Bayramların itən dadı: yaddaşlardan süfrələrə, süfrələrdən ürəklərə gedən yol

Mövqe


Hər bayram gələndə təqvim dəyişir, amma hər dəfə eyni sual da qayıdır: doğrudanmı bayram əvvəlki kimidir? Tonqallar qalayırıq, süfrələr açırıq, şəkillər paylaşırıq — amma nəsə çatmır. Sanki bu bayramların içindən bir ruh çəkilib çıxarılıb. Bir vaxtlar evləri, həyətləri, insanları birləşdirən o isti duyğu indi haradasa unudulub.
Bəlkə də məsələ zamanın dəyişməsində deyil. Bəlkə biz özümüz o bayramları yaşadan səbəblərdən uzaqlaşmışıq. Bəlkə bayramı bayram edən yalnız şirniyyat, tonqal, rəngli yumurta deyildi — o, birlik idi, zəhmət idi, paylaşmaq idi, yaddaş idi.
Elə buna görə də yaddaşa qayıtmaq, o günləri xatırlamaq bəzən, sadəcə, nostalji deyil — həm də itirdiklərimizi anlamaq cəhdidir.
Mən Qəbələ rayonunun Nohurqışlaq kəndində böyüyüb boya-başa çatmışam. İndi ömür yoluma boylananda tam əmin oluram ki, ən unudulmaz illərim kənddə keçib. Həyatın ən böyük dərslərini də elə orada — ata-ana ocağında almışam.
Bu halımda görkəmli şair Qasım Qasımzadənin məşhur şeiri necə də yerinə düşür:


Şirinli-acılı ömür keçmişəm,
Yaxşını-yamanı görüb seçmişəm.
Evli-eşikliyəm, var işim-peşəm…
Uşaqlıq həsrəti anamgildədir.

Ürək ağrısına hey dözə-dözə,
Duranda nadanla bəzən üz-üzə
Bir səs eşidirəm: “Oğul gəl bizə…”
Dizimin taqəti anamgildədir.

Neçə anaya da, anam anadır,
“Aləm bir yanadır, o bir yanadır”.
O açan süfrədə şor da bal dadır,
Ağzımın ləzzəti anamgildədir.

Gəlinin, yeznənin bilir yerini,
Çəkir qardaş-bacı dərdi-sərini.
Ərköyün böyüdür nəvələrini,
Hər kəsin qisməti, anamgildədir.

Qızına bilmirik oduna qazın:
Havası isinmir otağımızın.
İndi duyuram ki, ocağımızın
Közü-hərarəti anamgildədir.

Ömrün qar fəslidir, ağarıb saçım,
Məni ata bilir, qardaşım, bacım,
Çətində mən kimin yanına qaçım?
Ata şan-şövkəti anamgildədir.


Mən çoxuşaqlı ailədə böyüdüm, ali təhsil aldım. Amma sonradan anladım ki, “həyat universitetini” o sadə kənd mühitində bitirmişəm. Ən gözəl insani münasibətləri, “insanlar üçün yaşamaq” əxlaqını orada öyrənmişəm.
Kənd bir ailə idi. Xeyirdə də, şərdə də hamı bir idi. Bir hadisə baş verəndə insanlar dərhal bir araya gələrdi. Kimsə tək qalmazdı.
Kənddə ədəb-ərkan vardı. Böyük-kiçik yeri bilinərdi. Bu, yazılmamış qanun idi — amma hamı ona əməl edirdi.
Yas düşəndə kənd susardı. Toylar təxirə salınardı. İnsanlar bir-birinin dərdinə şərik olardı.
Toylar isə ayrı bir aləm idi — zəhmət, paylaşmaq, birlik məktəbi. Yun didən də vardı, şirniyyat hazırlayan da. Hər kəs bu prosesin bir hissəsi idi.
Bu toylar təkcə iki sevən arasında nikah mərasiminin funksional hissəsi deyildi. Toylar həm də iki tərəfin timsalında insanlar arasında sosial və mədəni bağ yaradırdı.
Bu gün o toylar üçün qurulmuş toy çadırlarını şadlıq evləri əvəz edib. Əvvəlcədən sifariş, sonra iştirak, vəssalam. Məkan dəyişmir — ruh dəyişir.
Tədricən ümumilikdən fərdiyyətçiliyə keçdik. Qonşuluq münasibətləri zəiflədi, ünsiyyət azaldı. Bu dəyişikliklər isə ən çox gənc nəslin gözləri qarşısında baş verməkdədir.
Bir vaxtlar Novruz da bu ruhun ən canlı təzahürü idi.
Bayram tədarükü bir ay əvvəldən başlanardı. Düyü döyülər, un hazırlanardı, halva üçün şirə çəkilərdi. Paxlava, şəkərbura, qoğal bişirilərdi. Yuxalar açılar, quş lələyi ilə yağlanardı.
Bu prosesin içində uşaqlar da böyüyərdi — bayramın dadı bir az da buradan gəlirdi.
Qonşular bir-birinə kömək edərdi. Bayram insanları birliyə alışdıran bir məktəb idi.
Uşaqların öz dünyası vardı: yumurta boyamaq, oyunlar, şənliklər… Bunlar təkcə oyun deyildi , həm də yaddaş idi.
Bayram üç gün davam edərdi. Qapılar açıq olardı. Çünki bayram — qapıların yox, ürəklərin açıldığı vaxt idi.


Bəs indi nə dəyişdi?
İndi tədarük yoxdur — alış-veriş var.
Əl əməyi yoxdur — hazır məhsul var.
Birgə zəhmət yoxdur — fərdi rahatlıq var.
Süfrə doludur, amma ürək boşdur.
Ən təhlükəlisi isə budur: bayramın mahiyyəti unudulur. Tonqal qalayırlar, amma niyə qaladıqlarını bilmirlər.

Son illərdə isə başqa bir mənzərə də diqqətdən qaçmır.
Bir tərəfdən biz milli dəyərlərin itirilməsindən narahatıq. Digər tərəfdən isə həmin boşluğun necə doldurulduğunu görməzlikdən gəlirik.
Artıq bayram axşamlarında küçələrdə bizim mədəni yaddaşımıza aid olmayan maskalar, yad obrazlar görünür. Qorxu estetikasına aid bu simvollar — vampirlər, skeletlər, müxtəlif “qorxu personajları” — Novruz mühitinə daxil olur.
Bu, sadəcə geyim məsələsi deyil.
Bu, yaddaş məsələsidir.
Bu cür obrazların Halloween ənənəsi ilə bağlı olması məlumdur. Amma onların Novruz ilə heç bir mədəni bağlılığı yoxdur.
Baxın, biz bir tərəfdən Kosa ilə Keçəlin unudulmasından gileylənirik, digər tərəfdən isə onların yerini dolduran yad simvollara səssiz qalırıq.
Bu səssizlik isə tədricən yaddaşın dəyişməsi deməkdir.
Çünki mədəniyyət boşluq qəbul etmir — ya onu qoruyursan, ya da başqası gəlib doldurur.
Bu gün uşağın seçdiyi maska sabah onun yaddaşında formalaşan obrazdır. Bu obraz isə zamanla kimliyə çevrilir.



Bəs bu, niyə baş verir?


• Qloballaşma və sosial medianın təsiri
• Bayramın mahiyyətinin düzgün izah olunmaması
• Sadəcə əyləncə kimi yanaşma
Uşaq maska taxa bilər — bu təbiidir.
Amma o maska hansı yaddaşı daşıyır — əsas məsələ budur.

Novruz, sadəcə, təqvim bayramı deyil.
O, kimlikdir.
O, yaddaşdır.
O, nəsildən-nəslə ötürülən görünməyən mirasdır.
Tonqal yanır…
amma ətrafında toplanan kimlik yoxdursa, o artıq bayram deyil.
Bəlkə də bayramlar itməyib…
sadəcə, biz o bayramın içindən çıxmışıq.


Çıxış yolu var


Biz bayramı itirməmişik — onu hiss etməyi unutmuşuq. Nə etməliyik: kənd həyatının sadəliyi, zəhmətin dəyəri, paylaşmağın gözəlliyi yenidən cəmiyyətə qaytarılmalıdır. Bunun üçün adət-ənənələrimiz dərindən öyrənilməli, ailədə yaşadılmalı, məktəbdə öyrədilməli, mediada təbliğ olunmalıdır.
Əks halda, bayramlar, sadəcə, təqvimdə qalan tarixlərə çevriləcək.
Biz isə yaddaşını itirən cəmiyyətə…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.