Tarixdə bu gün
İlin 82-ci (uzun illərdə 83-cü) günü.

Mühüm hadisələr:
1992 — Azərbaycan Respublikası Cənubi Koreya ilə diplomatik əlaqələr qurmuşdur.
1999 — Azərbaycan Respublikası Salvador ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

1915 — Azərbaycan Respublikasının Xalq artisti, rəqs quruluşçusu, filmlərdə iştirak edən, arxiv kadrlarda iştirak etmiş Əlibaba Abdulla oğlu Abdullayev Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının , Mahnı və Rəqs ansamblının bədii rəhbəri olub. Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb . Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb. “Nəlbəki” və “Vağzalı” rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur.
Əlibaba Abdullayev eyni zamanda “Azərbaycanfilm”in istehsalı olan bir çox filmlərdə rəqslərə quruluş verib. Belə ekran əsərlərindən “Arşın mal alan” (rej. R.Təhmasib; 1945), “Fətəli xan” (rej. Y.Dziqan; 1947), “Görüş” (rej. T.Tağızadə; 1955), “O olmasın, bu olsun” (rej. H.Seyidzadə; 1956), “Mən rəqs edəcəyəm” (rej. T.Tağızadə; 1962), “Əhməd haradadır?” (rej. A.İsgəndərov; 1963), “Ulduz” (rej. A.Quliyev; 1964), “Dəli Kür”(rej. H.Seyidzadə; 1969) və s. filmlərin adlarını çəkmək olar.

1920 — Görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Xalq artisti, professor, 1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru işləmiş Əşrəf Cəlal oğlu Abbasov Şuşa şəhərində anadan olmuşdur.
Orta məktəbi Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.
Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qız”ı yazmışdır. O, fortepiano və orkestr üçün konsertin (1946), simfonik orkestr üçün “Konsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın, həmçinin “Ü. Hacıbəyov və onun “Koroğlu” operası” (1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir.
1992-ci ildə 72 yaşında Bakıda vəfat etmişdir.

105
1921 — Azərbaycanın görkəmli yazıçı-jurnalisti, alim, professor Nurəddin Həsən oğlu Babayev Gəncə şəhərində anadan olmuşdur.
Nurəddin Babayevin ilk yaradıcıllıq həyatında ailənin yaxın dostu dahi şairimiz Əhməd Cavadın rolu böyük olmuşdur.
Böyük Vətən müharibəsində ön cəbhələrdə vuruşmuş şair ağır yaralanaraq baş leytenant rütbəsində Bakıya qayıtmışdır. ADU-nun(indiki BDU-nun)filologiya fakultəsinə daxil olmuşdur. Nurəddin Babayevə o dövrün məşhur ədibləri, mütəfəkkirləri dərs demişdir. Bu dahi pedaqoqlardan Mir Cəlal Paşayev, Cəfər Xəndan, Həmid Araslı, Muxtar Hüseynzadə, Abbas Zamanov və s-nin Nurəddin müəllimin həyatında rolu olduqca güclü idi.
Hətta zaman keçdikcə bu tələbə-müəllim münasibətləri çox dərin, gözəl ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Əlbəttə ki, bütün bunlar Nurəddin Babayevin həyatında böyük rol oynayırdı.
Nurəddin müəllimin yaxın dost və silahdaşları Mir Cəlal Paşayev, Aslan Aslanov, Nəsir İmanquliyev, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi və s. dahi yazıçı, pedaqoq, mütəfəkkirlər olmuşdur.
1943-45-ci illərdə “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində redaktor müavini, 1953-cü ildən isə “Uşaqgəncnəşirdə” baş redaktor və eyni zamanda olduqca geniş və məhsuldar müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
Nurəddin Babayev uzun sürən xəstəlikdən sonra 1991-ci il sentyabr ayının 25-də vəfat etmişdir.
Vəfat etmişdir:

1942– Görkəmli nasir, publisist, tərcüməçi, pedaqoq Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə vəfat etmişdir.
Sultan Məcid Murtuzəli oğlu Qənizadə 24 aprel 1866-cı ildə Şamaxıda anadan olmuşdur.
S.Ə.Şirvaninin “Məclis” məktəbində oxumuş, sonra Şamaxıda yeni açılmış üçüncü dərəcəli şəhər məktəbini bitirmişdir. 1883-1887-ci illərdə Tiflisdə Aleksandrovski müəllimlər institutunda ali qiyabi təhsil almışdır . H.Mahmudbəyovla “Nübar”, N.Nərimanovla “Sovqat” jurnalının nəşrinə təşəbbüs göstərmişdir (1886). Bakıda maarifpərvər Həbibbəy Mahmudbəyovla birlikdə yeni tipli ilk rus-tatar (Azərbaycan) məktəbi açmış (1887-1905), Bakı İkinci dərəcəli şəhər məktəbində müdirlik etmişdir (1902). “Nəriman qiraətxanası”nın açılmasında yaxından kömək edir (1894). “Cami-mərifət”, “Çıraq” qəzetlərinin nəşri təşəbbüsü baş tutmamışdır (1897). Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının tatar (Azərbaycan) şöbəsində tərcüməçi müfəttiş (1905-1908), Bakı quberniyasının, eləcə də Dağıstan qəzası xalq məktəblərinin müfəttişi (1908- 1917), xalq məktəblərinin naziri (1917) olmuşdur. “İttihad” partiyasının üzvü olsa da (1918-1919), Sovet hakimiyyəti qurulmasını rəğbətlə qarşılamış, bütün fəaliyyətini milli maarifin inkişafına həsr etmişdir. O, Azərbaycan Xalq Maarif Komissarlığının müfəttişi, eyni zamanda Azərbaycan dilində məktəblər üçün dərslik tərtib və nəşr etdirən komissiyanın sədri seçilmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin məsul katibi olmuşdur.
S.M.Qənizadə bədii yaradıcılığa gənc yaşlarından başlamışdır. Onun ilk səhnə əsəri “Qönçə xanım” (1891) pyesi tapılmışdır. “Məktubati-Şeyda bəy Şirvani” dilogiyası (“Müəllimlər iftixarı” və “Gəlinlər həmayili”, 1888-1900), “Allah xofu” (1906), “Qurban bayramı” (1907) və s. nəsr əsərlərini, “Axşam səbri xeyir olar”, “Dursunəli və Ballıbadı”, “Xor-xor”, “Yadımdadır” və s. vodevillərini, “Tülkü və çaq-çaq bəy” (1893) mənzuməsini yazmışdır.
L.N.Tolstoyun “Əvvəlinci şərabçı”, V.A.Dyançenkonun “Qurbana qurban” pyeslərini, A.F.Poqossikin “Allah divanı”, “Nabəkar qonşu” hekayələrini tərcümə etmişdir. Milli ədəbiyyat, teatr, mətbuat və maarif sahəsində böyük xidmətləri olmuşdur. Bu dövrdə Azərbaycan Maarif Komissarlığında kənd məktəbləri üçün müəllim kadrları hazırlayan pedaqoji texnikumlarda məşğələlərin rəhbəri vəzifəsində çalışmışdır. Bununla yanaşı, Zaqafqaziya proletar hərbi məktəbinin elmi hissə üzrə direktor köməkçisi, Azərbaycan dili və psixologiya müəllimi vəzifəsini icra etmişdir. Sonra Bakı Xalq Maarif şöbəsinin təklifi ilə kişi və qadın pedaqoji texnikumlarında pedaqogika, psixologiya və didaktika dərslərini demiş, həm də bu texnikumlarda tələbələrin pedaqoji təcrübə dərslərinə rəhbərlik etmişdir (1929-1942). Bakıda yaranan Şərqşünaslıq və İctimai Elmlər İnstitutunun üzvü seçilmiş, İranşünaslıq kafedrasına rəhbərlik etmişdir (1921). Gənc yazıçıların yaradıcılıq dərnəklərinə başçılıq etmiş, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsində fəal çalışmışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu yanında lüğət komissiyasının üzvü seçilmişdir. Repressiya dövründə həbsə alınıb sürgün olunmuşdur .

1969 — Azərbaycanlı məşhur teatr və kino aktyoru, Xalq artisti Səfərov Bəşir Səfər oğlu (Bəşir Səfəroğlu) 44 yaşında vəfat etmişdir.
Bəşir Səfəroğlu 11 mart 1925-ci ildə Bakıda doğulub. Yeddi illik təhsilini Bakıda alıb və ailə vəziyyətinin ağırlığı ilə əlaqədar məktəbdən uzaqlaşmalı olub. On dörd yaşlarından Sürücülər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.
Bəşir Səfəroğlu Üzeyir və Zülfüqar Hacıbəyovun klassik operettalarında, əsasən isə çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış edib.
Aktyor yaradıcılığında xüsusi yer tutan əsas rolları: Möhsün (“Beş manatlıq gəlin”, dramaturq Məmməd Səid Ordubadi və bəstəkar Səid Rüstəmov), Qaradavoy və Çiko (“Keto və Kote”, Vladimir Dolidze), Usta Məhərrəm, Qoçu Əsgər və Məşədi İbad (“Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Uzun və Nəcəf (“Durna”, Süleyman Rüstəm və Səid Rüstəmov), Qədir və Gülümsərov (“Ulduz”, Sabit Rəhman və Süleyman Ələsgərov), Səlyanski və Qəhrəman (“Gözün aydın”, Məhərrəm Əlizadə və Fikrət Əmirov), Ohan yüzbaşı və Hacı Qara (“Xəsis”, Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), Kazbek (“Kəndimizin mahnısı”, dramaturq Kərim Kərimov, şeirlərin müəllifi Ənvər Əlibəyli və bəstəkar Zakir Bağırov), Şulu, Muxtar bəy (“Əlli yaşında cavan” və “Evliykən subay”, Zülfüqar bəy Hacıbəyov), Mir İsmayıl (“Qızıl axtaranlar”, Həsən Seyidbəyli və Tofiq Quliyev), Baləmi (“Rəisin arvadı”, Məhərrəm Əlizadə və Səid Rüstəmov), Qiya (“Tiflis nəğməsi”, Levon Cubabiriya və Şota Milorava), Əli Dinməzov (“Bir dəqiqə”, Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim (“Hacı Kərimin Aya səyahəti”, dramaturqlar Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və bəstəkar Azər Rzayev), Qoçu (“Keçmişin məişət səhnələri”, Soltan Dadaşov və Vasif Adıgözəlov), Nadir və Azay (“Qızılgül”, Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Murtuzov, Dayandur, Polis rəisi (“Özümüz bilərik”, “Olmadı elə, oldu belə” və “Milyonçunun dilənçi oğlu”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov (“Səndən mənə yar olmaz”, Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Firuzbala (“Altı qızın biri Pəri”, Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Səbrəli (“Bizə bircə xal lazımdır”, Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qasiyane (“Tiflis nəğməsi”, Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Əsgər Nəcəfoviç (“Ləpələr”, Əliağa Kürçaylı və Arif Məlikov).
Bəşir Səfəroğlu “Azərbaycanfilm”in istehsal etdiyi “Əhməd haradadır?” və “Ulduz” filmlərində Sərxoş və Gülümsərov, “Tacikfilm”in çəkdiyi “Xoca Nəsrəddinin 12 qəbri” kinolentində Xacə Nəsrəddin rollarını ifa edib.
Məzarı Bakıdakı Fəxri Xiyabandadır.
Təhsil aldığı 6 nömrəli orta məktəb qəhrəmanımızın adını daşıyır.

1981 — Xalq artisti, Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı Tofiq Qəzənfər oğlu Əhmədov 57 yaşında vəfat etmişdir.
Tofiq Əhmədov 1924-cü il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə məhəbbəti onu bu ecazkar sənətlə əbədi olaraq bağlayır. 1941-ci ildə respublikamızda yeni yaranan estrada simfonik orkestrinə klarnet və saksafon ifaçısı kimi daxil olur. O vaxt orkestrin rəhbəri və dirijoru unudulmaz bəstəkarımız Tofiq Quliyev idi. 1942-ci ildə bəstəkar Tofiq Əhmədovu rəhbərlik etdiyi Xəzər Donanması Estrada Ansamblına dəvət edir. O, 1945-ci ilə qədər həmin orkestrdə işləyir. Bu illərdə ali təhsil almağı da unutmur. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirir. 1957-ci ildə “Biz Bakıdanıq” adlı estrada orkestrini yaradır. Tofiq Əhmədov 1961-ci ilə qədər bu ansambla rəhbərlik edərək Azərbaycan estradasının yaradıcılarından və təbliğatçılarından biri kimi səmərəli fəaliyyət göstərir, ansambl ilə müxtəlif ölkələrə qastrola gedir.
Tofiq Əhmədovun yaradıcılığının böyük bir hissəsi Azərbaycan Televiziya və Radiosu ilə bağlıdır. 1961-ci ildə burada “Biz Bakıdanıq” estrada ansamblının solistləri əsasında estrada orkestri yaradır.
Onun yaratdığı Azərbaycan Televiziya və Radiosunun estrada simfonik orkestri fəaliyyətə başladığı ilk illərdən bəri respublikamızla yanaşı, beynəlxalq aləmdə də böyük nüfuz qazandı. Finlandiyanın Helsinki şəhərində keçirilən gənclərin VIII ümumdünya festivalında, 1968-ci ildə Bolqarıstanda keçirilən ənənəvi “Qızıl Orfey” festivalında və digər beynəlxalq tədbirlərdə orkestr xüsusi mükafatlara layiq görülüb.
Bayram və xüsusi günlər:

1961-ci ildə ildə Ümumdünya Meteoroloji Təşkilat 23 mart tarixini Ümumdünya Meteorologiya Günü kimi qeyd etməyi qərara almışdır. Bu günü qeyd etməkdə məqsəd – əhalinin sağlamlığını təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqəti cəlb etməkdir.
Hər il bu gündə insanlara 38 meteoroloji xidmətin mənasını başa salan təzə deviz seçilir.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.