25 mart

Tarixdə bu gün

İlin 84-cü (uzun illərdə 85-ci) günü.

Doğum günləri:

415

1611 — Məşhur səyyah, coğrafiyaşünas, tarixçi, etnoqraf və  şair Övliya Çələbi (tam adı Çələbi ibn Dərviş Muhəmməd Zillin) Türkiyədə doğulmuşdur.

Mükəmməl təhsil alan Övliya Çələbi bir neçə il İstanbulda Osmanlı sultanı IV Muradın sarayında xidmət etmişdir. O, Səfirliyin üzvü, həmçinin xüsusi tapşırıqlar üzrə məmur kimi Yaxın və Orta Şərqin, həmçinin Şərqi Avropanın bir çox ölkələrində olmuşdur. Çələbi özünün zəngin təəssüratlarını 10 cildlik “Səyahətnamə” əsərində qeyd etmişdir. 1640-1641 və 1646-1648-ci illərdə Qafqazda olarkən Dərbənddə Dədə Qorqudun müqəddəs qəbri və “40-lar qəbri” barədə indi də öz elmi-tarixi əhəmiyyətini itirməyən rəvayətlər qələmə almışdır. Səyahətnamənin II cildində Çələbi 1647-ci ildə olduğu Azərbaycanın və Gürcüstanın şəhər və kəndlərindən ətraflı bəhs etmişdir. Onun gəzdiyi yerlər barədə verdiyi məlumatlar orijinal olub, bir çox hallarda başqa tarixi mənbələrdə rast gəlinmir.

“Kitabi- Dədə Qorqud”un tarixini, boy təşkilatını, tarixi coğrafiyasını, onomastik sistemini öyrənməkdə ən mühüm qaynaqlardan biri Övliya Çələbinin “Səyahətnamə”sidir. Qorqudşünaslar dəfələrlə müxtəlif problemlərin işıqlandırılması üçün “Səyahətnamə”yə müraciət etmişlər.

Övliya Çələbi 1682-ci ildə Misirdə vəfat etmişdir.

1897 — Məşhur publisist, teatrşünas, salnaməçi, Əməkdar Mədəniyyət işçisi, Əmakdar jurnalist Qulam Məmməd oğlu Məmmədli Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1924-1926-cə illərdə Bakı teatr exnikumunda oxumuşdur Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır. Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir.

1923-cü ilin iyun ayında Bakıya köçüb “III İnternasional” mətbəəsində mürəttib, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kəndli qəzeti”ndə redaktor müavini, “Azərbaycan kolxozçusu” qəzetinin redaktoru, Azərbaycan KP MK yanında “Kommunist” nəşriyyatının direktoru, “Yeni yol” qəzetinin redaktoru, “III İnternasional” mətbəəsinin sex müdiri, “Kommunist” qəzeti redaksiyasında kütləvi şöbə müdiri, Respublika Radio Komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur.

İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: 1941-46- cı illərdə Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan “Vətən yolunda” qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan “Vətən yolunda” qəzeti redaksiyasında müdir vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kirpi” satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır.

1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi, Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur.

Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, “Bəxtiyarnamə”ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. “İran Azərbaycanının müasir şairləri” (1946), “Səttarxan” şeirlər toplusu (1948), “Mirzə Əli Möcüz” (1948), “Xiyabani” (1949), “Cənubi Azərbaycan şairləri” antologiyası (1950), “Heyran xanım” (1951), “Atmacalar” (1958-1961), “Əlağa Vahid. Seçilmiş əsərləri” (1975) və s. kitablar onun əməyinin bəhrəsidir.

Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Qulam Məmmədli ömrü boyu fəal ictimaiyyətçi olmuşdur: “Bilik” cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr Rayonu Xalq Deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK Nəzarət Komissiyası Rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).

Ümumittifaq səviyyəli ədəbiyyat və teatr tədbirlərində iştirak etmişdir. Ona “50 il” partiya veteranı nişanı verilmişdir. Ədəbi və ictimai fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, “Əmək veteranı” medalı və digər on medal ilə təltif olunmuşdur.

1994-cü il noyabrın 18-də Bakıda vəfat etmiş  və Fəxri Xiyabanda dəfn olunmuşdur.

1933 — Tanınmış satirik şair, nasir, ssenari müəllifi və jurnalist Rüfət Əhmədzadə anadan olmuşdur.

Atası Zülfüqar Əhmədzadə xalq düşməni kimi həbs edilir və ailə Azərbaycanın Balakən rayonuna köçür. Elə əmək fəaliyyətinə də erkən yaşlarında orada başlayır. 13 yaşında səyyar kinomexanik vəzifəsində çalışır. Bakıya döndükdən sonra pionerlər evində direktor vəzifəsində çalışır və mətbuatda müxtəlif şerləri ilə çıxış edir.

“Kirpi” satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnala dəvət edir və o, ömrünün sonuna qədər bu jurnalda çalışır.

Korrektor vəzifəsindən baş redaktorun müavini vəzifəsinə qədər yüksələn Rüfət Əhmədzadə 1988-ci il dekabrın 15-də 55 yaşında vəfat edib.

11 kitab, 4 musiqili komediya (“Sizin ilə, gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş”, “Hələlik”), 3 televiziya tamaşası (“Sonuncu məhəbbət”, “Gülüş sanatoriyası”, “Şirbalanın məhəbbəti”) və yüzlərlə satirik televiziya novella-səhnəciklərin müəllifidir. Bir çox tanınmış mahnılar onun şerlərinə bəstələnmişdir.

Sonuncu “Sizin ilə gülə-gülə” kitabı 2012-ci ildə dərc olunub.

85

1941— Filologiya üzrə elmlər doktoru, Professor, AMEA-nın müxbir üzvü   Nüşabə Həmid qızı Araslı Bakıda anadan olub.

Arif Ərdəbili və onun “Fərhadnamə” poeması mövzusunda dissertasiya işi müdafiə etmişdir.

– Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı -3 monoqrafiya, 23 kitab (5 tərtib, 18 dərslik ), 150-dan çox məqalə

– xaricdə çıxmış elmi əsərlərinin sayı – 15

– beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı – 70

Filologiya üzrə 5 fəlsəfə doktoru, 3 elmlər doktoru yetişdirmişdir.

12 il Qərb Universitetində və İctimai-siyasi Universitetdə Azərbaycan ədəbiyyatı tarixi fənnindən mühazirə aparmışdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda

Nizamişünaslıq şöbəsinin müdiri vəzifəsində işləyir.

Vəfat etmişdir:

10

2016 — Azərbaycanın Respublikasının Xalq artisti, görkəmli knorejissor, kinodramaturq, nasir , professor Tofiq Hüseyn oğlu İsmayılov vəfat etmişdir.

T.İsmayılov 6 aprel 1939-cu ildə  Bakı şəhərində anadan olmuşdur. 190 saylı Bakı şəhər orta məktəbini bitirmişdir. 1958-1962-ci illərdə M.A. Əliyev adına Teatr İnstitutunun əvvəlcə Aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsili almışdır. Əmək fəaliyyətinə 1854-cü ildə – orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlamışdır . 1960-1961- ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi,1962-196-ci illərdə rejissor, 1967-1968-ci illərdə “Azərbaycanfilm” studiyasında rejıssor köməkçisi, bədii təlimlər rejissoru vəzifələrində çalışmışdır. 1968-1970-ci illərdə Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil almışdır . Sonra “Azərbaycanfllm” studiyasında bədii filmlərin quruluşçu rejissoru vəzifəsində işləmişdir.

Tofiq İsmayılov bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.1971 kafedra müdiri olmuşdur. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləmişdir. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olmuşdur. 2007-ci ildən həyatının sonuna kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir.

“Müasir Azərbaycan kinosunda tipik xarakter” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. Son illər “Sənətkarlığımızın portreti” silsilə bədii-sənədli filmləri Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında çəkilmişdir.

100-ə yaxın elmi-publisistik məqaləsi var. İlk hekayəsi – “Ağ dəsmal” 1962-ci ildə “Göyərçin” jurnalında çap edilmişdir.

Tofiq İsmayılov uzun sürən xəstəlikdən sonra 25 mart 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.

Bayramlar və xüsusi günlər:

25 mart Doğulmamış Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu tarixi qeyd edən ilk ölkə 1993-cü ildə Salvador olub. Sonradan digər ölkələr doğulmamış həyatla bağlı öz rəsmi tədbirləri keçirməyə başladılar. Bu beynəlxalq günün məqsədlərindən biri də abortla mübarizədir.

Daha sonra Argentinada, Çilidə, Qvatemalada, İspaniyada, Slovakiyada, Belarusda və daha bir çox ölkələrdə   bu günüqeyd etməyə başlamışlar. Həmin ölkələrdə bu gün Doğulmamış Uşaq və ya Doğulmamış Uşaqlar üçün Dua Günü kimi qeyd olunur. Təşəbbüs  humanizm və şəfqət prinsiplərinə əsaslanır. Məqsəd insan hüquqlarının müdafiəsi  və dünyada  getdikcə  artmaqda olan abortların sayını azalmağa çağırışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.