Tarixdə bu gün

İlin 88-ci (uzun illərdə 89-cu) günü.
Mühüm günlər:
1430 – Osmanlı ordusu Saloniki və İoniyanı fəth edib.
1938 – Hərb Okulu Məhkəməsi Nazim Hikmətə 28 il həbs cəzası kəsdi.
1950 – Nazim Hikmət Bursa həbsxanasında aclığa başlayıb.
1957 – Kiprdə gərginlik artdığına görə adada küçəyə çıxmaq qadağan edilib.
Doğum günləri:

1929 — Texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, kimya üzrə mühəndis-texnoloq Fəzilə İbrahim qızı Səmədova Şamaxıda – indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur.
Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirərək Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası) qəbul olunur. 1951-ci ildə institutu bitirərək Yeni Bakı Neftayırma zavodunda mühəndis kimi fəaliyyətə başlamış, 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda “Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
1956-60-cı illərdə Azərbaycan Sənaye İnstitutunda “Neftin kimyası və texnologiyası” kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən Azərbaycan Elmlər Akademiyasında neft-kimya prosesləri institutunda işləmişdir. Əvvəlcə “Yağların kimyası və texnologiyası” laboratoriyasında baş elmi işçi, 1982-ci ildə “Neftlərin tədqiqi və yağların yağların texnologiyası” laborotoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1982-ci ildən və bu günədək “Neft yağlarının tədqiqatı və texnologiyası” laboratoriyasına rəhbərlik edir.
1991-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001-ci ildən AMEA-nın üzvü seçilmişdir.
16 kitabın, 70 ixtira və patentin müəllifidir. 450 nəşrin, 16 namizədin və 4 elmlər namizədi hazırlamasına rəhbərlik etmişdir.

1951–Tanınmış dirijor, Əməkdar İncəsənət xadimi Azad Sabir oğlu Əliyev Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirmişdir.
Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 №-li musiqi məktəbindən başlamışdır. A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 1972-1980-ci illər “Respublika” sarayının baş səs rejissoru olmuşdur. 1980-ci ildə Sumqayıt Orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışmışdır. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaratmış və bu orketstrlə müxtəlif konsertlərdə çıxış etmişdir.
1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış etmişdir. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – “Aida”, “Traviata”, “Gizli nikah”, “Sevil”, “Arşın mal alan” və s. hazırlamışdır.
2006-cı ildən həyatının sonuna qədər Azteleradio Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.
Azad Əliyev 2014-cü ildə 63 yaşnda vəfat etmişdir.

1959 — Azərbaycanın Milli Qəhrəmanı İlqar Sədi oğlu İsmayılov Bakı şəhərində doğulmuşdur.
1966- 1976-cı illərdə Bakı şəhərindəki 45 saylı orta məktəbdə oxumuşdur. 1976- 1980-ci illərdə Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir.
İlqar 1991-ci ildən Vətənin müdafiəsinə qalxmışdır. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir.
İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə kapitan İsmayılov İlqar Sədi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bakı küçələrindən biri onun adını daşıyır.
Oxuduğu 45 saylı orta məktəbin önündə büstü qoyulub.

1964 — Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılov Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur.
1981-ci ildə burada məktəbi bitirmişdir.
1990-cı ildə vətənimiz erməni işğalına məruz qalanda, Etibar könüllü müdafiə batalyonlarından birinə yazılır.
Bir neçə batalyonda vuruşan Etibar, nəhayət, Ağdam batalyonuna yazılır. O, bütün əməliyyat tapşırıqlarını ləyaqətlə yerinə yetirmişdir. 1994-cü il yanvarın 4 –də Etibar döyüşçü dostları ilə belə əməliyyatlardan birini yerinə yetirilərkən mühasirəyə düşürlər. Etibar son anda əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır və erməni faşistlərinin tankını ekipajı ilə birlikdə məhv edir…
Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il 86 saylı fərmanı ilə Etibar Bəylər oğlu İsmayılov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Vəfat etmişdir:

1976 — Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi və Əməkdar müəllimi Feyzulla Qasımzadə 78 yaşında Bakıda vəfat etmişdir.
F. Qasımzadə 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur.
Feyzulla Qasımzadə ilk təhsilini 8 yaşında doğulduğu kənddəki mollaxanada alır. Burada üç il oxuduqdan sonra 1909-cu ilin sentyabrından təhsilini Bakıdakı rus-tatar məktəbində davam etdirir. 1912-ci ildə həmin məktəbi uğurla başa vuraraq müsabiqə yolu ilə Bakıdakı ali-ibtidai məktəbin II sinfinə qəbul olunur. 1916-cı ilin mayında həmin məktəbi yüksək bitirib gimnaziyaya daxil olur. O vaxtlar savadlı, bilikli, bacarıqlı şəxsiyyətlərə böyük ehtiyac duyulduğundan gənc Feyzulla Səmədoğlu 1917-ci ilin yanvarında Göyçay qəzasının Qəzyan kənd orta məktəbinə müdir, həmin ilin sentyabrında isə Mərdəkan kənd orta məktəbində müəllim kimi fəaliyyətə başlamalı olur.
Feyzulla Qasımzadə 1919-cu ildə ADPU-nun Dil və ədəbiyyat şöbəsinə daxil olur. 1925-ci ildə oradakı təhsilini uğurla başa vurur. 1925-29-cu illərdə isə Bakı Dövlət Universitetinin yeni açılmış Şərqşünaslıq fakültəsində ikinci ali təhsil alır. 1929-cu ildə o, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olur və 1931-ci ildə aspirantura təhsilini başa vurur. O, 1930-38-ci illərdə həm müəllim, həm də alim kimi fəaliyyət göstərir.
Alim 1939-cu ildə “M.F. Axundovun həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1955-ci ildə isə “XIX əsr Azərbaycan ədəbiyyatında realist-demokratik cərəyanın inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını böyük coşğu ilə müdafiə etmişdir.
Onun 600-dən çox elmi, 400-dən artıq qəzet və jurnal məqaləsi, 34 kitabı (monoqrafiya, dərslik, dərs vəsaiti, müntəxabat və s.) vardır.
Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır.
30 elmlər doktoru və 120 elmlər nazmizədi yetişdirmişdir.
SSRİ-nin bir sıra orden və medalları ilə təltif olunmuşdu.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Fərhad Hümbətov 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.
Ordudan tərxis olunduqdan sonra Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.
Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. O, bu hadisədən sonra bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyub və 1991-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə yazılıb.
Fərhadın döyüş yolu çox şöhrətli olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Nizami Murad oğlu Məmmədov Vətən uğrunda döyüşlərdə əbədiyyətə qovuşmuşdur.
Nizami Məmmədov 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edilməsində yaxından iştirak etmişdir.
Nizami Məmmədov həm özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasını təmin edir, həm də gərgin döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi əməliyyatlarında iştirak etmişdir.
1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı əbədiyyətə qovuşdu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Cəmil Səmədxan oğlu Niftəliyev Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Cəmil Niftəliyev 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur.
1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilmişdir. 1989-cu ildə ordudan tərxis edilib, Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə əmək fəaliyyətinə başlamışdır.
Erməni təcavüzü başlayanda Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu.
O, 1992-ci il 29 mart Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Niftəliyev Cəmil Səmədxan oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Qaradağ rayonundakı 233 saylı məktəb və Yanğından Mühafizə İdarəsinin gəmisi qəhrəmanın adını daşıyır.

2003 — Görkəmli sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri (1966—1991), Sovet kosmik proqramının banilərindən biri olmuş Kərim Abbasəli oğlu Kərimov 85 yaşında Moskvada vəfat etmişdir.
Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakı şəhərində anadan olub. O, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında ali təhsilini davam etdirib. Akademiyada təhsilini başa vuran Kərim Kərimov Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilib. O, burada “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə məşğul olub və bu sahədə səmərəli fəaliyyət göstərib. 1941-1945-ci illər müharibəsindən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında 20 il xidmət edib, orada baş mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.
Kərim Kərimov SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə saxlanılmaqla, 1965-ci ildə mülki nazirliyə – yeni yaradılmış Ümumi Maşınqayırma Nazirliyinə ezam olunub və burada kosmik raket texnikası üzrə işlərin təşkil edilməsi ilə bilavasitə məşğul olan Üçüncü Baş İdarəyə rəhbərlik edib. O, eyni zamanda, 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilib. Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri qalmaqla, 1974-cü ildə Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsinə keçirilib. 1991-ci ildə istefaya çıxsa da, Uçuşları İdarəetmə Mərkəzində məsləhətçi kimi çalışaraq, ömrünün sonuna kimi kosmonavtika ilə əlaqəsini kəsməyib.
Bütün ömrünü kosmik raket texnikasının inkişafına həsr edən K.Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub.
K.Kərimov, həmçinin elmi fəaliyyətlə məşğul olub, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr verib. O, hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb. Alimin elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb və kosmik raketlərdə tətbiq olunub. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkil edilməsində bir alim və mütəxəssis kimi Kərim Kərimovun böyük xidmətləri olub. Kosmik fəzanın tədqiq edilməsi məqsədilə güclü “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə onun rəhbərliyi ilə həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.
Baykonur kosmodromunun əsası qoyulan gündən K.Kərimov Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilib. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində K.Kərimovun da rolu az olmayıb. Nəticədə ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunub. O, həyatını raket texnikası ilə bağlayıb, ömrünün sonunadək raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışıb, zehni və fiziki qüvvəsini əsirgəməyib. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə verib. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olub. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, 2 dəfə dövlət mükafatı alıb. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə dövlət mükafatlarına layiq görülən K.Kərimov müstəqil Azərbaycanın “Şöhrət” ordeni ilə də təltif edilib.
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.