında Əli Nazimin 4, 7 iyul 1937-ci il tariхlərdə istintaqa verdiyi ifadələrə görə Hacıbaba Nəzərli həbs olunması üçün IV şöbənin təhlükəsizlik kapitanı Çinmanın təsdiqinə verilmişdir.
1938-ci ildə xalq düşməni kimi güllələnmişdir

1896 — Azərbaycanda qadın hərəkatının veteran Şərqdə ilk dəfə olaraq öz mənzilində qadınlar klubu yaratmış, fəaliyyətlərinə görə iki dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni ilə təltif edilmiş Ceyran Şirin qızı Bayramova Quba rayonunun Zərqova kəndində qulluqçu ailəsində anadan olub.
İlk təhsilini Bakı 3-cü rus-tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub.
Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların Birinci qurultayında iştirak edib. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Azərbaycan qadınlarının 1-ci qurultayının keçirilməsində böyük rol oynamışdır. 1930-cu illərdə repressiyaya məruz qalmış, Sibirə sürgün edilmişdir. 1956 ildə bəraət almış, Bakıya qayıtdıqdan sonra yenidən ictimai-siyasi həyata qatılmışdır.
Həbs edilərkən ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: oğlu – Bayramov Əli – 13 yaş, Bayramov Fərid – 11 yaş, Bayramov Aydın – 9 yaş, qızı – Bayramova Nazilə – 3 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilmişdir.
1987-ci ildə vəfat etmişdir.

1898— Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Quliyev (Hacıməmməd Qafqazlı) Lənkəran şəhərində anadan olub. Əvvəlcə mollaxanada, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində oxuyub. 14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı olduğundan 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib. Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. İstedadını görən Abbas Mirzə Şərifzadə təkidlə onu Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb.
İlk rolu isə Hüseyn Cavidin “Uçurum” pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb.
Teatr aləminə gəldiyi gündən H.Qafqazlı dramatur Cəfər Cabbarlı ilə yaxın dost olub.
Hacıməmməd Qafqazlı 1982-ci ilin sentyabrında 84 yaşında dünyasını dəyişib.

1900— Xalq yazıçısı , Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimov Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. İbtidai təhsilini ikisinifli rus məktəbində almış, sonralar texnikum və ali məktəb bitirmişdir. 1921-ci ildə Xanlıq kəndində , eləcə də Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik etmişdir.
Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri “Şamo”dur.
Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışmışdır (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləmişdir.
1960-cı ildə Xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarını almışdır.
1983-cü il oktyabrın 11-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1909 — Görkəmli Xalq yazıçısı Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur.
Azərbaycan Dövlət Universitetinin pedaqoji fakütləsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenaristlər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930-1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.
Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk hekayəsi (“Qoyun qırxımı”) isə 1927-ci ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933-1936) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən surətlər yaratmışdır.
Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942-1949) pəşəkar inqilabçı Məşədi Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957-1959) və “Yeraltı çaylar dənizə axır” (1965) romanları ictimai, mənəvi-əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətəlayiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. Dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvərliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İlyas Əfəndiyevlə birgə), “Şamil” (1940-1941) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri (“Bir ay və bir gün”, 1963), gündəlikləri var. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

1913— Dünyanın ilk qadın türk pilotu; Mustafa Kamal Atatürkün qızlığa götürdüyü Səbihə Göyçən dünyaya göz açmışdır.
Səbihə valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşında ikən Bursanı ziyarət Tarixdə bu gün – 22 martetməyə gəlmiş Atatürkə təhsil almaq istəyini bildirmişdir. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi. Səbihə Çanqaya ibtidai məktəbini bitirdikdən sonra Üsküdar qızlar kollecində təhsilini davam etdirmişdi.
Səbihə Göyçən 1935-ci ildə “Türkquşu”-nun açılış mərasimində göstərilən uçuşlara heyran olur və o andan etibarən hava yolları və uçuşlar barədə maraqlanmağa başlayır.
Atatürkün dəstəyi ilə 1935-ci ildə Türk Hava Birləşmələrinin Tük Hava Yolları məktəbinə daxil olur və Ankarada bir sıra təcrübələrdən keçir. İlk qadın döyüşçü-pilot olan Sabiha 7 kişi tələbə ilə birlikdə Krımdakı Koktebel Ali Planer məktəbinə göndərilir və 6 aylıq təhsil müddətində oranı uğurla başa vurur
1936-cı ilin fevral ayının 25-də ilk dəfə olaraq təyyarə sürməyə başlayır.
Eskişehir Uçuş məktəbində xüsusi dərs alır və buradakı birinci uçuş alayında 6 ay işləyir, eyni zamanda Sabiha Ege və Trakya ərazisindəki uçuşlarda iştirak edir. 1937-ci ildə Tunceli hərəkatına qatılır və bu hərəkat sayəində dünyanın ilk qadın döyüşçü-pilotu oldu. Bu hərəkatdan sonra ona Türk Hava Yollarının medalı verilir. 1937-ci il avqustun 30-da əsgəri uçuş diplomunu alır. 1938-ci ildə Balkanlarda 5 günlük uçuşu sayəsində onu bütün dünya tanıyır.
Atatürkün ölümündən sonra qadınların orduda xidmət etməsi haqda qərar qəbul olunmadığı üçün ordudan ayrılır və 1955-ci ilə qədər “Türk quşu” uçuş məktəbində baş müəllim işləməyir. Türk Hava Yollarının İdarə Heyətinin üzvü olur və həyatı boyu cəmi 22 müxtəlif yüngül bombardman təyyarə ilə uçuş həyata keçirir.
1953 və 1959-cu ildə Türk cəmiyyəti və türk qadınlarını təmsil etmək üçün ABŞ-a dəvət edilir və orada bir sıra uçuşlar həyata keçirir. Göyçən sonuncu dəfə 1996-cı ildə 83 yaşında fransız pilot Daniel Akton ilə birlikdə “Falkon 2000” təyyarəsi ilə səmaya qalxır. 1996-cı ildə pilotluq karyerasının ən dəyərli mükafatını alır. Amerika Hava Yolları kollecində məzunlar üçün hazırlanmış mərasimdə xoşməramlı qonaq kimi iştirak edir və “Maxwell Hava Üssü”-dəki tədbirdə “Dünya tarixinə adını həkk edən 20 pilotdan biri” seçilir. O bu mükafata layiq görülən ilk və yeganə qadın pilot idi. Səbihə Göyçən 22 mart 2001-ci ildə doğum günündən bir gün sonra 88 yaşında “Gülhanə” xəstəxanasında dünyasını dəyişir. Son illərdə Sabiha Gökçenin erməni əsilli olduğunu iddia edənlər olsa da, bu iddiaları sübut edən heç bir sənəd və sübut yoxdur. Bu sözlər boş bir iddia olaraq qalır.

1914 — Məşhur gülüş ustası – Xalq artisti Lütfəli Əmir oğlu Abdullayev Nuxa şəhərində doğulub.
Yeddiillik məktəbi bitirib bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində kiçik məsxərələrdə və vodevillərdə epizodik roller oynayıb.
1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli konservatoriyasının valtorna sinfinin məşğələlərində iştirak etmiş, bu qısa vaxtda ona “Arşın mal alan” operettasında Vəli rolu tapşırılıb.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında truppada, 1949-cu ildən isə Milli Dram Teatrında çalışıb.
2 ildən sonra o, Azərbaycan Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən muzkomediya truppasında işləməyə başlayıb.
1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Azərbaycan və rus bölmələri Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə yenidən fəaliyyətə başlayıb və Lütfəli Abdullayev yenidən bu teatra qayıdraq aparıcı sənətkar kimi ömrünün sonuna burada çıxış edib.
Aktyorun ı musiqili komediyalarda oynadığı rollar çox rəngarəngdir: Möhsün (“Beş manatlıq gəlin”, M. S. Ordubadi və S. Rüstəmov), Qoşun (“Toy kimindir?”, M. Əlizadə və S.Hacıbəyov), Qəhrəman (“Gözün aydın”, M. Əlizadə və F. Əmirov), Dursun və Kərim kişi (“Durna”, S.Rüstəm və S. Rüstəmov), Məhəmməd (“Ulduz”, S.Rəhman və S. Ələsgərov), Güloğlan (“Kəndimizin mahnısı”, K. Kərimov və Z.Bağırov), Şakir (“Qızıl axtaranlar”, H.Seyidbəyli və T. Quliyev), Dilavərzadə (“Rəisin arvadı”, M.Əlizadə və S. Rüstəmov), Səməndər (“Bir dəqiqə”, M. Əlizadə və H. Xanməmmədov), Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”, Q. Cəmşidi ilə Ə. Hüseyni və A. Rzayev), Murtuzov və Alanzadə, Eynəkii (“Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və “Milyonçunun dilənçi oğlu”, Ş. Qurbanov və S. Ələsgərov), Darçmov (“Səndən mənə yar olmaz”, M. Əlizadə və Ə. Abbasov), Səbrəli (“Bizə bircə xal lazımdır”, Q. Cəmşidi ilə B.Səfəroğlu və T. Hacıyev), Qüdrət Səda (“Haradasan, ay subaylıq?”, S.Qədirzadə və S. Ələsgərov), Cabbar (“Axırı yaxşı olar”, R. Z.Xəndan və R.Mustafayev), Məmmədəli (“Məmmədəli kurorta gedir”, A.Zeynallı və T.Bakıxanov ilə N. Məmmədov), Polad baba (“Dağlar qoynunda”, Ə.İsgəndərov və Ə. Abbasov), Ələsgər (“Həmişəxanım”, S. Qədirzadə və S. Ələsgərov), Mitoş (“Hicran”, S. Rəhman və E. Mahmudov (Sabitoğlu) obrazlarıdır.
Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı “Arşın mal alan” filmində Vəli rolu olub. O, bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar “SSRİ Dövlət mükafatı” adlandı) layiq görülüb. Lütfəli Abdullayev həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefçilov) filmlərinə çəkilib.
Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı İkinci Fəxri Xiyabandadır.
Yazıçı 1965-ci ildə vəfat etmişdir.

1915— Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır.
Cənub—Qərb, Şimali Qafqaz, 1-ci Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955—1959-cu illərdə Lənkəran hərbi komissarlığında şöbə rəisi, Culfa rayon hərbi komissarı işləmişdir. 1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir. 1970-ci il dekabrın 24-də vəfat etmişdir.

1917 — Xalq artisti, dramatik-psixoloji rolların misilsiz ifaçısı Yusif Abdulla oğlu Vəliyev Dərbənddə anadan olub.
1933-1936-cı illərdə Bakı Teatr Texnikumunda təhsil alıb .
Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Texnikumu bitirəndə yenicə açılan Mirzə Ələkbər Sabir adına Nuxa (indiki Şəki) Dövlət Dram Teatrına işləməyə göndərilib və 1949-cu ilədək burada aktyorluq edib.
1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qroteskii komediya rollarını və s. rolları məharətlə ifa edib.
Televiziya teatrında tamaşaya hazırlanmış Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (Hacı Qara), Qılman İlkinin “Baba və nəvə” (Baba) tamaşalarında, “Əfzələddin Xaqani” (Xaqani) bədii kompozisiyasında lent yazıları var. Ondan çox radio tamaşasında iştirak edib.
Yusif Vəliyev “Azərbaycanfilm”in kinolarında epizod rollar oynasa da, çox maraqlı, yadda qalan xaranterlər yaradıb. O, “Zirvə” (Bələdçi), “Sən nə üçün yaşayırsan?” (Balıqçı), “Nəsimi” (Teymurləng), “Qatır Məmməd” (Halvaçı), “Tütək səsi” (Qurban), “Arxadan vurulan zərbə” (Qurd Cəbrayıl), “Uşaqlığın son gecəsi” (İş icraçısı), “Bir cənub şəhərində” (Səfərəli) və sairə kinolentlərində çəkilib. “Nə yaxşı ki, Səməd Vurğun var…” sənədli filmində Qacar rolunda “Vaqif”dən bir parça ifa edib.
1980 —ci ildə 63 yaşında vəfat edib.

1919 — Xalq yazıçısı, böyük pedaqoq və ictimai xadim İsmayıl Şıxlı Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1933-1936-cı illərdə Qazax pedaqoji məktəbində təhsil almışdır. Bir il Kosalar kənd orta məktəbində işlədikdən sonra bakıya gəlmiş və 1937-1941-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. 1941-1942-ci tədris ilində Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir. İkinci dünya müharibəsi başlayanda isə ön cəbhəyə yollanmışdır. Ordudan tərxis edildikdən sonra yenə Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. “Azərbaycan” jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991).
İlk mətbu əsəri “Quşlar” şeiri 1938-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə “İnqilab və mədəniyyət” jurnalında çap etdirdiyi “Həkimin nağılı” hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

1919— Züleyxa Həbib qızı Seyidməmmədova Bakı şəhərində anadan olub.
1934-cü ildә orta mәktәbi bitirdikdәn sonra Әzizbәyov adına Sәnaye institutunda ali tәһsil alan Züleyxa 1935-ci ildәn dә institutun nәzdindә tәlәbә aeroklubunun üzvü olur. Elә һәmin ildә institutda Azәrbaycan qızları arasında paraşütdәn tullanmaq üzrә birinci yeri tutur.
Yenə həmin il Moskvada keçirilәn uçuş tullantısında iştirak edәn Züleyxa sonra Tuşinski aerodromunda qrup һalında tullanmaq üzrә Zaqafqaziya komandasında birinci yeri tutur vә Zaqafqaziya İcraiyyә Komitәsinin Fәxri fәrmanına vә qiymәtli hədiyyәlәrinә layiq görülür. Tәyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә isә onu paraşüt idmanı üzrә tәlmatçı vәzifәsinә tәyin edirlәr. 1938-ci ildə Züleyxa Seyidməmmədova imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olur.
Müharibәnin ilk günlәrindә Züleyxa da Vətənin müdafiәsinә qalxır. Kifayət qədər hazırlığa malik olan Züleyxa qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olur və və bütün tapşırıqları uğurla yerinə yetirir. O, ümumiyyətlə, 500-dən artıq döyüş uçuşu keçirmişdir. Züleyxa Seyidməmmədova müharibədən qəhrəman aviasiya kapitanı kimi dönür.
1946-1952-ci illərdə məsul komsomol və partiya vəzifələrində çalışmışdır.
1952-ci ildәn 1975-ci ilә qәdәr Sosial Təminat Naziri vәzifәsindә çalışıb.
Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyəti sədrinin müavini olmuş, bir neçə çağırış deputat olmuşdur.
1999-cu ildə 80 yaşında vəfat etmişdir.

1925 — Görkəmli teatr və kino aktrisası, Xalq artisti Zəroş Həmzəyeva Babək rayonunun Nehrəm kəndində doğulub.
Zəroş orta təhsili Nehrəm kəndində alıb. Məktəbin dram dərnəyində çıxış edib. Səhnəyə ilk dəfə 1941-ci ildə çıxıb- Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (“Yağışdan çıxdıq, yağmura düşdük”) komediyasında Yetər rolunu oynayıb.
Sonralar həyat yoldaşı İbrahim Həmzəyevlə birlikdə Füzuli teatrında aktrisa işləyib, bir çox obrazlara çox səhnə həyatı verib.
Bakıya qayıtdıqdan sonra isə Akademik teatrın səhnəsində görkəmli sənətkarlarilə tərəf müqabil olub.
Zəroş Həmzəyeva dramaturq Cəfər Cabbarlının qadın qəhrərnanlarının ən yaxşı ifaçılarından sayılır.
Onun yüksək səhnə mədəniyyəti və ifadə zənginliyi oynadığı musiqili tamaşa obrazlarına dinamik ritm və emosional təravət verib.
Aktrisanın musiqili səsi vardı, səhnə danışığı aydın, səlis, ifadəli və cazibəli idi. Zəroş xanım hər rolun məzmun tutumuna, ictimai-psixoloji ruhuna, daxili dramatizmınin gərginliyinə uyğun olaraq səsinin variasiyalarından məharətlə istifadə edirdi.
1995-ci ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.

1933 — Azərbaycan müğənnisi (messosoprano), Xalq artisti Rübabə Xəlil qızı Muradova İranın Ərdəbil şəhərində anadan olmuşdur. Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. A.Zeynallı adına Bakı Musiqi Məktəbini (Seyid Şuşinskinin sinfini) bitirmişdir (1955). 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
28 avqust 1983-cü ildə Bakıda vəfat etmişdir.Yasamal rayonunda yerləşən qəbirstanlıqda dəfn edilib

1956 — Azərbaycanın Milli Qəhrəmanı Əsəd Soltan oğlu Əsədov Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.
29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdıran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Zəngilan rayonunda dəfn edilmişdir.
Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.

1938— Tanınmış nasir, tərcüməçi Sabir Əli oğlu Azəri Ağstafa rayonununda anadan olmuşdur.
1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almış, bir müddət “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi (, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, “Ədəbiyyat və incəsənət” qəzetidə şöbə müdiri, “Ulduz” jurnalında şöbə müdiri , məsul katib , baş redaktor müavini vəzifələrində işləmişdir
Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. “Duman çəkilir” pyesi tamaşaya qoyulmuş, onun əsasında “Köhnə bərə” fılmi çəkilmişdir.
Yazıçı otuza yaxın kitabın müəllifidir. Əsərləri keçmiş sovet xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə edilib.

1951— SSRİ -Azərbaycan kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov Bakı şəhərində anadan olmuşdur.
Musa Manarov fəzaya qalxan ilk Azərbaycan doğumlu şəxs kimi tarixə düşüb. Onun valideynləri Qafqaz əsilli lak xalqının nümayəndələri idi. Atası Xiraman Musa oğlu Manarov Böyük Vətən müharibəsinin iştirakçısı idi. Hərbi xidmətini müharibədən sonra da davam etdirən Xiraman Manarov hərbi mühəndis kimi sovet ordusunda xidmət göstərirdi.
Musa ManarovSSRİ Hava Qüvvələrində mayor rütbəsinədək çatmışdır.
1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdur.
1 dekabr 1978-ci ildə kosmonavtlq dəstəsinə qəbul edilmişdir.
Hal-hazırda kosmosda ən çox vaxt keçirmiş 8-ci insandır. 21 dekabr 1987-ci il – 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq “Soyuz TM-4”
gəmisində kosmosda olmuşdur (365 gün,22 saat, 38 dəqiqə). Daha sonra 2 dekabr 1990- 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq “Soyuz TM-11” gəmisində kosmosda olmuşdur (175 gün, 1 saat, 50 dəqiqə).
Vəfat etmişdir:

1789 —XVIII əsrin görkəmli azərbaycanlı dövlət xadimi və sərkərdəsi , Quba xanlığının VI xanı Fətəli xan və ya Fəth Əlixan Hüseynəli xan oğlu 31 yaşında Bakıda zəhərlənərək öldürülmüşdür.
Fətəli xan1758-ci il martın 29-da Quba xanlığının Çiçi kəndində anadan olmuşdur.
Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Anası, Qaytaq usmisi nəslindən olan Pəri Cahan xanım idi. Fətəli xanın şəcərəsinə işıq salan II şah Abbasın dönəmində baş verən hadisələr barədə Bakixanov Gülüstani-İrəm kitabında yazır: Qaytaq usmiləri nəsli iki hissəyə bölünürdü. Böyük nəsil Məcəlisdə idi, kiçik nəsil Yengikənddə və bu nəsildən olan yaşça böyüklər növbə ilə usmi adını daşıyırdılar. Təxminən, həmin vaxt onların arasında ədavət düşdü, Yengikənd hissəsi yaşça daha böyük olan Məcəlisdəki hissəyə hücum etdi və, Aydə bəy adlı biri tərəfindən xilas edilərək şamxalın yanına aparılan Hüseyn xandan başqa hamısını qırdı. Hüseyn xan İrana getdi, bir müddət Salyan Rudbarında qonaq qaldı və qazının qızı ilə evləndi. Bu izdivacdan Rudbar və Salyan sultanları nəslinin başlanğıcını qoymuş bir qızı oldu. İsfahana gələrək, Aydə bəy uzun müddət onu şaha təqdim edə bilmədi…..Burada zadəgan Qacar nəslindən bir qız Hüseyn xana vurulur…O tezliklə onunla evlənir….və bu izdivacdan Əhməd xan doğulur ki, Quba xanlarının nəslinin əsasını qoyur…Buna görə Ağa Məhəmməd Qubalı Şeyx Əli xanı öz qohumu adlandırırdı. Şiəliyi də Hüseyn xan İsfahanda qəbul edir. Bu barədə Abbasqulu Ağa Bakıxanov yazır: İranda olanda, Hüseyn xan Əli məzhəbinə(şiəlik nəzərdə tutulur) daxil oldu və indiyə kimi Quba xanının nəsli şiəliyi etiqad edir.
1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Əfşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycanın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.
Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu. Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademik S.Q.Qmelin igid sərkərdə Fətəli xan Qubalının xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır: “Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirməyə 1759-cu ildə Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı”.
Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən və birləşmiş nizami qoşun dəstələrindən daha çox istifadə olunurdu.
Fətəli xan ölümünə aid müxtəlif versiyalar səsləndirilməkdədir.
Professor Vaqif Arzumanlı Fətəli xanın gürcü çarı ll İrakli tərəfindən zəhərlənərək qətlə yetirildiyini bildirir. Fətəli xanın kötücəsi olduğunu iddia edən Asəfxan Qubalı isə tamam əksini söyləyir.

1878 — Azərbaycan dramaturqu, maarifçi, şair, materialist filosof və ictimai xadim; Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisi M.F. Axundov ürək çatışmazlığından vəfat etmiş və Tiflisdəki müsəlman qəbristanlığında, Mirzə Şəfi Vazehin yanında dəfn edilmişdir.
Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa şəhərində doğulub. 22 yaşında ömrünü sonuna qədər yaşadığı Tiflis şəhərinə üz tutana qədər erkən yaşlarını və yeniyetməliyini bir neçə şəhərdə keçirib. Gəncədə olarkən Mirzə Şəfi Vazehdən xəttatlıq və sekulyar dərslər alıb.
Tiflisdə işləyərkən öz rəsmi məşğuliyyətindən əlavə məktəbdə dərs də deyir. 1836-cı ildə Tiflis Gimnaziyasında Azərbaycan dili dərsi deməyə başlayır. Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı ilə tanış olur, Qasım bəy Zakirin sürgündən qayıtmasına kömək edir. Gürcü ədibləri Aleksandr Çavçavatze, Georgi Tsereteli, Qriqori Orbeliani ilə də görüşür. Aleksandr Bestujev-Marlinskidən rus ədəbiyyatını öyrənir, qarşılığında isə ona Azərbaycan dilini öyrədir. Puşkindən çox təsirlənir, hətta 1837-ci ildə onun ölümünə elegiya yazır.
Beləliklə ədəbi fəaliyyətə başlayan Axundzadə 1850-ci ildən başlayaraq satirik komediyalar yazır. Teatrlar üçün düşünülmüş bu əsərlər Azərbaycan tarixindəki ilk dramaturgiya nümunələri sayılır. 1855-ci ilədək 6 komediya yazan Axundzadə öz dostlarına məktublarında qeyd edirdi ki, satira yolu ilə korrupsiyaya yoluxmuş, insanların cahilliyindən bəslənən pis niyyətli şəxsləri tənqid etməyi düşünür. Əsərlərində Qriboyedov, Qoqol, Şekspir və Molyerdən ilhamlanan Axundzadə özünü tamamilə Qərbə qapdırmır, personajlarını Azərbaycan fiqurları üzərində qurur.
Dostu Zərdabinin “Əkinçi” qəzetinə “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr göndərir. Həmin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsəri Peterburqda, “Xırs Quldurbasan” və “Hekayəti Vəziri-xani-Lənkəran” əsərləri isə Tbilisidə səhnəyə qoyulur. Beləliklə, Azərbaycan dramaturgiyasının 170 illik hekayəsi başlayır.
Axundzadənin sekulyarizmin təsiri ilə gəldiyi fəlsəfi fikirlərlə yanaşı öz qəhrəmanlaşdırdığı şəxslərin prototipləri də əsərlərində də əks tapır. “Hekayəti Molla İbrahimxəlil Kimyagər“də hamı bir mollanın əlində əsr qalıbsa ona qarşı çıxan və daim onu ifşa edən tək personaj olan Hacı Nuru Axundzadənin sevimli müəllimi Mirzə Şəfi Vazehin üzərində qurulmuşdu.
Axundzadənin son əsəri isə “Mürafiə Vəkillərinin Hekayəti” olur. 1855-ci ildə, Krım müharibəsi zamanına düşdüyündən gözdən uzaqda qalır. Axundzadə bundan sonra dram yazmaqdan əl çəkir amma əsərləri dərc olunmağa davam edir. Məsələn, “Sərgüzəşti mərdi xəsis” kimi 1873-cü ildə Əkinçidə yayımlanmışdı.
Axundzadə öz yaradıcılığı ilə onlarla həvəskara yön verirdi. Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov kimi dramaturqlara “ideoloji atalıq” edən Axundzadə özünə İranda da dəstək tapdı. Təbrizdəki Qacar şahzadəsi, elə onun kimi liberal təfəkkürə malik Cəlaləddin Mirzə ilə yazışan Axundzadə 1870-ci ildə özünə onun sayəsində tərcüməçi tapdı və əsərlərini çap etdirdi. Tərcüməçi Mirzə Cəfər Qaradaği ilə redaktə üzərində sıx işləyən Axundzadə əsərlərini 1874-cü ildə tam çap etdirdi. Bu dram əsərləri İranda bir ilk olduğu üçün ildırım kimi yayıldı, onu yamsılayanlar belə çıxdı.
Axundzadənin sekulyar fikirlərə bağlılığı isə öz “Kəmalüddövlə məktubları” adlı iki şahzadənin bir-birinə yazdığı xəyali məktublarda özünü əks etdirir. Bu hekayələr materialistik məzmunda olub, Axundzadənin İslamda reformasiya istəyini göstərirdi. Bu məktubları həm Azərbaycan, həm fars, həm türk, həm də rus dillərində yayımlamağı planlaşdırsa da, bu, baş tutmadı.
İllər keçməsinə baxmayaraq Mirzə Fətəli Axundzadə Azərbaycan modernizminə yön verməyə, unikal və orijinal sekulyar fikirlərin yaradılmasına və təbliğatına davam edir. İslam dünyasındakı cahilliyə bir son qoymağa çalışan Axundzadə öz əməyinin bəhrəsini görməsə də, biz görməyə davam edirik.

1993 — Azərbaycanın Milli Qəhrəmanı Vəzir Surxay oğlu Orucov36 yaşında qhrəmancasına əbədiyyətə qovuşmuşdur.
Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur.
1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış,
1975-77-ci illlərdə hərbi xidmətə çağrılmışdır.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Arxangelskdən Azərbaycana qayıdaraq Tərtər Özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxır. Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır.
Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.
1992-ci ilin avqust ayında Orucov Sərsəng su anbarında kəşfiyyatda olmuşdur. Onun ətrafında 30 nəfər PK pulemyotu ilə silahlanmış kəşfiyyatçı var idi. Sərdar Həmidovun dəstəsi öndən, Orucovun isə kəşfiyyat qrupu ilə düşmənin arxasından hərəkətə keçmişdi. Ermənistanın “Arabo” batalyonu həmin gün böyük itkilər vermiş və bu uğurlu əməliyyatın nəticəsində “Arabo” batalyonunun qırılmasına görə Ermənistan 3 gün matəm elan etmişdi.
1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə Vəzir Orucov qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikasın Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı Fərmanı ilə Orucov Vəzir Surxay oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Tarixi hadisələr və günlər
22 mart Dünya Su Ehtiyatları Günüdür.

BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən içməli suyun əhəmiyyətinə, vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 22-si Ümumdünya su günü kimi qeyd olunur.
Bu günün keçirilməsində məqsəd su ekosistemlərinin mühafizəsində hər kəsi fəal olmağa çağırmaq, suya qənaət edilməsinə diqqət çəkmək və bu sahədə maarifləndirmə işini gücləndirməkdir.
Su ehtiyatları dünya dövlətlərinin hər biri üçün ən qiymətli resurslardan biridir, lakin planetdə olan mövcud ehtiyatlar dünya ölkələri arasında qeyri-bərabər paylanıb və milyardlarla insan içməli su çatışmazlığından əziyyət çəkir.
Bu səbəbdən suya qənaət, ondan səmərəli istifadə, insanların suya münasibətinin köklü surətdə dəyişməsi müasir dünyanın ən aktual məsələlərindən biridir.
Hazırda Azərbaycanda yerüstü su ehtiyatları 30 km3 təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 km3-ə qədər azalır. Odur ki, ölkədə su ehtiyatlarının qənaətlə, səmərəli istifadəsi və inteqrasiyalı idarə edilməsi sahəsində kompleks tədbirlər həyata keçirilir.
Eyni zamanda, əhali qrupunun da içməli suya qənaət etməsi və bu sudan texniki məqsədlər üçün istifadənin məhdudlaşdırılması vacibdir.
Su bəşəriyyətin ali nemətidir, su həyatdır, su varlığımız və gələcəyimizdir, suya qənaət etmək isə mütləqdir!
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.