28 mart

Tarixdə bu gün

İlin 87-ci (uzun illərdə 88-ci) günü.

Mühüm hadisələr:

1919 – Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı.

1992 – Azərbaycan Respublikası Suriya ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1592 — Məşhur çex pedaqoqu, humanist, ictimai xadim, pedaqogika elminin banisi  Yan Komenski  anadan olub.

İbtidai təhsilini həmin icma məktəbində alıb.

 1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə “Bütün əşyaların teatrı” adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda “Çex dilinin xəzinəsi” adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656).

 1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib.

  1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir. Burada o, gimnaziyada dərs deyir, öz “Didaktika”sını (çex dilində) bitirir (1632), onu yenidən işləyib latın dilinə tərcümə edir (“Böyük didaktika”, 1632), bir neçə dərslik: “Dillərə açıq qapı” (1631), “Astronomiya” (1632), “Fizika” (1633), ailə tərbiyəsi məsələlərinə həsr olunmuş ilk rəhbərlik kitabını yazır — “Analıq məktəbi” (1632).

  Komenski ciddi şəkildə pansofiya ideyası üzərində (hər kəsi hər şeyə təlim etmə) çalışır.

  Həmin əsrin 40-cı illərində bir sıra dərslik nəşr edir. 1650-ci ildə Komenski Macarıstana məktəb işini qurmaq üçün dəvət alır. Burada Komenski pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını, tədris planını, cədvəli özünün “Pansofik məktəb” əsərində işləyib hazırlayır (1651).

  Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Komenski tədris materialını dramatikləşdirmək metodundan istifadə edir. Birinci olaraq Komenski xüsusi məktəb üçün bir sıra pyes yazır. Bu tədris metodu və tədris pyeslərini o “Dillərə açıq qapı” və “Məktəb-oyun” (1656) kitablarında toplayır. Macarıstanda Komenski ilk şəkilli tədris kitabını, dərsliyi tərtib edir –”Rəsmlərdə əşyalar aləmi” (1658).

 Amsterdama köçdükdən sonra Komenski hələ 1644-cü ildə başlamış əsaslı əsəri üstündə işini davam etdirir. Bu əsərdə (“Bəşəri əməllərin islah edilməsinə dair ümumi tövsiyə”) Komenski insan cəmiyyətinin islahının planını verir. Əsərin ilk iki hissəsi 1662-ci ildə, qalan 5 hissənin əlyazmaları isə XX əsrin 30-cu illərində tapılıb. Tam şəkildə əsər 1966-cı ildə latın dilində Praqada nəşr olunub.

  Uzun ömrünün yekununu Komenski “Yeganə lazım olan” əsərində toplamışdır (1668).

  Komenskinin pedaqoji fikirləri əsasında Uşinskinin “Rodnoye slovo” kitabə işlənib.

  Uşinskinin pedaqoji prinsiplərinin əsasında isə Səfərəli bəy Vəlibəyov və Çernyayevski tərəfindən “Vətən dili” kitabları tərtibini tapmışdır.

15 noyabr 1670-ci ildə vəfat etmişdir.

1868 – Görkəmli sovet yazıçısı Maksim Qorki (Aleksey Maksimoviç Peşkov) Nijni Novqorodda anadan olmuşdur.

 18 iyun 1936-cı ildə Moskvada vəfat etmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Ədəbiyyat üzrə beşqat Nobel nominantı SSR-də əsərləri ən çox çap olunan yazıçı olub.1918-1968-ci illərdə o, artıq 240 kitabın müəllifi idi.

Yaradıcılığının ilk illərində onda inqilabi mübarizə ruhu mövcud olub və bu onun o dövrdə qələmə aldığı bütün əsərlərində özünü göstərib. Ona görə də o yazdığı “Şahin nəğməsi”, “Dankonun ürəyi” hekayələri və “Ana” romanı ilə Lenin başda olmaqla, inqilabçıların sevimlisinə çevrilib. Hər halda həmin dövrdə o inqilab yolu ilə xalqın azadlığa çıxacağına inanıb. Mənşəcə xristianlaşan tatar ailəsindən olması səbəbindən onda çılğın və qaynar tatar qanı tez-tez özünü biruzə verib. O, yaradıcılığının sonrakı mərhələlərində bolşevizmi tərənnüm edən əsərlər yazmayıb və onlarla daim gizli mübarizədə olub. Bu sonda, əvvəlcə, oğlunun, sonra isə özünün bolşeviklər tərəfindən aradan götürülməsinə gətirib çıxarıb. Onun ata və ana babalarının xristianlaşan tatar olduqları ehtimal edilir. Atası Maksim Savvatiyeviç (Savvat, Savad) Peşkov (tatarca Beşik, Peşik) keçmiş zabitlərdən olub. Anası Qorki uşaq ikən vəfat edib. Balaca Maksimin uşaqlığı da ana babasının yanında keçib. Babası onda kilsə kitablarına maraq yaradıb, nənəsi isə ona çoxlu nağıllar danışıb. Amma imkansızlıq ucbatından Qorki yalnız peşə məktəbini bitirə bilib. O, uşaq yaşlarından ağır işlərdə işləyib. Çox qaynartəbiətli olan Qorki ilk sevgidə uğursuzluğa düçar olub. Bu da gəncliyində onun özünə sui-qəsdə əl atmasına gətirib çıxarıb. Lakin güllə ağciyərini deşərək keçib gedib. Sağaldıqdan sonra Qorki Qərbin bir çox filosoflarının əsərlərini oxuyub. Eyni zamanda Karl Marksın “Tarixi məktublar”ı ilə də tanış olub və bu onda sosializmə rəğbət oyadıb. Əyalət həyatı onu quru və sərt adama çevirsə də, tez-tez kilsəyə gedən Qorki dini kitabları oxuyaraq, onların təsiri altında humanist və mülayim bir adama çevrilib. Bununla əlaqədar o, 1912-ci ildə yaxın dostu V. V. Rozanova yazıb: “Allah insanlara hamının bərabər olduğunu və ali səviyyəyə ucalmağı təlqin edir”.

1895 — Görkəmli tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Əziz Şərif (Şərifzadə Əziz Qurbanəli oğlu) Naxçıvan şəhərində anadan olmuşdur.

Orta təhsilini 1915-ci ildə Tiflisdə almışdır.

“Molla Nəsrəddin” jurnalı redaksiyasında işlədiyi ilk gənclik illəri Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və Əliqulu Qəmküsarla yaxın dostluq əlaqələri onu ömürlük ədəbi fəaliyyətə bağlamışdır. Moskva Kommersiya İnstitutunda təhsilini davam etdirdiyi dövrdə (1915-1917) rus ədəbi mühiti ilə tanış olmuşdur. Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışmışdır (1920-1930). Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi olmuşdur (1925-1935). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmişdir (1943). Sonra SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuşdur (1950-1961). M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1961-1988).

Ədəbi fəaliyyətə 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunan “Naxçıvandan məktublar”ı ilə başlamışdır. Bundan sonra tənqid və ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərmiş, Maksim Qorkinin “Ana”, “Düşmənlər”, Aleksandr Fadeyevin “Tarmar” əsərini rus dilindən, E.Ninoşvili və N.Mijsişvilinin əsərlərini gürcü dilindən çevirmiş və çap etdirmişdir.

Əziz Şərif 1988-ci il iyunun 1-də Moskvada 94 yaşında vəfat etmiş, Naxçıvan şəhərində dəfn olunmuşdur.

1924 – Tanınmış şair, publisist Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev) Şuşa şəhərində anadan olmuşdur.

1941-1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır .

Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi “Şeirlər məcmuəsi”ndə dərc olunan “Azərbaycan” şeiridir. Onun bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. “Qar qız” mənzum pyesi M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur . Əsərləri keçmiş SSRİ, həmçinin xarici ölkə xalqlarının dillərində çap olunmuşdur. 14 mart 1992 –ci ildə 67 yaşında vəfat etmişdir.

1965 — Azərbaycan Respublikasının Milli Qəhrəmanı Anatoli Davidoviç  Belarus Respublikasının Minsk vilayətinin Kаpıl rayonunun Skabin kəndində hərbçi ailəsində dünyaya göz açmışdır. Sonra ailələri ilə birlikdə Slutsk şəhərinə köçən. Anatoli burada 10 saylı orta məktəbi bitirib. 1989-cu ildə Ukraynadakı Sumı Ali Hərbi Artilleriya Məktəbini bitirib, SSRİ-nin Almaniyadakı Qərb qoşun qrupunda, Zaqafqaziya hərbi dairəsində qulluq edib.

1991-ci ilin iyununadək SSRİ, sonra isə MDB ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır.

“N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük töhfələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi… Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır, onu xilas etmək mümkün olmur. Xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir.

Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalında gözlərini əbədi yumur.

Qəhrəman Belarus Respublikasının Slutsk şəhərində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 saylı fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra  Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

 Gəncədə  küçələrin birinə  mayor Davidoviçin adı verilmişdir.

1952 — Tanınmış  folklorşünas alim – filologiya elmləri doktoru, professor Seyfəddin Həmzə oğlu  Qəniyev  Şamaxı rayonunun Dağ Kolanı kəndində anadan olmuşdur.

Poladlı kənd 8 illik və Nərimankənd orta məktəbini tərifnamə ilə, ADPİ-nin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin institutun aspiranturasında təhsil almışdır. Şamaxı rayonunun Göylər kənd məktəbində  Ana dili və ədəbiyyatı müəllimi işləmişdir. İşlədiyi müddətdə “Metodist müəllim”, “SSRİ Maarif əlaçısı” adlarına layiq görülmüşdür. Azərbaycan müəllimlərinin dördüncü qurultayının nümayəndəsi olmuşdur.

“M.F.Axundovun “Kəmalüddövlə məktubları” əsərinin bədii metod və janr xüsusiyyətləri” mövzusunda namizədlik, “Azərbaycan folklorunun regional özunəməxsusluğu – Şirvan folklor mühiti” mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir. 40 kitab (monoqrafiya toplu, metodik tövsiyə), 120-dən çox tezis və məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2009-cu ildə “Tərəqqi medalı” ilə təltif olunmuşdur.

 2001 — Azərbaycan şahmatçısı. Qadınlar arasında FİDE ustası Xanım Balacayeva Qax şəhərində anadan olub.

Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır. Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir.

2008-ci ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 2-ci, elə həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında isə 5-ci yeri tutub.

2009-cu ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 1-ci yeri tutmuşdur.

2010-cu ildə 10 yaşadək qızlar arasında Azərbaycan çempionatında və Türkiyənin Kayseri şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə 6-cı dünya çempionatında birinci olmuşdur.

2013-cü ildə Serbiyanın Novi- Sad şəhərində keçirilmiş şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatında qızıl medal qazanıb.

2014 və 2015-ci illərdə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatında, 2016 və 2017-ci illərdə isə 18 yaşadək qızlar arasında Azərbaycan çempionatında birinci olub.

2018-ci ildə qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 6 xal yarım toplayaraq, Azərbaycan çempionu adını qazanıb.

2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasının heyətində mübarizə aparmışdır.

2017-ci ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatında və Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş dünya komanda çempionatında iştirak edib. Eyni ildə həmçinin, Azərbaycanın “Odlar Yurdu” komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.

Vəfat etmişdir:

1994 — Keçmiş Sovet ordusunun “Qırmızı Ulduz” ordenli batalyon komandiri olmuş, ölmündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş  alay komandiri Cahangir İsgəndər oğlu Rüstəmov Vətən uğrunda döyüşlərdə  şəhid olmuşdur.

Cahangir Rüstəmov 1939-cu ildə  Gədəbəy rayonunun  Düz Rəsullu kəndində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir.

1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir.

Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan “Qırmızı Ulduz” nişanı ilə təltif edilmişdir.

Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. C.Rüstəmov Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. 1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd “SU-24″, “MİQ-25″, 3 ədəd “İL-26″ təyyarələri, 1 ədəd “Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatın Azərbaycanda qalmasına  müvəffəq olmuşdur. Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb. Müdafiə naziri tərəfindən C. Rüstəmov alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur. Gədəbəyin, Şınıxın sərhəd kəndlərinin qorunması bilavasitə C.Rüstəmovun adı ilə bağlıdır.

Başkənd əməliyyatı

Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Qəsəbədə 3 minə qədər əhali yaşayırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Qarabağ müharibəsi zamanı düşmən Başkəndi güclü istehkama çevirir və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradırdı. Müharibə gedən dövr ərzində, rayon iki hissəyə bölünmüşdü – Şınıx zonası və Gədəbəy zonası. Şınıx zonasına gediş-gəliş mümkün olmurdu. Başkəndin adını ermənilər “Balaca Qarabağ qoymuşdular, və çoxsaylı erməni quldur birləşmələrini Başkəndə doldurmuşdular. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Başkəndə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. 1992-ci il avqustun əvvəlində vəziyyət daha da gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Başkənddən və Ermənistanın Krasnoselsk rayonu tərəfdən hücuma keçərək, Gədəbəyin Şınıx bolgəsini işğal edib, Gədəbəy torpaqlarını Ermənistana birləşdirməyi qərara aldılar. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Ermənilərin güclü hucumu nəticəsində Şınığın 2 kəndi Mutudərə və Qasımağalı kəndləri işğal olunaraq yandırıldı. C.Rüstəmovun başçılıq etdiyi alayın əsgərləri sonacan vuruşaraq dinc əhalinin kəndi itkisiz tərk etmələrinə şərait yaratdılar.

Cahangir Rüstəmov işğal olunmuş 2 kəndin azad olunması və bütövlükdə Gədəbəyin Şınıx bölgəsində ki, 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatı hazırlayır və planın icrasına şəxsən rəhbərlik edir. Avqustun 6-da Cahangir Rüstəmovun əmri ilə Başkənd əməliyyatı başlayıb. Düşmənin möhkəmləndirilmiş mövqeləri 2 gün müddətində bütün növ artilleriya silahlarından atəşə tutmaqla məhv edilib. Avqustun 8-də Başkənd hücumla ələ keçirilib və bununla da 28 kəndimiz blokadadan azad olunub.

Qarabağ müharibəsi tarixində Başkənd əməliyyatının xüsusi yeri var. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq uğurlu əməliyyatatlardan biri də məhz  Cahangir Rüstəmovun başçılıq etdiyi alay tərəfindən 8 avqust 1992-ci ildə həyata keçirilmiş, Başkənd əməliyyatıdır. Əməliyyat nəticəsində həm Gədəbəy rayonunun işğal altında olan 2 kəndi, həm də 4600 hektardan artıq tarixi torpaqlarımız azad edilib. Elə bu döyüşdə də Cahangir Rüstəmovun sərkərdəlik bacarığı, mahir hərbçi olmaq keyfiyyətləri aşkara çıxdı.

Vətən torpaqlarının erməni quldurları tərəfindən işğalına yol verməyən polkovnik C.Rüstəmovun ömür yolu 1994-cü ilin mart ayında başa çatdı. İş başında olarkən faciəli sui-qəsd nəticəsində həlak oldu.

1994 —Azәrbaycanın Xalq artisti , rejissor, bədii rəhbər Ənvər Məcid oğlu Behbudov 82 yaşında vəfat etmişdir.

Ənvər Məcid oğlu 20 mart 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Ümumittifaq Dövlәt Teatr Sənəti İnstitutunun rejisorluq fakultәsini bitirmiş (1942), Ulyanovsk (1944—46), Xabarovsk (1946-48), Novosibirsk (1948-54) teatrlarında rejissor vә bәdii rәһbәr olmuşdur. V. Kaçalov adına Böyük Dram Teatrında (Kazan,1954—59) vә M.Qorki adına Dram Teatrında (Rostov, 1959—64) baş rejissor işlәmişdir. “Tüfәngli adam” (N. Poqodin), “Oyanmış torpaq” (M. Şoloxov), “Ölü canlar” (N. Qoqol), “Mәһәbbәt һaqqında 104 sәһifә” (E. Radzinski) vә s. tamaşaların quruluşunu vermişdir. 1966 ildәn Azәrbaycan Opera vә Balet Teatrında baş rejissor işlәmiş, “Koroğlu” operasını tamaşaya qoymuşdur. 1969 ildәn Azәrbaycan Rus Dram Teatrının baş rejissoru olmuşdur.

Qırmızı Әmәk Bayağı vә “Şәrәf nişanı” ordenlәri, hәmçinin, müxtəlif medallarla tәltif edilmişdir.

Bayramlar və xüsusi günlər:

 28 mart Azərbaycan Milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramları günüdür.

Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb.

Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (“ÇK”) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Azərbaycanda milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub. Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.